Ölkəmizdə hüquqi dövlət quruculuğu
istiqamətində mühüm uğurlar əldə edilib
Nadir Azəri: “Hüquqi dövlət quruculuğu ilə
yanaşı Azərbaycanda vətəndaş cəmiyyətinin
formalaşması və inkişafı istiqamətində də
mühüm addımlar atılıb”
“Hazırda dünyada bir-birindən mürəkkəb
proseslər baş verməkdədir. Köhnə dünya
nizamının pozulması, yeni dünya nizamının
formalaşmasına cəhdlərin edilməsi ilə
müşahidə olunun bu proseslər milli dövlətləri
daha ayıq-sayıq və güclü olmağa səsləyir.
Heç şübhəsiz ki, hər bir milli dövləti
güclü edən əsas amillər sırasında həm də
o ölkədəki vətəndaş cəmiyyətinin
gücü və mövqeyindən də aslıdır”.
Bunu “Xalq Cəbhəsi”nə “Orta Asiya və Güney
Qafqaz Söz Azadlığı Şəbəkəsi”
İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir
Azəri deyib.
Onun sözlərinə görə, Azərbaycanın
bu baxımdan da bəxti gətirib: “Çünki Azərbaycanda
vətəndaş cəmiyyəti institutlarının,
Qeyri-hökumət təşkilatlarının (QHT) mütləq
əksəriyyəti öz fəaliyyətini məhz milli
maraqlara uyğun, bayrağa, dövlətə sadiqlik əsasında
qurub. Vətəndaş cəmiyyətinin hazırda sərgilədiyi
mövqe və əldə etdiyi uğurlara keçməzdən
öncə onu xüsusi vurğulamaq yerinə düşər
ki, Azərbaycan müstəqillik əldə etdikdən, daha dəqiq
desək, 1993-cü ilin iyunundan sonra ölkəmizdə
hüquqi dövlət quruculuğu istiqamətində də
mühüm uğurlar əldə edilib. 1993-cü ilin
yayında xalqın təkidli tələbi ilə yenidən
siyasi hakimiyyətə gələn Ulu öndər Heydər
Əliyev Azərbaycanda demokratik, hüquqi dövlət
yaratmağa müvəffəq oldu. Məhz Ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə reallaşdırılan və
Azərbaycanda hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğuna, insan hüquqlarının və
azadlıqlarının qorunmasına, demokratik təsisatların
yaradılmasına yönələn siyasət öz müsbət
nəticəsini verdi”.
N.Azəri bildirib ki, bəhs edilən dövrdə
hüquqi dövlət quruculuğu ilə yanaşı Azərbaycanda
vətəndaş cəmiyyətinin formalaşması və
inkişafı istiqamətində də mühüm
addımlar atılıb: “Bu məqama keçməzdən
öncə bildirmək yerinə düşər ki, əsası
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və
Prezident İlham Əliyev tərəfindən davam etdirilən
siyasət nəticəsində Azərbaycanda ictimai təsisatların,
Qeyri-hökumət təşkilatlarının, medianın fəaliyyəti
üçün hüquqi zəmin, qanunvericilik bazası, bir
sözlə münbit zəmin yaradılıb. Yəni, bu
institutlar fəaliyyətlərini qanunlar əsasında sərbəst
şəkildə davam etdirə, ictimai rol və
funksiyalarını yerinə yetirə bilirlər. Konkret olaraq
hüququ dövlət quruculuğu - vətəndaş cəmiyyəti
tandeminə gəlincə isə qeyd edək ki, vətəndaş
cəmiyyəti hüquqi dövlətin formalaşması ilə
birbaşa bağlıdır. Daha dəqiq desək, vətəndaş
cəmiyyəti və hüquqi dövlət bir-birini tamamlayır
və bir-birindən ciddi şəkldə
asılıdırlar”.
QHT sədri vurğulayıb ki, Azərbaycan müstəqillik
əldə etdikdən sonra ölkədə vətəndaş
cəmiyyəti institutu anlayışının
formalaşmağa başlaması məhz QHT-lərin
yaranması ilə özünü nümayiş etdirdi: “QHT-lərin
fəaliyyəti üçün yaradılan münbit şəraitə
gəlincə, ölkəmizdə bu istiqamətdə
davamlı surətdə qanun və qərarlar qəbul olunur,
dövlət tərəfindən vətəndaş cəmiyyəti
strukturlarının, o cümlədən QHT-lərin
inkişafına hərtərəfli dəstək verilir və
şəffaf idarəetmə mexanizmi
formalaşdırılıb. Azərbaycanda QHT sektorunun fəaliyyətinə
dövlət təminatı verən əsas qanun isə bu il qəbulunun
30-cu ildönümünü qeyd etdiyimiz, müstəqil Azərbaycan
Respublikasının Konstitusiyasıdır. Belə ki, sərbəst
birləşmək azadlığını özündə əks
etdirən Konstitusiyanın 58-ci maddəsi hər kəsin
başqaları ilə birləşmək, hər kəsin istənilən
birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı
və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə
daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu
birliklərin sərbəst fəaliyyətinə tam təminat
verir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, 13 iyun
2000-ci ildə Ulu öndər Heydər Əliyevin imzası ilə
qüvvəyə minən “Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında” qanun QHT-lərin cəmiyyətin
və dövlətin həyatındakı iştirakı ilə
bağlı bir çox vacib ictimai münasibətləri tənzimləyir.
Eyni zamanda, ölkəmizdə müxtəlif vaxtlarda qəbul
edilmiş ayrı-ayrı qanunlar da qeyri-hökumət təşkilatlarınının
fəaliyyətinə təkan verib”.
N.Azəri deyib ki, digər məsələlərdə
olduğu kimi bu məsələdə də Azərbaycan digər
ölkələrdən müsbət mənada fərqlənir:
“Belə ki, 2007-ci ildə MDB məkanında ilk dəfə
olaraq ölkəmizdə Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. O
cümlədən, 2008-ci ildə Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası
formalaşdırılıb. Azərbaycan Respublikasında
qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi
sahəsində idarəetmənin təkmilləşdirilməsi
və “Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli
Fərmanının ləğv edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli
Fərmanına əsasən Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının əsasında
“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs
yaradılıb. Artıq 5-ci yaşına qədəm
qoymuş Agentlik ötən qısa zaman ərzində səmərəli
fəaliyyəti ilə diqqət mərkəzində olub, belə
deyək ki, Azərbaycan QHT-lərinin vahid ailəsinə
çevrilməyi bacarıb. Bunun da kökündə yaddaqalan
və dövlətin, xalqın mənafeyinə xidmət edən
addımlar dayanır”.
CASCFEN sədrinin sözlərinə görə, məhz
atılan addımlar, həyata keçirilən uğurlu siyasət
nəticəsində Azərbaycanın QHT sektoru son illər
vahid bir institut kimi həlledici məqamlarda, dövlət və
xalq üçün vacib olan proseslərdə öz
sözünü deyir, səmərəli fəaliyyəti ilə
ona olan ümidləri doğruldur: “Təbii ki, bunda da Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin mövcud rəhbərliyinin,
o cümlədən bu qurumun çevik və məhsuldar
komandasının rolu danılmazdır. QHT sektorunun dövlət
və xalq mənafeyindən çıxış etməsinə
gəlincə, bununla bağlı yetərincə misallar
çəkmək olar. Ancaq təkcə 2022-ci il dekabrın
12-də başlayan və 138 gün davam edən ekoloji
aksiyanı, həmçinin ötən il ölkəmizdə
keçirilən dünyamiqyaslı təbdir olan COP29-u qeyd etmək
kifayətdir. Kimsəyə sirr deyil ki, hər iki tədbirdə
Azərbaycanın QHT sektoru ön sırada oldu. Ümumiyyətlə,
COP29 tədbiri, eyni zamanda, Azərbaycanın QHT sektorunun fəallığı
ilə seçildiyini, ən strateji məqamlarda dövlətin
yanında olduğunu və qlobal proseslərə hazır
olduğunu da göstərdi. Rəhbərlik etdiyim “Orta Asiya və
Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi”
İctimai Birliyi də daxil olmaqla QHT sektorunun əksər təmsilçiləri
bu prosesdə müsbət mənada fərqləndilər.
COP29 məkanında QHT-lərə Dövlət Dəstəyi
Agentliyinin və Milli QHT Forumunun öncüllüyündə
keçirilən tədbirlər isə bu beynəlxalq
konfransın qonaqlarının daim diqqət mərkəzində
oldu. Bundan başqa QHT sektoru həmin tədbir günlərində
bəzi aksiyalarla, təklif və təşəbbüslərlə
çıxış etdi. Bu da ümumilikdə Azərbaycanın
QHT sektorunun çağırışlara cavab verdiyini ortaya
qoydu”.
QHT sədri onu da əlavə edib ki, dövlətin QHT
sektoruna göstərdiyi diqqət və qayğıdan güc
alaraq bu sektorun daha səmərəli fəaliyyət göstərməsi
üçün davamlı addımlar atan QHT-lərə
Dövlət Dəstəyi Agentliyinin çevik və məhsuldar
komandası, türk dünyasının birliyinin daha da
gücləndirilməsi üçün həyata keçirilən
siyasətə dəstək istiqamətində də öz
sözün deyir, imzasını atır: “Təbii ki, Agentliyin
ötən müddətdə fəaliyyətinin prioritetlərindən
birini də QHT sektorunun yeni dövrün tələblərinə
cavab verməsi üçün atılan addımlar təşkil
edib. Məhz bu məqsədlə başlanılan
genişmiqyaslı islahatların ilkin nəticələri isə
artıq var. Söhbət QHT-lər üçün qrant
müsabiqələrinin yeni qaydalar əsasında, şəffaf
şəkildə keçirilməsindən gedir. Yeni
yanaşmalar və Nazirlər Kabinetinin müsabiqənin
aparılması ilə əlaqədar 2023-cü il qəbul
etdiyi yeni qaydalar öz müsbət bəhrəsini verir. Biz
bunu 2025-ci il üzrə qrant müsabiqələrinə QHT-lərin
yanaşmasında bir daha aydın görürük. Məsələn,
Agentliyin məlumatına əsasən bu dəfə Azərbaycan
QHT tarixində bir elan çərçivəsində ən
yüksək sayda layihə təklifi daxil olan müsabiqə vəziyyəti
qeydə alınıb. Bu, ötənilki rekordu da geridə
qoyub. Agentliyin 2025-ci il üzrə qrant müsabiqələrinə
915 təşkilat müraciət edib. 100-ə yaxın
müraciət ilk dəfədir. Ümumiyyətlə, son 2 ildə
əvvəllər heç vaxt Agentliyin qrant müsabiqələrində
iştirakı nəzərdən keçirməmiş 200-ə
yaxın QHT-nin müsabiqələrə
qatıldığı müşahidə edilir. Bu, adi
statistika deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi tam
yeni qaydalarla ikinci ildir ki, təşkil olunan müsabiqələrin
şəffaf və ədalətli olmasının, Agentliyin
işinə olan ictimai etimadın göstəricisidir.
Çünki Agentlik QHT-lərin ictimai faydalılığının
stimullaşdırılması, dövlət tərəfindən
qarşıya qoyulan məqsəd və vəzifələrin
icrası üçün əzmlə
çalışır. Bir sözlə, son olaraq onu qeyd edə
bilərəm ki, Azərbaycanda QHT sektoru hərtərəfli
diqqət və qayğı ilə əhatə olunub. Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin
layihələrinin maliyyələşdirilməsi, vətəndaş
cəmiyyəti institutları ilə əməkdaşlıq
üçün Azərbaycan hökumətinin
atdığı addımlar, dövlət orqanları nəzdində
yaradılmış ictimai şuralarda QHT təmsilçilərinin
iştirakı və s. deyilənlərə bariz nümunədir”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 13 mart(¹10).- S.9.