Azərbaycan
ərazi bütövlüyünü bərpa etmiş tək
respublikadır
Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
partiyanın mətbuat xidmətinin suallarını
cavablandırıb.
Publika.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, parlamentdə, sosial şəbəkələrdə,
ictimaiyyət arasında 2026-cı il üçün büdcə
zərfinin müzakirələri gedir. Müzakirələrin
gedişinə münasibətinizi bilmək maraqlı
olardı...
- Geniş ictimaiyyət arasında sanki “hypervigilant”
düşüncə tərzi geniş yayılmağa
başlayır. Bəzi media təmsilçiləri
çoxsaylı ictimai-siyasi fəallar, siyasi establişmentə
daxil olan bəzi insanlar hər yerdə təhlükə
axtarır, hər şeydən yüksək narahatlıq hissi
keçirirlər. Həddindən artıq ehtiyatlılıq,
daim “hazır vəziyyətdə” olmaq, hər şeyə
şübhə ilə yanaşmaq, digər insanların niyyətlərinə
etibar etməmək, qeyri-müəyyən vəziyyətdən
qorxmaq, daim “pis bir şey olacaq” hissi kimi psixoloji durum
açıq-aydın sezilməkdədir. Belə bir psixoloji
durum cəmiyyətimizin inkişafını ləngidir. Biz cəmiyyət
olaraq sakitləşməli, bir-birimizə inanmalı, güvənməli,
dəyişikliklərə gedilərsə hökumətə
dəstək olacağımızı bəyan etməliyik.
Xalqımızın xoşbəxt gələcəyi
yuxarıdan aparılacaq islahatlardadır. Vəziyyəti
çox da dramatikləşdirmək lazım deyil.
- İslahatlara gedilməsə yaxın gələcəklə
bağlı vəziyyəti necə təsəvvür edirsiniz
?
- Xalqımız dözümlüdür, aza qane
olmağı bacarır. Yəqin iqtidar nəzərə
alır ki, şərqli mentalitetinə sahib insanlar kimi, bir az
qazancı olanlar gəlirlərini yaxınları ilə
bölüşməyi bacarır. Bundan başqa, ölkədə
kölgə iqtisadiyyatı var. Gənclərimiz
bacarıqlı olduqlarından, əmək miqrantı kimi
xaricdə ən ağır şərtlər altında pul
qazanıb ailələrinə yardım edirlər. Yoxsa
hamı başa düşür ki, ayda 400 manat minimum əmək
haqqı, 320 manat minimum əmək pensiyası alan 800 mindən
artıq şəxs bu vəsaitlə yaşaya bilməz.
Görünür hökumət həm də ona görə
ciddi islahatlara başlamağa tələsmir ki, geosiyasi vəziyyət
islahatların nəticələri ilə bağlı aydın
təsəvvürlər yaratmır, müəyyən
narahatlıqlar var. İslahatlara gedilməsə ölkə
kasıblaşacaq, xarici investisiyalar üçün cəlbediciliyini
tamamilə itirəcək. Kiçik və orta sahibkarlar
üçün əlverişli biznes mühiti yaradılmasa,
dövlət orqanlarının himayəsi ilə məhdud
sayda yaradılan istehsal müəssisələri hesabına iqtisadiyyatı
dirçəltmək alınmayacaq. Ölkəmizin dostları
azalacaq, dini və siyasi radikalizm üçün əlverişli
mühit, xarici ölkələrin insanlarımızı əməkdaşlığa
cəlb etmələri (İran vətəndaşlarının
İsrail tərəfindən əməkdaşlığa cəlb
edilməsi nümunəsi), daxili işlərimizə
müdaxilələri üçün imkan yaranacaq. Amma nikbinəm,
inanıram ki, müəyyən çətinliklərlə
üzləşsək də sonda islahatlara gedib vəziyyəti
dəyişəcəyik. İmkan var ki, islahatlara getməklə
həmin çətinlikləri önləyək.
Hökumət yalnız hakim partiyadan olan deputatların
büdcə müzakirələri zamanı
qaldırdıqları problemləri təhlil etsə,
islahatların qaçılmaz olması zərurətini qəbul
edəcək.
- Trampın son sülh təklifini Rusiya və Ukrayna qəbul
edəcəkmi?
- Tərəflər müharəbədən yorulub.
Ona görə sülhün əldə olunması imkanları
artıb. Tramp çalışır ki, atəşkəs
haqqında saziş daha çox Putini razı salsın. O
Ukraynanın müttəfiqi olan komformist Avropa liderlərini də
rəzil duruma salır, yerlərini göstərir. Rusiyanın
müttəfiqləri daha sədaqətli çıxdı.
Ukraynanın müharibəni davam etdirmək imkanları daha məhduddur.
Bu səbəbdən Ukrayna daha çox güzəştlərə
getmək, ərazilərinin böyük bir hissəsini itirmək
məcburiyyətində qalacaq. Azərbaycanı Rusiya ilə
qarşıdurmaya cəlb etmək istəyən, iqtidarı
rusiyayönümlü siyasət aparmaqda ittiham edən gicbəsərlər
Ukraynada baş verənləri görüb utanmalı,
xalqımızdan üzr istəməlidirlər. Azərbaycan
torpaqlarını itirmiş keçmiş sovet
respublikaları arasında ərazi
bütövlüyünü bərpa etmiş tək
respublikadır.
Xalq Cəbhəsi .- 2025.- 27 noyabr (¹44).- S.3.