Perspektivli kimya sənayesi
Cənubi Qafqazın ən böyük sənaye
parkı olan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə
kimya sənayesi məhsullarının istehsalında önəmli
rol oynayır. Dövlət başçısının 30
iyul 2024-cü il tarixli Sərəncamı ilə ərazisi
genişləndirilən sənaye parkında əlverişli
biznes və investisiya mühiti yaradılıb. Ölkəmizdə
fəaliyyət göstərən digər sənaye
parklarında olduğu kimi, burada da sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi üçün zəruri
infrastruktur təmin edilib, güzəşt və stimullar tətbiq
olunur. Sənaye parkında sahibkarlar dövlət vəsaiti
hesabına hazır infrastrukturla təmin olunur. Həmçinin
parkın rezidentləri qeydiyyata alındıqları tarixdən
etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir
vergilərindən, istehsal məqsədilə texnikanın,
texnoloji avadanlıqların və qurğuların idxalı
zamanı ƏDV-dən və gömrük rüsumlarından
tam azad edilir. Parkın rezidentlərinə indiyədək 900-dən
çox təsdiqedici sənəd verilib ki, bunun nəticəsində
rezidentlər texnika və texnoloji avadanlıqların idxalı
zamanı 400 milyon manatdan çox vəsaitlərinə qənaət
ediblər.
Sənaye parkında investisiya portfeli 6 milyard manatdan
çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu
verilib, bunlardan da artıq 28-i fəaliyyət göstərir.
Sahibkarlar tərəfindən görülən işlərə
indiyədək 5,5 milyard manatdan çox investisiya
yatırılıb, 6300-dən artıq daimi iş yeri
yaradılıb. 2015-ci ildən 2025-ci ilin I yarımilliyi daxil
olmaqla Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən
ümumilikdə təxminən 14,4 milyard manatlıq məhsul
satışı həyata keçirilib ki, bunun da 5,2 milyard
manata yaxın hissəsi ixracın payına düşür.
Bu ilin birinci yarısında sənaye parkında 1,1 milyard
manatdan çox məbləğdə məhsul
satışı olub ki, bunun da 545 milyon manata yaxın hissəsi
ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə
ixrac təqribən 20%-ə yaxın artıb.
Qeyd edək ki, son dövrlərdə kimya sənayesi məhsullarının
istehsalında mühüm artım müşahidə olunur.
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın kimya sənayesində
istehsal həcmi ötən ilin müvafiq dövrü ilə
müqayisədə 10,7% artaraq 955 milyon manatı ötüb.
Bu artımda Sumqayıt Kimya Sənaye Parkının xüsusi
çəkisi var. Parkda istehsal edilən tikinti kimyəvilərinin,
polad və polimer boruların, sürtkü
yağlarının, polimerlərin, karbamidin, müxtəlif
çeşiddə kabellərin, şüşə lövhələrin,
keramik plitələrin və s. məhsulların ixracı
istiqamətində də əhəmiyyətli uğurlar əldə
edilib. Bu növ məhsullar dünyanın 70-dən artıq
ölkəsinə “Made in Azerbaijan” brendi ilə ixrac olunub.
Dövlət başçısı İlham Əliyev
Çinin Tiencin şəhərində “China National Chemical
Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə
görüşü və bu görüşdə neft-kimya sənayesi,
neft emalı və kimyəvi məhsulların istehsalı sahələrində
əməkdaşlığın müzakirə olunması, Azərbaycanın
iqtisadi və sənaye inkişafı baxımından
çoxşaxəli və strateji faydalar vəd edir.
CNCEC dünyada neft-kimya, gübrə və emal sənayesində
yüzlərlə meqalayihəni həyata keçirmiş
transmilli mühəndislik şirkətidir. Şirkətin Azərbaycana
investisiyaya cəlb olunması ən son texnologiyaların
ölkəyə gətirilməsinə, mövcud neft-kimya
infrastrukturlarının (“SOCAR Polymer”, Sumqayıt Kimya Parkı
və s.) modernləşdirilməsinə, yeni istehsal zəncirlərinin
qurulmasına, eyni zamanda, Azərbaycanın sənaye strukturunun
dərinləşməsinə, neft-kimya sektorunun
diversifikasiyasına, ixrac potensialının artmasına, texnologiya
və kapital axınına şərait yarada bilər. Bu, Azərbaycanın
xammaldan hazır məhsula keçid strategiyasını
sürətləndirəcək. İki ölkə arasında
əməkdaşlıq Azərbaycanın iqtisadi
dayanıqlılığını gücləndirən və
onu regional sənaye mərkəzinə çevirə biləcək
bir addımdır.
CNCEC Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika
və Okeaniya daxil olmaqla, dünyada çoxsaylı layihələr
icra edir. 2022-ci ilədək şirkət 1200 dən çox
layihə həyata keçirib, dünyanın 55 ölkəsində
fəaliyyət göstərib. 2022-ci ildə CNCEC ümumi podratçılar
arasında gəlirə görə dünyada 16 cı,
yalnız xarici layihələrdən gəlirə görə
isə 20 ci yeri tutub. CNCEC-in 2023-cü ildə dövriyyəsi
179,2 milyard yuan təşkil edib. 2023-cü il şirkətin
xalis mənfəətində təqribən 5,43 milyard yuan məbləğində
artım qeydə alınıb. “Eulerpool”
açıqladığı rəqəmlərə görə,
bu il şirkətin dövriyyəsi 202,41 milyard yuan olub ki, bu
da ötən ilə nisbətən əhəmiyyətli
artım deməkdir.
Prezident İlham Əliyevin “Powerchina Group” şirkətlər
qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə
görüşündə müzakirə olunan sahələr
yaşıl enerji, ətraf mühitin mühafizəsi, su
resurslarının idarəolunması, çirkab suların təmizlənməsi,
elektroenergetika, yaşıl hidrogen layihələri, tikinti və
avadanlıq istehsalı — Azərbaycan üçün
çox strateji və əhəmiyyətli əməkdaşlıq
istiqamətləridir. “Powerchina”nın yaşıl enerji
üzrə təcrübəsi Azərbaycanda günəş,
külək və yaşıl hidrogen layihələrinin
reallaşmasına töhfə verə bilər. Bu, ölkənin
enerji balansını təmiz enerji mənbələri ilə
zənginləşdirəcək, karbon izinin azalmasına
yardımçı olacaq. Yaşıl hidrogen kimi innovativ
enerji formaları Azərbaycana enerji diversifikasiyası və
beynəlxalq ekoloji standartlara uyğunluq imkanı verəcək.
Azərbaycanla Çin arasındakı strateji tərəfdaşlıq
çərçivəsində “Powerchina”nın fəaliyyəti
iki ölkə arasında iqtisadi əməkdaşlığın
dərinləşməsi üçün əlverişli
platformadır. Bu şirkətin layihələri Çin-Azərbaycan
ticarət dövriyyəsini və investisiya mübadiləsini
daha da gücləndirə bilər.
“Powerchina Group” ilə əməkdaşlıq Azərbaycanın
enerji, ekoloji və infrastruktur sahələrində modernləşməni
sürətləndirir, davamlı, yaşıl iqtisadi
artımı dəstəkləyir və yerli sənayenin
inkişafına təkan verir. Çin üçün isə
strateji bazar və texnologiya ixracı imkanlarını
artırır. Bu əməkdaşlıq regionda
qarşılıqlı faydalı və uzunmüddətli
iqtisadi tərəfdaşlıq üçün vacib
addımdır.
“PowerChina” şirkəti infrastruktur, enerji və
hidroenergetika layihələrində qlobal miqyasda mühəndislik
və tikinti xidmətləri göstərən nəhəng
korporasiyadır. Şirkət, əsasən dünyasəviyyəli
dövlət mənsubiyyətli mühəndislik-tikinti və
investisiya qrupu olaraq, hidroenerji, təmiz və bərpaolunan
enerji, infrastruktur, su resursları və ətraf mühit kimi
strateji sahələrdə gücünü göstərir.
Geniş beynəlxalq şəbəkəsi, çoxsaylı
törəmə şirkətləri və yüksək
reytinqi ilə qlobal infrastruktur bazarında aparıcı rol
oynayır. 2023-cü ildə gəliri 97 milyard dollar təşkil
edən şirkətin fəaliyyəti 130-dan çox ölkə
və bölgədə mövcuddur.
Çin üçün Azərbaycanın əlverişli
investisiya mühiti və strateji mövqeyindən istifadə edərək,
yüksək texnologiyalı məhsulların dünya
bazarlarına ixracını artırmaq imkanı yaranacaq.
Çin şirkətləri regionda öz mövcudluğunu
genişləndirərək beynəlxalq rəqabətdə
üstünlük qazanacaqlar. Ölkələrimiz arasında əməkdaşlıq
həm iqtisadi inkişaf, həm də strateji tərəfdaşlıq
baxımından hər iki ölkə üçün
qarşılıqlı faydalı və uzunmüddətli
perspektivlər vəd edir. Azərbaycanın yaşıl enerji
sahəsində texnoloji tərəqqisi Çin
investisiyalarının dəstəyi ilə daha da sürətlənəcək,
iki ölkənin strateji əlaqələri möhkəmlənəcək.
Ölkələrimiz arasında
qarşılıqlı ticarət dövriyyəsinin
artması və əməkdaşlıq layihələrinin
genişlənməsi Azərbaycan-Çin münasibətlərinin
gələcəkdə daha da möhkəmlənəcəyini
göstərir. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan
ilə Çin arasında ticarət dövriyyəsi 2,1 milyard
dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 27,6 faiz artım deməkdir. 2024-cü ildə
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 3,73
milyard dollar olub. Bu dövriyyənin böyük hissəsini
Çin məhsullarının idxalı təşkil edir.
Azərbaycan və Çin arasında əməkdaşlıq
yalnız iqtisadi layihələrlə məhdudlaşmır, həmçinin
siyasi və strateji səviyyədə də güclü tərəfdaşlıq
mövcuddur. Bu əlaqələr “Bir kəmər, bir yol” təşəbbüsü
çərçivəsində daha da genişlənir. Azərbaycan
Asiya ilə Avropa arasında nəqliyyat və ticarət
körpüsü olmaqla yanaşı, Çin
üçün mühüm tranzit ölkəyə
çevrilib. 2024-cü ildə Orta Dəhliz vasitəsilə
Azərbaycan və Çin arasında tranzit yük
daşımaları 86 faiz artaraq 378 min ton təşkil edib.
İkitərəfli əlaqələrin inkişafı iki
ölkənin strateji maraqlarını və regionda sabitliyi təmin
edir. Çin şirkətləri Azərbaycanın əlverişli
coğrafi mövqeyi, sabit iqtisadi mühiti və geniş
potensialı sayəsində ölkəmizə böyük
maraq göstərir. Energetika, nəqliyyat, tikinti və informasiya
texnologiyaları kimi sahələrdə Çin
investisiyaları Azərbaycan iqtisadiyyatının
diversifikasiyası və dayanıqlı inkişafına əhəmiyyətli
töhfə verir. Çin şirkətlərinin Azərbaycana
investisiya marağının artması iqtisadiyyatın
diversifikasiyası, regionda inteqrasiyanın gücləndirilməsi
və yeni iş yerlərinin yaradılması
üçün geniş imkanlar açır.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 4 sentyabr(¹32).-S.12.