Azərbaycan bütün sahələrin, o cümlədən
medianın inkişafına diqqət ayırır
Ötən həftə Bakı daha bir beynəlxalq əhəmiyyətli
tədbirə ev sahibliyi etdi. Belə ki, noyabrın 21-də
Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının
"Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin
təşviq edilməsi" mövzusunda Media Forumu
keçirildi. Tədbir Medianın İnkişafı Agentliyi
(MEDİA) tərəfindən təşkil edilib.
D-8-in Baş katibi İsiaka Abdulqadir İmam bildirib ki,
Azərbaycan D-8 Media Mükəmməllik Mərkəzinin
yaradılması təşəbbüsü ilə
çıxış edib və bu mərkəzi öz ərazisində
yerləşdirməyə hazır olduğunu ifadə edib.
İdeya bütün spikerlər tərəfindən
böyük həvəslə qarşılanıb - forum
iştirakçıları media sahəsində əməkdaşlığı
gücləndirmək və birgə layihələri
inkişaf etdirmək istəyini vurğulayıblar. Forumun
yekununda D-8 çərçivəsində media sahəsində
əməkdaşlığın genişləndirilməsi
üzrə Bakı bəyannaməsi qəbul edilib.
Media Forumu D-8 üzv ölkələrinin aidiyyəti
qurumlarının rəhbərlərini, aparıcı media
şirkətlərinin nümayəndələrini, həmçinin
sahənin yüksək səviyyəli ekspertlərini bir araya
gətirib. İştirakçılar regional və beynəlxalq
informasiya mübadiləsinin genişləndirilməsini, media əməkdaşlığının
inkişafını, dezinformasiya ilə mübarizə
üçün birgə mexanizmlərin
yaradılmasını, rəqəmsal layihələrin həyata
keçirilməsini və təcrübə mübadiləsini
müzakirə ediblər.
Forumda 8 ölkədən və Təşkilatın
Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə
150-ə yaxın qonaq iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin "Dialoqun, əməkdaşlığın
və regional həmrəyliyin təşviq edilməsi"
mövzusunda D-8 Media Forumunun iştirakçılarına
müraciətində qeyd olunub ki, Azərbaycan D-8 ailəsinin
üzvü olduğu gündən təsisatın
inkişafı ilə bağlı səylər göstərir.
Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və
humanitar əməkdaşlıq sahələrində
özünü büruzə verir. "Azərbaycanın D-8-ə
üzvlüyə qəbul edilməsindən ötən bir ilə
yaxın müddət ərzində ölkəmizin təşəbbüsü
ilə Bakı şəhərində D-8 ölkələrinin
QHT-lərinin ilk dəfə görüşü təşkil
olunmuş, D-8 Həftəsi çərçivəsində
"D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma
Dialoq"u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat
çərçivəsində əməkdaşlığın
daha da genişləndirilməsinə öz töhfəsini
verməyə davam edəcəkdir", - deyə dövlət
başçısı vurğulayıb.
Azərbaycanda keçirilən D-8 Həftəsinin bir
hissəsi olaraq ilk dəfə baş tutan D-8 Media Forumu
haqqında "Euronews"da dərc olunan məqalədə
bildirilib ki, Azərbaycan 2025-ci ilin martında tamhüquqlu
üzv kimi təşkilata qoşulduqdan sonra D-8 İqtisadi
Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını
daha da dərinləşdirir.
Qeyd edilib ki, qlobal iqtisadi müzakirələrdə, əsasən,
əhalisinin çoxu müsəlmanlardan ibarət inkişaf
etməkdə olan ölkələr üçün
koordinasiya edilmiş platforma rolunu oynayan təşkilata yeni
üzv olan Azərbaycan blokla tam şəkildə inteqrasiya
üçün bir sıra təşəbbüslər irəli
sürür.
Məqalədə Media Mükəmməllik Mərkəzinin
yaradılması və dezinformasiya ilə mübarizə
üçün yeni strategiyaların hazırlanması kimi
mühüm nəticələrin əldə edildiyi forum
iştirakçılarına Prezident İlham Əliyevin
müraciətinin səsləndirildiyi bildirilib. Azərbaycan
Prezidentinin müraciətdə D-8 Media Forumunun ilkin vəzifələrindən
birinin üzv ölkələrin media qurumları arasında
etibarlı əməkdaşlıq formalaşdırmaq, qərəzsiz,
obyektiv və məsuliyyətli informasiya məkanı yaratmaq
olduğunu qeyd etdiyi xüsusilə vurğulanıb.
"D-8 ölkələri birlikdə bir milyarddan
çox insanı və sürətlə inkişaf edən
bir sıra iqtisadiyyatları təmsil edir. Azərbaycanın
üzvlüyü təşkilatın təxminən otuz il əvvəl
yaradılmasından bəri ilk genişlənməni ifadə
edir", - "Euronews" vurğulayıb.
“Orta Asiya və Güney Qafqaz Söz
Azadlığı Şəbəkəsi” ( CASCFEN) İctimai
Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib ki,
öz inkişafına görə regionun lider dövləti
olan Azərbaycan bütün sahələrin, o cümlədən
medianın inkişafına diqqət ayırır. Ümumiyyətlə,
Azərbaycan müstəqillik əldə etdikdən, daha dəqiq
desək, Ulu öndər Heydər Əliyev 1993-cü ilin
iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi
hakimiyyətə gəldikdən sonra söz və mətbuat
azadlığının təminatı prioritet məsələlərdən
biri olub. Təsadüfi deyil ki, bu il qəbul edilməsinin 30-cu
ildönümünü qeyd etdiyimiz Azərbaycan
Konstitusiyasında da söz və mətbuat
azadlığına xüsusi yer verilib.
Onu da qeyd edək ki, Azərbaycan dövləti ötən
müddət ərzində təkcə söz və mətbuat
azadlığının təmini deyil, eyni zamanda medianın inkişafı
istiqamətində qlobal məkanda atılan addımlara dəstəyi,
o cümlədən bu istiqamətdə təşəbbüsləri
ilə də fərqlənib. Elə Azərbaycanın təşəbbüsü
ilə Bakıda ilk dəfə təşkil olunan “Dialoqun, əməkdaşlığın
və regional həmrəyliyin təşviq edilməsi”
mövzusunda D-8 Media Forumu da ölkəmizin media siyasəti,
regional əməkdaşlıq vizyonu və beynəlxalq
nüfuzu baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir.
Əksər ekspertlərin də bəyan etdikləri kimi bu
forum həm D-8 ailəsinin media sahəsində strateji əməkdaşlığını
dərinləşdirdi, həm də Azərbaycanın qlobal
informasiya gündəliyində artan rolunu bir daha nümayiş
etdirdi: “Təbii ki, bu tədbirin Bakıda keçirilməsi
başqa bir məqama görə də önəm kəsb
edir. Belə ki, bu, eyni zamanda, Azərbaycanın təşəbbüskar
mövqeyinin, regional əməkdaşlığa verdiyi önəmin
və beynəlxalq nüfuzunun göstəricisidir. Məhz qeyd
edilənləri, həmçinin, tədbirdəki
çıxışlarda səslənən fikirləri nəzərə
alaraq qeyd edə bilərik ki, sözügedən tədbir, Azərbaycanın
media diplomatiyası sahəsində yeni istiqamətlər
açmağa hazır olduğunu təsdiqləyən
mühüm platforma oldu.
Təbii ki, Azərbaycanın qlobal məkanda media sahəsində
əməkdaşlığa verdiyi önəm və töhfə
barədə bir qədər sonra yenidən söhbət
açacağıq. Hələlik isə vurğulamaq yerinə
düşər ki, Azərbaycanın bu tədbirə ev
sahibliyi həm də ölkəmizin artan diplomatik fəallığının
və xüsusilə İslam dünyası ilə strateji
müstəvidə qurduğu güclü əlaqələrin
davamlı hal aldığını təsdiqləyir. Tədbir,
həmçinin, Bakının beynəlxalq dialoq mərkəzi
kimi mövqeyinin daha da güclənməsinə xidmət
edir”.
Bu məqamda xatırladaq ki, D-8 kimi dünyada
nüfuzlu təşkilatın ilk dəfə genişlənmə
ilə bağlı qəbul etdiyi qərarın mərkəzində
məhz Azərbaycanın dayanması heç də təsadüfi
deyildi. Əvvəla Azərbaycanın öz inkişafı, məqsədyönlü
siyasəti və dinlər, sivilizasiyalar və müxtəlif
istiqamətli güc mərkəzləri arasında etibarlı
körpü rolunu oynaması, ən əsası isə
etibarlı tərəfdaş olması bütün
qütüblər tərəfindən etiraf olunur. Bu
baxımdan D-8 kimi təşkilatın Azərbaycanı öz
sıralarına qəbul etməsi ilk növbədə 3
istiqamət üçün önəm kəsb edirdi:
“Bunlardan birincisi, İslam dünyası ilə Qərb
dünyasının təmaslarına dəstək, ikincisi,
Türkiyədən sonra Azərbaycanın da D-8-ə
üzvülyü fonunda D-8 ilə türk dünyası
arasında əlaqələrin daha da dərinləşməsi,
üçüncüsü isə hazırda qlobal proseslərin
şax damarı rolunu oynayan Cənubi Qafqaza da D-8
üçün bir qapının açılmasıdır.
Üçüncü məqama onu da əlavə edək ki, Zəngəzur
dəhlizinin açılması qlobal gücləri nə qədər
maraqlandırırsa, D-8-də təmsil olunan aparıcı
islam ölkələrini də o qədər
maraqlandırır. Və burada da heç şübhəsiz
Azərbaycan amili, bir qədər də dərinləşdirsək,
44 günlük Vətən müharibəsində əldə
edilən tarixi Zəfərdən sonra Azərbaycanın
yaratdığı reallıqlar öz sözünü deyir.
Bütün bunları xatırlatmaqla yanaşı, qeyd
edək ki, 1,2 milyarddan çox əhalini və çox
böyük iqtisadi potensialı özündə birləşdirən
D-8 təşkilatı daxilində əlaqlərin daha da dərinləşməsi
vacibdir və bu məsələdə media sahəsində əməkdaşlığın
genişlənməsi öz sözünü deyə bilər.
Deməli, Azərbaycanın təşəbbüsü ilə
Bakıda ilk dəfə təşkil olunan “Dialoqun, əməkdaşlığın
və regional həmrəyliyin təşviq edilməsi”
mövzusunda D-8 Media Forumu bu baxımdan müstəsna əhəmiyyət
kəsb edir”.
N.Azəri onu da vurğulayıb ki, tədbir son illər
media sahəsində bir çox qlobal tədbirlərə ev
sahibliyi edən Azərbaycanın prosesə sadiqliyini də bir
daha nümayiş etdirdi. Məlum olduğu kimi Azərbaycan
müxtəlif ölkələrin aparıcı media nümayəndələrinin,
jurnalist şəbəkələrinin, media qurumlarının,
akademik dairələrin və ekspertlərinin görüş
məkanına çevrilib. Bu, Azərbaycan dövlətinin
informasiya siyasətində həyata keçirdiyi
ardıcıl və uzaqgörən strategiyanın nəticəsidir.
Çünki müasir dövrdə artıq hərbi, siyasi və
iqtisadi güc qədər informasiya gücünün də həlledici
rol oynadığı hər kəsə bəllidir. Hətta
informasiya gücünün digər gücləri üstələdiyi
də bildirilir. Belə bir şəraitdə isə hər bir
ölkə öz media siyasətini düzgün qurmalı,
xarici əlaqələrdə bütün incəlikləri nəzərə
almalıdır: “Bu baxımdan ölkəmizin həyata
keçirdiyi siyasət təqdir olunur. Çünki ötən
müddət ərzində həyata keçirilən dövlət
siyasəti, qəbul edilən qərarlar media sektorunun həm
struktur, həm texnoloji, həm də peşəkar əsaslarının
gücləndirilməsinə yönəlib. Azərbaycan həmçinin,
dəyişən dünyanın yeni şərtləri ilə
də ayaqlaşması üçün mediaya hərtərəfli
dəstək göstərir. Məhz bu baxımdan deyə bilərik
ki, rəqəmsal transformasiya prosesləri fonunda media
orqanlarının yeni informasiya texnologiyalarına
uyğunlaşdırılması, media bazarında sağlam rəqabətin
təşviqi, kontent istehsalında məsuliyyət və
obyektivliyin artırılması ölkəmizin prioritet istiqamətlərindəndir.
Azərbaycan yalnız ənənəvi media
institutlarını modernləşdirməklə kifayətlənmir,
həm də rəqəmsal jurnalistika, sosial media idarəçiliyi,
faktların yoxlanılması, süni intellektin mediada tətbiqi
kimi sahələrdə qabaqcıl təcrübələrdən
də yararlanır.
Digər tərəfdən, Azərbaycan regional
informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi
istiqamətində də mühüm təşəbbüslərlə
çıxış edir. İnformasiya müharibələrinin,
dezinformasiya kampaniyalarının və manipulyativ media fəaliyyətlərinin
artdığı bir dövrdə ölkəmiz həm daxili,
həm də regional media məkanını daha təhlükəsiz,
şəffaf və etibarlı etmək məqsədi ilə
sistemli siyasət yürüdür. Bu siyasətin məqsədlərindən
biri də saxta xəbərlərə qarşı mübarizə
mexanizmlərinin gücləndirilməsi, informasiya dövriyyəsinin
şəffaflaşdırılması və cəmiyyətin
media savadlılığının
artırılmasıdır: “Yuxarıda da
vurğuladığımız kimi, Azərbaycan eyni zamanda beynəlxalq
media əməkdaşlığının genişləndirilməsinə
xüsusi diqqət yetirir. Ölkəmiz mütəmadi olaraq
müxtəlif dövlətlərin media nümayəndələrini
Bakıya dəvət edir, birgə konfranslar, forumlar, təlim
proqramları və praktiki təcrübə mübadilələri
təşkil edir. Bütün bunların fonunda D-8 Media
Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq
əməkdaşlığa verdiyi önəmin, media
diplomatiyası sahəsində qlobal təşəbbüslərinin
və D-8 ailəsində fəal rolunun bariz nümunəsidir.
Bu forum təkcə media nümayəndələrinin
görüşü deyil, həm də yeni regional inteqrasiya
modelinin formalaşması baxımından strateji
addımdır”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 27 noyabr (¹44).- S.9.