Qüdrət Həsənquliyev:
“Böyük dövlətlərlə
apardığımız işi gücləndirməliyik”
Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
partiyanın mətbuat xidmətinin suallarını
cavablandırıb.
TNS həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, Ermənistanla sülh
sazişinin mətninin razılaşdırılması barədə
xəbəri necə qarşıladınız? Tezliklə
sülh sazişi imzalana bilərmi?
- Azərbaycanın ədalətli və beynəlxalq
hüquqa əsaslanan sülh sazişinə dair tələblərini
Ermənistanın qəbul etməsi böyük diplomatik
uğurdur. Bu məsələdə Prezidentin güclü
siyasi iradəsi və Ermənistana göstərdiyi təzyiqlər
öz rolunu oynadı. Sülh sazişinin imzalanması,
yaşadığımız regionun inkişafı
üçün bölgədə maraqları olan
böyük dövlətlərin də bunu istəməsi
lazımdır. Əks halda sülh və regionda sabitlik
davamlı ola bilməz. Ona görə də biz böyük
dövlətlərlə bu istiqamətdə
apardığımız işi gücləndirməliyik.
Sülh sazişi imzalanandan və müəyyən islahatlar
aparılandan sonra biz iqtisadiyyatımıza böyük sərmayə
qoyuluşuna nail ola bilərik. Sülh sazişinin nə zaman
imzalanması yalnız bizdən asılı olan məsələ
deyil. Daxildə bu və ya digər problemlərin həllinə
dair fərqli baxışlar ola bilər. Amma ümummilli məsələlərdə
bir-birimizə, xüsusilə xalqın dövləti təmsil
etmək üçün mandat verdiyi, Qarabağın
işğalına son qoyub dövlət suverenliyini bərpa edən
Prezidentə güvənməliyik. Bizim bilmədiyimiz
çoxlu məsələlər var. Azərbaycan təbii
müttəfiqləri və zamanın sınağından
çıxmış dostları ilə məsləhətləşmələr
aparır, doğru zamanda Prezident sülh sazişini imzalayacaq.
- Qüdrət bəy, Putinlə Tramp arasında
baş tutmuş telefon danışıqlarını necə
qiymətləndirirsiniz?
- Dəfələrlə demişəm ki, Tramp Putinə
rəğbət bəsləyən, gücə və zənginliyə
sitayiş edən adamdır. O, öz xalqına bunu o cür təqdim
etməyə çalışır ki, beynəlxalq sülh və
təhlükəsizlik üçün dünyanın iki
böyük nüvə gücü arasında dialoq və əməkdaşlıq
olmalıdır, beynəlxalq hüquq normaları, qanunlar isə
güclülərə aid deyil. Tramp Zelenskiyə və Avropa
liderlərinə seçkilərdə ona dəstək
olmadıqları üçün nifrət edir və
onları qorxu altında saxlayıb “quzuya çevirmək”
üçün Rusiyaya bacardığı səviyyədə
dəstək olacaq. Rusiyanın nüfuzunun
qaldırılması üçün qonşulara və
müttəfiqlərinə qarşı ərazi iddiası ilə
çıxış edir, onlara ticarət müharibəsi elan
edir. Ancaq bunu elə səviyyədə etməyə
çalışır ki, ABŞ xalqı ona qarşı qiyam
qaldırmasın. Müsahibələrimin birində qeyd
etmişdim ki, Ukraynanı bir dövlət kimi yalnız ABŞ
xalqı Trampa təzyiq etməklə xilas edə bilər. Amma
ən yaxşı ssenarilərdə belə Ukrayna
böyük torpaq itkiləri ilə üzləşəcək.
ABŞ isə etibarsız dövlət imicini bir az da gücləndirəcək
və süqutunu yaxınlaşdıracaq.