Milli-mənəvi dəyərlərin
yaşadılmasına xüsusi diqqət yetirilir
Milli-mənəvi dəyərlərimizin
yaşadılması, qorunub saxlanılması vacib amillərdən
biridir. Bu, xüsusən müstəqillik illərində
dövlət quruculuğu prosesində mühüm əhəmiyyətə
malik olub. Yəni dövlətin müstəqilliyinin
qorunmasını təmin edən əsas sütunlardan biri məhz
milli-mənəvi dəyərlər olub.
Bu gün də dövlət tərəfindən
milli-mənəvi dəyərlərin yaşadılması və
gələcək nəsillərə ötürülməsinə
xüsusi diqqət yetirilir, bu istiqamətdə ardıcıl və
məqsədyönlü tədbirlər həyata
keçirilir.
Mövzu ilə bağlı “Təhsilə Dəstək
və Maarifləndirmə” İctimai Birliyinin sədri, Əməkdar
jurnalist Süleyman İsmayılbəyli deyib ki, Azərbaycanda
milli-mənəvi dəyərlərə bağlılıq,
onun qorunması, yaşadılması və gənc nəzlə
çatdırılması hər zaman diqqət mərkəzində
saxlanılıb. Zaman-zaman, xüsusilə keçmiş sovetlər
dönəmində mənəvi dəyərlərimizi
aşınmaya məruz qoymağa, onu deqradasiyaya
uğratmağa yönəlik fəaliyyətlər ortaya
qoyulub: “Təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, müəyyən zamanlarda ittifaq rəhbərliyi
bu istəyinə az da olsa çata bilib, mənəvi dəyərlərimizə
zərbə vurulub, onların unudulmasına çalışılıb.
Mərkəzin xüsusi planı əsasında Azərbaycanda ən
yüksək vəzifələrə erməni millətindən
olan şəxslərin təyin edilmsi həmin planın tərkib
hissəsi olub. Məqsəd xalqımızı milli mənəvi
dəyərlərindən uzaq salmaq olub. Hətta milli və
dini bayramlarımız sayılan Novruz, Qurban, Ramazan
bayramları sovetlərin çirkin planı səbəbindən
gizli şəkildə qeyd edilirdi. Milli-mənəvi dəyərlərimizin
deqradasiyaya uğraması Ümummilli Lider Heydər Əliyevin
hakimiyyətə gəlməsinə qədər davam etdi.
1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn
Ümummilli lider Heydər Əliyev ilk gündən hər
cür ideoloji-siyasi maneələrə qarşı mübarizə
apararaq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin
qorunması, xalqın özünüdərki
üçün ciddi addımlar atmağa başladı”.
O, qeyd edib ki, Heydər Əliyevin milli - mənəvi dəyərlər
məsələsində irəli sürdüyü prinsiplər,
həmin problemin həlli ilə bağlı müəyyənləşdirdiyi
aydın xətt, atdığı addımlar mərhələ-mərhələ
öz müsbət nəticələrini göstərirdi.
Ulu Öndər milli-mənəvi dəyərlərdən
danışarkən deyirdi: “Mən bu gün bir azərbaycanlı
kimi, özündə həm milli-mənəvi dəyərləri,
həm də ümumbəşəri dəyərləri cəm
edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi
mentaliteti onun ən böyük sərvətidir,
xalqımızın milli-mənəvi dəyərləri onun
milli sərvətidir... Biz tarixi köklərimizi həmişə
iftixar hissi ilə qiymətləndirməliyik və tarixi
köklərimizin mənasını dünyaya bəyan etməliyik,
yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik...
Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri
dəyərlərlə birləşdirib, zənginləşdirib
Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi
dəyərlərini yaratmalıyıq... Ümumbəşəri
dəyərlərlə milli-mənəvi dəyərlərin
vəhdəti, sintezi bizim milli ideologiyamızın bu
günü və gələcəyidir”.
Heydər Əliyev respublikada mövcud olan tarixi-dini
abidələrin bərpasına müvəqqəti iş kimi
yox, uzunmüddətli din siyasətinin tərkib hissəsi kimi
yanaşırdı. O, bu işi dövlətin dinə hörmətinin
və xalqın milli-mənəvi dəyərlərə
qayıdışının göstəricisi kimi dəyərləndirirdi.
S.İsmayılbəyli onu da vurğulayıb ki, milli-mənəvi
dəyərlərin qorunmasına, onun inkişaf etdirilməsinə
günümüzdə Ümummilli Lider Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti, Cənab İlham Əliyev tərəfindən
lazımı diqqət yetirilir. Ölkəmiz iqtisadi, siyasi, mədəni,
sosial və digər sahələrdə böyük
uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq
tədbirlərə, idman yarışlarına, forumlara ev
sahibliyi edir. Bütün regional layihələrin təşəbbüskarı
və ya iştirakçısı olan Azərbaycan hər bir
vətəndaşımızın gerçək mənada fəxrinə
çevrilibdir. Bu uğurlu siyasət mənəvi sahəni də
əhatə edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son
illərdə Azərbaycan mədəniyyətinin
inkişafı, milli-mənəvi dəyərlərimizin
qorunması, islam dininə hörmət və ehtiramın
güclənməsi, başqa dinlərə qarşı
dözümlülüyün daha da möhkəmləndirilməsi
sahəsində də böyük işlər
görülüb. Dövlət başçısı islam mədəniyyəti
ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid
və ziyarətgahların, müqəddəs dini ibadət və
inanc yerlərinin təmiri və bərpası ilə bağlı
bir sıra sərəncam və fərmanlar imzalayıb.
Ölkəmizdə mövcud olan digər dinlərin nümayəndələri
də dövlət başçısının diqqət və
qayğısından kənarda qalmırlar. Dövlətin
tolerantlıq prinsiplərinə yanaşmasını dini
konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə
münasibətində, din sahəsini ehtiva edən qanunvericilik
bazasının möhkəmləndirilməsində də
açıq şəkildə görmək
mümkündür. Prezident İlham Əliyevin təşəbbüsü
ilə inşa edilən Qafqazın ən möhtəşəm
məscidi olan “Heydər” məscidi dindarların istifadəsinə
verilib. Bununla yanaşı, “Təzə Pir” məscidi,
“Hacı Əjdərbəy” məscidi, “Şamaxı Cümə”
məscidinin dövlət hesabına təmir-bərpası həyata
keçirilib.
Mənəvi dəyərlərin qorunması və təbliği
sahəsində dövlət siyasətinin həyata
keçirilməsi məqsədilə atılan addımlardan biri
də Mənəvi Dəyərlərin Təbliği Fondunun
yaradılmasıdır. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin
Təbliği Fondu Prezident cənab İlham Əliyevin 10
oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.
Nizamnaməyə əsasən, Fondun fəaliyyətinin məqsədi
Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə
işinin aparılmasına, mənəvi dəyərlərin
qorunmasına və inkişafına, dövlət-din
münasibətləri sahəsində məqsədli
proqramların hazırlanmasına və həyata keçirilməsinə,
dini qurumların vətəndaşların dini etiqad
azadlığının təmin olunması sahəsində fəaliyyətinə,
habelə bu sahədə sosial layihələrin
reallaşdırılmasına dövlət dəstəyini təmin
etməkdir: “Milli-mənəvi dəyərlərimizin
yaşadılmasında, onun təbliğində
genişmiqyaslı fəaliyyəti ilə ictimaiyyətimizin rəğbətini
qazanan Heydər Əliyev Fondu da böyük uğurlara imza
atıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
tarixi-dini, mədəni abidələrin qorunmasını və
bərpasını daim diqqət mərkəzində
saxlayır. Onu da qeyd edək ki, mənəvi dəyərlərimizin,
tolerantlıq ənənələrinin təbliğində,
irsimizin tanıdılmasında, həmçinin
dünyanın müxtəlif guşələrində əyani
şəkildə nümayişində Heydər Əliyev
Fondunun məxsusi xidmətləri vardır. Fondun maliyyə dəstəyi
ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm
kilsələrində də təmir-bərpa işləri
aparılıb, yəhudi uşaqları üçün təhsil
və mədəniyyət mərkəzinin tikintisinə dəstək
verilib. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə
İslam dininə aid tarixi-dini abidələrin bərpasına
deyil, həmçinin Azərbaycandan kənarda olan digər
dinlərə məxsus abidələrin də bərpasına
qayğı ilə yanaşır ki, bu da xalqımızın
tolerantığının və sülhpərvərliyinin əyani
sübutudur.
Hər bir xalqın, millətin mövcudluğu onun ana
dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə,
ədəbiyyatına, tarixinə
bağlılığından asılıdır. Azərbaycan
xalqı məhz milli-mənəvi dəyərlərinə
sadiqliyi sayəsində özünün mövcudluğunu,
milli özünəməxsusluğunu bugünədək
qoruyub saxlaya bilib. Xalqımızın ən böyük sərvətlərindən
biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi,
dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin
mənəvi irs xalqımız tərəfindən əsrlər
boyunca yaradılmış və onun böyük hissəsi
bugünədək qorunub saxlanılmışdır. Milli
dövlətin formalaşmasında, güclü və əbədiyaşar
olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə
səsləşməsi böyük əhəmiyyət kəsb
edir. Bu baxımdan Ümummilli lider Heydər Əliyev məktəbinin
gənc nəslə aşılanması ən vacib məsələlərdən
biridir.
Bu gün milli-mənəvi dəyərlərimizin
qorunması, onun mühafizə edilməsi, bu tipdən olan abidələrimizin,
memarlıq incilərinin bərpası, yenidən qurulması
prosesi eyni ilə işğaldan azad edilmiş ərazilərdə,
Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilir. İkinci Qarabağ müharibəsindən
keçən 5 il yaxın müddətdə Şuşada,
Ağdamda, eləcə də digər ərazilərimizdə
məscidlərin bərpa edilməsi, yeni ibadət məkanlarının
tikilməsi milli-mənəvi dəyərlərə olan
bağlılıq, onların qorunması, mühafizəsi deməkdir”.
O da vurğulanıb ki, hər bir dövlətdə
olduğu kimi Azərbaycanda da dil onun milli-mənəvi dəyərlərinin
tərkib hissəsi sayılır. Ona görə də Azərbaycan
dilinin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi
hər zaman dövlətimiz üçün prioritet olub. Azərbaycan
dilini xalqın ən böyük sərvəti hesab edən
ümummilli lider Heydər Əliyev
çıxışlarında hər zaman
vurğulayırdı ki, milli dövlət quruculuğu
prosesinin çox mühüm şərtlərindən biri
milli-ədəbi dil zəminində xüsusi rəsmi dil
üslubunun formalaşmasıdır. Bu zərurəti nəzərə
alan Heydər Əliyev 18 iyun, 2001-ci ildə “Dövlət dilinin
tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
fərman imzaladı ki, sözügedən sənəd həmin
dövrdə bu istiqamətdə atılan vacib addımlardan
biri idi. 2001-ci il, avqust ayının 1-dən isə latın
qrafikalı Azərbaycan əlifbasına keçilməsinə
qərar verildi. Ümummilli liderin “Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” 2001-ci il, 9 avqust tarixli fərmanı əsasında
xalqımızın əlamətdar bayramları
sırasına daha biri əlavə olundu.
S.İsmayılbəylinin fikrincə, hər bir vətəndaş,
vətənini, dövlətini, xalqını, millətini,
torpağını sevən tarixdən süzülüb gələn
dəyərlərini qoruyub saxlamalı və onu
yaşatmalı, yad təsirlərdən qorumalıdır.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 4 sentyabr(¹32).-S.9.