Milli parklar, qoruqlar,
yasaqlıqlar - canlıların son sığınacağı
11 yanvar - Dünya Qoruqlar və Milli Parklar
Günüdür
Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə
həsr edilməsi təsadüfi deyil. Belə ki, 1917-ci il
yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir
heyvanların qorunması məqsədilə Baykal gölü
üzərində Barquzin Dövlət Qoruğu
yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət
Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən
qeyd olunur.
Azərbaycanda da ölkənin nadir təbiətinin
qorunması məsələlərinə böyük diqqət
yetirilir. Bununla yanaşı, yeni xüsusi mühafizə olunan
təbiət ərazilərinin yaradılması istiqamətində
işlər davam etdirilir, digər tərəfdən mövcud
olanların əraziləri genişləndirilir. Ümumiyyətlə,
xüsusi mühafizə olunan təbiət əraziləri
sayı azalmaqda və nəsli tükənməkdə olan
bitki və heyvan növlərini qorumağa hesablanıb.
Respublikamızda da xüsusi mühaifəzi olunan ərazilərin
yaradılması və onların vaxtaşırı genişləndiirlməsi
problemi dövlətin diqqət mərkəzindədir.
Xüsusi mühafizə olunan təbiət əraziləri Azərbaycan
respublikasının milli sərvətidir və xüsusi
ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir.
“Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikasının
Qanununa görə Azərbaycan Respublikasının ərazisində
məqsədindən, mühafizə rejimindən və istifadə
xüsusiyyətlərindən asılı olaraq xüsusi
mühafizə olunan təbiət əraziləri
aşağıdakı növlərə ayrılır:
dövlət təbiət qoruqları, o cümlədən
biosfer qoruqları; milli parklar; dövlət təbiət
yasaqlıqları; təbiət parkları; ekoloji parklar; təbiət
abidələri; zooloji parklar; nəbatat bağları və
dendroloji parklar; müalicə-sağlamlaşdırma yerləri
və kurortlar. Bunlar içərisində Dövlət Təbiət
qoruqları, Milli Parkları və Dövlət təbiət
yasaqlıqlarının xüsusi çəkisi daha
böyükdür.
Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə
edən mühafizə olunan təbiət əraziləri fəaliyyət
göstərir. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət
qoruğu, 24-ü dövlət təbiət
yasaqlığıdır. Ümumilikdə, xüsusi
mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin
10.31 faizini, ayrılıqda milli parklar ölkə ərazisinin
4.87, dövlət təbiət qoruqları 1.39, dövlət təbiət
yasaqlıqları isə 4.05 faizini təşkil edir. Milli
parklarımız Abşeron yarımadasında, ölkənin
şimal, cənub və qərb hissəsində yerləşməklə
rəngarəng biomüxtəliflik və landşaft komplekslərini
əhatə edir. Azərbaycanda ilk qoruq 1925-ci ildə
yaradılmış Göygöl Dövlət Təbiət
Qoruğudur.
Azərbaycanda xüsusi mühafizə olunan təbiət
ərazilərinin yaradılmasına 1910-cu ildən
başlanılıb. 3 min 500 hektar sahədə
yaradılmış Eldar şamı Botaniki
Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi
Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi
hesab edilir. İlk qoruq 1925-ci ildə yaradılmış
Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park
isə 2003-cu ildə yaradılmış Həsən
Əliyev adına Zəngəzur Milli Parkıdır. 2018-ci ildə
yaradılan ən sonuncu milli park isə 100 hektaradək ərazini
əhatə edən Qızılağac Milli Parkıdır.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən
Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında
“Zaqatala-Balakən bioloji rezervatı”nın və
Palçıq vulkanları qrupu Dövlət Təbiət
Qoruğunun bazasında geoparkların yaradılması təşəbbüsləri
irəli sürülüb. Hər iki layihənin icrası
davam edir. Həmçinin İlisu Dövlət Təbiət
Qoruğuna Milli Park statusunun verilməsi və Axar-baxar dağ
silsiləsində yeni Milli Parkın yaradılması
üçün işlər görülür. Bundan əlavə,
Acınohur çölündə milli parkın
yaradılması da planlaşdırılır.
2023-cü il sentyabrın 17-də UNESCO-nun
Ümumdünya İrs Komitəsi Azərbaycanın Hirkan
meşələrini UNESCO-nun Ümumdünya İrs
Siyahısına daxil edib.
Xüsusi mühafizə olunan təbiət ərazilərindən
- Bəsitçay, Qaragöl dövlət təbiət
qoruqları, Laçın, Qubadlı, Daşaltı, Arazboyu
dövlət təbiət yasaqlıqları işğaldan
azad edilmiş ərazilərdə yerləşir. Təəssüf
ki, 30 ilə yaxın davam edən işğal dövründə
həmin təbiət ərazilərinə ciddi ziyan vurulub.
Lakin torpaqlarımız işğaldan azad edilən kimi həmin
ərazilərdə yerləşən xüsusi mühafizə
olunan təbiət ərazilərinin də bərpası
istiqamətində işlərə başlanılıb. Belə
ki, ölkə başçısının müvafiq Sərəncamına
uyğun olaraq Bəsitçay Dövlət Təbiət
Qoruğunun yenidən bərpa olunması ilə bağlı tədbirlər
görülür. Ərazilər minalardan təmizləndikcə
digər qoruq və yasaqlıqların bərpası, həmçinin
onlara dəymiş ziyanın daha dəqiq hesablanması istiqamətində
tədbirlər davam etdiriləcək.
Milli parklar xüsusi mühafizə edilən təbiət
əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin
qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması istiqamətində Azərbaycanın
beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin
yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb
edir. Ölkə üzrə rəngarəng təbiət
komplekslərinə malik 10 milli park fəaliyyət göstərir
və hər gün ekoloji turizm həvəskarları
üçün açıqdır. Milli parklarda meşə,
dağ, dəniz və digər təbii ekosistemləri əhatə
edən 116 ekoturizm marşrutu mövcuddur.
Ötən il Azərbaycanın milli parklarını
260 mindən çox turist ziyarət edib. Ən çox ziyarətçiləri
olan milli parklar arasında ilk üçlükdə
Göygöl, Abşeron və Şahdağ milli parkları qərarlaşıb.
2024-cü “Yaşıl dünya naminə həmrəylik
ili”nin ilk bayram günlərində isə Azərbaycanın
müxtəlif ekosistemlərini əhatə edən milli
parklara 5005 turist səfər edib.
Qeyd edək ki, bu gün ölkə ərazisindəki
bütün milli parklarda “Açıq qapı” günü
elan olunub. Hər kəs Azərbaycanın müxtəlif
bölgələrində yerləşən milli parklara gəlməklə
burada füsunkar təbiət ərazilərindən zövq
ala və səmərəli gün keçirə bilərlər.
Kiçik addımlar atmaq və təbiətə
töhfə verə biləcək təşəbbüslərdə
iştirak etməklə biz hamımız təbiət ərazilərinin
qorunmasını və gələcək nəsillər
üçün davamlı olmasını təmin edə bilərik.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət
əraziləri şəbəkəsi 3 kateqoriyaya
bölünür: Milli parklar, Dövlət təbiət
qoruqları və Dövlət təbiət
yasaqlıqları.
Azərbaycanda qorunan ərazilərin
yaradılmasını şərti şəkildə 3 mərhələyə
bölmək olar: I mərhələ - ilk xüsusi mühafizə
olunan təbiət ərazisinin yaradılması (Eldar
şamı Yasaqlığı – 1910-cu il), II mərhələ
- qoruqların yaradılması (1925-1936-cı illərdə
Göygöl, Qızılağac, Zaqatala, Hirkan, 1958-1993-cü
illərdə Türyançay, Şirvan, Ağgöl, Pirqulu,
İsmayıllı, İlisu, Qaragöl yasaqlıqları), III
mərhələ - 2003-cü ildə ilk milli parkların
yaradılması.
Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə
edən mühafizə olunan təbiət əraziləri fəaliyyət
göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət
qoruğu, 24 dövlət təbiət
yasaqlığıdır. Ümumilikdə, xüsusi
mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin
10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87
%, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət
yasaqlıqları isə 4.05 %-ni təşkil edir. 2018-ci ilin
sentyabrında Xəzər dənizinin sahilində 99 min 060
hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət
Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli
Parkı yaradılıb. Hazırda isə “Zaqatala biosfer
qoruğunun yaradılması” layihəsi üzrə işlər
aparılır. Layihənin yekununda Zaqatala-Balakən regionunda
ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.
Milli parkların siyahısı:
Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı
Ağgöl Milli Parkı
Şirvan Milli Parkı
Hirkan Milli Parkı
Altıağac Milli Parkı
Abşeron Milli Parkı
Şahdağ Milli Parkı
Göy-göl Milli Parkı
Samur-Yalama Milli Parkı
Qızılağac Milli Parkı
Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin
sahəsi 594939,1 hektardır və ümumi ərazinin 7%-ni təşkil
edir.
Bununla yanaşı bir Qobustan Dövlət Tarixi-Bədii
Qoruğu və Bakı Dənizkənarı Milli Park (ərazisi
80 hektar) fəaliyyət göstərirlər.
Respublika rəhbərliyinin Azərbaycanın təbii
sərvətlərinin mühafizəsinə və
inkişafına dair tələblərin həyata keçirilməsi
ilə əlaqədar xüsusi mühafizə olunan təbiət
əraziləri şəbəkəsinin və həmin ərazidəki
bioloji müxtəlifliyin qorunması sahəsində
ardıcıl, məqsədyönlü və intensiv iş
aparılır.
Artıq Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq sərəncamları ilə
Türyançay Dövlət Təbiət Qoruğu, Pirqulu
Dövlət Təbiət Qoruğu, İsmayıllı
Dövlət Təbiət Qoruğu, Qarayazı Dövlət Təbiət
Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu əraziləri
36,6 min ha. genişləndirilib və həmin qoruqların
ümumi sahəsi 70,7 min ha çatdırılıb,
Naxçıvan MR-da Ordubad Milli Parkı (12131 ha.) və
Şahbuz Dövlət Təbiət Qoruğu (3139 ha.),
Şirvan Milli Parkı (54374 ha.), Ağ-göl Milli Parkı
(17924 ha.), Hirkan Milli Parkı (21435 ha.), Altıağac Milli
Parkı (11035 ha.), Abşeron Milli Parkı (784 ha.), Eldar
Şamı Dövlət Təbiət Qoruğu (1686 ha.), Qax
rayonunda Qax Dövlət Təbiət Yasaqlığı (36836
ha.) yaradılıb. Qeyd edək ki, sonuncu milli park olan
Qızılağac Milli Parkı 2018-ci il Prezident İlham
Əliyevin imzaladığı Sərəncama əsasən
yaradılıb.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 9 yanvar(№1).- S.9.