Şəfqət qüdrətli
şair
Vəznlər, misralar, qafiyələr, rədiflər
onun əlində çox itaətkar və sözəbaxan idi.
Müşfiq mahir bir sehrbaz kimi onları istədiyi şəklə
sala bilir, istədiyi kimi onlardan istifadə edirdi…
Akademik Məmməd Arif
“Müşfiq”- şəfqətli, mərhəmətli
deməkdir. Yazımı şəfqətlə
başlamağım heç də təsadüfi deyildir. Bəli,
Mikayıl Əbdülqədir oğlu İsmayılzadə
“Müşfiq” təxəllüsünü götürərkən
özünün qəlbən şəfqətli, mərhəmətli
ürəyə malik olmasına əsaslanırdı. O,
başdan-ayağa şəfqət mücəssəməsi
olmaqla, həm də xalqın qəlbində özünə əbədi
heykəl qoyan sənətkar idi.
Mikayıl Müşfiq - bu ad hər bir Azərbaycan vətəndaşının,
Azərbaycan oxucusunun sevdiyi, əsərlərini dönə -
dönə, sevə - sevə oxuduğu, fəxr duyduğu bir
şair, sənətkardır. Uzun onilliklər keçib, lakin
hər zaman o yad edilir, oxunur, sevilir. Bu onun şair qüdrətindən,
şair xoşbəxtliyindən xəbər verir. Əcəba,
nədir Müşfiqə olan bu dəyişməyən sevgi?
Onun kökündə görəsən nə durur? Bunun bir
cavabı var: fitri istedad, sənətə, sözə sevgi,
dürüstlük, kişilik-mərdlik, biriya. Mikayıl
Müşfiqin şəxsiyyətini,
yaradıcılığını təhlil edəndə əmin
olursan ki, o, ulu yaradanın bizə-bəşəriyyətə
bəxş etdiyi hədiyyəsidir. O, Allah vergisi,
seçilmişlərdəndir.
Müşfiq 29 il ömür sürdü. Lakin bu
qısa müddətdə on illəri, yüz illəri
adlayacaq bir ömür salnaməsi yaratdı. Çoxunun
arzusunda olduğu, uzun ömür sürərək nail ola bilmədiyi,
daim həsəd apardığı bir yüksək pilləyə
– klassik pilləsinə yüksəldi, özünün əbədi
imzasını yaddaşlara həkk elədi.
Müşfiq nadir söz sərraflarından idi. O,
qaynar bulaq, çağlayan dağ şəlaləsinə bənzəyirdi.
O, söz üçün məəttəl qalmaz, kasadlıq
çəkməzdi. Onun şeirlərində sözlər
mirvari kimi axırdı. O, daim söz axtarışında
olaraq yeni obrazlar yaratmaq iqtidarında, qüdrətində idi.
Mahir söz sərrafı olan Müşfiq sözü
sanki ram edir, onları mirvari kimi yan-yana düzür, rəqqas
kimi oynada bilirdi.
Müşfiqin şeir dili çox axıcı, həzin,
ürəyə yatımlı, oxucuya açıq, məhrəm
idi. Onun şeirləri oxucusuna təqdim edildiyi andan, insanların
qəlbinə nüfuz edir, onları
düşündürür, xoş ovqat bəxş edirdi.
O, dünya klassiklərinin, Azərbaycan klassik ədəbiyyatının
ənənələrindən məharətlə istifadə
edərək, köhnəliklə yeniliyin vəhdətindən
müasir ədəbiyyatımızın tələblərinə
uyğun bənzərsiz sənət nümunələri
yaratmışdır. Əsərlərində bənzərsizlik,
üslub xüsusi diqqət çəkirdi. Ədibin əsərləri
uşaqdan tutmuş böyüklərə, ixtiyarlara qədər
bütün təbəqələri əhatə edirdi. O,
hamının sevgisini qazanmışdı.
Bu gün də onun şeirlərini oxuyanda yeni mənaları,
yeni çalarları, sətiraltı mesajlarını,
çağırışlarını sezməmək
mümkün deyildir. Onun şeirlərində vətənpərvərlik,
lirizm də, bəşəri hiss və duyğular da var,
torpağa, anaya, övlada, millətə, həyata sevgi də
vardır. Uşaqların mənəvi, iç
dünyasına yaxından bələd olan həyatsevər
şairin uşaqlara həsr olunmuş şeirləri də
var, özünün də gənclik eşqi ilə
alovlanıb yandığı, mənsub olduğu gənclərə,
onların sevgi dünyalarına ünvanlanan romantik şeirləri
də vardır. Şux, axıcı qəzəlləri, sinəzən
tərzdə yazdığı şerləri də var, gözəl,
yaddaqalan poemaları da vardır. Başqa sözlə,
şeirlərinin hər biri bir ümmandır, bir xəzinədir.
Onların sehrinə düşmək isə özgə bir
xoşbəxtlikdir.
Şeirlərinin əksəriyyəti ölməz
mahnılara çevrilib. Bu, təsadüfi deyildir.
Çünki, Müşfiqin genində, qanında musiqi
mayası var idi. Həssas musiqi duyumuna malik olan Müşfiq
pianoda, tarda gözəl ifalar edərdi. Sanki, şeirlərini
özünün ifa etdiyi musiqi təranələrinin
müşayiəti ilə yazırdı. Təbii ki, bu
şeirlər asanca mahnıya çevrilirdi, könül
oxşayırdı. O, həmçinin, əsərlərində
ayrı-ayrı musiqi alətlərini də vəsf edirdi.
Tar, saz alətləri isə bu sırada xüsusi əhəmiyyət
kəsb edirdi. Bu alətlərə qanlı Sovet rejimi tərəfindən
qadağa qoyulduğu bir vaxtda Müşfiq
ölümünü gözünün qarşısına
alaraq bu alətlərin müdafiəsinə qalxdı, rejimə
üsyan etdi:
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim
Oxu, tar
Oxu, tar
Səni kim unudar?
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti.
Müşfiq ustad sənətkar, istedadlı qələm
sahibi, söz sərrafı, şair-tərcüməçi
idi. Sevilən pedaqoq kimi şagirdlərinin və müəllim
heyətinin sevimlisi idi. Bütün bunlarla yanaşı, o,
sözün əsl mənasında sədaqətli, vəfalı,
sabit qədəm dost idi. Ustadlarına, müəllimlərinə
hörmətlə yanaşar, onların yanından
ayrılmazdı. O, bütün şair və
yazıçılarla səmimi münasibət qurar, ünsiyyətdə
olardı. Lakin, Azərbaycan ədəbiyyatında mövcud
olmuş Cavid- Cavad-Müşfiq dostluğu isə sarsılmaz
dostluğun bariz nümunəsi idi. Həsəd
aparılası, üçünü də, belə demək
mümkünsə, məhvə aparan monolit dostluq.
Ölümünə imza atmaqla,
Müşfiq heç bir zaman dostlarına arxa
çevirmədi, onlara xəyanət etmədi, onları
satmadı. Bu, onun kişilik, mərdlik mücəssƏməsi
olmasından xəbər verirdi.
Müşfiq heç bir zaman sənətdə
konyukturanı sevməzdi. Sənətə təsadüfi gələnləri
qəbul etməzdi. Bunu onun şeirlərində apaydın
görmək mümkündür:
Şairə ilhamdan maya gərəkdir,
Anasız çocuğa daya gərəkdir.
Şairəm söyləyir yerindən duran
Adamın üzündə haya gərəkdir.
Bəli, Mikayıl Müşfiq gənc yaşında,
qarlı, şaxtalı bir qış günündə- 1938-ci
il yanvarın 6-da qətlə yetirildi. Əsərlərinə
qadağa qoyuldu. Əksəriyyəti məhv edildi.
Sağlığında on, ölümündən sonra on
birinci “Çağlayan” kitabı işıq üzü
gördü.
Bədxahları elə bildi ki, onu fiziki aradan
qaldırmaqla, ədibi Azərbaycan ədəbiyyatı tarixindən,
xalqın yaddaşından silə biləcəklər. Lakin
yanıldılar. Özləri tarixin zibilliklərinə
tullandılar. Lakin Müşfiq ölümü ilə
ölümsüzlük qazandı, xalqın ürəyində
əbədi heykəlini ucaltdı, ədəbiyyat tariximizdə
sönməz əbədi məşələ çevrildi.
Alovlu şair kimi könüllərə işıq
saçdı, onları sevgiyə, ülviyyətə, şəfqətə,
mərhəmətə, xoş gələcəyə səslənən
qiymətli sənət inciləri yaratmaqla, klassik kimi Azərbaycan
ədəbiyyatı tarixində özünün
cığırını açdı, özünün
ölməz, uca heykəlini ucaltdı, əbədi sönməz
məşələ çevrildi:
Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər,
şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!
Fiziki olaraq, bizi Müşfiqdən xeyli zaman
ayırır. Lakin, bu zaman bizi həm də Müşfiqə
yaxınlaşdırır, sanki Müşfiq hər gün
Günəş kimi doğur. Zaman nə olursa, olsun
Müşfiq xatırlanır, anılır, sevilir. Deməli,
o əbədiyaşardır. Heç bir zaman qocalmayan,
yaddaşlarda 29 yaşlı yaraşıqlı, həyatsevər,
gülərüz, şəfqət ürəkli, şəfqət
qüdrətli bir gənc kimi qalacaq klassik şairimiz
Müşfiq, ruhun şad olsun! Özün də dediyin kimi bəxtiyar
şairsən, bu bəxtiyarlıq sənin xalqına, millətinə,
vətəninə, dövlətinə, sənətinə olan
sonsuz sevginin, məhəbbətin təzahürüdür.
Solmaz, təravətli bahar kimi:
Həyatdan doymayan, işdən doymayan,
Əfsanə sözlərə məhəl qoymayan,
Könlünü, gözünü verib işinə,
Baxıb həyatının yüksəlişinə,
Xalqilə titrəyən, xalqilə gülən,
Vətənçin yaşayan, vətənçin
ölən
Səmimi bir insan nə bəxtiyardır!
Qafar Əsgərzadə
Əməkdar jurnalist, pedaqogika
üzrə fəlsəfə doktoru, dosent
Xalq Cəbhəsi .- 2025.- 9 yanvar(№1).- S.15.