İlk dəfə
TDT-yə üzv ölkələrin QHT-ləri Bakıda
toplandı
Bu yaxınlarda Türk Dövlətləri Təşkilatına
(TDT) sədrliyi növbəti mərhələ
üçün qəbul edən Azərbaycanın təşəbbüsü
ilə təşkilata üzv ölkələrin qeyri-hökumət
təşkilatları ilk dəfə bir yerə
toplaşıb.
Noyabrın 24-də Bakıda TDT-yə üzv ölkələrin
qeyri-hökumət təşkilatlarının həmrəylik
forumunun rəsmi açılışı olub. Forumda Azərbaycan,
Türkiyə, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Macarıstan və
Şimali Kipr Türk Respublikasından 500 nəfərdən
çox vətəndaş cəmiyyəti təmsilçisi
iştirak edib. Bu, ümumi iştirakçı sayına
görə Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti
ilə indiyədək təşkil olunan ən böyük tədbirdir.
Forum çərçivəsində 2 panel müzakirəsi
keçirilib. “Zəngəzur dəhlizi: türk
coğrafiyasını birləşdirən körpü”
adlı paneldə Zəngəzur dəhlizinin
açılmasından sonrakı yeni vəziyyətə
hazırlıq, bu istiqamətdə Türk
dünyasının vətəndaş cəmiyyəti təsisatlarının
təşəbbüsləri müzakirə olunub.
İkinci panel isə “Azərbaycan-Qazaxıstan QHT-lərinin
I Əməkdaşlıq Forumu” olub. Belə ki, ikitərəfli
əsasda 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü
ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə Özbəkistan-Azərbaycan
QHT-lərinin əməkdaşlıq forumları baş tutub.
Bu silsilənin davamı olaraq, bu il Qazaxıstanla ikitərəfli
əsasda QHT-lərin təcrübə, bilik mübadiləsi
aparılacaq, əməkdaşlığın dərinləşdirilməsi
imkanları araşdırılacaq. Qarşıdakı
dövrdə Qırğızıstan, Macarıstan, Şimali
Kipr Türk Cümhuriyyəti, Türkmənistanla da analoji tədbirlərin
keçirilməsi planlaşdırılır. Noyabrın 25-də
forum işini Naxçıvan şəhərində davam
etdirib. TDT-nin tarixinə 2009-cu il tarixli “Naxçıvan
Sazişi” ilə düşmüş, təşkilat
üçün böyük rəmzi və mənəvi məna
daşıyan Naxçıvan şəhərində təşkilata
üzv ölkələrin QHT-lərinin Platformasının təsis
olunması gözlənilir. Bu, forumun mühüm
qalıcı irsinə çevrilib. Qeyd edək ki, bu ilin
aprelində Bakıda dünyanın 3/2 hissəsini əhatə
edən bölgədən – 115 ölkədən vətəndaş
cəmiyyəti təsisatlarının iştirakı ilə
Qlobal Cənub QHT Platforması da təsis olunub. Bu il həmçinin
dünya müsəlmanlarının 60%-nin
yaşadığı, “İslam Səkkizliyi” adlanan D8 ölkələrinin
QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil
olunub. 2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan
Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq
Forumu çərçivəsində “Dünyaya
açılmış Azərbaycan QHT-ləri: təklənməyə
qarşı birləşmə texnikası” adlı panel
müzakirəsində xüsusi vurğulanıb ki, son 2 ildə
Azərbaycan QHT-lərinin ən böyük uğuru
dünyaya açılmalarıdır. Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin QHT-lərinin
Platformasının təsis olunması bu istiqamətdə
aparılan prosesin mühüm tərkib hissəsidir.
Naxçıvanda forum çərçivəsində
“WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel
müzakirələri də təşkil olunub. Panel müzakirələrində
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı
nəhəng quruculuq və bərpa işlərinin
miqyasının və sürətinin dünyanın
post-münaqişə bölgələri üçün
nümunə olması diqqət mərkəzində olub. Bundan
başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda
keçiriləcək 13-cü Dünya Şəhərsalma
Forumunda fəal iştiraka dəvət olunacaq. Forumda birgə
bəyanat qəbul olunub.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd
Nuriyev 2025-ci il noyabrın 23-də Türk Dövlətləri
Təşkilatına üzv və müşahidəçi
ölkələrin qeyri-hökumət təşkilatlarının
nümayəndə heyətinin Azərbaycana səfərini
türk dünyasında ictimai diplomatiyanın yeni mərhələsinin
başlanğıcı kimi dəyərləndirib. O, qeyd edib
ki, bu səfər sadəcə rəsmi tədbir formatı
deyil, türk məkanında QHT-lərarası əməkdaşlığın
institusional əsaslarının formalaşdırılması
baxımından strateji hadisədir. TDT-nin son illər
inkişaf trayektoriyası artıq göstərir ki, təşkilat
təkcə dövlətlərarası siyasi və iqtisadi
platforma deyil, həm də cəmiyyətlər arasında
etimad, dialoq və ekspert mübadiləsini təmin edən
yumşaq güc mexanizminə çevrilir: “Məhz bu səbəbdən
QHT-lərin Bakıya səfəri türk
inteqrasiyasının siyasi blokundan sosial-humanitar blokuna
keçidi simvolizə edir.
Noyabrın 24-də Bakıda keçirilən
açılış mərasimi və panel müzakirələri
türk coğrafiyasında həmrəylik gündəminin
çeviklik və məzmun baxımından genişləndiyini
nümayiş etdirib. “Zəngəzur dəhlizi: türk
coğrafiyasını birləşdirən körpü” paneli
xüsusi əhəmiyyət daşıyır, çünki
bu dəhliz artıq yalnız nəqliyyat layihəsi kimi deyil,
türk dünyasının mədəni, humanitar və
kommunikativ birliyinin strateji arteriyası kimi təqdim olunur. Azərbaycan–Qazaxıstan
QHT-lərinin I Əməkdaşlıq Forumu isə Xəzər
hövzəsində sosial-dövlət və cəmiyyət–cəmiyyət
əlaqələrinin yeni institutlaşma mərhələsini
formalaşdırır. Bu iki istiqamət birlikdə QHT
sektorunun regional proseslərdə daha aktiv, analitik və
koordinasiyalı rol alacağını göstərir”.
Ə.Nuriyevin fikrincə, səfərin ən
mühüm mərhələsi 25 noyabrda Naxçıvanda
keçirilən iki tədbirdir. Burada Türk Dövlətləri
Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin
Platformasının təsis olunması türk dünyasında
ictimai diplomatiya tarixində yeni mərhələnin
başlanğıcı kimi dəyərləndirilir. İlk dəfə
olaraq QHT-lər vahid institusional çətir altında birləşir,
qarşılıqlı fəaliyyətin uzunmüddətli
planlaşdırılması, tematik işçi
qruplarının yaradılması, regional layihələrin
sinxronlaşdırılması və vahid mövqelərin
formalaşdırılması üçün mexanizm meydana
çıxır. “WUF13-ə doğru – Türk
dünyasında ilk” paneli isə türk ölkələrinin
qlobal urbanizasiya və dayanıqlı inkişaf məsələlərində
BMT səviyyəsində fəal iştirak potensialını
artırır: “Bu səfər Azərbaycan üçün də
çoxplanlı nəticələr yaradır. İlk növbədə,
ölkəmiz TDT-nin ictimai mərkəzinə çevrilir.
Qarabağdan sonra Azərbaycanın regional liderlik modeli təkcə
siyasi və təhlükəsizlik sahəsində deyil, ictimai
diplomatiya və QHT platformalarında da güclənir. Zəngəzur
dəhlizinin humanitar ölçüsünün məhz
Bakıda müzakirə edilməsi Azərbaycanın türk
dünyasının birləşdirici ideya mərkəzi kimi
mövqeyini möhkəmləndirir. Azərbaycan–Qazaxıstan əməkdaşlıq
formatı, Naxçıvanda təsis konfransı, QHT
diplomatiyasının yeni institusional xəritəsi ölkəmizi
türk regionunun sosial strateji xəritəsinin qurulmasında əsas
aktora çevirir.
Türk QHT Platformasının yaranması gələcək
onillik üçün geniş imkanlar açır. Regional
analitik bazanın formalaşması, böhran situasiyalarında
humanitar koordinasiya, gənclər, media, sosial siyasət və
ailə institutu sahələrində vahid şəbəkələrin
qurulması, QHT sektorunun Avropa platformalarında daha
güclü təmsil olunması və rəqəmsal QHT
ekosisteminin inkişafı bu imkanların önündə
dayanır. Bu həm də Azərbaycan QHT-ləri
üçün yeni məsuliyyət yaradır.
İnstitusional dayanıqlığın möhkəmləndirilməsi,
şəffaflıq və hesabatlılığın
artırılması, layihə menecmenti və monitorinq
bacarıqlarının regional standartlara
uyğunlaşdırılması zərurəti meydana
çıxır.
Beləliklə, 23–25 noyabr səfəri təkcə
bir forum deyil türk dünyasının sosial
arxitekturasının qurulmasına yönəlmiş strateji
prosesdir. Azərbaycan bu prosesdə mərkəzləşdirici
rol oynayır, TDT isə dövlətlər koalisiyasından cəmiyyətlər
koalisiyasına doğru inkişaf edir. Türk QHT
Platformasının Naxçıvanda təsis edilməsi
türk dünyasının ictimai diplomatiya tarixində yeni mərhələnin
əsasını qoyur və türk coğrafiyasının gələcək
onillik üçün sosial inteqrasiya xəritəsini müəyyənləşdirir”.
“Təhsilə Dəstək və Maarifləndirmə”
ictimai birliyinin sədri Süleyman İsmayılbəylinin
fikrincə, TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik
forumu bir neçə istiqamət üzrə mühüm
strateji, ictimai və institusional əhəmiyyət kəsb
edir. Forum müxtəlif ölkələrdən olan vətəndaş
cəmiyyətlərini bir araya gətirərək dövlətlərarası
münasibətlərə vətəndaş cəmiyyətinin,
ictimai sektorun dayağı rolunu oynayır.
İctimai birlik sədri deyib ki, Azərbaycan son illərdə
Türk coğrafiyasında bütün parametrlər kimi vətəndaş
cəmiyyəti sahəsində də təşəbbüskarlığı
ələ alıb, prosesin lokomotivi rolunu oynamağa
başlayıb: “Bu sırada Azərbaycan Respublikası
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bir
müddət əvvəl Azərbaycanın vətəndaş
cəmiyyəti nümayəndələrinin Agentliyin təşkilatçılığı
ilə Özbəkistana səfər etməsi, bunun ardınca
Qazaxıstan qeyri-hökumət təşkilatları ilə
birgə tədbirin keçirilməsi həmrəylik forumuna
doğru atılan uğurlu addımların tərkib hissəsi
idi. Forum kifayət qədər məhsuldar, gələcəkdə
müxtəlif sahələri əhatə edən birgə əməkdaşlıq
imkanları baxımından kifayət qədər əhəmiyyətlidir.
Ən əsası forum yeni tərəfdaşlıqlar
yaradılmasına, birgə layihələr, qrant
proqramları, təcrübə mübadilələrinin həyata
keçirilməsinə zəmin yaratmış olacaq. Bu, QHT-lərin
institusional güclənməsinə və daha dayanıqlı
əməkdaşlıq mexanizmlərinə gətirib
çıxaracaq”.
Süleyman İsmayılbəyli onu da diqqətə
çatdırıb ki, Türk dövlətləri arasında
ortaq kimlik və dəyərlərin qorunması
üçün gənclər QHT-lərinin iştirakı xüsusi
əhəmiyyət daşıyır və Forum bu istiqamətdə
təşkilatların daha aktiv rol almasına təkan verə
bilər: “QHT-lərin birgə fəaliyyətləri informasiya
mübadiləsini də artırmış olur. Əgər son
illərin statistikasına nəzər yetirsək görərik
ki, Azərbaycanın çoxsaylı QHT rəhbərinin
müxtəlif mövzularla bağlı məqalələri
Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin media resurslarında işıq üzü
görüb. Bu da öz növbəsində həm informasiya
sahəsində qarşılıqlı faydalı əməkdaşlığı
inkişaf etdirir, həm də türk ölkələrinin
media-ictimai sektor əlaqələrini genişləndirir”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 27 noyabr (¹44).- S.7.