“Sərgi böyük maraqla qarşılandı”
İyunun 7-si saat 19:00-da Müasir İncəsənət
Mərkəzində rəssam Şəbnəm Karacanın
“Ulukayın” adlı fərdi sərgisinin
açılışı olub.
Ulukayın – qədim türk mifologiyasının ruhani
simvolu olan həyat ağacı bu dəfə rəssam Şəbnəm
Karacanın fırçasında yeni rənglərlə
danışır.
Sərgidə yer alan 30 rəsm əsəri, həyat
ağacını fərqli duyğular, rəng dalğaları
və enerjilər içində təqdim edərək, təbiətlə
insan arasında unudulmuş ruhani bağlara işarə edir.
Sözügedən sərgidə həyat ağacı
təkcə vizual simvol deyil, canlı bir varlıqdır. Onun
ruhu, keçmişlə gələcək, torpaqla göy, maddə
ilə enerji arasındakı axışın
daşıyıcısıdır. Ş.Karaca bu enerji
axışını rəng və forma ilə ifadə edir.
Rəssam bu əsərlərində Ulukayın
obrazını yalnız simvol kimi deyil, canlı, nəfəs
alan, enerjiylə dolu bir varlıq kimi təqdim edir.
Ulukayın burada bir çağırışdır:
İnsanlara xatırlatmaq istəyir ki, təbiəti qorumaq –
ruhumuzu qorumaqdır. Həyat enerjisi, torpaqla, hava ilə, ruhla
bir axışda olan bütöv sistemin içindəyik.
Sərginin interaktiv hissəsi isə bu konsepsiyanı
daha da dərinləşdirir. Rəssamın ağac
budaqları və tül parçalarından
hazırladığı instalyasiya əsərində,
tamaşaçılara öz niyyət və arzularını
yazaraq bu ağaca bağlamaları təklif olunur. Bu sadə hərəkət,
qədim inanclardakı diləklər ağacı
ritualını xatırladır və
tamaşaçını əsərin bir parçasına
çevirir.
Açılışdan sonra sərgi haqqında
Ş.Karaca xalqcəbhəsi.az-a fikirlərini
bölüşüb: “Biz ailəcə təbiətin enerjisinə,
onun həyatımızdakı roluna inanan adamlarıq. Bu inanc və
təbiətə sevgi mənim yaradıcılığıma
böyük təsir edir. Qədim mədəniyyətlərdə
insanlar təbiətə sevgini inanc sisteminə
çevirmişlər, mən də bu inanc sistemindəki Həyat
ağacı obrazını öz
yaradıcılığımda istifadə edərək təbiətə
sevgimi və hisslərimi göstərməyə
çalışdım. Nəticədə kuratorumuz Bəhram
Xəlilov konsepti bəyənərək bu əsərləri
konseptual sərgi formatında nümayiş etdirməyi təklif
etdi. Sərgi konseptual olmaqla yanaşı, həm də
interaktiv olaraq tamaşaçıların iştirakı ilə
böyük maraqla qarşılandı”.
Qeyd edək ki, kuratoru Bəhram Xəlilov olan sərgi
iyunun 13-dək davam edəcək.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 12 iyun(¹21).-S13.