Azərbaycan – Avropa və Asiya arasında strateji
körpü
Azərbaycan regionda nəqliyyat və logistika sahəsində
strateji mövqeyini daha da gücləndirir. Son illərdə həyata
keçirilən genişmiqyaslı islahatlar və Orta Dəhliz
üzərindən yükdaşımaların sürətlə
artması ölkəni Avropa ilə Asiya arasında
mühüm tranzit mərkəzinə çevirib. Mütəxəssislərin
fikrincə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi,
hava limanları və beynəlxalq limanlarda artan yük
daşıma imkanları Azərbaycan üçün iqtisadi
üstünlüklər yaradaraq regionun ticarət və nəqliyyat
xəritəsini dəyişdirir. Bu proses həm qeyri-neft gəlirlərini
artırır, həm də ölkənin strateji mövqeyini
möhkəmləndirir.
“Azərbaycan transit mərkəzi kimi…”
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Azərbaycan
və Mərkəzi Asiya formatında əməkdaşlıq
bütövlükdə regionun inkişafına ciddi stimul verir
və iqtisadi inteqrasiyanı gücləndirir: “Bu əməkdaşlığın
əsas komponentlərindən biri olan Orta Dəhlizin genişləndirilməsi
həm regional ticarətə, həm də strateji nəqliyyat
xəritəsinə mühüm təsir göstərir”.Orta Dəhlizin
imkanlarının genişlənməsi Mərkəzi Asiya
ölkələrinin beynəlxalq ixtisaslaşmadan daha çox
gəlir əldə etməsinə şərait yaradır.
Eyni zamanda regionun iqtisadi çəkisinin artması və yeni
inkişaf mərhələsinə qədəm qoyması deməkdir.Xüsusilə
Rusiya və İrana qarşı sanksiyalar fonunda Orta Dəhlizə
marağın yüksəlməsi yükdaşımaların
həcmini artıran əsas amillərdəndir. Asiya ölkələri
və Avropa İttifaqına üzv dövlətlərin Orta Dəhlizə
marağının artması açıq şəkildə
yük axınlarına təsir edir. Bu isə bir tərəfdən
həmin ölkələrin gəlirlərini artırır, digər
tərəfdən nəqliyyat və logistika infrastrukturunun daha
da inkişafı üçün yeni imkanlar yaradır. Azərbaycan
üçün Orta Dəhlizin genişləndirilməsi
xüsusilə əhəmiyyətlidir, çünki ölkənin
qeyri-neft sektorunda gəlirlərin artırılması əsas
prioritetlərdəndir.
Bu dəhlizin gücləndirilməsi dövlət gəlirlərinin
artmasına xidmət edəcək, neftdənkənar sektoru
daha rentabelli edəcək və ümumi iqtisadi artımı
stimullaşdıracaq”.
Deputat əlavə edib ki, Orta Dəhlizin
inkişafı həmçinin region və xüsusilə Mərkəzi
Asiya ölkələri ilə ticarət əlaqələrinin
daha da dərinləşməsinə səbəb olacaq: “Bu
layihə Azərbaycanın xarici ticarət xəritəsində
mühüm genişlənmə yaradır və regional
inteqrasiyanı daha da gücləndirir. Yaxın illərdə
Orta Dəhlizin potensialı daha da genişlənəcək və
bu, Azərbaycan üçün həm maliyyə, həm də
iqtisadi baxımdan mühüm üstünlüklər
yaradacaq”.
“Zəngəzur dəhlizi gələcəyə
açılır”
Milli Məclisin deputatı Naqif Həmzəyev diqqətə
çatdırıb ki, Azərbaycan son illərdə Orta Dəhlizin
əsas dayaqlarından biri olmaq üçün genişmiqyaslı
nəqliyyat-logistika islahatları həyata keçirir: “Ölkənin
həm Şimal–Cənub, həm də Şərq–Qərb xətti
üzrə infrastrukturunu yeniləməsi və yeni nəqliyyat
şəbəkələri yaratması
yükdaşımaların həcminin sürətlə
artmasına şərait yaradıb.
Azərbaycanın Gürcüstan üzərindən
Qara dənizə və Türkiyəyə birbaşa
çıxış əldə etməsi son dövrdə
yükdaşımaların həcmini təxminən 90%
artırıb. O qeyd edib ki, bu artım hələ son deyil və
Azərbaycan Qara dənizdə yeni limanların icarəsi, həmçinin
yeni liman infrastrukturunun tikintisi üçün ciddi sərmayələr
yatırır.15 milyon ton yükgötürmə qabiliyyətinə
malik Zəngəzur dəhlizinin 2028-ci ilə qədər
istifadəyə verilməsi planlaşdırılır.
İlkin mərhələdə milyonlarla ton yük
daşınacağı gözlənilir və sonrakı
dövrdə bu həcmin 20 milyon tonu keçməsi
mümkündür. Azərbaycanın Orta Asiya ölkələri
ilə sıx əməkdaşlığı, xüsusilə
vahid gömrük qaydaları və tarif mexanizmlərinin tətbiqi,
mövcud çətinlikləri aradan qaldıracaq və Orta Dəhlizə
marağı daha da artıracaq. Bu addımlar
yükdaşımaların həcmini kəskin şəkildə
artıracaq. Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsi,
dayanıqlı təhlükəsizliyin təmin olunması, Zəngəzur
dəhlizinin və Ermənistanla digər kommunikasiya xətlərinin
açılması Orta Dəhliz üzrə
daşımaların bir neçə dəfə artmasına səbəb
olacaq əsas siyasi amillərdir".
N.Həmzəyev bildirib ki, qarşıdakı 3–5 il ərzində
Orta Dəhlizin daha aktiv və intensiv istifadə ediləcəyi
gözlənilir ki, bu da növbəti onilliklərdə
marşrutun ən sürətli, ən təhlükəsiz və
əvəzolunmaz yol kimi mövqeyini möhkəmləndirəcək:
"Yaxın gələcəkdə Orta Dəhliz üzərindən
yaşıl enerjinin ötürülməsi prosesinə də
başlanılması real görünür. Onun sözlərinə
görə, artıq kabel xətlərinin çəkilməsi
və yaşıl enerji layihələrinin icrası
üçün texniki imkanlar araşdırılır və
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında
imzalanmış sənədlər bu istiqamətdə ciddi irəliləyişlərin
olacağını göstərir".
“Avrasiyada lider logistika”
Millət vəkili Elman Nəsirov vurğulayıb ki,
son üç il ərzində orta dəhliz üzrə Azərbaycandan
keçən yüklərin həcmi 90 faiz artıb: “Bu,
2022-ci ildən indiyə qədər olan dövrü əhatə
edir və faktiki olaraq ölkəmizin Avropa ilə Asiya
arasında strateji mövqeyini gücləndirir”.
Onun sözlərinə görə, orta dəhliz
Çindən başlayaraq Mərkəzi Asiya ölkələri
üzərindən Xəzər dənizi vasitəsilə Azərbaycana,
oradan isə Türkiyə və Avropaya daşınan mallar
üçün böyük səmərə təmin edir:
“2028-ci ilin sonuna qədər Zəngəzur dəhlizinin işə
salınması planlaşdırılır. Bu dəhliz orta dəhlizin
mühüm komponentlərindən biridir və tamamlandıqda
ildə 15 milyon ton yükün daşınması
mümkün olacaq. Azərbaycanın yük
daşımaları potensialı çox genişdir.Ölkəmizdə
fəaliyyət göstərən 7 beynəlxalq hava limanı
və Ələt Beynəlxalq Ticarət Limanının
yaxın zamanda illik 25 milyon tona qədər yük
daşıma imkanına malik olması Azərbaycanın
regionda nəqliyyat və logistika baxımından lider
mövqeyini göstərir. Bütün bu göstəricilər
sübut edir ki, Azərbaycan Avrasiyada həm mühüm tranzit
məntəqədir, həm də Mərkəzi Asiya ilə
artan əməkdaşlığın gücləndirilməsində
strateji rol oynayır”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2025.- 20 noyabr (¹43).- S.13.