Bakıda Beynəlxalq
Bankçılıq Forumu
Bakıda keçirilən 9-cu Beynəlxalq
Bankçılıq Forumu nağdsız iqtisadiyyat, rəqəmsal
transformasiyada sıçrayış tendensiyaları, maliyyə
texnologiyaları, rəqəmsal bank həlləri kimi məsələlərn
müzakirəsi üçün geniş platformadır.
Forumda “Sərhədsiz bankçılıq: Maliyyə məzənnəsini
yenidən müəyyən edən qlobal qüvvələr”,
“Risklər və tənzimləyici təkamül”, “Yerli banklar
növbəti artım dalğasını necə
formalaşdırır”, “Etibarlı, təhlükəsiz və
davamlı bank işi” mövzularında panel sessiyaları
keçirilir. İştirakçılar maliyyənin gələcək
mənzərəsini araşdırır, maliyyə
dayanıqlılığını necə
formalaşdıracaqlarını qiymətləndirir və səmərəli
maliyyə ekosistemi qurmaq məsələlərini müzakirə
olunub. Azərbaycanın ev sahibliyi etdiyi forumun işində
dövlət qurumlarının, kommersiya banklarının,
özəl müəssisələrin, tanınmış beynəlxalq
maliyyə təşkilatlarının, diplomatik nümayəndəliklərin
və akademik dairələrin təmsilçiləri də
qatılıblar. Forum maliyyə sektorunun gələcəyini
formalaşdıran innovativ həlləri araşdıra biləcəyi
əməkdaşlıq mühitində baş tutub
(AZƏRTAC).
2025-ci ilin üçüncü rübünün
sonuna bank sektorunun aktivləri 12 aylıq müqayisədə
10.4 faiz artaraq, tarixi həddi ilk dəfə keçib və
56.1 milyard manata yüksəlib. Bu artımda əsas pay aktivlərin
yarıdan çoxunu təşkil edən kredit portfelinə məxsusdur.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev IX
Beynəlxalq Bank Forumunda bildirib ki, analoji dövrdə kredit
portfeli 9.6 faiz artaraq 29.3 milyard manata çatıb. Biznes kreditlərinin
qalıq həcmi də 1.1 milyard manat artaraq 15.5 milyard manata
yüksəlib. Bu dövrdə banklarda fiziki şəxslərin
əmanətləri 15.4 milyard manat, müddətli əmanətlər
isə 9.7 milyard manat təşkil edib ki, bu da ötən ilin
eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11
faiz və 18 faiz artım deməkdir. Ev təsərrüfatlarının
əmanətlərində dollarlaşma səviyyəsi 34.6
faizdən 32.3 faizə enib. Hesabat dövründə
bankların kapitalı illik müqayisədə 14 faiz artaraq
7.2 milyard manata yüksəlib Cari ilin ilk üç
rübünün yekunlarına əsasən, bank sektorunun xalis
mənfəəti də 8.2 faiz artaraq 911 milyon manata
çatıb.
Zakir Nuriyev qeyd edib ki, rəqəmsallaşma,
xüsusilə rəqəmsal ödəniş ekosisteminin
inkişafı və nağdsız ödənişlərin
günü-gündən artan payı da bizim üçün
vacib irəliləyiş göstəricisidir. Həyata
keçirilən islahatlar nəticəsində milli ödəniş
sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS
üzərindən emal edilən ödəniş əməliyyatlarının
ümumi dövriyyəsi genişlənməkdə davam edir.
Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Milli Ödəniş
Sistemləri üzərindən edilən ödənişlərin
həcmi 590 milyard manat olub və 2024-cü ilin analoji
dövrü ilə müqayisədə 9.4 faiz artıb. Bu
dövrdə ödəniş kartları ilə ölkə
daxilində aparılan ödəniş əməliyyatlarının
həcmi 72.2 milyard manat təşkil edib ki, bu da ötən
ilin 3-cü rübünə nisbətə 29.1 faiz çoxdur.
Bu sürətli artım nağdsız ödənişlərin
ümumi ödənişlərdəki payını da 4 faiz bəndi
yüksəldərək 67.4 faizə çatdırıb.
Rəqəmsal ödəniş ekosistemi sahəsində
regional səviyyədə inkişafın təmin edilməsi
məqsədilə qonşu ölkələrlə, o cümlədən
Türkiyə və Gürcüstanla “sandbox” rejiminin
qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilməlidir.
Hesab edirik ki, bu yanaşma region ölkələri arasında
inteqrasiya əlaqələrinin daha da dərinləşməsinə
imkan verəcək. Bu sahədə uğurlu nümunə
olaraq Sinqapur və Malayziya arasında olan təcrübə təhlil
edilə bilər. Zakir Nuriyev deyib ki, “banklar olaraq, aparılan
bu islahatlardan birbaşa faydalanmaqla yanaşı, proseslərin
də davam etməsini dəstəkləyirik. Belə ki, ABA və
üzv təşkilatlar 2025-ci il ərzində region olaraq Qarabağdan
Naxçıvana, istiqamət olaraq təchizat zəncirinin
maliyyələşdirilməsindən fraud hallarının
qarşısının alınmasına, sindikat kreditləşməsindən
dövlət qurumlarının məlumat bazalarına
inteqrasiyaya qədər 50-dən çox tədbirin yer
aldığı 10-a yaxın dövlət proqramı, fəaliyyət
planı və layihədə aktiv töhfə verməyə
çalışmışıq”.
Z.Nuriyev bildirib ki, Azərbaycan Banklar Assosiasiyası
olaraq rəqəmsal ödəniş ekosisteminin inkişaf
perspektivləri və təhlükəsiz fəaliyyətinin təmin
edilməsi istiqamətində zəruri hesab etdiyimiz islahatlara
dair fikirlərimizi son dövrlərdə fərqli platformalarda
səsləndirməyə davam edirik. Növbəti strateji
dövrdə Mərkəzi Bankın nəzdində innovasiya
habının yaradılması, rəqəmsal
bankçılıq üzrə yeni nəsil qanunvericilik
bazasının qəbul edilməsi, ödəniş xidmətləri
və ödəniş sistemləri sahəsində
qanunvericilik bazasının mövcud reallıqlar və
inkişaf tendensiyası nəzərə alınaraq təkmilləşdirilməsi,
habelə “sandbox” rejimində tətbiq edilən nəzarət
çərçivəsinin bir qədər
yumşaldılması həyata keçirilməsini gözlədiyimiz
islahatlardandır. Hesab edirik ki, qeyd edəcəyim növbəti
islahatların icrası da diqqət mərkəzində
saxlanılmalıdır: “İlk növbədə rəqəmsal
ödəniş ekosisteminin mərkəzi komponentlərindən
olan Ani Ödənişlər Sisteminin funksional imkanlarından
daha effektiv formada istifadə edilməlidir. Belə ki, digər
ödəniş sistemlərinin dövriyyəsinin cəlb
edilməsi, alternativ ödəniş aləti olaraq QR-kodun tətbiqi
ilə yanaşı daha innovativ ödəniş alətlərinin
və texnologiyalarının tətbiqi təmin edilməli, NFC
texnologiyasından istifadə edilməsi diqqətdə
saxlanılmalıdır. Diqqəti çəkən digər
bir məqam isə “card-to-card” tipli ödəniş əməliyyatları
ilə bağlı qanunvericilikdə müəyyən ediləcək
yeni tələblər fonunda ödəniş kartları ilə
aparılan rəqəmsal ödənişlərin inkişaf
tendensiyasının qorunub saxlanılmasıdır. Mövcud
inkişaf tendensiyasının davamlı olması
üçün iqtisadiyyatda nağd hesablaşma dövriyyəsi
və ya məhdud çərçivədə tətbiq edilən
hesablaşmalar nağdsız dövriyyəyə cəlb edilməlidir.
Bu istiqamətdə son günlər ərzində ictimai nəqliyyatda
ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqi
ilə rəqəmsal ödənişlərin
aparılması imkanının yaradılmasını yüksək
qiymətləndiririk. Hesab edirik ki, bu islahatların davamı
olaraq “Ödəniş xidmətləri və ödəniş
sistemləri haqqında” Azərbaycan Respublikası Qanununda
müvafiq dəyişiklik edilərək qapalı şəbəkədə
aparılan əməliyyat dövriyyəsi məhdudlaşdırılmalıdır.
Bu tip şəbəkədə aparılan əməliyyat
dövriyyəsi müəyyən məbləğlə məhdudlaşdırılmalı,
lisenziya tələbi tətbiq edilərək əməliyyatların
nağdsız ödəniş dövriyyəsinə cəlb
edilməsi təmin edilməlidir”.
Hazırda ölkəmizdə maliyyə
texnologiyaları sektoru dinamik inkişaf mərhələsindədir.
17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı
və 2 ödəniş sistemi operatoru fəaliyyət göstərir,
onların ümumi əməliyyat həcmi cari ilin ilk 10
ayı üzrə 53.1 milyard manat təşkil edib. Azərbaycan
Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov
IX Beynəlxalq Bank Forumunda deyib ki, təkcə cari ildə 5
yeni lisenziya verilib. Bu, bazarda rəqabətin və innovasiyaların
artdığını göstərir. “Açıq
Bankçılıq”dan “Açıq Maliyyə”yə
keçid Mərkəzi Bankın məlumat ekosisteminin
genişləndirilməsi üzrə əsas prioritetlərindəndir.
Hazırda 19 kommersiya bankı və milli poçt-rabitə
operatoru ödəniş hesabına xidmət edən ödəniş
xidməti təchizatçısı, 4 bank isə hesab üzrə
məlumat xidməti təchizatçısı kimi ekosistemə
qoşulub. Mərkəzi Bank “Açıq Maliyyə” çərçivəsində
Open API standartları, məlumat təhlükəsizliyi və
müştəri razılığı modellərinin
formalaşdırılması üzərində
çalışır. Bu proses maliyyə xidmətlərinin fərdiləşdirilməsi,
rəqabətliliyin artırılması və məlumat
axınlarının səmərəli idarə olunmasına
xidmət edir. Mərkəzi Bank tərəfindən
yaradılmış Xüsusi Tənzimləmə Rejimi çərçivəsində
fəaliyyət göstərən layihələrin real
mühitdə sınaqdan keçirilməsi, onların texniki və
əməliyyat dayanıqlılığının qiymətləndirilməsi
məqsədilə aparılan işlər davam etdirilir.
Hazırda I qəbul mərhələsi üzrə 2
iştirakçının sınaq müddəti
uzadılıb. Bununla yanaşı, II qəbul dövrü
üzrə daxil olmuş müraciətlərin təhlili nəticəsində
bir neçə layihənin yaxın günlərdə
sınaq mühitinə qəbul ediləcəyi gözlənilir.
V.Xəlilov qeyd edib ki, innovativ məhsulların tənzimləmə
mühitinə daha çevik və mərhələli
inteqrasiyasını təmin etmək məqsədilə
Xüsusi Tənzimləmə Rejiminə hazırlıq mərhələsi
– “Pre-Sandbox” modelinin hazırlanması istiqamətində
işlər aparılır. Həmçinin xüsusi tənzimləmə
rejiminə müraciətlərin yalnız qəbul dövrləri
üzrə deyil, davamlı açıq müraciət (“always
open”) modeli əsasında qəbulu üçün
görülən işlər yekun mərhələdədir.
Bu yanaşma gələcəkdə maliyyə
innovasiyalarının sınaq mühitinə daha çevik və
fasiləsiz şəkildə qəbulunu təmin edəcək.
Mahir
Xalq Cəbhəsi .- 2025.- 20 noyabr (¹43).- S.13.