ABŞ-ın yeni sanksiya strategiyası: müharibənin
gedişinə təsir edə bilərmi?
Rusiya–Ukrayna müharibəsinin gərgin fazaya
keçdiyi bu günlərdə ABŞ-ın prosesə təsiri
daha da artır. ABŞ-nin sülh planına qarşı Avropa
İttifaqının alternativ variant hazırlaması, həmçinin
ABŞ-Rusiya danışıqlarını pozmağa
çalışması daha mürəkkəb bir vəziyyət
yaradır. Belə olan halda ABŞ sanksiya siyasətinin həyata
keçirilməsinə məcbur qala bilərmi?
Qeyd edək ki, Vaşinqtonun həm yeni sanksiya paketləri
üzərində işləməsi, həm də Rusiyaya
qarşı beynəlxalq təzyiq mexanizmlərini gücləndirməsi
ehtimalı savaşın gələcək gedişatına
birbaşa yön verən əsas faktorlardan biri sayılır.
ABŞ-nin hansı şərtlərlə bu sanksiyalara tam
şəkildə qoşula biləcəyi və onların tətbiqinin
nə zaman reallaşacağı isə hazırda beynəlxalq
gündəmin ən kritik suallarındandır. Məsələnin
aktuallığı nəzərə alınaraq, ekspertlərin
də bu proseslə bağlı müxtəlif siyasi və
geostrateji qiymətləndirmələri mövcuddur və
onların açıqlamaları ABŞ-ın növbəti
addımlarının mümkün nəticələrini daha
aydın göstərir.
Sərt təzyiq
Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komiətisnin üzvü, siyasi
elmlər doktoru Rizvan Nəbiyev “Xalq Cəbhəsi” qəzetinə
deyib ki, Amerika Birləşmiş Ştatları tərəfindən
təklif olunan yeni sanksiyalar paketi həm
ağırlığı, həm də əhatə dairəsinə
görə əvvəlkilərdən ciddi şəkildə fərqlənir:
“ABŞ administrasiyası Rusiya ilə ticarət edən,
xüsusilə xammal idxal edən ölkələrə
qarşı ikinci dərəcəli sanksiyaları gündəmə
gətirmək niyyətindədir. Vaşinqtonun məqsədi
Moskva ilə aparılan danışıqlarda əlavə təzyiq
alətinə və ya mexanizminə sahib olmaqdır. ABŞ
Prezidenti bu aləti danışıqların gedişinə
uyğun olaraq istənilən vaxt masa üzərinə qoymaq
imkanını özündə saxlamaq istəyir. Bu,
Rusiyanı diplomatik danışıqlar və vasitəçilik
prosesində qısa müddətdə real addımlar
atmağa məcbur etmək niyyətindən xəbər
verir”.
Rizvan Nəbiyevin sözlərinə görə, yeni
sanksiyaların məqsədi Rusiyanın hərbiləşməsini
təmin edən əsas maliyyə mənbələrini əhəmiyyətli
dərəcədə məhdudlaşdırmasına nail
olmaqdır: “Rusiyanın əsas gəlirləri neft, qaz və
digər xammal növlərinin satışından
formalaşır. Sanksiyalar qəbul olunacağı təqdirdə,
məhz bu sahələri hədəfə almaqla Rusiyanın
potensial maliyyə mənbələrini ciddi şəkildə
qapatmaq və hərbi büdcəni zəiflətmək niyyətini
hədəfləyir. ABŞ Rusiyaya təzyiqi artırmaqla
Ukrayna müharibəsində diplomatik müstəvidə
dönüş yaratmaq istəyir. Prezident Donald Tramp əvvəllər
də bu təzyiq mexanizmlərini işə
salacağını istisna etməmişdi. Belə ki, Ağ
Evdə fəaliyyətə başladıqdan sonra Ukrayna və
Rusiya rəhbərləri ilə aparılan intensiv
danışıqlardan nəticə əldə olunmaması isə
administrasiyanı sanksiya paketini də əsas təsir vasitəsi
kimi masaya gətirməyə vadar edir. Hazırkı mərhələdə
bu paket ABŞ və onun Avropadakı tərəfdaşları
və digər müttəfiqləri tərəfindən
Rusiyaya qarşı istifadə edilə biləcək ən təsirli
siyasi-iqtisadi və maliyyə təzyiq alətlərdən
biridir. Rəsmi Moskva isə sanksiyaları səhv və beynəlxalq
hüquqa zidd hesab edir”.
Rusiyanın iqtisadi qapıları hədəfdə
Deputat Könül Nurullayeva bildirib ki, hazırda Avropa
İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketinin üzərində
işləyir. Məqsəd Rusiyanın hərbi mexanizmini
uzunmüddətli perspektivdə zəiflətməkdir: “Eyni
zamanda amerikalı senatorlar ABŞ-də Rusiyanın ticarət
tərəfdaşlarına qarşı nəzərdə
tutulan sanksiya qanunu layihəsini hazırlayıblar.
Bu təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına
qarşı ikinci dərəcəli sanksiyaları da nəzərdə
tutur. Qanunda Rusiyadan neft, qaz, uran və digər mallar alan
ölkələrdən ABŞ-yə idxal üçün
500%-lik gömrük rüsumlarının tətbiqi məsələsi
yer alıb. Burada əsas məsələ ABŞ prezidenti
Donald Trampın sənədi dəstəkləyib-dəstəkləməməsi
ilə bağlıdır. Tramp indiyə qədər sərt
addımlardan ehtiyatla istifadə edib və daha çox dialoq yoluna
üstünlük verib. Son vaxtlar Rusiya-Ukrayna müharibəsi
ilə bağlı gizli sülh planının
hazırlanmasına dair məlumatlar yayılıb.Planın əsas
istiqamətləri Ukraynada sülhün bərpası, tərəflərin
təhlükəsizlik zəmanətləri, Avropanın təhlükəsizliyi
və Vaşinqtonun Moskva və Kiyev ilə gələcək
münasibətlərinin çərçivəsidir. Rəsmi
Vaşinqton sülh prosesini yaxınlaşdırmaq istiqamətində
addımlar atmağa üstünlük verir. Eyni zamanda sərt
sanksiyaların nəticələri hər zaman gözlənildiyi
kimi olmur. Beynəlxalq Valyuta Fondunun ilkin hesablamalarına
görə, iqtisadi qarşıdurmanın ilk aylarında
Rusiyanın xeyrinə nəticələr qeydə
alınıb, lakin Avropa iqtisadiyyatı gözləniləndən
daha çox zərər çəkib. Amma ümumilikdə
sanksiyalar Rusiyaya təsirsiz ötüşmür və Kremlin
daha aqressiv davranmasına səbəb ola bilər".
O bildirib ki, Ukrayna Prezidenti V.Zelenskinin Türkiyə səfəri
də sülh prosesinə təsir göstərəcək və
tərəflərin yaxınlaşma səviyyəsini müəyyənləşdirməyə
kömək edəcək.
ABŞ sanksiyaları əlində saxlayır
Politoloq Şakir Ağayev əlavə edib ki, ABŞ
Konqresində Rusiyaya qarşı uzunmüddətli və sərt
sanksiyalar paketinin hazırlanması tamamlanıb, lakin sənədlərin
qəbul edilməsi üçün Ağ Evin, daha dəqiqi,
Prezident Donald Trampın mövqeyi hələ gözlənilir:
“Donald Tramp sanksiyaların qəbul edilməsinə
razıdır, amma onların tətbiqi yalnız onun şəxsi
qərarı ilə və lazım bildiyi vaxt həyata
keçirilməlidir. Tramp Konqresə açıq şəkildə
bildirib ki, sanksiyalar qəbul olunarsa, onların tətbiqi
prezidentin imzasına bağlıdır. Bu, klassik
“qamçı və şirniyyat” siyasətidir. Tramp
çalışır ki, Konqresin qəbul etdiyi sanksiyaları
Rusiyaya qarşı təzyiq aləti kimi əlində
saxlasın və Moskvanı danışıqlara məcbur
etsin. Tramp hakimiyyətə gəlməzdən əvvəl Ukrayna
müharibəsini qısa müddətdə bitirəcəyi
ilə bağlı vədlər vermişdi, lakin müharibə
hələ də davam edir. Tramp müxtəlif
çıxışlarında bildirib ki, 8 müharibəni
dayandırıb, 9-cunu – Ukrayna müharibəsini də bitirmək
istəyir. Ona görə də Rusiyanın təzyiq altında
saxlanması onun strateji maraqlarına uyğundur. ABŞ-ın
Rusiyaya qoşulacağı və ya qoşulmayacağı
sanksiyalar məsələsi artıq çoxdan həll olunub.
ABŞ demək olar ki, bütün sanksiyalarda
iştirak edir və hətta digər dövlətləri də
həmin sanksiyalara qoşulmağa məcbur edir. Hazırda əsas
diqqət enerji sektoruna yönəlmiş əlavə məhdudiyyətlərdədir”.
Ekspert bildirib ki, ABŞ Hindistana, Çinə və
Avropa ölkələrinə – Macarıstan istisna olmaqla – təzyiq
göstərərək Rusiyaya qarşı sanksiyaların
effektivliyini artırır: “Amerika sadəcə qoşulmur, həm
də Rusiyanın iqtisadiyyatını zəiflətmək
üçün Avropadan tələb edir ki, əlavə
sanksiyalar tətbiq olunsun. Sözügedən sənəd
ABŞ üçün sadəcə hüquqi akt deyil, həm
də Rusiyaya qarşı siyasi təzyiq mexanizmidir.Əsas məqsəd
Rusiyanı məcburi danışıqlar masasına gətirməkdir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2025.- 27 noyabr (¹44).- S.11.