“Ölkə üçün əsas prioritet ərzaq
təhlükəsizliyinin təminatıdır”
İbrahim Cəfərov: “Bitki
sağlamlığının təminatı prioritet olmaqla həm
də ərzaq təminatının əsas istiqamətlərindəndir”
Birləşmiş Millətlər Təşkilatı
tərəfindən mayın 12-si Beynəlxalq Bitki
Sağlamlığı Günü elan edilib. Həmin təqvim
gününün qeyd olunmasında əsas məqsəd bitki
örtüyünün məhv olmasının
qarşısını almaq, ərzaq
çatışmazlığını aradan qaldırmaq,
yoxsulluğu azaltmaq, həmçinin biomüxtəlifliyin və
ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin
məlumatlılığını artırmaqdan ibarətdir.
Beynəlxalq Bitki Sağlamlığı Günü
ilə əlaqədar hər il mayın 12-də
dünyanın bir çox ölkələrində bitki
sağlamlığının təmin edilməsi və ətraf
mühitin qorunması sahəsində tədbirlər həyata
keçirilir. Həmin gün çərçivəsində
insan, heyvan və ətraf mühit sağlamlığı
arasında birbaşa asılılığı önə
çəkən “Vahid sağlamlıq” konsepsiyasına
uyğun təşkil olunan tədbirlər prosesə öz
töhfəsini verir.
Ölkəmizdə qida təhlükəsizliyinin təmin
edilməsində müstəsna rola malik olan bitki
sağlamlığının qorunması, həmçinin xəstəliklərin,
zərərvericilərin vaxtında aşkarlanaraq onlara
qarşı effektiv mübarizə tədbirlərinin
görülməsi məqsədilə tədbirlər isə
mütəmadi olaraq həyata keçirilir. Agentliyin fəaliyyət
göstərdiyi ötən dövr ərzində
respublikamıza virus və bakteriyaların daxil olmasının
qarşısının alınması məqsədilə 23
ölkəyə əlavə idxal tələbləri müəyyənləşdirilib.
Virus xəstəliklərinin ölkəyə daxil
olmasının və yayılmasının
qarşısının alınması məqsədilə təsərrüfatlarda
mütəmadi monitorinqlər keçirilir, idxal və ixrac
edilən məhsul partiyaları təyin olunmuş tezliklərlə
virusoloji müayinələrə cəlb edilir. Karantin tətbiq
olunan zərərli orqanizmlərin ölkə üzrə
yayılma arealı müəyyənləşdirilərək
xəritələşdirilməsi həyata keçirilir. Bitki
sağlamlığının izlənməsi istiqamətində
hazırlanan Milli Monitorinq Planı icra edilir. Təsərrüfatlarda
aparılan monitorinqlərin elektron modulu hazırlanıb. Həmçinin
fitosanitar nəzarət çərçivəsində 180
pomidor istehsalı təsərrüfatında
sağlamlaşdırma tədbirləri aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin
(AQTA) sədri Qoşqar Təhməzli ötən ilin may
ayında Bakıda keçirilən “Yaşıl dünya naminə”
Bitki Sağlamlığı Forumunda
çıxışı zamanı deyib ki, Azərbaycanda bitki
sağlamlığı sahəsində zərərvericilərə
dair risklərin idarə edilməsi sistemi qurulur.
Onun sözlərinə görə, hazırda bitki
sağlamlığı sahəsində zərərvericilərə
dair risklərin idarə edilməsi sisteminin qurulması, bitki
mühafizəsi vasitələrinin qeydiyyatının və
idxalı prosedurlarının sadələşdirilməsi,
inteqrir bitki mübarizə üsullarının tətbiqinin
genişləndirilməsi, bioloji mübarizənin təşviqi
hesabına zəhərli kimyəvi vasitələrdən
istifadənin minimuma endirilməsi kimi hədəflər üzərində
iş aparılır.
AQTA sədri xatırladıb ki, beynəlxalq ekspertlərin
iştirakı ilə yeni "Bitki sağlamlığı
haqqında" qanun layihəsi hazırlanıb və
razılaşdırılması üşün digər
qurumlara göndərilib: "Yeni qanun layihəsində bitki
mühafizəsinin təşkili, ərazidə fitosanitar
karantin rejiminin tətbiqi, bitki mühafizəsi vasitələrinin
və aqrokimyəvi maddələrin istifadəsinə dair bir
sıra yeniliklər nəzərdə tutulub".
Onu da qeyd edək ki, bitki
sağlamlığının təmin olunması ilə əlaqədar
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi
Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji,
mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks
Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə
edilərək, pestisid və aqrokimyəvi maddələrin
laboratoriya sınaqları həyata keçirilir. Laboratoriyada əsasən
pestisidlərin təsiredici maddələrinin miqdarı,
aqrokimyəvi maddələrin isə element tərkibi və digər
keyfiyyət göstəriciləri təyin edilir. Milli Referens
Laboratoriyasında meyvə-tərəvəz məhsullarında
pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda
Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq
laboratoriyalarında bitki və bitkiçilik məhsullarında,
eləcə də digər karantin nəzarətində olan məhsullarda
zərərverici həşərat və gənələrin,
herboloji ekspertiza zamanı alaq otları və toxumların,
mikoloji ekspertiza zamanı fitopatogen göbələklərin,
fitohelmintoloji ekspertiza zamanı isə fitopatogen nematodların
və ya onların sistalarının aşkarlanması, həmçinin
zərərli orqanizmlərin morfoloji və morfometrik əlamətlərinə
əsasən növ mənsubiyyətinin təyin olunması həyata
keçirilir.
Mövzu ilə bağlı Bitki Mühafizə və
Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru, professor
İbrahim Cəfərov qəzetimizə
açıqlamasında deyib ki, bitkilər də insanlar və
heyvanlar kimi canlı orqanizmlərdir, onlar da biotik və abiotik
stress amillərinin təsiri altında xəstələnir, zərərverici
həşəratlar tərəfindən zədələnir,
alaq otları tərəfindən müdaxiləyə məruz
qalırlar. Bitki xəstəliyi anlayışı alimlər tərəfindən
dəfələrlə araşdırılmış sonda belə
qərara gəlinmişdir ki, fitopatogen orqanimlərin və ya əlverişsiz
mühit şəraitinin təsiri altında hüceyrə,
toxuma, orqan, bütövlükdə bitkidə normal maddələr
mübadiləsinin pozulması xəstəlikdir. Bu tərif
24507-81 adlı DüİSt- ə uyğundur. Bitkilərdə
infeksion və qeyri infeksion xəstəliklər inkişaf edirlər.
Qeyri-infeksion xəstəliklər yerli və ya loksl xarakter
daşıyırlar, bu xəstəliklər əlverişsiz
mühit şəraitinin təsiri altında əmələ gəlirlər,
infeksion xəstəliklər isə bir neçə gün
müddətində böyük sahələri əhatə
edir, hətta bir ölkədən digər ölkəyə
yayıla bilirlər: “Bitkilərdə yüzlərlə xəstəliklər
əmələ gəlir, yayılır, son nəticədə
istehsal edilən məhsulun kəmiyyət və keyfiyyət
göstəriciləri aşağı düşür. Kənd
təsərrüfatı, otaq və ya dekorativ bitkilərdə,
ağac və kollarda unlu şeh, yalançı unlu şeh ,
sürmə, pas, müxtəlif ləkəliklər və s
kimi xəstəliklər əmələ gəlir. Bitkilərə
ziyan vuran zərərverici həşəratların da sayı
on munlərlədir. Gəmirici və sorucu ağız
aparatına malik olan zərərvericilərin vurduqları zərər
böyük rəqəmlərlə ifadə edilir. BMT- nin FAO
ekspertlərinin məlumatlarına əsasən dünyanın
hətta inkişaf etmiş ölkələrində belə
istehsal edilən məhsulun 30-32%- i xəstəlik, zərərverici
və alaq otlarının təsirindən itkiyə gedir, 10-12%
məhsul saxlanma dövrü keyfiyyətini itirdiyəndən
çıxdaş edilir. Bununla bərabər dünyada bir
mlrd. yaxın insan aclıq və səfalət içərisində
yaşayır. Bu nöqteyi nəzərdən bitkilərin zərərverən
orqanizmlərdən qorunması milli təhlükəsizlik
amili kimi qəbul edilir.
İstənilən ölkə üçün əsas
prioritet ərzaq təhlükəsizliyinin təminatıdır,
xəstəlik və zərərvericilərin
vurduqları real zərər ərzaq təhlükəsizlinin
təminatına təhlükələr yaradır. Bu
nöqteyi nəzərdən bitki
sağlamlığının təminatı prioritet olmaqla həm
də ərzaq təminatının əsas istiqamətlərindəndir.
Gəlin hamılıqla əkdiyimiz bitkiləri qoruyaq,
onları sağlam yetişdirək”.
Azərbaycan Respublikasının ərazisində bitki
sağlamlığının təmin edilməsi ilə
bağlı həyata keçirilən fitosanitar nəzarət
və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin
hüquqi əsaslarının müəyyən edilməsi,
fitosanitar nəzarət və xidmət sahəsində fəaliyyət
göstərən subyektlər arasındakı münasibətlərin
tənzimlənməsi və bu sahədə qanunvericiliyin beynəlxalq
tələblərə uyğunlaşdırılması məqsədilə
10 fəsil 46 maddədən ibarət olan yeni “Bitki
sağlamlığı haqqında” Azərbaycan
Respublikasının Qanunu layihəsi hazırlanıb.
Hazırlanan qanun layihəsi Azərbaycan
Respublikasında ilkin istehsal, istehsal və ilkin emal edilən,
Azərbaycan Respublikasının ərazisinə idxal
olunmuş bitki və bitkiçilik məhsullarına, əkin
və səpin materiallarına, habelə onların ilkin
istehsalı, istehsalı, ilkin emalı, dövriyyəsi,
utilizasiyası və məhv edilməsi mərhələlərinə,
bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə,
habelə onların istehsalı, emalı, saxlanması,
daşınması, idxalı, ixracı, satışı,
istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə
şamil edilir.
Layihədə bitki sağlamlığı sahəsində
dövlət tənzimlənməsi, bitki mühafizəsinin və
karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq
və vəzifələri, bitki mühafizə vasitələrinin
və aqrokimyəvi maddələrin istehsalına (emalına),
dövriyyəsinə, istifadəsinə dair tələblər,
həmin məhsulların istehsalı (emalı) və
dövriyyəsi ilə məşğul olan obyektlərin
qeydiyyatı, fitosanitar xidmətlər və bitki
sağlamlığı sahəsində maliyyələşdirmə
ilə bağlı müddəalar nəzərdə tutulub.
Layihəyə əsasən ölkə üzrə
Bitki Sağlamlığı Reyestrinin yaradılması və
qeydiyyata alınmış bitkiçilik subyektləri və (və
ya) onların obyektlərinin, bitki mühafizə vasitələrinin,
aqrokimyəvi maddələrin, həmçinin onların
istehsalı (emalı) və dövriyyəsi ilə məşğul
olan subyektlərin və onların obyektlərinin, qeyri-dövlət
fitosanitar xidmətlərini həyata keçirən subyektlərin
həmin reyestrə daxil edilməsi nəzərdə tutulur.
Həmçinin layihədə bitkiçilik subyektləri
və (və ya) onların obyektlərinin, bitki mühafizə
vasitələrinin və aqrokimyəvi maddələrin
istehsalı (emalı) və dövriyyəsi ilə məşğul
olan subyektlər və (və ya) onların obyektlərinin
qeydiyyata alınmasına dair Bitki Sağlamlığı
Reyestrindən çıxarış, bitki və
bitkiçilik məhsullarına, əkin və səpin
materiallarına daxili karantin aktı, əkin və səpin
materiallarına idxal karantin rəyi, karantin nəzarətində
olan materiallara, bitki mühafizə vasitələri və
aqrokimyəvi maddələrə idxal sağlamlıq
aktının verilməsi ilə bağlı icazə sənədləri
nəzərdə tutulub.
Eyni zamanda layihədə bitki, bitkiçilik məhsullarının
beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin
fitosanitar idxal tələblərinə uyğunluğun təsdiqi
məqsədilə “zərərli orqanizmlərdən azad
zona”, “zərərli orqanizmdən azad istehsal sahəsi” və
ya “zərərli orqanizmdən azad istehsal yeri” ilə
bağlı müddəalar nəzərdə tutulub.
Layihə qəbul edildikdən sonra “Fitosanitar nəzarəti
haqqında” Azərbaycan Respublikasının 2006-cı il 12 may
tarixli 102-IIIQ nömrəli Qanunun ləğv edilməsi nəzərdə
tutulur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi “Mərkəzi və yerli icra hakimiyyəti
və yerli özünüidarəetmə orqanlarının
hazırladıqları hüquqi aktların layihələrinə
dair ictimai dinləmə və ictimai müzakirənin
keçirilməsi Qaydası”na uyğun olaraq, qanunamüvafiq
prosedurlar həyata keçirilməkdədir.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 15 may(¹18).- S.9.