Dərman bazarı: idxaldan asılılıq və
yerli istehsal
Əczaçılıq sənayesi hər bir ölkənin
səhiyyə sisteminin strateji sütunlarından biridir.
Müasir dövrdə dərman təhlükəsizliyi, yerli
istehsalın təşkili, innovativ texnologiyaların tətbiqi
və əczaçılıq məhsullarının ixrac
potensialının artırılması dövlətlərin
iqtisadi və sosial gündəliyində xüsusi yer tutur. Azərbaycan
da son illərdə farmasevtika sənayesinin
inkişafını milli prioritet kimi müəyyənləşdirərək,
sahənin modernləşdirilməsi və rəqabət
qabiliyyətinin artırılması istiqamətində
mühüm addımlar atmışdır.
Azərbaycan uzun müddət dərman təminatında
idxaldan asılı qalmışdır. Ölkədə əczaçılıq
istehsalı XX əsrin sonlarına qədər məhdud şəkildə
fəaliyyət göstərmiş, əsasən dərman
preparatlarının qablaşdırılması və sadə
tibbi məhsulların istehsalı ilə məhdudlaşmışdır.
Lakin 2016-cı ildən başlayaraq dövlət tərəfindən
qəbul olunan sənaye siyasəti bu sahədə yeni
inkişaf mərhələsinin əsasını qoymuşdur.
Pirallahı Sənaye Parkının farmasevtik klaster kimi
formalaşdırılır, beynəlxalq şirkətlərlə
(Rusiya, İran, Türkiyə, Avropa istehsalçıları) əməkdaşlıq
layihələri əmələ gəlir, dərman vasitələrinin
keyfiyyətinə nəzarəti gücləndirən Analitik
Ekspertiza Mərkəzi modernləşdirilir və s. Hazırda
Azərbaycanda bir sıra müəssisələr antibiotiklər,
vitaminlər, infuziya məhlulları, şpris və digər
tibbi məhsulların istehsalı ilə məşğuldur.
Hökməli qəsəbəsində “Scandens
Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları
istehsalı müəssisəsi açılıb. Beynəlxalq
standartlara uyğun layihələndirilən müəssisə
Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl
texnologiya və avadanlıqları ilə təchiz olunub.
İl ərzində müəssisədə antibiotiklər,
diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və
qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd
tablet və kapsul dərman preparatı istehsal olunacaq.
İstehsal olunan məhsullar həm daxili bazara
çıxarılacaq, həm də gələcəkdə
ixrac ediləcək. Müəssisədə 120 iş yeri
yaradılıb.
Dəyəri 74 milyon manat olan layihə özəl
investisiya hesabına həyata keçirilib. Şirkət
İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya
təşviqi sənədi hesabına idxal olunan
avadanlıqlara görə 6,5 milyon manat güzəşt əldə
edib. Müəssisənin fəaliyyətə başlaması
Azərbaycanın əczaçılıq sənayesində
yeni inkişaf mərhələsi kimi qiymətləndirilir.
Burada xammaldan hazır məhsula qədər dərman
preparatlarının istehsalının bütün mərhələləri
həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə
əczaçılıq sənayesinin inkişafına və
yerli istehsalın güclənməsinə töhfə verəcək.
Yerli və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli
məhsulların istehsalı ölkəmizin ixrac
imkanlarını da genişləndirəcək.
Müəssisə, eyni zamanda, əczaçılıq
sahəsində peşəkar kadrların hazırlanması və
əməli bacarıqların inkişafı üçün
baza rolunu oynayacaq. “Scandens Pharmaceutical Industries Ltd” MMC, Azərbaycan
Tibb Universiteti, Macarıstanın Peç Universiteti və
“Panon Pharma” şirkəti arasında imzalanmış dördtərəfli
memorandum çərçivəsində burada əczaçı
və qeyri-əczaçı ixtisasları üzrə qısa
və uzunmüddətli təlim və təcrübə
proqramlarının həyata keçirilməsi nəzərdə
tutulub. Müəssisənin damında ümumi gücü 450
kVt/saat olan 710 ədəd Günəş paneli
quraşdırılıb ki, enerji sərfiyyatının təxminən
40 faizi bu panellər vasitəsilə ödənəcək.
Əslində Azərbaycanda dərman istehsalı
üçün çox yaxşı imkanlar, zəngin xammal
bazası var. Lakin vacib olan bu potensial imkanları hazır məhsula
çevirmək, ölkənin bahalı dərman idxalından
asılılığını azaltmaqdır. Azərbaycanda əczaçılıq
(farmasevtika) sənayesi son illərdə müəyyən tərpənişə
nail olub. Pirallahı Sənaye Parkında əczaçılıq
məhsullarının istehsalı üzrə xüsusi
zonanın yaradılıb. Trend agentliyinin verdiyi məlumata
görə, 2024-cü ildə Azərbaycanda istehsal olunan əczaçılıq
məhsullarının dəyəri 20 milyon manata
çatıb ki, bu da öncəki ilə nisbətən 81,5%
artımı göstərir. “Scandens” zavodunun planında 50
növ dərman məhsulu istehsal etmək var, o cümlədən
insulin kimi vacib preparatlar.
Dövlət ölkədə əczaçılıq
sənayesinin inkişafında maraqlıdır. Çünki
bu həm də insan kapitalı, vətəndaşların
sağlamlığı ilə bağlı məsələdir.
Dərman vasitələri haqqında” qanun çərçivəsində
islahatlar gedir; dərmanların dövlət qeydiyyatı
üzrə ekspertiza müddəti qısaldılıb (məsələn,
qeydiyyat prosesi daha səmərəli edilə bilər).
Dövlətin yerli istehsalı təşviq etmək
üçün vergi və investisiya stimulları yaratdığı
bildirilir. Eyni zamanda, tələbat artmaqdadır, eləcə də
yerli istehsalın gücləndirilməsi ilə idxaldan
asılılığın azaldılması strateji hədəfdir.
Qanunvericilikdə islahatlar var, amma tənzimləmələr,
keyfiyyət standartları, dərman keyfiyyəti və təhlükəsizlik
məsələləri daim diqqətdə saxlanmalıdır.
Hələ ki, dərman bazarında idxaldan
asılılıq qalmaqdadır, bu da risklər yaradır.
Çünki yüksək texnologiyalı istehsal zavodları
azdır, “Scandens” kimi layihələr olsa da, bunlar nisbi
yenilikdir və hələ tam miqyasda deyil. Yüksək kapital
tələb edən əczaçılıq sənayesi riskli
sahədir. Dərman formulaları, klinik tədqiqatlar və
innovativ dərmanlar yaratmaq sahəsində xarici yüksək
reytinqli laboratoriyalarla müqayisədə Azərbaycanda
resurslar məhduddur. Dövlətin əczaçılıq
sektorunu strateji sahə kimi tanıması, tibbi siyasətdə
dərman təminatını daha da gücləndirə və
sabitliyi təmin edə bilər.
Amma bunlarla yanaşı, ölkəmizdə bu sahəyə
investisiyaların cəlb edilməsi imkanları var. Xarici
investisiyaların (məsələn, Macarıstan şirkətləri)
gəlməsi əczaçılıq sənayesinin texnoloji
inkişafını sürətləndirə bilər. Yerli
istehsalın genişlənməsi ilə birlikdə Azərbaycanın
əczaçılıq məhsullarını qonşu
regionlara və beynəlxalq bazarlara ixrac etmək imkanı
yarana bilər. Bitki mənşəli dərmanlar, yerli floradan
istifadəsi və fitokimyəvi tədqiqatlar vasitəsilə
unikal, yerli dərman preparatları hazırlamaq imkanları
mövcuddur. Yerli ali təhsil müəssisələrinin əczaçılıq
təhsili sistemini gücləndirməsi peşəkar kadr
sayını və keyfiyyətini artıra bilər.
Pirallahı Sənaye Parkı kimi zonalar müasir istehsal
infrastrukturu və vergi təşviqləri ilə sənayenin
mərkəzlərinə çevrilə bilər.
Hər halda Azərbaycanda əczaçılıq sənayesi
ilkin inkişaf mərhələsinə qədəm qoyur. Yeni
zavodlar, sənaye parkları, normativ islahatlar, təhsil və tədqiqatlar
sahəsində aktiv addımlar atılır. Eyni zamanda, bir
sıra çağırışlar var — investisiya riski,
texnoloji boşluqlar, kadr çatışmazlığı və
idxaldan asılılıq kimi məsələlər hələ
tam həll olunmayıb. Gələcəkdə bu sektorun
böyüməsi üçün böyük potensial var,
xüsusən yerli istehsal gücünün
artırılması, innovativ dərmanlar yaratmaq və ixrac
bazarlarını genişləndirmək istiqamətində.
Ölkədə dərman bazarının təxminən
80–85%-i hələ də idxal hesabına təmin olunur. Bunun əsas
səbəbləri: yüksək texnoloji istehsal xətlərinin
çatışmazlığı; xammalın əksər
hissəsinin xaricdən alınması; yerli istehsalın
çeşid məhdudluğu; beynəlxalq GMP
standartlarının geniş tətbiq olunmamasıdır.
Dövlət Statistika Komitəsinin “Azərbaycan rəqəmlərdə”
hesabatına görə, “əsas əczaçılıq məhsulları”nın
istehsal dəyəri: 2021-ci ildə 10,4 milyon manat, 2022-ci ildə
16,4 milyon manat, 2023-cü ildə 21,0 milyon manat olub. Bununla belə,
son illərdə yerli istehsalın payında artım
müşahidə olunur. Xüsusilə infuziya məhlulları,
antiseptik məhsullar, bəzi həblər və tibbi ləvazimatların
istehsalı daxili bazarın müəyyən hissəsini əvəz
etmişdir.
Əczaçılıq bazarı əsasən
topdansatış və pərakəndə şəbəkə
üzərində qurulub. Özəl sektorun payı
üstünlük təşkil edir. Qiymətlərin tənzimlənməsi
dövlət tərəfindən aparılır ki, bu da
istehlakçı üçün əlverişlidir, lakin
istehsalçıların rentabellik imkanlarını hansısa
qədər məhdudlaşdırır. Azərbaycan əczaçılıq
sənayesi innovasiya baxımından hələ ilkin mərhələdədir.
Çünki elmi-tədqiqat institutlarının farmasevtika sənayesi
ilə əlaqəsi zəifdir; biotexnologiya, molekulyar dərmanların
istehsalı istiqamətində fəaliyyət məhduddur;
yüksək texnologiyalı dərmanların istehsalı hələ
başlamayıb. Lakin Pirallahı Sənaye Parkında bir
neçə yüksək texnologiyalı layihə planlaşdırılır
ki, bunlar gələcək inkişaf üçün strateji
baza yarada bilər. Azərbaycanın coğrafi mövqeyi
Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz ölkələri
üçün dərman tranziti və istehsal mərkəzi
kimi böyük imkan yaradır. Azərbaycanın əczaçılıq
sənayesi hazırda keçid dövrünü
yaşayır: bir tərəfdə yüksək idxal
asılılığı və texnoloji məhdudiyyətlər,
digər tərəfdə isə dövlət dəstəyi,
yeni sənaye parkları və artan investisiya marağı
mövcuddur. Mövcud təşəbbüslərin davam
etdirilməsi, innovasiya və tədqiqatlar, beynəlxalq
standartların tətbiqi ölkənin həm daxili dərman təhlükəsizliyinin
təminində, həm də regional farmasevtik mərkəzə
çevrilməsində həlledici rol oynaya bilər.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 27 noyabr (¹44).- S.12.