Azərbaycan-İsrail-ABŞ strateji müttəfiqliyi
Bakı üçün faydalı ola bilər
Yaxın Şərq! İkinci dünya müharibəsindən
sonra yaranan yeni dünya düzənindən nəsibinə
çevrilişlər, müharibələr və
qarşıdurmalar düşən Yaxın Şərq. Yeni
yaranmış Birləşmiş Millətlər Təşkilatı
ABŞ-ın 1947-ci ildə məsələni gündəliyə
gətirməsi ilə İsrail və Fələstin dövlətlərinin
yaradılmasına qərar verir. Hazırlıq işlərindən
sonra 1948-ci 14 mayında David Ben-Qurion öncülüyündə
İsrail dövlətinin yaradılması elan edilir. Bir
gün sonra beş ərəb dövləti elan edilmiş
İsrail torpaqlarına girməklə bu günə kimi uzanan
münaqişənin başlanğıcını qoyur. Bununla
yanaşı bu illər ərzində ərəb ölkələrində
hakimiyyət çevrilişləri, bir neçə Ərəb-İsrail
müharibəsi baş verir. İraq Səddam Hüseyn rəhbərliyində
İranla səkkiz il davam edən müharibə edir. Küveytə
qoşun yeridən Səddam Hüseyn sonra ABŞ başda
olmaqla dünya ölkələrinin təzyiqi ilə
Küveytdən çıxmalı olur. 2001-ci ilin 11
sentyabrında ABŞ dövlətinə terror hücumundan
sonra isə İrakı bunda günahkar hesab edən ABŞ
koalisiyası İraqa ordu yeridir. İrak rejimi məğlub
olur və Səddam Hüseyn bir müddət sonra asılaraq
edam edilir. Ardınca ərəb ölkələrində
başlayan rəngli inqilablar və Suriyada başlayan daxili
müharibə. Ən son isə İsrailə 2023-cü ilin 7
oktyabrında Qəzzadan edilən terror hücumundan sonra bu
günə kimi davam edən İsrail-Fələstin-Həmas-Hizbullah
qarşıdurması. Göründüyü kimi Yaxın
Şərq son 80 ilə yaxın müddətdə hər
zaman dünyanın ən gərgin regionu olmuşdur. Bura
Türkiyə ilə PKK arasındakı 40 ildən çox
davam edən münaqişəni də əlavə etsək mənzərə
tam olur.
Məsələyə tarixi xronologiya üzərindən
baxış edilməsinin və kimin haqlı, kimin haqsız
olması üzərindən yox, regiondakı aktorların
mövcudluğuna diqqət çəkmək baxımından
vacib idi.
Bu 80 illik tarixi hadisələr fonunda Azərbaycanın
ilk əvvəllər Sovet İttifaqı tərkibində, son
33 il müddətində isə müstəqil dövlət
kimi mövcudluğu dövründə İsrail dövləti
ilə əlaqələri müstəqillik dövrünə
təsadüf edir. 18 oktyabr 1991-ci ildə Azərbaycan
Parlamentinin elanı ilə müstəqillik bərpa edildi və
1991-ci ilin noyabrında Türkiyə onu rəsmi olaraq tanıyan
ilk dövlət oldu. 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın
müstəqilliyini rəsmən tanıdı və bunu edən
ilk dövlətlərdən biri oldu. 7 aprel 1992-ci ildə
diplomatik əlaqələr quruldu. Amma Azərbaycan xalqı ilə
Yəhudi xalqının dostluğu çox öncələrə
dayanır. Azərbaycan ərazisində Yəhudi icması
Sovet İttifaqı dövründən yaşayırdı və
indi də var. İki xalq arasında dərin mənəvi
bağlar yaranmışdır. Yəhudi xalqının müsəlman
ölkələri arasında tək rahat və sərbəst
şəkildə yaşadığı ölkə Azərbaycandır.
Ölkələrimizin ictimaiyyəti arasında dostluq və
qardaşlıq münasibətləri dövlətlərimizin
arasındakı strateji münasibətlərə
çevrilib. Ölkələrimiz arasında iqtisadi münasibətlər
yüksək səviyyədədir.
Hərbi sahədə ciddi əməkdaşlıq
mövcuddur. Son olaraq Azərbaycan dövləti İsraildə
mövcud olan qaz yataqlarının istismar edilməsi üzrə
yaradılmış konsorsiuma daxil olub. Azərbaycan İsraildə
səfirliyinin 2023-cü ildə açdı. Bu məsələ
müsəlman, xüsusən də, ərəb dünyası
səbəbindən uzanırdı. Məlum
qarşıdurmalar fonunda Azərbaycanın İsraildə səfirliyinin
açılmasına ehtiyatla yanaşılırdı. Amma nəhayətdə
Azərbaycan bunu etdi. Bununla yanaşı Fələstində də
konsulluq açıldı.
Azərbaycanın İsraillə əsas hərbi sahədə
əməkdaşlığı nəticəsində 44
günlük Ermənistan-Azərbaycan müharibəsinin nəticəsinə
böyük ölçüdə təsir etdi. Azərbaycan
İsraildən aldığı silahlar hesabına
dağlıq ərazilərdə ciddi şəkildə itki
verməkdən qaça bildi. Hərbi dəstəklə
yanaşı Yəhudi lobbisinin ABŞ-da verdiyi siyasi dəstəyin
də əhəmiyyətini unutmaq olmaz.
İsrailli dostlarımızın Azərbaycan barəsindəki
fikirləri xüsusən maraqlı və əhəmiyyətlidir.
İsrail xarici işlər nazirliyinin əməkdaşı
Pinhas Avini: "iki ölkə münasibətlərini strateji
olaraq qiymətləndirib."
Nazir Uzi Landau: "İsrailin güclü Azərbaycana
ehtiyacı var."
XİN Yair Rapid: "Azərbaycan İsrailin çox
önəmli ortağıdır."
Göründüyü kimi Azərbaycan və
İsrail arasındakı mənəvi və iqtisadi əlaqələri
qısa xatırlatmaqla məqsəd bu sahələrdəki dərin
inteqrasiyanı göstərməklə yanaşı, Azərbaycan-İsrail
münasibətlərinin sıradan adi münasibətlər
olmadığını göstərmək idi. Bu isə indi
analiz edəcəyimiz və Türkiyəli
qardaşlarımızın bir hissəsində Qəzza hadisələri
fonunda Azərbaycan və İsrail münasibətlərinin
yaratdığı narahatlıq üzərindən fikir bildirəcəyik.
Sadə məntiqlə Azərbaycan İsrailə hər
şeyi bir kənara qoysaq, niyə düşmən olsun?
Yaxşı ilə pisi seçməli olsa, niyə
pisi seçsin?
ABŞ öz dövlətinin maraqları çərçivəsində
dünənə kimi dəstək olduğu Ukraynanı Rusiyaya
qurban verir. Çünki ABÇ dövlətinin mənafeyi
bunu tələb edir.
Eyni məntiqlə demək olar ki, Azərbaycan niyə
Rusiya ilə dostluq edir. O ki, işğalçıdr? İddia
edildiyi kimi İsrail də. Bu, məsələnin mənəvi
tərəfidir.
Geosiyasi olaraq İsrail və Fələstinin siyasi
çəkisi baxımından yanaşsaq da İsrail
üstünlük təşkil edir. Azərbaycan dövləti
öz strateji maraqlarından çıxış edir.
Türkiyə dövləti də bunu anlayışla
qarşılayır.
Son günlər Azərbaycanın Trampın keçən
hakimiyyəti dövründə imzalanmış
"İbrahim anlsşması"na qoşulacağı
iddiaları yayılır. Bu, Tramp liderliyində 2020-ci il 15
sentyabrında İsrail ilə Birləşmiş Ərəb
Əmirlikləri və Bəhreyn arasında imzalanmış
Ərəb-İsrail normallaşma müddəti ilə əlaqəli
anlaşmadır. İbrahim və ya Abraham adının
qoyulması isə eyni adlı peyğəmbərin həm ərəblərin,
həm də yəhudilərin əsasını qoyduğu
insan olması məntiqi və hər iki xalqın onu qəbul
etməsi ilə əlaqədardır. Odur ki, simvolik olaraq
"İbrahim və ya Abraham anlaşması"
götürülüb. İndi Azərbaycanın və
Qazaxıstanın da bu anlaşmaya daxil edilməsinin
planlaşdırıldığı qeyd edilir. Təbii ki, Azərbaycanın
bu prosesə münasibəti hələlik bəlli deyil. Amma
ABŞ Prezidenti Donald Trampın şəxsi nümayəndəsi
Stiv Vitkofun bir neçə gün öncə Rusiyadan
birbaşa Bakıya gəlməsi, İsrail Baş nazirinin
parlamentdə çıxışı və İsrailli ravinlərin
Trampa Azərbaycana tətbiq edilmiş "Azadlıq aktına
907-ci düzəliş"in ləğv edilməsi ilə əlaqəli
müraciəti onu göstərir ki, bu istiqamətdə müəyyən
danışıqlar gedir və yaxın dövrdə Azərbaycan-İsrail-ABŞ
üçbucağında hansısa proseslər ola bilər.
Qeyd edilənlər fonunda Azərbaycanın bu proseslərdə
iştirakı Azərbaycan üçün nə qədər
əhəmiyyət daşıyır məsələsi maraq
doğurur.
Keçən Co Bayden administrasiyasının fəaliyyəti
dövründə Azərbaycan ilə ABŞ arasındakı
soyuq münasibətlər bəlli idi. Trampın seçki
kampaniyası dövründə Azərbaycan Prezidenti İlham
Əliyevin açıq şəkildə Trampa dəstək
fikirləri ifadə etməsini nəzərə alaraq,
seçkidən sonra Azərbaycan-ABŞ münasibətlərində
Tramp adminstrasiyası dövründə yenidən
normallaşmanın olması ehtimalının böyük
olduğu gözləntilər arasında idi. Doğrudur, bu
istiqamətdə ciddi addımların atılmasının hələlik
şahidi olmasaq da, baş verən proseslər onu deməyə
əsas verir ki, prosesdə aktivlik müşahidə olunur.
Yaxın dövrlərdə münasibətlərin bərpası
istiqamətində addımlar atıla bilər. İsrail
lobbisinin ABŞ-dakı fəaliyyəti bunu deməyə əsas
verir. Təbii ki, Azərbaycan və ABŞ arasındakı
münasibətlərin isinməsi vacib və mütləqdir.
Bu istiqamətdə atılan bütün addımlar
doğrudur. Yəhudi lobbisinin də fəaliyyəti
alqışa layiqdir. Amma maraq doğuran Azərbaycan və
ABŞ arasında İsrail öncülüyündə
strateji müttəfiqlik müqaviləsinin imzalanması
fikridir. İsrail hər zaman vurğulayıb ki, Azərbaycan
Amerikadan sonra İsrailin ikinci strateji ortağıdır. Bu, əslində,
həqiqətən də belədir. Çünki İsrailin
enerji tələbatının 40 faizinin Bakı-Ceyhan neft boru kəməri
ilə təmin edildiyi bəllidir. Bu isə çox
böyük strateji məsələdir. Məsələ Azərbaycan
neftinin İsrailin enerji tələbatının böyük
hissəsinin ödənilməsi demək deyildir. İsrail tələbatı
olan neftin qalan hissəsini aldığı mənbələrdən
və kənardan da öz tələbatını təmin edə
bilər. Əsas məsələ bu mənbənin güvənli
və inanılır olmasıdır. Azərbaycan da belə
ölkələrdəndir, hansı ki, bu, tək İsrail
üçün yox, Azərbaycanın iştirakçısı
olduğu digər ölkələrin enerji təminatının
yerinə yetirildiyi layihələrə də aiddir.
Avropanın Azərbaycan qazını alan 12-dən çox
ölkəsinin ortaq fikri də belədir.
Strateji müttəfiqlik Azərbaycana nə verə bilər,
xüsusən də Rusiya, İran, hətta Türkiyənin
buna isti baxmadığı bir geosiyasi durumda?
İlk öncə onu qeyd etmək lazımdır ki, bu
üçtərəfli strateji müttəfiqliyin Azərbaycana
verəcəyi dividentlərə skeptik yanaşma da var. Həm
də ehtiyatlı yanaşma da. Bu da daha çox Rusiyanın
reaksiyasından qaynaqlanır ki, Rusiya bunu xoş
qarşılamaya bilər. İran zatən xoş
qarşılamaz. Türkiyə isə təbii ki, bu durumu qəbul
edər, amma Azərbaycanın yanında olmaqla öz dərin
analizlərini də Azərbaycanın öhdəsinə
buraxar. Yəni, bu üçtərəfli strateji əlaqənin
Azərbaycan üçün mənfi tərəflərinin
neytrallaşdırılmasında öz dəstəyini əsirgəməz.
Ən azı ona görə ki, Azərbaycanın regionda bu əlaqələrdən
istifadə edib güclənməsi Türkiyə
üçün də vacib faktordur. Rusiyanın Tramp
adminstrasiyası ilə hazırda mövcud olan münasibətlərini
nəzərə alsaq, hesab etmək olar ki, Rusiyanın da Azərbaycana
buna görə reaksiyası elə də ciddi olmaz. Amma
Rusiyanın nəzarəti təbii ki, Azərbaycanın üzərində
olar. Hər zaman deyilən deyim vardır: "ABŞ-la
yaxınlıq təhlükəlidir, dostluq isə
öldürücüdür" misalı aktualdır. Bu deyim
illərin təcrübəsinə əsaslanır. Dünyada
ABŞ-ın iştirakı ilə baş verən hadisələr
bu qənaətə gəlməyə əsas verir. Amma Azərbaycan
və Türkiyə kimi praqmatik və strateji planlama ilə
siyasət yürüdən iki ölkənin birlikdəliyi
qeyd edilən təhlükənin təsirini minimuma endirə
bilmənin yollarını tapa bilərlər.
Hesab edirəm ki, qeyd edilən Azərbaycan-İsrail-ABŞ
strateji müttəfiqliyi bütün ehtiyatlı fikirlərə
rəğmən yeni dünya düzəni qurulması mərhələsində
ağıl və cəsarətlə idarə edilərsə,
Azərbaycan üçün faydalı ola bilər. Bu, həm
də Azərbaycanın multikulutal təcrübəsinin
müsəlman ölkələri arasında yayılmasına
da təkan verə bilər.
Azərbaycan artıq Türkiyə ilə birlikdə
regional güc olmaq mərhələsindən beynəlxalq
güc olması mərhələsinə daxil olur. Bu, Avropa
İttifaqının təhlükəsizliyi məsələsində
NATO-da baş verən çatlar səbəbindən
Aİ-nın yeni təhlükəsizlik konsepsiyası
yolları axtarması fonunda özünü daha aydın
göstərir. Türkiyənin Aİ və Böyük
Britaniya ilə birlikdə yeni güc mərkəzi
yaradacağı labüd görünür ki, hansı ki,
Böyük Britaniya və Türkiyə güc mərkəzinin
yarandığını, Azərbaycanın da bu güc mərkəzinin
regional halqası olduğunu, ona görə də Qarabağ məsələsinin
həll olunmasının zamanı gəldiyini hələ 44
günlük müharibə dövründə
vurğulamışdım. Azərbaycanın daxil
olacağı İsrail-ABŞ müttəfiqliyi bu güclər
arasında tarazlıq və dialoq yaradılması
baxımından da önəmli ola bilər. Eyni zamanda
Türkiyə və İsrail arasındakı qarşıdurma
meyllərinin də azaldılması və tədricən
aradan qaldırılması yolunda vasitə ola bilər.
Çin-ABŞ hələlik iqtisadi qarşıdurması
fonunda Çinin layihəsi olan "Bir qurşaq bir yol"
layihəsinin "Orta dəhliz" proyektinin Azərbaycan
ayağı olan və Qərbi Zəngəzurdan keçirilməsi
planlaşdırılan kommunikasiya yollarının çəkilməsinə
ABŞ-ın mane olmasının qarşısını ala bilər.
Strateji müttəfiqlik ABŞ-dan Azərbaycana olan
müxtəlif səbəbli siyasi təzyiqləri azalda bilər.
Azər Qasımov
ƏHD Partiyası İdarə Heyətinin
üzvü, politoloq