Regional siyasətdə
Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının
rolu
Azərbaycan və Türkiyə arasında
formalaşmış strateji tərəfdaşlıq son illərdə
Cənubi Qafqazın təhlükəsizlik gündəliyinə
təsir edən əsas amillərdən birinə
çevrilib. Regionda baş verən siyasi və hərbi proseslər
göstərir ki, iki ölkə arasındakı əlaqələr
artıq ənənəvi siyasi əməkdaşlıq
çərçivəsindən çıxaraq, regional
güc balansını formalaşdıran mühüm mexanizmə
çevrilib. Xüsusilə post-münaqişə
dövründə yaranmış yeni geosiyasi şərait bu tərəfdaşlığın
əhəmiyyətini daha da artırıb. 2021-ci ildə
imzalanan Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə
münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə
yüksəldərək, əməkdaşlığın
institusional əsaslarının güclənməsinə səbəb
oldu. Sənəd hərbi, təhlükəsizlik, müdafiə
sənayesi və geoiqtisadi sahələrdə birgə fəaliyyətin
genişləndirilməsinə imkan yaratdı. Bununla da iki
ölkə arasındakı strateji xətt yalnız siyasi dəstək
ilə məhdudlaşmadı, həm də Cənubi Qafqazda
yeni təhlükəsizlik arxitekturasının
formalaşmasına təkan verdi. Məhz bu hüquqi və
siyasi çərçivə hərbi sahədə əməkdaşlığın
daha sistemli və geniş miqyasda inkişafı
üçün möhkəm baza yaratdı. Hərbi əməkdaşlıq
strateji tərəfdaşlığın ən dinamik istiqamətlərindən
biri kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan
və Türkiyə ordularının keçirdiyi birgə təlimlər,
əməliyyat hazırlığının
artırılması, texnologiya və təcrübə
mübadiləsi ordular arasında yüksək səviyyəli
uyğunluq yaradıb. Türkiyə istehsalı olan müasir
döyüş texnologiyalarının Azərbaycanda tətbiqi,
xüsusilə pilotsuz uçuş aparatları və yüksək
dəqiqlikli zərbə sistemlərinin istifadəsi regionun hərbi-siyasi
balansına ciddi təsir göstərib. 2020-ci il Vətən
müharibəsi zamanı bu əməkdaşlığın
praktiki nəticələri açıq şəkildə
özünü göstərdi və iki ölkənin
müdafiə sahəsində əldə etdiyi strateji
üstünlük reallıqda təsdiq olundu.
Azərbaycan – Türkiyə tərəfdaşlığının
mühüm istiqamətlərindən biri geoiqtisadi sahəni əhatə
edir. Enerji və nəqliyyat layihələri – TANAP, TAP ,
Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Qars xətti – regionun
enerji təhlükəsizliyi və ticarət
marşrutlarının formalaşmasında əsas rol
oynayır. Bu layihələr Avropanın enerji təminatında
alternativ mənbələrin payını artırmaqla
yanaşı, Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirir
və regional əməkdaşlıq imkanlarını
genişləndirir.
Post-münaqişə mərhələsində
gündəmə gələn Zəngəzur dəhlizi ilə
bağlı perspektivlər də Azərbaycan – Türkiyə
strateji əməkdaşlığının geoiqtisadi çəkisini
artıran mühüm elementlərdən biridir. Bu dəhlizin
açılması Azərbaycanın qərb rayonları ilə
Naxçıvan arasında birbaşa əlaqəni bərpa
etməklə yanaşı, Türkiyənin Mərkəzi
Asiyaya çıxış imkanlarını genişləndirəcək
və Türk Dövlətləri Təşkilatı çərçivəsində
inteqrasiya proseslərini sürətləndirəcək.
Regional təhlükəsizlik gündəliyində Azərbaycan
və Türkiyənin mövqelərinin uzlaşması iki
ölkənin siyasi strategiyalarının uyğunluğunu daha
da artırır.
Sülh prosesinin irəliləməsi,
kommunikasiyaların açılması və regional iqtisadi əlaqələrin
genişləndirilməsi hər iki ölkənin prioritet
istiqamətlərini təşkil edir. Bu strateji həmrəylik
bölgədə risklərin azaldılmasına, sabitliyin
möhkəmlənməsinə və yeni əməkdaşlıq
formatlarının yaranmasına şərait yaradır.
Bütün bu faktorlar göstərir ki, Azərbaycan –
Türkiyə strateji tərəfdaşlığı regionun
təhlükəsizlik arxitekturasında mühüm dayaqlardan
birinə çevrilib. Hərbi əməkdaşlıqdan
geoiqtisadi layihələrə qədər geniş spektrdə
inkişaf edən əlaqələr Cənubi Qafqazda
uzunmüddətli sabitliyə, təhlükəsizliyə və
dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət
edir. Bu tərəfdaşlığın möhkəmlənməsi
yaxın perspektivdə regiondakı geosiyasi proseslərin istiqamətinə
birbaşa təsir edən əsas amillərdən biri olaraq
qalacaq.
Əli Səlimov
Xalq Cəbhəsi .- 2025.- 27 noyabr (¹44).- S.5.