Zəfər tariximiz
Azərbaycan Xalqı tarixi Qələbəsini öz
müdrik rəhbərinin başçılığı ilə
qazandı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın
ardıcıl təxribatlarının və yeni işğal
planlarının qarşısını almaq, işğal
altında olan torpaqlarımızı azad etmək məqsədilə
2020-ci il sentyabrın 27-dən etibarən
başladığı zəfər yürüşündə
inanılmaz uğurlar əldə edib. 44 gün sürən hərbi
əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan
Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan,
Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan,
Ağbənd, Bartaz qəsəbələri, Xocavənd
rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri,
Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və
Laçın rayonlarının bir neçə kəndləri
daxil olmaqla, ümumilikdə, 300-dən çox
yaşayış məntəqəsi, o cümlədən
Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində
mühüm strateji yüksəkliklər işğaldan azad
edilib.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan
xalqı üçün böyük əhəmiyyət kəsb
edən və rəmzi məna daşıyan Şuşa şəhəri
işğaldan azad edilib. Qarabağın tacı olan
Şuşa şəhərinin azad edilməsi dünya hərb
tarixinə düşəcək unikal hərbi əməliyyatlardan
olub.
Azərbaycanın hərbi sahədə
qazandığı qələbələr, xüsusilə
Şuşanın düşmən işğalından
qurtarılması müharibənin taleyində həlledici rol
oynamışdır. Bütün bunlar Ermənistanın
öz məğlubiyyətini etiraf etməsi və
kapitulyasiyası ilə nəticələnib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə
xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə
çevrilən, dövlətimizin nüfuzu və gələcək
inkişafı baxımından müstəsna əhəmiyyət
kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi
məqsədilə hər il noyabrın 8-i Azərbaycan
Respublikasında Zəfər Günü kimi təntənəli
şəkildə qeyd edilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə
Azərbaycan xalqının Vətən müharibəsində
göstərdiyi misilsiz qəhrəmanlığın və
qazandığı möhtəşəm tarixi zəfərin
nümayiş etdirilməsi, şəhidlərimizin əziz
xatirəsinin əbədiləşdirilməsi məqsədilə
Bakı şəhərində Vətən müharibəsi
memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara
alınıb.
YAP Siyəzən rayon təşkilatının sədri
Samir Baxşiyev deyib ki, Ermənistanın təcavüzü nəticəsində
30 ilə yaxın müddət ərzində Azərbaycanın
tarixi torpaqları işğal edilib və bir milyona yaxın
soydaşımız öz yurdlarından qaçqın və
məcburi köçkün vəziyyətinə
düşmüşdür. Təəssüflər olsun ki,
dünya ictimaiyyəti bu təcavüzkar siyasətə və
haqsızlığı illər boyu biganə
yanaşmış və iki tərəf arasında 1994-cü
ildə imzalanmış atəşkəsdən sonra
münaqişənin həlli istiqamətində heç bir əməli
iş görülməmişdir. Xüsusilə münaqişənin
sülh yolu ilə həll edilməsi məqsədilə
yaradılmış ATƏT-in Minsk qrupu isə münaqişəni
həll etmək əvəzinə onun həllini yubadaraq Ermənistanın
işğalına hüquqi zəmin yaratmağa
çalışmışdır. Bundan əlavə BMT Təhlükəsizlik
Şurası tərəfindən Ermənistanın işğal
etdiyi Azərbaycan ərazilərindən
çıxarılması barədə qətnamələri
kağız üzərində qalaraq icra edilməmişdir.
Bütün bunlar bir daha dünya ictimaiyyətinin və beynəlxalq
təşkilatların bu münaqişədə nə qədər
ədalətsiz mövqe tutduğunu və ikili standartlar tətbiq
etdiyinin şahidi olduq. Azərbaycan hər zaman dövlət
başçısı səviyyəsində bildirmişdir ki,
“biz bu münaqişənin sülh yolu ilə ədalətli həllinin
tərəfdarıdır. Lakin təcavüzkar tərəf
bilməlidir ki, torpaqlarımız sülh yolu ilə azad edilməsə
Azərbaycan bu münaqişənin silahlı yolla həll etməyə
də qadirdir”.
Uzun illər davam edən danışıqların nəticəsiz
qalması və xüsusilə Ermənistan tərəfinin
konstruktiv yanaşması müharibəni qaçılmaz
edirdi. Azərbaycan tarixinə qızıl hərflərlə
yazılmış 2020-ci ilin 27 sentyabrında başlanan və
44 gün davam edən Vətən müharibəsi nəticəsində
Azərbaycan xalqı öz dövlət
başçısı və ordusu ətrafında sıx birləşərək
parlaq qələbənin qazanılmasında önəmli rol
oynamış oldu. “Dəmir Yumruq” adlanan hərbi əməliyyat
nəticəsində 30 ilə yaxın müddət ərzində
möhkəmləndirilmiş və “keçilməz” adlanan
müdafiə xətti qəhrəman ordumuz tərəfindən
yarılaraq düşmənin canlı qüvvələri və
zirehli texnikası məhv edilmiş oldu. Möhtərəm cənab
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi "44 gün ərzində
Azərbaycan ordusu hər gün irəliyə gedirdi".
Döyüş meydanında qazanılmış zəfər
nəticəsində qısa vaxt ərzində işğal
altındakı torpaqlarımız düşməndən azad
edildi. Darmadağın olan Ermənistan 2020-ci il noyabr
ayının 10-da kapitilyasiya aktını imzalamağa məcbur
edildi. İmzalanmış bu müqavilə nəticəsində
Ermənistan tərəfi müəyyən edilmiş təqvim
əsasında işğal altında olan digər
torpaqlarımızdan çıxmağı öz öhdəsinə
götürmüş oldu. Məhz 10 noyabr Bəyanatına
görə mənfur düşmən işğal altında
olan Kəlbəcər, Laçın və Ağdam rayonlarından
çıxmağa məcbur edildi. Tariximizə Zəfər
Günü kimi daxil olmuş bu əlamətdar hadisədən
sonra işğal altındakı torpaqlarımız
işğaldan azad edilməklə Azərbaycanın ərazi
bütövlüyü bərpa edildi. Vətən müharibəsi
dövründə cəmi 44 gün ərzində düşməni
kapitulyasiya aktına imza atmağa məcbur edən ordumuz
2023-cü ilin sentyabr ayının 19-da başlanan və cəmi
23 saat davam edən lokal xarakterli antiterror əməliyyatı
zamanı növbəti dəfə gücümüzü
bütün dünyaya nümayiş etdirdi. Xankəndi,
Xocalı, Xocavənd, Əsgəran və Ağdərə Azərbaycan
Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri
nəticəsində separatçılardan təmizləndi. Bu
şəhərlərdə Azərbaycan Bayrağının
dalğalanması isə dövlətimizin qüdrətini və
şəhidlərimizin qanının yerdə
qalmadığını bir daha nümayiş etdirdi. Beləliklə,
tarixi ədalət Azərbaycanın gücü və dəmir
iradəsi ilə tam olaraq bərpa olundu: “Bu gün Azərbaycan
xalqı Zəfər Gününü qeyd edir. Bu gün bizim
misli olmayan qələbəmizin, bir xalq və dövlət
kimi qüdrətimizin tarixə yazıldığı
gündür, bu gün bizim şərəf və qürur
günümüzdür. Böyük qürur hissi ilə qeyd
etməliyik ki, biz Azərbaycan xalqı olaraq Vətən
müharibəsində əldə etdiyimiz böyük qələbədən
sonra öz doğma torpaqlarımıza
qayıtmışıq. Təəssüf hissi ilə qeyd etməliyik
ki, mənfur düşmən tərəfindən 30 ilə
yaxın müddət ərzində işğal altında
qalan torpaqlarımızda vandalizm aktları həyata
keçirilmişdir. Ermənilər demək olar ki
bütün yaşayış məntəqələrimizi,
şəhər və kəndlərimizi, eyni zamanda tarixi, mədəni
və dini abidələrimizi yerlə yeksan etmişdir.
Düşmənlərimizin törətdikləri
dağıntılar bizi az da olsa məyus etsə də ruhdan
düşmürük. Bizim üçün önəmli olan
torpağın üstündəkilər deyil, torpağın
özüdür. Cənab Prezidentimizin də dəfələrlə
vurğuladığı kimi, biz azad edilmiş bütün
torpaqlarımızı bərpa edəcəyik və
keçmiş məcburi köçkün vəziyyətinə
düşmüş soydaşlarımız da yaxın gələcəkdə
doğma yurdlarına qayıdacaqlar. Hazırda işğaldan
azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələr
icra edilməkdədir. Mənfur düşmənimiz tərəfindən
basdırılmış minalar təmizlənir, tikinti,
quruculuq və abadlıq işləri aparılır.
Görülmüş genişmiqyaslı işlər bizə
deməyə əsas verir ki, erməni vandalizminə məruz
qalmış torpaqlarımıza həyat yenidən
qayıdır və öz evlərindən məcburi
köçkün vəziyyətinə düşmüş
soydaşlarımız öz doğma yurdlarına qovuşur.
Bu günün reallığı bir daha sübut edir
ki, ötən müddət ərzində Möhtərəm cənab
Prezident İlham Əliyevin dediyi sözlər, verdiyi vədlərin
hamısı əməli təsdiqini tapıb.
İnanırıq ki, Möhtərəm cənab Prezidentin rəhbərliyi
altında Azərbaycan bundan sonra da daha böyük zirvələr
fəth etməklə tarixi qələbələr əldə
edəcəkdir”.
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Cavid
Xalq Cəbhəsi .- 2025.- 6 noyabr (¹41).- S.9.