“Azərbaycan güclü iqtisadiyyata sahib
olmalıdır”
Qüdrət Həsənquliyev: “Parlamentin dövlət
həyatındakı rolu gücləndirilməlidir”
Ədalət, Hüquq və Demokratiya
partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
gündəmin aktual mövzuları ilə bağlı
“AzPolitika”nın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, Kiyevdə Azərbaycan səfirliyi
növbəti dəfə Rusiya Silahlı Qüvvələri tərəfindən
raket zərbələrinə məruz qaldı. Bu, artıq
üçüncü belə hadisədir. Bundan əvvəl,
SOCAR-ın strukturları da vurulmuşdu. Azərbaycan Xarici
İşlər Nazirliyi nota verdi, səfir XİN-ə
çağırıldı. Amma Rusiyadan Bakıya heç bir
izahat verilmədi. Ümumiyyətlə, Rusiya Azərbaycana
qarşı nə etməyə çalışır?
- Çox təəssüf ki, Azərbaycanın
Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi
və onunla əməkdaşlığı Rusiyanı
qıcıqlandırır. Vaxt var idi ki, Ermənistan bizim
torpaqlarımızın 20 faizini işğal etmişdi, bir
milyon insanımızı ev-eşiyindən didərgin
salmışdı, amma həmin vaxt Rusiya Ermənistanla
bütün istiqamətlərdə sıx əməkdaşlıq
edirdi. Bu bizi o dərəcədə
qıcıqlandırmırdı, belə deyək, biz müəyyən
reallıqları nəzərə alırdıq. Ukrayna Rusiya
torpaqlarını işğal etmir, özü işğala məruz
qalıb, bu baxımdan Rusiyanın davranışı
doğrudan da təəssüf doğurur. Mən həmişə
söyləyirəm ki, biz Rusiya ilə münasibətlərin
daim yüksək səviyyədə olmasına
çalışmalıyıq. Bu istiqamətdə öz tərəfimizdən
mümkün olanı etməliyik. Amma bu yanaşma, göstərilən
səylər qarşılıqlı olmayanda münasibətlərdə
problemlərin yaranması qaçılmazdır. Səfir dəvət
olunub və etiraz bildirilib. Rusiya tərəfi açıqlama
verdi ki, guya bu partlayışa səbəb Ukraynanın hava
hücumundan müdafiə sisteminin qeyri-peşəkarlıqla
açdığı atəş olub.
- Səfirliyin yerləşdiyi ərazidə hər
hansı hərbi obyekt yoxdur…
- Bəli, heç bir hərbi infrastruktur yoxdur orada.
Vaxtilə sovet dövründə orada bir zavod olub, hansı ki,
indi fəaliyyət göstərmir, bizim səfirlikdən təqribən
200-300 metr məsafədə yerləşir, dinc məqsədlərlə
istifadə olunur. Həm də bizim səfirliyin koordinatları
bəllidir. Əgər Azərbaycana qarşı doğrudan da
bu yolla təzyiq etməyə çalışırlarsa, düşünürlərsə
ki, bu yolla Azərbaycanın qərarlarına təsir edə
bilərlər - bu çox təəssüfedicidir. Prezidentlərin
Düşənbə görüşündən sonra ümid
yaranmışdı ki, gərginlik aradan qalxacaq, münasibətlər
qaydasına düşəcək. Biz qonşuyuq, qonşular ilə
yaxşı münasibət olmalıdır. Bütün sivil
dünyada belədir. Rusiya doğrudan da Azərbaycanla dostluq və
yaxın qonşuluq siyasətini davam etdirmək istəyirsə,
təxribatlara son qoymalı, Azərbaycanın
etirazlarını mütləq nəzərə
almalıdır.
- Bakıda Zəfər paradındaTürkiyə və
Pakistanın ən yüksək səviyyədə
iştirakı böyük ehtimal Rusiyada xoş
qarşılanmadı. Səfirliyə raket zərbələri
dolayısı ilə həm də buna bir cavab kimi qiymətləndirilə
bilərmi? Rusiya özünün “arxa bağçası”
hesab etdiyi Cənubi Qafqazda proseslərin bu istiqamətdə
getməsindən narazıdır…
- Bizim Rusiyayla 2022-ci ilin fevralında imzalanmış
müttəfiqlik münasibətlərinə dair sazişimiz
var və orada sıx əməkdaşlıq nəzərdə
tutulub. Rusiya nəzərə almalıdır ki, Azərbaycan
müstəqil, suveren dövlətdir və bu dövlətin
öz maraqları var. Həmin maraqlar çərçivəsində
biz Rusiyaya heç bir ziyan vurmadan başqa dövlətlərlə
əməkdaşlıq edirik və edəcəyik. Türkiyə
bizim təbii müttəfiqimizdir. Pakistan da bizim
torpaqlarımızı işğaldan azad etdiyimiz dövrdə
bizi açıq şəkildə dəstəkləyən,
Ermənistanla ümumiyyətlə diplomatik münasibətlər
qurmayaraq daim yanımızda olan bir müsəlman ölkəsidir.
Ona görə də bu dövlətlərlə əməkdaşlığımız
Rusiyada qıcıq yaratmamalıdır. Çünki həm
Pakistanın, həm Türkiyənin Rusiya ilə yaxşı
münasibətləri var. Bu ölkələr bacardıqları
qədər çalışırlar ki, sanksiyalara
qoşulmasınlar və Rusiya ilə əməkdaşlığı
davam etdirsinlər. Buna görə də əgər bu formada təzyiq
göstərmək istəyirlərsə, bu da Rusiyanın
xarici siyasətində növbəti bir yanlış
addımdır.
- Bəs Ukrayna müharibəsinin gedişi haqqında
nə demək olar? Novorossiysk limanı vuruldu, limanın
işi dayanıb. Eyni zamanda Ukraynanın infrastruktur obyektləri
bombalanır və müharibə çox şiddətli mərhələyə
qədəm qoyub. Bu gedişat yaxın dövr
üçün nə vəd edir?
- Ukrayna artıq öz ərazilərinin bir hissəsindən
atəşkəs qarşılığında qeyri-müəyyən
müddətə imtina etməyə hazır olduğunu
bildirib. Rusiya bunu qiymətləndirməyi bacarmalıdır və
müharibədən çıxmalıdır. Rusiya
işğal etmədiyi əraziləri istəyir, həmin əraziləri
döyüşsüz nə Ukrayna, nə də Qərb
Rusiyaya vermək fikrində deyil. Müharibənin davam etməsi
Rusiyanın iqtisadiyyatını dağıdır,
çökdürür. Rusiyanın bütün resursları
ölkənin yenidən qurulmasına, əlavə dəyər
yaradan istehsal və emal müəssisələrinin
yaradılmasına yox, yalnız dağıdıcı silah
istehsalına yönəlir. Mən bilirəm ki, müharibədən
çıxmaq çox çətindir. Ona görə tarix
boyu deyiblər ki, müharibəyə başlamaq asan, ondan
çıxmaq isə çətindir. Putin özündə
güc tapmalı və ölkəsini müharibədən
çıxarmalıdır. Belə bir qərar qəbul olunsa,
ölkə daxilində qiyam cəhdləri də ola bilər,
üsyan da baş qaldıra bilər. Amma Putin ölkəsini
müharibədən çıxarmağı
bacarmalıdır.
Tramp Putinə pərəstiş edən biridir və
Putin Tramp faktorundan istifadə edərək ölkəsini
müharibədən çıxarmalıdır. Onsuz da
Rusiyanın əsas məqsədi Krıma quru yolun
açılması idi və buna nail olub, Ukraynanın 20%-dən
çox torpağını işğal edib. Ciddi siyasətçilər
müəyyən reallıqları da qəbul etməyi
bacarmalıdır. Buna görə də Rusiya müharibədən
çıxmasa, hər iki ölkə böyük itkilərlə
üzləşəcək. Hər iki xalqın genefonduna
böyük zərbə dəyir.
Məsələn, Ukraynanın müharibədən
sonra bərpa olunmaq şansı var, Qərb ona yardım
göstərəcək. Amma Rusiya üçün bu, daha
çətin olacaq. Rusiya Çindən daha çox
asılı vəziyyətə düşür, onun xammal əlavəsinə
çevrilir. Rusiyada kifayət qədər ağıllı
insanlar var, bu barədə düşündüklərinə əminəm.
Amma nəticə liderdən asılıdır. Ümid edək
ki, Putin tezliklə müharibəni dayandırar. Mən hələ
də buna ümid edirəm. Ona görə ki, Ukrayna artıq
uzaqmənzilli raketlər istehsalına başlayıb və bu
raketlərin döyüşdə istifadəsi artır.
Gedişat göstərir ki, yaxın dövrlərdə həm
Ukrayna, həm də Rusiya ərazisində daha böyük
dağıntılar olacaq. Liderlər tarix və xalqları
qarşısında öz məsuliyyətlərini dərk etməlidirlər.
- Yəni ilin sonuna qədər belə bir perspektiv var?
- İlin sonuna qədər… mən sizə daha əvvəl
də demişdim, bu ehtimal mövcuddur. Lavrov və Peskovun
Trampı danışıqlara cəlb etmək cəhdləri
də bunu göstərir. Yəni ilin sonuna qədər olmasa
da, ən azından fevral ayında müharibənin artıq dördüncü
ilinin başa çatmasına qədər bir razılıq əldə
olunacağına ümid edirəm.
- Ukrayna hakimiyyəti korrupsiya qalmaqalları ilə
gündəmə gəlib və bu, Zelenski hakimiyyəti barədə
çox pis görüntü yaradır. Qərbdən verilən
külli miqdarda vəsaitlərin korrupsiyanın “yeminə”
çevrildiyi haqda narahatlıqlar var. Qərbin bir hissəsinin
əslində Zelenskini zəiflətməkdə maraqlı
olduğu, onun kompromislərə getməyə məcbur edilməsi
üçün bu mövzuları qabartdığı da iddia
olunur…
- Korrupsiya ilə mübarizə kimin nə deməsindən
asılı olmayaraq, ölkənin imici üçün
müsbət hadisədir. Əgər belə bir korrupsiya sxeminin
üstü açılıbsa, bu, Ukrayna üçün
böyük bir uğurdur və həm də göstərir
ki, bu ölkədə qanunlar işləyir. Əgər
prezidentə ən yaxın şəxsləri belə
hüquq-mühafizə orqanları ifşa edə bilirsə,
bu Ukraynanın zəifliyi deyil, gücünün göstəricisidir.
Mən bunu belə qəbul edirəm və
düşünürəm ki, Ukrayna bu ifşalardan sonra daha da
güclənəcək, zəifləməyəcək və
onun beynəlxalq nüfuzu düşməyəcək. Amma əlbəttə
ki, sizin dediyiniz kimi, bundan istifadə edib Ukraynanı daha pis
şərtlərlə sülhə məcbur etmək istəyən
qüvvələr də olacaq.
Mən bunu həmişə demişəm ki, Tramp
faktiki olaraq çalışır ki, sülh Putinin istədiyi
formada imzalansın. Ona görə də Ukraynaya nə silah
verir, nə də ciddi şəkildə kömək edir. Bu mənada
Trampın hakimiyyətə gəlməsi Ukraynanın
“şanssızlığı” oldu. Amma bu o demək deyil ki,
Bayden Ukrayna üçün Trampdan yaxşı idi. Digər tərəfdən
Avropanın bir çox ölkələri də Ukraynaya ciddi
yardım etmir. Çünki bu müharibəni öz problemlələri
kimi qəbul etmirlər. Onlar öz rifahlarının az da olsa
pisləşməsini istəmirlər.
Əslində Qərbin yanaşma belədir: evdə 10
min manatın varsa, ordan 100 manat verib deyirsən ki, get vuruş.
Qərb liderləri Rusiyaya satılmasaydılar, müharibənin
qarşısını ala bilərdilər. Onların
yanlış siyasəti, Ukraynaya demələri ki, heç bir
dövlət onun NATO üzvlüyünə qadağa qoya bilməz,
Ukrayna Avropa İttifaqının da, NATO-nun da üzvü olacaq
- bu təxribat xarakterli açıqlamalar müharibəni
qaçılmaz etdi. Ukrayna onlara inandı.
Zelenski özü etiraf edir ki, hakimiyyətə gəldikdə
kifayət qədər təcrübəsiz idi. Əslində
2014-cü ilin müharibəsindən nəticə
çıxarmalı idi. 2014-cü ildə ABŞ-də
demokratlar hakimiyyətdə idi, o zaman Budapeşt Memorandumu və
onu imzalayan ölkələrin dövlət ləyaqəti
ayaqlar altına atıldı, Ukraynaya böyük xəyanət
edildi. Tarixi öyrənmək lazım idi, amma deyirlər ki,
tarix həm də öyrədir ki, heç nəyi öyrətmir.
Zelenski də əvvəlki səhvlərdən nəticə
çıxarmadı. Bir dəfə səni yarı yolda
qoyanlara yenidən güvənmək düzgün deyildi.
Zelenski Rusiya ilə münasibətləri yumşaltmaq
üçün yol tapmaq əvəzinə daha sərt
mövqe sərgilədi. Halbuki seçkiqabağı
kampaniyada başqa vədlər vermişdi – müharibəni
bitirəcəyini deyirdi. Amma hakimiyyətə gələndən
sonra daha kəskin mövqeyə keçdi və nəzərə
almadı ki, Rusiya ilə müharibə ölkəsini
böyük fəlakətə sürükləyəcək.
Onu da nəzərə almadı ki, Qərbdə və
ABŞ-də siyasi elitanın böyük bir qismi Rusiyaya
bağlıdır və Ukraynanın işğalını qəbul
etməyə hazırdırlar.
- Bunu NATO-nun keçmiş rəhbəri də
kitabında etiraf etmişdi…
- NATO-nun rəhbərliyində də eyni vəziyyət
var - NATO baş katibini ABŞ təyin edir. Yəni hansı
ölkədən olması fərq etmir, öz
adamlarını gətirirlər. Bu baxımdan Ukrayna
xalqının bu qədər müqavimət göstərməsi
və dövlətçiliyini qoruması böyük
uğurdur. Əgər bu mərhələdə cəbhə xətti
boyunca atəşkəsə nail olub dövlətçiliyini
qoruyub saxlaya bilsə, bunu Ukrayna üçün müharibədən
uğurlu çıxış hesab etmək olar. Amma bunun
mümkün olub-olmayacağını zaman göstərəcək.
Rusiyada isə çoxları inanır ki, Qərb
koalisiyası dağılacaq və Ukraynanın müqaviməti
qırılacaq. Demoqrafiya, əhali nisbəti və digər
faktorlar da bu mülahizələri gücləndirir. Məsələn,
Polşa Baş nazirinin verdiyi son açıqlamaya baxaq. Onlar
sanki Ukraynanın tam təslim olmasını istəyirlər.
Çexiya, Slovakiya, Polşada bəzən Ukraynanın
döyüş əzminə mənfi təsir edən bəyanatlar
səslənir. Ukraynanı tam müdafiə etdiklərini
söyləyən Qərb liderlərinə də inanmaq olmaz.
Mən deyirəm ki, siyasətdə real addımlara baxmaq
lazımdır. Dövlət başçısı nə
danışır yox, nə edir – buna fikir vermək
lazımdır. Qərb liderlərinin iqtidarlı - müxalifətli,
böyük əksəriyyəti Rusiya
yönümlüdür. “Qazprom” vaxtilə çox
yaxşı işləyib. Ona görə Putin
arxayındır ki, Qərb ittifaqı dağılacaq və
Ukraynanın müqaviməti sarsılacaq.
- Azərbaycanda korrupsiyaya qarşı mübarizənin
yeni mərhələsinin başladığı bildirilir.
İcra başçılarının həbsi, Prezidentin
rayonlardakı nöqsanların mərkəzi icra hakimiyyətində
rəhbər vəzifələrdə olmuş şəxslərin
qanunsuz göstərişlərindən irəli gəldiyini
vurğulaması buna nümunə göstərilir.
Ümumilikdə hökumətdə dəyişiklik
havasını hiss edirsinizmi?
- Çox istərdim ki, bunlar real islahatlar olsun.
Çünki əgər ölkədə köklü
islahatlar aparılmasa – yalnız məhkəmə-hüquq sahəsində
deyil, eyni zamanda idarəetmədə, iqtisadiyyatda – biz cəmiyyətdə
böyük dəyişikliklərə nail ola bilmərik. Azərbaycan
44 günlük müharibədən sonra əldə etdiyi beynəlxalq
nüfuzu qoruyub saxlamaq istəyirsə, güclü iqtisadiyyata
sahib olmalıdır. İqtisadi vəziyyətimiz pisləşdikcə
dostlarımız da tədricən azalacaq. Güclü
iqtisadiyyatın əsası isə idarəetmədə
islahatdır. Mən bunu daim deyirəm və yenə də
vurğulayıram - bizdə ifrat mərkəzləşmə
mövcuddur.
Torpaqlarımız işğal altında olan dövrdə
bunu qismən başa düşmək mümkün idi, amma
indi bu model özünü doğrultmur, bürokratiya
böyüyüb, çevik qərarlar qəbul etmək
mümkün olmur və bunun nəticəsində bölgələr
inkişafdan qalır. Bürokratiyanın kiçildilməsi o
formada həyata keçirilməməlidir ki, adamlar işdən
çıxarılıb taleyin ümidinə buraxılsın.
Onların ailələri, çoxunun banklara kredit borcu var. Bu
proses sistemli aparılmalıdır. Yəni, ixtisarlarla paralel
olaraq iqtisadi azadlıqlar genişləndirilməli, iqtisadiyyat
liberallaşdırılmalıdır ki, özəl sektor həmin
insanları işlə təmin edə bilsin. Dövlət
xüsusi bir proqram hazırlamalı idi.
- Maliyyə Nazirliyi tövsiyə edib ki, büdcə təşkilatlarında
20 fazilik ixtisarlar aparılmalıdır…
- Əslində bürokratik aparatın üçdə
biri qədər ixtisarı nəzərdə
tutulmalıdır. İndi 20 faizdən söhbət gedir.
İndiyə qədər artıq minlərlə insanın
iş yerini itirdiyi deyilir. İşdən azad olunanlar
üçün xüsusi kurslar təşkil olunmalı,
onlara məsləhət verilməlidir. Ucuz kreditlər verilməlidir
ki, öz bizneslərini qura bilsinlər. Onların özəl
sektorda işlə təmin olunmasına yardım edilməlidir.
Naxçıvan Azərbaycanın ən kasıb
bölgəsidir. Naxçıvanın muxtar respublika statusuna
görə orada həddindən çox nazirliklər və məmur
ordusu var. Ona görə təklif edirdim ki, heç olmasa bu
status muxtar vilayət səviyyəsinə endirilsin ki, nazirliklər
ləğv olunsun. Naxçıvanın təmsil etdiyim Xətai
rayonunun əhalisi qədər sakini var. Orda bu qədər
nazirliklərə, məmurlara, xidməti maşınlara, idarəetmə
xərclərinə nə ehtiyac var? Bu baxımdan hesab edirəm
ki, Azərbaycan 15 inzibati regiona bölünməlidir. Hər
bölgənin öz məclisi olmalıdır - təxminən
25–30 nəfərlik. Bu, normal saydır ki, ciddi müzakirələr
aparıla bilsin. Bu məclis birbaşa xalq tərəfindən
seçilməlidir və həmin məclis regionun gəniş
səlahiyyətlərə malik icra hakimiyyətini
formalaşdırmalıdır. Bundan əlavə, həmin
regionda nə qədər yaşayış məntəqəsi
varsa, hər birinin öz bələdiyyəsi olmalıdır.
Hər bölgədə prezidentin səlahiyyətli nümayəndəsi
olmalıdır. 3–5 nəfərlik kollektivlə onlar
Konstitusiyanın icrasına nəzarət etməlidir.
Türkiyədəki valilər kimi. Hal-hazırda, əgər
bir rayonda kiçik bir anbar tikmək və ya balaca bir emal sexi
qurmaq üçün icazə almaq illərlə çəkirsə,
biznes mühitinin nə qədər kritik vəziyyətdə
olduğunu təsəvvür etmək olar.
Lisenziyası olan memarlar Şəhərsalma Komitəsinin
öncədən razılğı olmadan hər hansı layihə
hazırlamaqdan imtina edir. İnkişaf üçün
ölkəni böyük bir tikinti meydançasına
çevirməliyik. Ölkədə investisiya qoyuluşu
hökumət səviyyəsində
razılaşdırılmalıdırsa, sürətli
inkişaf olmayacaq. Kiçik və orta sahibkarlıq inkişaf
etməsə, ölkədə ümumi inkişafdan söhbət
gedə bilməz.
Baxın, iqtisadiyyatın əsas sahələri
dövlətin nəzarətində olsa da, qeyri-neft sektorunda
özəl sektorun payı büdcə daxilolmalarında 77
%-dir. Belə olduğu halda sual yaranır: niyə özəlləşdirməyə
gedilmir? Ona görə ki, məmurlar dövlət müəssisələrindən
kifayət qədər faydalanırlar, xərcləri
şişirdirlər və büdcədən yardım
alırlar, vergidən, gömrük rüsumlarından azad
olunurlar, yaxud cüzi vergi ödəyirlər və s. Real vəziyyət
budur.
Məsələn, 5 il ərzində şəhərin
mərkəzindən köçürülməli olan
Neftayırma Zavodunun gələn il təmirinə büdcədən
450 milyon manat ayrılıb. İnsanlar soruşur: niyə bu qədər
pul büdcədən verilir? Belə çıxır ki,
SOCAR-ın ödədiyi verginin az qala 25%-i təzədən
ona qaytarılır. SOCAR isə xaricdə başqa şirkətlərin
aktivlərini alır.
- SOCAR-ın 100 milyardlıq aktivləri var, amma cəmi
1.7 milyard manat mənfəət göstərir…
- Söhbət ondadır ki, dövlət müəssisələri
belə idarə olunur: bəzi sənaye müəssisələri
vergidən azad edilir, bəzilərinə büdcədən
yardım edilir, onların ölkəyə gətirdiyi ehtiyat
hissələri rüsumdan azad olunur. Dövlət müəssisələri
bu cür imtiyazlar alır, bu baxımdan mütləq
böyük özəlləşdirməyə gedilməlidir.
Ölkədə xidmət sahələri ya uzunmüddətli
idarəetməyə verilməlidir, ya da tam özəlləşdirilməlidir.
Söhbət SOCAR-dan, “Azərişıq”, “Azəriqaz”, “Azərsu”dan
gedir. Əgər Azərbaycanda böyük islahatlar
aparılmasa, mülkiyyət hüququnu qoruyacaq güclü məhkəmə
hakimiyyəti olmasa, böyük inkişaf mümkün deyil.
- Məsələn, hansı mexanizmlər gücləndirilə
bilər?
- Parlamentin dövlət həyatındakı rolu
gücləndirilməlidir. Hazırda Daxili Nizamnaməyə
görə deputatların kommersiya və dövlət sirlərinə
çıxışı yoxdur. Amma məsələ
ondadır ki, Azərbaycanda kommersiya sirri anlayışı həddindən
artıq geniş tətbiq olunur. Demək olar ki, kommersiya sirri
hesab olunmayan bir məlumat belə qalmayıb. Belə olduqda isə
dövlət müəssisələrinin hansı şirkətlərlə
müqavilə bağladığını bilmək, bu
müqavilələrin şərtlərini və icrasını
parlament nəzarətinə götürmək mümkün
olmur.
Məsələn, parlamentdə Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsi fəaliyyət
göstərir. Ancaq bu komitənin üzvü olan, xalqın
seçdiyi deputat dövlət və kommersiya sirrinə
çıxış əldə edə bilmir, amma təyin
olunan məmur, müəssisə rəhbəri öz fəaliyyəti
ilə əlaqədar məlumatları Komitəyə vermir.
Bu, institusional baxımdan doğru deyil. Bundan əlavə, Milli
Məclisin, parlament komitələrinin
faktaraşdırıcı qruplar, deputat istintaq komissiyaları
yaratmaq və ya rezonans doğuran hadisələrlə
bağlı dinləmələr keçirmək səlahiyyəti
yoxdur.
- Halbuki, əvvəlki illərdə Milli Məclisin
deputat - istintaq komissiyası mövcud idi…
- Yeni Konstitusiyada, həm də Daxili Nizamnamədə
belə bir hüquq nəzərdə tutulmur. Nəticədə
parlamentin nəzarət funksiyası ciddi şəkildə məhdudlaşdırıldı.
Mən hesab edirəm ki, bu səlahiyyət bərpa edilməlidi.
2009-cu ildə tətbiq olunmadan ləğv olunmuş Andlı
İclasçılar İnstitutu bərpa olunmalıdı. Bu
institut mərhum Prezident Heydər Əliyevin dövründə,
2000-ci ildə Cinayət Prosessual Məcəlləsinə daxil
edilmişdi. Ən azı pilot olaraq Gəncə, Mingəçevir
və bu kimi bir neçə şəhərdə tətbiq
olunmalı idi. Əgər özünü doğrultmasa idi,
onda ləğvi müzakirə olunardı. Lakin tətbiq edilmədən
ləğv olunması düzgün qərar deyildi. Azərbaycan
kimi ölkələr üçün belə bir institutun bərpasına
ciddi ehtiyac var.
- 2026-cı ilin büdcə layihəsi ölkənin
real problemlərini nə dərəcədə əks etdirir?
Büdcədə sahəvi yanaşma, şəffaflıq və
hesabatlılıq hansı səviyyədə təmin olunub?
- Büdcə vəsaitlərinin istifadə olunması
ilə əlaqədar şəffaflıq və
hesabatlılıq kifayət qədər deyil. Əhalinin sosial
müdafiəsinin gücləndirilməsi üçün
daha çox vəsait ayrılmalıdır. Ölkəyə
daxil olan pul köçürmələrinə baxaq. Məsələn,
ötən il Rusiyadan Azərbaycana bank vasitəsilə daxil
olan vəsait 844 milyon manat olub. Bu ilin birinci rübündə
isə 85.65 milyon manat, 44.9 % azalma olub. Bu, sosial vəziyyətə
təsir edən ciddi faktdır. Vaxtilə bu rəqəm 3-4
milyard dollar idi. Hazırda kənd yerlərində ailə
kiçik təsərrüfatla dolana bilmir. Ünvanlı
yardım almaq üçün şərtlər
yüngülləşdirilməli və ehtiyacı olan daha
çox ailəyə yardım göstərilməlidir.
Digər tərəfdən, beynəlxalq tədbirlərə,
ezamiyyətlərə ayrılan vəsaitlər yüz
milyonlarla manatdır. Ezamiyyət xərcləri minimum 70 faiz
ixtisar edilməlidir. Bizim səfirliklərimiz var – beynəlxalq
tədbirlərdə əsasən səfirlik nümayəndələri
iştirak edə bilər. Hazırda ölkə
Qarabağın bərpası ilə məşğuldur və
vəsaitə ciddi ehtiyac var. Əvvəlki illərdə belə
xərclər müəyyən mənada başadüşülən
idi – hər platformada Qarabağ problemi izah olunurdu. Amma indi
torpaqlar azad olunub. Təəssüf ki, Qərbin maliyyə
yükünə görə imtina etdiyi bahalı tədbirlər
bizdə keçirilir.
Digər tərəfdən, quru sərhədləri
açılmalıdır. Novruz bayramında İrandan, Gürcüstandan,
Rusiyadan ölkəyə yüz minlərlə
soydaşımız gəlirdi, amma indi ölkəyə
giriş yalnız təyyarə ilə mümkündür. Gəmi
ilə Mərkəzi Asiya respublikalarından turistlər gəlməlidir.
Xəzər dənizində gəmi ilə yalnız yük
daşımamalıyıq, sərnişindaşıma
inkişaf etdirilməlidir.
Azərbaycan eyni zamanda Ümumdünya Ticarət Təşkilatına
üzv olmalıdır. Cənubi Qafqazda bu quruma üzv olmayan
yeganə ölkəyik. Türkiyə ilə iqtisadi
inteqrasiyanı da daha sıx etmək mümkündür. Mən
ümumi bazar yaradılması ideyasını irəli
sürmüşdüm. Türkiyə səfiri isə bildirdi
ki, Azərbaycan MDB üzvüdür və Türkiyənin
Avropa Birliyi ilə gömrük razılaşması var, buna
görə də bu proses çətindir. Çətin
olması bizi bu hədəfdən
yayındırmamalıdır, bu çətinliklər aradan
qaldırılmalıdır.
- Bizim heç MDB məkanında da vahid
bazarımız yoxdur…
- Hazırda insanların, malların və kapitalın
sərbəst hərəkət etdiyi heç bir iqtisadi birliklərdə
üzvlüyümüz yoxdur. Belə birliklərdə
olmağımız iqtisadi inkişafa böyük təkan verərdi.
Nəhayət, regionda sabitlik və inkişaf üçün
Ermənistanla sülh sazişi imzalanmalıdır. Bu
sazişin Rusiyanın və Türkiyənin iştirakı ilə,
Qars müqaviləsinə bənzər formatda imzalanması
daha effektiv olardı. Böyük dövlətlərin təminatçılığı
sülhün davamlı olmasına, inkişafa zəmanət verərdi.
Xalq Cəbhəsi .- 2025.- 20 noyabr (¹43).- S.3.