“Məktəb öz
funksiyasını tam yerinə yetirmir”
Kamran Əsədov: “Ciddi uyğunsuzluqlar mövcuddur”
2025/2026-cı tədris ili üzrə qəbul
imtahanlarının nəticələri açıqlanıb.
Nəticələrə əsasən bu il abituriyentlərin təxminən
35 faizi universitetə qəbul ola bilməyib. Bunun səbəbi
nədir? Azərbaycan təhsili ilə bağlı hansı
problemlər var? Builki imtahanın nəticələri təhsillə
bağlı nəyi deməyə əsas verir?
Sözügedən istiqamətlərdə təhsil
eksperti Kamran Əsədov fikirlərini “Xalq Cəbhəsi” ilə
bölüşüb.
Ekspert bildirib ki, bu il keçirilən universitetə qəbul
imtahanlarının nəticələri Azərbaycan təhsilinin
hazırkı durumunu göstərən ən real göstəricilərdən
biridir: “Əldə olunan nəticələr onu sübut edir
ki, məktəb təhsilinin keyfiyyəti ilə ali təhsil
sisteminə keçid arasında ciddi uyğunsuzluqlar
mövcuddur. Dövlət İmtahan Mərkəzinin məlumatına
görə, 2025/2026-cı tədris ili üzrə qəbul
imtahanlarında 88 min 756 nəfər iştirak edib, onlardan 57
min 236 nəfər (o cümlədən 6461 subbakalavr)
universitetlərə qəbul olunub. Yəni, abituriyentlərin təxminən
35 faizi universitetə qəbul ola bilməyib. Bu isə həm məktəb
təhsilinin nəticəsizliyini, həm də abituriyentlərin
peşə və karyera seçiminə yönləndirilməsində
ciddi boşluqları göstərir”.
“Məktəb öz funksiyasını tam yerinə
yetirmir”
K.Əsədov bildirib ki, ən diqqətçəkən
məqam isə plan yerlərinin boş qalmasıdır: “Bu il
3100-dən çox yerin dolmaması o deməkdir ki, dövlət
vəsaiti hesabına ayrılmış plan yerləri əmək
bazarının tələblərinə uyğun müəyyən
edilməyib. Əgər gənclər həmin ixtisasları
seçmirlərsə, deməli, bu sahələrdə gələcək
perspektivlər zəifdir, əməkhaqları aşağıdır,
iş imkanları məhduddur. Bu fakt göstərir ki, Elm və
Təhsil Nazirliyi illərdir əmək bazarının təhlilini
aparmır, tələbələrin maraqlarını və
qlobal tendensiyaları nəzərə almır. Halbuki, “Təhsil
haqqında” Qanunun 6-cı maddəsinə görə, təhsil
siyasəti dövlətin sosial-iqtisadi inkişaf prioritetləri
ilə uzlaşdırılmalıdır. Təəssüf ki,
bizdə bu mexanizm kağız üzərində qalır. Nəticələrin
təhlili göstərir ki, yüksək nəticə göstərənlərin
sayı azalır. Məsələn, 600 və daha çox bal
toplayanların faizi son illərlə müqayisədə
azalıb. Bu, məktəb proqramlarının keyfiyyətinə
dair ciddi suallar yaradır. Çünki şagirdlərin
yüksək bal toplamaq üçün kütləvi şəkildə
repetitor yanına üz tutması faktı təsdiq edir ki, məktəb
təhsili imtahana real hazırlıq imkanı vermir. Əgər
“Ümumi təhsil haqqında” Qanunun 10-cu maddəsində məktəbin
əsas vəzifəsi şagirdlərin bilik, bacarıq və
vərdişlərini formalaşdırmaq kimi qeyd olunursa, onda nəyə
görə bu missiyanı repetitor bazarı icra edir? Bu
sualın cavabı odur ki, məktəb öz
funksiyasını tam yerinə yetirmir”.
“Rəqəmləri elan etmək” siyasəti təhsilin
inkişafına xidmət etmir”
O əlavə edib ki, müsbət tərəfi odur ki,
qəbul imtahanları yenə də ölkədə ən
şəffaf proseslərdən biridir: “Dövlət İmtahan
Mərkəzi nəticələri obyektiv şəkildə
elan edir, bu isə cəmiyyətin inamını qoruyur. Lakin
yalnız imtahanların şəffaflığı ilə
öyünmək kifayət deyil. Çünki nəticələrin
mahiyyəti göstərir ki, təhsil sisteminin özündə
islahatlara böyük ehtiyac var. Dünya təcrübəsi
bunu təsdiq edir. Məsələn, Finlandiyada qəbul imtahanı
yoxdur, şagirdlər məktəb göstəricilərinə
əsasən universitetlərə qəbul olunurlar. Koreyada və
Yaponiyada isə qəbul imtahanlarının nəticələri
dərhal təhsil siyasətinin yenilənməsi
üçün əsas indikator kimi istifadə olunur. Azərbaycanda
isə illərdir eyni statistika elan edilir, amma nə nazirlik, nə
də universitetlər bu nəticələrdən
çıxarış etmir. Ən böyük problem odur ki,
Elm və Təhsil Nazirliyinin bu istiqamətdə nə
planı, nə də proqnozu var. Nazirlik qəbul nəticələrinin
yalnız formal icmalını verir, amma onların dərin təhlilini
aparmır. Hər il minlərlə gənc uğursuzluğa
düçar olur, amma bunun səbəbləri barədə tədqiqat
yoxdur. Qəbulda uğur qazanmışların keyfiyyət
göstəriciləri, məktəblər üzrə nəticələrin
müqayisəsi, regionlar arasında fərqlərin səbəbləri
heç vaxt açıqlanmır. Dünya təcrübəsindən
xəbərsiz qalmaq, yerli problemlərə göz yummaq və
yalnız “rəqəmləri elan etmək” siyasəti təhsilin
inkişafına xidmət etmir”.
“Ali məktəblər real tələblərə
uyğun kadr hazırlığı aparmır”
Ekspert həmçinin deyib ki, əslində dəyişməli
olan sistemin özüdür: “Plan yerləri əmək
bazarının tələblərinə uyğun müəyyən
edilməlidir. Məktəblərdə tədris proqramları
imtahan nəticələrinə əsasən yenilənməlidir.
Təhsil müəssisələri və nazirlik nəticələr
üzərində geniş ictimai müzakirələr
aparmalı, zəif nəticələrin səbəblərini
aradan qaldırmaq üçün tədbirlər görməlidirlər.
Əks halda, qəbul imtahanlarının nəticələri hər
il yalnız bir statistik hesabat kimi təqdim olunacaq, amma təhsilin
keyfiyyəti dəyişməyəcək. Builki nəticələr
bir daha göstərdi ki, Azərbaycan təhsil sistemi öz
funksiyasını tam yerinə yetirmir. Gənclər
repetitorların ümidinə buraxılır, məktəblər
sadəcə formal diplom verən müəssisəyə
çevrilir, ali məktəblər isə real tələblərə
uyğun kadr hazırlığı aparmır. Nazirliyin fəaliyyəti
isə yalnız kağız üzərində qalan layihələr
və formal tədbirlərdən ibarətdir. Əgər bu
yanaşma dəyişməsə, gələcək illərdə
də qəbul imtahanlarının nəticələri eyni
problemləri təkrar göstərəcək və təhsilimiz
dünya ilə ayaqlaşmaq əvəzinə, daha da geriyə
gedəcək”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 4 sentyabr(¹32).-S.13.