"ABŞ İrandakı rejimin onlara tabe
olmasını istəyir” -
Qüdrət Həsənquliyev: “İnşallah, bu dəfə
də Türkiyə ilə birgə xalqımızın və
dövlətimizin təhlükəsizliyini təmin edərik”
Ədalət, Hüquq və Demokratiya
Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
İsrailin İrana genişmiqyaslı hücumunun regionda
yaratdığı vəziyyət, münaqişənin
genişlənmə perspektivi, İranda hakim rejimin dəyişmə
ehtimalı və bu ətrafda digər mövzularla
bağlı “AzPolitika”-nın suallarını
cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Qüdrət bəy, müsahibə üçün
təşəkkür edirəm. ABŞ-İran arasında
nüvə danışıqları yekunlaşmamış
İsrailin İrana hücum etməsi Vaşinqton və Tehran
arasında ilkin razılaşma ehtimalı ilə bağlı
ola bilərdimi? Çünki İsrail əvvəldən bu
danışıqların əleyhinə idi.
– ABŞ-nin razılığı olmasa, İsrail
heç vaxt İrana hücum etməzdi. ABŞ istəyirdi ki,
İran öz atom elektrik stansiyaları üçün zənginləşdirilmiş
uranı xaricdən alsın. İran isə özü bu
yanacağı istehsal etmək istəyirdi və buna görə
ABŞ ilə razılığa gələ bilmirdi. Ona görə
də İrana zərbələr endirildi.
– Əməliyyatlar bir neçə gündür davam
etdirilir. Bu günə olan nəticələr nədən xəbər
verir?
– İran texnoloji baxımdan İsraildən geri
qalır. İsrail daha müasir silahlara malikdir və İranda
ciddi casus şəbəkəsi qurub. ABŞ da İsrailə
silah və kəşfiyyat məlumatları verir. İranın
bu savaşda qalib gəlmək imkanları çox azdır.
İran daxilində rejimi dəyişmək üçün
İsrailə dəstək verən böyük güclər
var. Həm də ABŞ görsə ki, İran İsrailə
ciddi ziyan vurur, o halda İsrailə daha böyük hərbi dəstək
verəcək.
– İsrail bildirir ki, məqsədlərinə
çatana qədər davam edəcəklər. Məqsədlərə
isə İranın hərbi qüdrətini, nüvə potensialını
məhv etmək, hakim rejimi devirmək daxildir. Bir neçə
həftəyə bu məqsədə nail ola bilərlərmi?
– ABŞ kömək etsə və mülki infrastruktur
sıradan çıxarılsa, mövcud rejimin hakimiyyəti
qoruyub saxlaması çətin olacaq. Amma ABŞ-nin hakimiyyət
dəyişikliyində maraqlı olması görünmür.
ABŞ-ı İrandakı rejimin sərtliyi yox, onlara tabe
olmaması narahat edir. ABŞ İrandakı rejimdən on dəfələrlə
sərt monarxiyalarla qardaşlıq edir. İndiki rejim boyun əyib
bütün şərtləri qəbul etsə, ABŞ-nin tam
dəstəyinə sahib olacaq.
– Zərbələr İranda daxili
çaxnaşmalara, xaosa səbəb ola bilərmi?
İranın hərbi rəhbərliyindəki bir sıra
önəmli simalar öldürülüb, İsraili isə
İran xalqını üsyana çağırılır.
Sizcə, hakim rejimin demontajı mümkündürmü?
– Hərbi elita məhv edilsə də, siyasi liderlərə
qarşı terror təşkil olunmur. Müxalifətə
yönəlik çağırışlar rejimi qorxudub tabe
etdirmək məqsədi daşıyır. Hazırda
ABŞ-nin rejimi dəyişmək istəyi
görünmür. Çünki daha demokratik İran –
inkişafa yol açılmış, daha güclü İran
deməkdir. ABŞ bunu istəyərmi?
– İranın dini lideri Xameneinin qətlə yetirilməsi
üçün İsrailin ABŞ-dan razılıq almağa
cəhd etdiyi barədə informasiyalar dövriyyəyə
buraxılıb. Onun öldürülməsini mümkün
sayırsınızmı və bu zaman proseslər necə gedə
bilər?
– ABŞ indiki halda buna imkan verməz. İran ABŞ
qarşısında kapitulyasiya edib onun şərtlərini qəbul
etməsə, o zaman rejimin dəyişməsi məsələsi
gündəmə gələr.
– Qüdrət bəy, xarici oyunçular prosesə
müdaxilə edə bilərlərmi? Məsələn,
ABŞ hərbi əməliyyatlara qoşula bilərmi?
Çin sərt bəyanatlar verir, amma hərəkət etmir.
Rusiya və Türkiyənin mövqeyi də hələlik
müşahidəçi rolundadır. Qarşıdakı
günlərdə bu istiqamətdə nə gözləyirsiniz?
– ABŞ-nin qorxusundan heç kim İsrailə
qarşı çıxa bilməz. Sözdə pisləyə
bilərlər, amma konkret addımlar ata bilməzlər.
– Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz?
Hadisələrin inkişafından asılı olaraq rəsmi
Bakı hansı mövqedən çıxış etməlidir?
Azərbaycan üçün hansı risklər, təhlükələr
var?
– Rəsmi Bakının mövqeyi çox ədalətlidir.
Biz də bir partiya olaraq iqtidarın mövqeyini tam dəstəkləyirik.
İranın isə İsrailin onun neft sənayesinə zərbələr
endirəcəyi halda region dövlətlərinin neft
infrastrukturlarına hücum edəcəyi barədə bəyanatı
sadəcə anlaşılmazdır və bu kimi bəyanatlar
İranın maraqlarına cavab vermir. Azərbaycan çevik, ədalətli,
beynəlxalq hüquqa əsaslanan xarici siyasəti ilə
çağırışları şansa çevirməyi
bacarıb. İnşallah, bu dəfə də Türkiyə
ilə birgə xalqımızın və dövlətimizin təhlükəsizliyini
təmin edərik.
– Sonda, bu münaqişə Rusiya-Ukrayna müharibəsinə
necə təsir edə bilər? Bəzi ekspertlər deyir ki,
Kreml Yaxın Şərqdə müharibənin uzanmasında
maraqlıdır. Çünki həm də
enerjidaşıyıcılarının qiyməti kəskin
artır...
– Müharibənin uzanması yeni-yeni müharibələrə
yol aça bilər və bu, heç bir dövlətin maraqlarına
cavab vermir. İran səhv edib qonşu dövlətlərin
neft sənayesinə zərbələr endirsə, ABŞ
müharibəyə qatılacaq və İranda hakimiyyət dəyişikliyi
real olacaq. Bu zaman Rusiya öz müttəfiqini itirəcək,
bir az sonra isə neftin qiyməti 40 dollara düşəcək.
İsrailin İranı vurması isə Ukraynanın
maraqlarına cavab verir. Çünki İran Rusiyanın
müttəfiqidir. Həmçinin Ukrayna iddia edir ki, İran
Rusiyaya silah satır.
Xalq Cəbhəsi .- 2025.- 19 iyun(¹22).-S.3.