Nyu Cersidə yaşayan Münəvvər
xanım
Mina Azəri- 60
Ailədə üç uşaq olublar. İki
qardaşın bir bacısıdır. Qardaşı Nəsib
Nadir oğlu Kaşıyev 1992-ci ildə Şuşanın
müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıq
göstərərək, şəhidlik zirvəsinə
yüksəlib. Təşkilati məsələlərdə əvəzolunmazdır,
liderlik qabiliyyəti pik səviyyədədir. Hər hansı
bir işə qərar verdisə, onu fikrindən
yayındırmaq qeyri-mümkündür. Daxili enerjisi yüksək
olduğundan başladığı hər bir işi uğurla
başa vurur. Sarsılmaz inada və inanılmaz iradəyə
sahibdir...
...Sakit görünsə də güclü xarakterə
malikdir. İçində bir vulkan qaynayır. Bu qaynayan
vulkanın fərqinə hər kəs vara bilməz. Ancaq hissləri
açıq kəslər, bu sakit görünüşün
arxasında gizlənən fövqaladə şəxsiyyəti
anlaya bilərlər. Məntiqə söykənən fikirləri
həmsöhbətinə nüfuz etdikcə, onu heyran qoyar...
Ömür-gün yoldaşı Mirhüseyn Vahabov əslən
Lənkəran rayonunun Şürük kəndindindəndir. Və
məşhur “Amozon” şirkətinin əməkdaşıdır.
İki övladı var- oğlu Anar və qızı Nərmin.
Anar iqtisadçıdır, Nərmin isə psixiatr ixtisası
üzrə təhsil alır...
Həddindən artıq həssasdır.
Ətrafında baş verən hadisələrə biganə
qala bilmir. Həyatda əziyyət çəkən və ya
güzəranı pis olan kimsəni görəndə ürəyi
ağrayır, içi göynəyir. İçində
insana, insanlığa böyük sevgi yaşadır...
...1965-ci ildə Şəki şəhərində
dünyaya gəlib. Orta məktəbin 8-ci sinfini bitirdikdən
sonra, 1982-1986-cı illərdə Şəki Pedaqoji Texnikumda təhsilini
davam etdirib və oranı fərqlənmə diplomu ilə başa
vurub. Bir il Şəkidəki məktəblərdən birində
müəllim işləyib. 1987-1992-ci illərdə indiki
Slavyan Universitetində ali təhsilə yiyələnib,
oranı da qırmızı diplomla qurtarıb. Bir il Şəki
şəhərində rus dili və ədəbiyyatı
müəllimi işlədikdən sonra, yenidən Bakıya
üz tutub. 1993-2007-ci illərdə Bakının müxtəlif
məktəblərində öz ixtisasını tədris
edib. 2007-ci ildə ABŞ-ın Nyu York ştatının
Bruklin şəhərinə köçüb...
Deyir ki:- “Amerikaya köçdüyüm ilk vaxtlar
çox çətinlik çəkirdim. Yad ölkə, yad mədəniyyət,
yad dil. Bütün bunlara uyğunlaşmaq üçün
çox çalışmaq lazım gəlirdi. Baxmayaraq ki,
övladlarım azyaşlı idilər, bir müddət dil
kurslarına gedir, sadə işlərdə
çalışırdım...”
ABŞ-da məskunlaşdıqdan sonra 2010-2012-ci illərdə
“Kingsborough Community College”-də oxuyaraq yenidən ibtidai sinif
müəllimi ixtisasina yiyələnib. Daha sonra “Shore Front Y” Yəhudi
Mərkəzində ibtidai sinif müəllimi kimi
çalışıb və paralel olaraq “Touro College”-də təhsilini
artıraraq magistr pilləsinə yüksəlib...
Necə deyərlər, od parçasıdır.
Tükənməz enerjisi onu bir yerdə oturmağa qoymur. Və
heç zaman doğma Vətəni unutmur. Həmişə
çalışıb ki, Azərbaycanı təbliğ etsin,
azərbaycanlıları bir araya toplaya bilsin. 2007-2010-cu illərdə
"Radio Türküm" internet radiosunda “Azərbaycan
saatı” verilişinin aparıcısı olub. Elə həmin
illərdə də həftəsonu Azərbaycan dili məktəbində
balalarımıza “Ana dili” dərsini tədris edib.
2013-cu ildə “Amerika Azərbaycanlı Qadınlar Cəmiyyəti”ni
rəsmi qeydiyyatdan keçirərək ictimai fəaliyyətə
başlayıb. 2014-cü ildən Nyu Yorkun Bruklin bölgəsində
“Azərbaycan Evi” açaraq ailəsi ilə birlikdə
oranı həm restoran və həm də
soydaşlarımızın toplaşdığı mərkəz,
ocaq kimi tanıdıb. Amerikalılara və burada məskunlaşan
digər xalqlara Azərbaycan mətbəxini, musiqisini sevdirməyə
səy göstərib. Hətta buna biganə qalmayan bir amerikali
rejissor onun və ailəsi haqqında sənədli film də
çəkib.
Onun gördüyü işlər sadalamaqla bitib
tükənməz. Bu sırada onun Bruklindəki prezident ofisində
təqdimatını təşkil etdiyi Azərbaycanlı
jurnalist Şəlalə Həsənovanın “İrsimizə
atəş açmayın!” adlı sənədli filmini, “Azərbaycan
Evi”ndə mərhum rəssam İsmayıl Məmmədovun əsərlərinin
sərgisini sadalamaq olar. Yeri gəlmişkən, bu sərgidə
o zamanlar Bruklinin prezidenti olmuş, indi isə Nyu York şəhərinin
meri vəzifəsində çalışan Erik Adams da
iştirak edib...
Ona müraciət edən, problemləri ilə pənah
gətirən adamlar çox olur. Hər birini diqqətlə
dinləyir, yardımçı olmağa
çalışır. İndiyədək neçə-neçə
həmyerlimizin ABŞ-da yerləşməsinə dəstək
verib, vəfat edən soydaşlarımızın cənazəsinin
Azərbaycana göndərilməsinə kömək edib.
Bütün bunlardan əlavə o, Azərbaycan
Cumhuriyyətinin 100 illik yubileyi munasibətilə Nyu Yorkda
möhtəşəm avtomobil yuruşünün təşkil
olunmasında fəal iştirakçılardan biri olub. Həmin
avtomobil karvanı Bruklin və Manhettin bölgələrini
birləşdirən körpünü keçərək,
“Times Square” meydanında qərar tutub və tədbirin sonunda
meydanın mərkəzində üçrəngli
bayrağımız havaya qaldırılıb...
2018-cı ildən “Amerika Azərbaycanlıları
Koordinasiya Şurası”nın idarə heyətinin
üzvüdür. 2019-cu ilin dekabr ayında “Nəsimi İli”
çərçivəsində “E-Media qrupu”nun təşkilatçılığı
ilə keçirilən “İlin Adamı” mükafatlandırma
mərasimində “Şəms Mükafatı”na layiq
görülüb...
Deyir ki:- “Mən Azərbaycan aşiqiyəm. Adı gələndə
qürur hissi keçirirəm. Onun yolunda hər bir əzaba
qatlaşmağa hazıram. Bəli, son nəfəfəsimədək
bu ölkəni ABŞ-da təbliğ etməyə,
amerikalılara sevdirməyə çalışacağam...”
2019-cu ildən ailəsi ilə birlikdə Nyu Cersi
ştatının Manville şəhərində
yaşayır. Hər bir insanın bu dünyada öz yeri, təyinatı
var, deyiblər. Və hər kəs öz yerində olanda
möhtəşəm görünür. O, ABŞ-da
yaşayan yurddaşlarımız arasında ən çox
tanınan fəallardan biridir. Nə xoş ki, onun bütün
arzu və diləkləri Azərbaycanla bağlıdır, necə
deyərlər, ürəyi vətənlə
döyünür. Elə ona görə də, yorulmadan Vətənə
xidmət göstərir. Və nə yaxşı ki, 2022-ci il
aprel ayında Şuşada keçirilən V Zəfər
Qurultayına o da dəvət olunmuşdu. Həmin qurultayda
“Diaspora fəaliyyətində xidmətə görə”
medalı ilə təltif edilib...
Bəli, bugünkü söhbətimin qəhrəmanı
çoxunun Mina Azəri kimi tanıdığı Münəvvər
xanım Vahabovadır. Bu gün- noyabrın 18-i onun 60
yaşı tamam olur, yubileyidir. Onu yubileyi münasibətilə
təbrik edir, möhkəm can sağlığı
arzulayıram...
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 20 noyabr (¹43).- S.15.