Səfirliyimizə hücum edən şəxs edam
olundu
“İran Azərbaycanın qətiyyətli mövqeyi
ilə hesablaşmalı oldu”
2023-cü ildə Azərbaycan Respublikasının
Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə
dünən səhər saatlarında edam edilib.
Bu barədə İran Məhkəmə Sisteminin
saytı ("Mizan") məlumat yayıb.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı
vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan
Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə
silahlı hücum olub. Hücum edən şəxs
“Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu
yararaq, mühafizə xidmətinin rəisini qətlə
yetirib.
Səfirliyin iki mühafizəçisi də
hücumun qarşısını alarkən yaralanıblar.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan
Hacızadə Azərbaycan Respublikasının İran
İslam Respublikasındakı Səfirliyinə hücum
etmiş terrorçuya qarşı edam hökmünün
icrasına münasibət bildirərkən deyib ki, 27 yanvar
2023-cü il tarixində Azərbaycan Respublikasının
İran İslam Respublikasındakı Səfirliyinə
qarşı terror hücumu həyata keçirmiş, Səfirliyin
bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını
isə yaralamış Yasin Hüseynzadəyə qarşı
28 yanvar 2024-cü il tarixində çıxarılmış
ölüm hökmü 21 may 2025-ci il tarixində səhər
saat 5-də icra olunub: “Edamın icra olunması prosesini Səfirliyimizin
2 nəfər əməkdaşı və məhkəmə
prosesində Azərbaycan tərəfindən təyin
edilmiş vəkil müşahidə edib.
Sözügedən terror aktını həyata
keçirmiş şəxsin ən ağır şəkildə
cəzalandırılması Azərbaycanın İran tərəfindən
əsas gözləntiləri sırasında idi. Diplomatik əlaqələr
haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik
missiyalarımızın təhlükəsizliyinin təmin
olunması və bu qəbildən əməllərin
qarşısının alınması istiqamətində yerləşmə
ölkəsi tərəfindən müvafiq tədbirlərin
görülməsi hər zaman əhəmiyyət kəsb
edir. Qarşılıqlı hörmətə və mehriban
qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin
inkişafı istiqamətində birgə səylərin davam
etdirilməsini vacib hesab edirik".
Qeyd edək ki, İranda Azərbaycan səfirliyinə
qarşı terror törətmiş cinayətkarla
bağlı məhkəmə qərarının icra edilməsi
Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin ədalətin
bərpa olunması istiqamətində nümayiş etdirdiyi qəti
və prinsipial mövqeyin yekunudur.
Azərbaycanın İrandakı səfirliyinə
terror hücum zamanı həlak olan Orxan Əsgərovun
atası Rizvan Əsgərov hücum edən Yasin Hüseynzadənin
edam olunmasına münasibət bildirərkən deyib ki, bu
hadisəni iki ildir gözləyirdik. Çünki oğlumun
qatilinin həyatda olması bizim üçün ən
ağır cəza idi. Mən özümü
bağışlaya bilmirdim ki, övladımın qatili
sağ-salamatdır.
Rizvan Əsgərov bildirib ki, bu gün həmin şəxs
öz layiqli cəzasını alıb: “Bu, həm mənim, həm
də ailə üzvlərimizin bir qədər təskinlik
tapmasına səbəb oldu. Nəhayət, oğlumun qatili
layiq olduğu cəzanı aldı. Bu cəzanın verilməsində,
edamın həyata keçirilməsində, günahkarın cəzalandırılmasında
ölkə rəhbərliyinə, hörmətli Prezidentimizə
öz minnətdarlığımı bildirirəm. Onun qəti
tələbi olmasaydı, İran bu məsələni uzatmaqda
davam edəcəkdi. Məhz onun tələbindən sonra edam
hökmü icra olundu”.
O qeyd edib ki, proseslə bağlı daim məlumatlı
olub: “Edamın nə vaxt həyata keçiriləcəyini
bilirdim. Sadəcə, elə informasiyalar var ki, onu əvvəlcədən
bölüşmək mümkün olmur. Edamda iştirakla
bağlı isə belə bir məsələ
qaldırıldı ki, gərək atası kəndiri çəksin.
Amma Azərbaycanda ölüm hökmü yoxdur və bir Azərbaycan
vətəndaşının gedib başqa ölkənin vətəndaşının
ölüm hökmünü icra etməsi qanuna ziddir. Sonradan
məsələ İran tərəfi ilə müzakirə
olundu, səfirliyimizin nümayəndələri və bizim tərəfimizdən
vəkil iştirak etdi. Əmin olduq ki, həmin terrorçu
öz layiqli cəzasını aldı”.
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Əlisahib Hüseynovun fikrincə, beləliklə, rəsmi
Tehran bu prosesi hər nə qədər gecikdirməyə
çalışsa da, lakin sonda Azərbaycanın siyasi iradəsi
və qətiyyətli mövqeyi ilə hesablaşmalı oldu.
Əlbəttə, İranın bu prosesi iki il yubatması səbəbsiz
deyildi. Çünki mövcud İran iqtidarının
mühafizəkar qanadında təmsil olunan və Azərbaycana
qarşı sərt mövqe tutaraq iki ölkə arasında
münasibətləri daim gərginləşdirməyə
çalışan panfarsçı qüvvələr
(xüsusən də SEPAH-ın rəhbərliyi)
sözügedən terrorçunun edam hökmünün icra
olunmasını hər vasitə ilə əngəlləyirdilər.
Həmçinin İranın Cənubi Qafqaz və Yaxın
Şərqdə yürütdüyü destruktiv siyasət də
bu qərarın icrasına bu və ya digər dərəcədə
mane olurdu. Lakin Azərbaycanın Cənubi Qafqazda yeni
reallıqlar formalaşdıraraq regionda əsas söz sahibinə
çevrilməsi və eyni zamanda, İranın məlum hadisələr
(Əsəd rejiminin çöküşü ilə Suriyadan
qovulması, “Hizbullah” kimi İran proksilərinin İsrail tərəfindən
sıradan çıxarılması və s.) nəticəsində
Yaxın və Orta Şərqdəki mövqelərinin ciddi
şəkildə sarsılması bu gün rəsmi Tehranı
regional siyasətində köklü korrektələr etməyə
və Azərbaycanla münasibətləri yenidən nəzərdən
keçirməyə vadar edir: “Bu kontekstdə, hazırda Azərbaycan-İranla
münasibətlərində normallaşma prosesi müşahidə
olunur. Azərbaycan və İran rəsmilərinin
qarşılıqlı səfərləri və iki ölkənin
hərbçilərinin birgə təlim keçirməsi də
bu normallaşmanın təzahürüdür. Münasibətlərin
normallaşması həm İranın, həm də Azərbaycanın
maraqlarına uyğundur. Lakin bununla yanaşı, Azərbaycan
tərəfinin rəsmi Tehran qarşısında irəli
sürdüyü haqlı tələblər də öz
aktuallığını saxlayır. Həmin tələblərdən
biri də məhz Azərbaycanın Tehrandakı səfirliyinə
hücum edən şəxsin edam cəzasınının
qüvvədə saxlanılması və icra edilməsi ilə
bağlı idi. İran normallaşma kontekstində bu qərarı
icra etdi. Beləliklə, ədalət gec də olsa təmin
edildi. Ümid edək ki, İran tərəfi bundan sonra da
normal qonşuluq mövqeyindən çıxış edəcək.
Artıq başa düşürlər ki, Azərbaycanın
mövqeyi ilə hesablaşmaq zəruridir.
Siyasi şərhçi Asif Nərimanlı isə
deyib ki, Tehranın iki il sonra Bakının tələbini yerinə
yetirməsi ədalətli yanaşmadan deyil, Azərbaycanın
tələblərini yerinə yetirmək məcburiyyətindən
qaynaqlanır: “İran reallıqları qəbul edir və Azərbaycanla
problemli münasibətlərin aradan qaldırılmasına
çalışır. Bu da münasibətlərdə
problemin yaranmasında maraqlı olmayan Azərbaycanın
regional siyasətinə uyğundur...
Cavid
Xalq Cəbhəsi .- 2025.- 22 may(¹19).- S.5.