Ermənistan Sülh
Sazişini imzalayacaq?
Ötən həftə Azərbaycanın Xarici işlər
naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında
deyib ki, Azərbaycanla Ermənistan arasında Sülh
Sazişinin mətni ilə bağlı danışıqlar
prosesi yekunlaşıb.
Nazir qeyd edib ki, açıq qalan iki maddə üzrə
Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul
edib.
"Növbəti addım olaraq Azərbaycanın
gözləntisi Ermənistan konstitusiyasında dəyişiklik
edilməsidir", - C.Bayramov deyib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
Bakı və İrəvan arasında sülh sazişi mətninin
bütün maddələrinin
razılaşdırılması haqda danışarkən deyib
ki, Azərbaycanla razılaşdırılmış sülh
müqaviləsi mətnində birtərəfli tənzimləmə
ilə bağlı qeyd yoxdur.
O, jurnalistlərə açıqlamasında
mühakimə yürüdərkən sazişin düşmən
ölkələr arasında imzalandığının nəzərə
alınmalı olduğunu bildirib: “Bu müqavilə iki ölkəni
və xalqları sehrli şəkildə dosta çevirməyəcək.
Lakin gələcəkdə həssas məsələlərin
həlli üçün mexanizm rolunu oynayacaq”.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə
martın 17-də jurnalistlərlə söhbətində deyib
ki, sülh müqaviləsi layihəsində Ermənistan
üçün təhlükəli məqamlar yoxdur.
“Orada bütün məqamlar ikitərəflidir. Təhlükəli
məqam olduğunu deyirsənsə, o, Azərbaycan
üçün də eyni dərəcədə təhlükəlidir”.
Sülh sazişinin mətninin nə vaxt dərc
olunacağı ilə bağlı danışan spiker deyib: “Nəşrin
vaxtını və məntiqini anlayıb məqamı
çatanda dərc edəcəyik. Məsələ Azərbaycanın
bunu dərc edib-etməyəcəyində deyil.
Müxtəlif yollarla mövcud olan problemlərdən,
qorxulardan özümüzü sığortalaya biləcəyimizə
qərar verdik və həllini tapdıq".
"Nəşrlə bağlı müzakirələr
olacaq, Ermənistanın Azərbaycana atəş
açmadığını, Ermənistanın ərazi
ambisiyalarının olmadığını, Ermənistanın
beynəlxalq tərəfdaşlar üçün də
etibarlı tərəfdaş olduğunu bir daha nümayiş
etdirmək üçün birtərəfli qaydada heç nə
etmək istəmirik”, - Alen Simonyan bildirib
Məsələ ilə bağlı politoloq Vüqar
Dadaşov “Xalq Cəbhəsi”nə açıqlamasında
deyib ki, Azərbaycan və Ermənistan rəsmi şəkildə
iki dövlət arasında sülh sazişi layihəsinin mətni
üzərində danışıqların
yekunlaşdığını və saziş layihəsinin mətni
üzərində razılıq əldə edildiyini təsdiqləyib.
Sülh sazişi lahiyəsinin mətninin
razılaşdırılması Ermənistan və Azərbaycan
arasında sülh müqaviləsinin bağlanacağı demək
deyil. Əvvəla, Azərbaycan öz ərazi
bütövlüyünü və suverenliyini tam bərpa
etdikdən sonra, ortaya çıxan "sülh
sazişi"nin bağlanması ehtimalını
mümkünsüz hesab etmişəm: “Qeyd edim ki, Ermənistan
və Azərbaycan arasında sülh sazişi bağlansa da
belə, həmin sazişdə Zəngəzur, Göyçənin
Ermənistana aid olmasını özündə ehtiva edən
müddəa ola bilməz. Yəni, sülh sazişində hər
iki dövlətin əraziləri konkret rəqəmlə
göstərilməyəcək və Sovet dövründə
Ermənistana qanunsuz verilən Azərbaycan torpaqları üzərində
Ermənistan legitimlik əldə etməsinə imkan verilməyəcək.
Ermənistan və Azərbaycan arasında tam sülh
müqaviləsi, ancaq 1918-cil ildə ermənilərə
güzəşt edilən 9min kv km - lik ərazi daxilinə
sığınmasından sonra mümkündür.
Zəngəzur dəhlizi məsələsi sülh
sazişi mətnindən çıxarılsa da, iki dövlət
arasında mümkün sülh müqaviləsi Zəngəzur
dəhlizinin açılmasından asılıdır.
Əsas vacib şərt isə, Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarını əks etdirən
müstəqillik aktı və konstitusiyasındakı müddəalar
ləğv edilməyincə Ermənistan və Azərbaycan
arasında tam sülh sazişi mümkün deyil, nəinki iki
dövlət arasında dayanıqlı sülh.
Sərhədlərin delimitasiyası isə çox
ağrılı bir prosesdir. Azərbaycan delimitasiyasını
1918-ci il, Ermənistan isə 1991-ci il xəritələrinə
uyğun aparmaq niyyətindədir.
Ermənistan baş naziri Nikol Paşinyanın isə
hakimiyyətdən getməsi ilə Ermənistan sülh
sazişindən imtina edəcək.
Ermənistan və Azərbaycan arasında tam sülm
sazişinin yaxın zamanlarda imzalanması ehtimalı çox
azdır. Ancaq, hər bir halda, prosesə uyğun Ermənistan
və Azərbaycan arasında ümumiləşdirilmiş
müddəaları özündə cəmləyən
saziş mümkündür, yenə də qeyd edirəm, Ermənistan
ərazilərinin konkret sahə və sərhədləri
heç bir sənəddə göstərilməyəcək”.
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Əlisahib Hüseynovun fikrincə, Ermənistan həmişəki
ampluasındadır. Bu ölkə eyni vaxtda həm sülhdən
danışır, həm də silahları işə
salır, sərhədlərimizdə təxribatlar törədir,
yeni hərbi eskalasiyaya rəvac verir. Ötən həftə
Azərbaycan və Ermənistan arasında sülh sazişinin
mətni üzərində danışıqların başa
çatdığının elan edilməsindən
üç gün sonra, martın 16-da Ermənistan ordusu tərəfindən
Azərbaycan mövqelərinin bir gündə üç dəfə
atəşə tutulması İrəvanın sülh bəyanatlarının
səmimi olmadığını göstərir. Bu cür
sülh siyasəti olmur. Sülh istəyən ölkə
silahların "dil"i ilə danışmaz: “Real
sülhün bərqərar olması üçün Ermənistan
hakimiyyəti çevik siyasət yürütməli və ilk
növbədə rəsmi Bakının tələblərinin
(Konstitusiya dəyişikliyi, Minsk qrupunun buraxılması
üçün birgə bəyanatın verilməsi və Zəngəzur
dəhlizinin açılması) yerinə yetirilməsi istiqamətində
vaxt itirmədən hərəkətə keçməlidir.
Ermənistan yalnız bu addımları atmaqla
özünün gerçək sülh tərəfdarı
olduğunu sübut edə bilər. Bu addımların
atılması həmçinin Ermənistan ictimai rəyinin
sülhə fokuslandırılması baxımından da əhəmiyyətlidir.
Lakin çox təəssüf ki, Paşinyanın siyasi iradəsizliyi
bu addımların atılmasını ləngidir. Daxili
auditoriyanın sülh prosesinə təpki göstərəcəyindən
ehtiyatlanan Paşinyan ənənəvi təxribat
üsullarına əl atır.
Sülh sazişinin mətni üzrə
danışıqların başa çatmasından sonra Ermənistanın
təxribat törətməsi, mövqelərimizi atəşə
tutması heç şübhəsiz ki, sülh prosesini ləngitmək,
vaxt qazanmaq məqsədinə xidmət edir. Görünən
budur ki, İrəvan paralel siyasət yürüdür və
müharibəyə hazırlaşır. Azərbaycanın
mövqelərinin atəşə tutulması da bu
hazırlığın tərkib hissəsidir. Lakin Paşinyan
unudur ki, bu cür klassik təxribat addımları bir qayda
olaraq Ermənistan üçün həmişə
acınacaqlı nəticələrlə bitir. Təxribatlar
törətməklə sülh prosesini ləngitmək
ağılsızlıqdır. Ermənistanın sərhəddə
təxribatlar törətməsi reallıq hissini itirməyin
göstəricisidir”.
Siyasi ekspert Əkrəm Bəydəmirli isə deyib
ki, sülh müqaviləsi Ermənistandan təzminat tələblərini
arxa plana atmamalıdır: “Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin imzalanacağı ilə
bağlı xəbərlər yenidən gündəmə gəlib.
Biz bütün detaları ilə bilmirik ki, bu, müqavilədə
nələr nəzər tutulub. Gerçəkdən erməniyə
etibar etməsək də belə sənədlərin
imzalanması çox zərurət təşkil edən məsələdir.Çünki
gələcəkdə regionda sabitlik, davamlı sülh
üçün Azərbaycanın strateji maraqlarına cavab
verən sənədin Ermənistanla imzalanması
lazımdır.
Amma belə müqavilə Ermənistandan təzminat tələblərini
arxa plana atmamalıdır. 30 il ərzində Azərbaycanın
şəhərləri, kəndləri yer üzündən
silinib. Görünür, ermənilərin həyat prinsipləri
quldarlıq dövrü ilə oxşarlıq edir. Dünyanın
heç bir yerində, hətta Afrika cəngəlliklərində
də belə xalqlara rast gəlmək mümkün deyil. Bu
tarixin acı reallığıdır. Bu gün bərpa
işləri, yaşayış yerlərinin yenidən
inşası dövlət büdcəsi hesabına başa gəlir.
Hakimiyyətdə kimin olmasından asılı olmayaraq,
Ermənistanın bu əməlləri beynəlxalq cinayət
sayılmalıdır. Bu toplum bir sıra beynəlxalq
konvensiyaların o cümlədən Haaqa Konvensiyasının,
Müharibə vaxtı mülki əhalinin müdafiəsi
haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının,
1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva
edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud
şəkildə pozublar. Belə cinayət törədənlərin
hüquqi müstəvidə cəzalandırılması ilə
bağlı dünyada yetərincə təcrübələr
var.
II dünya müharibəsində qanlı cinayətlər
törətmiş, minlərlə günahsız insanın
ölümünə bais olan faşist Almaniyasıında bir
sıra şəxslər məhkəmə
qarşısına çıxarılaraq layiqli cəzalarını
aldılar. Məhkəmədən sonra ittiham
çıxışındakı tələblər nəzərə
alınmaqla 21 canidən 12 nəfəri ölüm,
qalanları isə müxtəlif növlü cəzalara məhkum
edildi. Həmin müharibədə zərçəkmiş yəhudi
xalqı Hitler Almaniyasının varisi olan indiki Almaniyadan son
dövrlərə qədər təzminat aldı.
Ona görə, biz beynəlxalq təcrübəyə
əsaslanaraq daha təsiredici mexanizmlər üzərində
düşünməliyik. Bu mexanizmlərdən yalnız biri
erməni cinayətlərinin beynəlxalq məhkəməyə
yönəltməkdir. Təkzibolunmaz faktları nəzərə
alaraq bu müstəvidə xeyli addımlar atmaq
mümkündür”.
Politoloq Azər Qasımovun fikrincə, Azərbaycanla
Ermənistan arasında sülh müqaviləsi olmaya da bilər.
Sülh müqaviləsi şərtlərinin
razılaşdırılması hələlik sülh
müqaviləsi imzalanması demək deyildir. Azərbaycan dəfələrlə
vurğulayıb ki, Ermənistan kostitusiya dəyişikliyinə
getməlidir və məlum məsələlər
konstitusiyadan çıxarılmalıdır. Bundan sonra
imzalanacaq sülh müqaviləsinin hüquqi və siyasi
aspektləri gələcək üçün öz
reallığını saxlayacaq. Konstitusiya dəyişikliyinə
kimi sülh müqaviləsi imzalamaq olmaz: “Məsələnin
digər tərəfi ondan ibarətdir ki, Ermənistan
konstitusiya dəyişikliyi üçün referenduma getdikdə
erməni toplumu tələb edilən dəyişikliklərə
müsbət cavab verməyə razı olmasın və
bunların əksinə səs versin. Sorğularda buna
ehtilmalın olduğu görünür. Onda Azərbaycan və
Ermənistan arasında sülh müqaviləsi tamamı ilə
gündəlikdən çıxacaq.
Bu durumda tək Azərbaycan-Ermənistan arasında
yox, regionda pat dövrü başlayacaq. Artıq heç bir
danışığın hüquqi mahiyyəti qalmayacaq.
Çünki danışıqlar mənasız olacaq, sadəcə
danışıq xatirinə danışıq olacaq. Bu durum isə
Azərbaycanı qane etməyəcək. Tək çıxış
yolu Ermənistanın imzaladığı "9 noyabr" bəyannaməsinin
şərtlərinin yerinə yetirilməsi üçün
Azərbaycanın təzyiq yolu seçməsinə qalacaq”.
Cavid