Cümhuriyyət
dövründə Qarabağ və Zəngəzurda siyasi vəziyyət
Arxiv sənədləri və “Azərbaycan” qəzetinin
(1918-1920) materialları əsasında
...Yelizavetpol quberniyasının (Gəncə) ən
çox ziyan çəkən qəzasının biri də
Şuşadır. Komissiya Şuşa qəzası üzrə
– 11 qərar layihəsi hazırlayıb (ARDA, f. 100, siy. 2,
iş 791, v. 106-107). Komissiyanın məruzəsində
şahidlərin ifadələri əsasında ermənilərin
Şuşa qəzasında törətdikləri cinayətlər
27 maddədə sadalanıb. Şahidlərin ifadələrinə
görə 1918-ci ilin dekabrında ermənilər 2-ci polis sahəsinə
daxil olan Qoqa kəndinin azərbaycanlılar yaşayn 55 evdən
ibarət malikanələri dağıdaraq
yandırmışdılar. Mülkədar Cavanşirin malikanəsi
də dağıdılıb, yandırılıb, ailə
başçısı Əsəd Ağa Cavanşiri, onun
oğlu Soltan ağanı, qızı İranə Bəyimi,
qardaşı qızı Fatma Bəyim Cavanşiri, ev
qulluqçusu İncə İbad qızını, nökərləri
Allahverdi Əziz oğlunu, İsa Abış oğlunu və Vəli
Kərbalayı Ələsgər oğlunu öldürüb
(8 nəfər – V.Ş.), ölüləri təhqir edərək
onları soyundurub sonra da xəncərlə doğrayıblar.
1919-cu ilin may ayına qədər Tuğ mülkədarı
Ağa bəy Məlik-Aslanovun üzərinə hücum edən
ermənilər onu öldürüb, əmlakını
müsadirə ediblər. Tuğ sakini Güldəstə
xanım Nəcəf bəy qızını da döyə-döyə
öldürüblər. Tuğ yolunda ermənilər Novruz
Qasım oğlunu və mülkədar Səlim bəy Məlik-Aslanovu
qarət edir və sonra isə döyərək
öldürmüşdülər (Tuğ kəndinin 4 nəfər
sakini öldürülür – V.Ş.). 1919-cu il martın 9-da
ermənilər Şuşa şəhərinə yaxın
şose yolunda 4 nəfər azərbaycanlı əsgəri
soyunduraraq güllələyib və 3 nəfərin
ölüsünü isə gizlətmişdilər (7 nəfər
öldürülmüş – V.Ş.).
FTK-nın sənədlərində Zəngəzur qəzası
üzrə 55 qərar layihəsi qəbul edib. Arvix sənədlərində
bu qəzada 115 müsəlman kəndinin ermənilər tərəfindən
dağıdılaraq yer üzündən silindiyi qeyd olunub.
Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276
qadın və 2196 uşaq öldürülməsi, 1060
kişi, 794 qadın və 485 uşaq yaralanması göstərilmişdi
(erməilər tərəfindən öldürülən və
yaralanan türk-müsəlmanlar, cəmi 10068-V.Ş.) (ARDA,
f.894 (AXC Daxili İşlər Nazirliyinə aid), siy.4, iş
104; siy.10, v. 1).
Lakin müzəffər Azərbaycan ordusu düşmən
hücumunun qarşısını alıb və onları
torpaqlarımızdan qovub. Bu qələbədən sonra Ermənistanın
hərbi təcavüzündə iştirak etməyən erməni
əhalisi AXC hakimiyyətini, üçrəngli
bayrağımızı tanıdığını və
dövlətimizin himayəsi altında Qarabağda sülh və
təhlükəsizlik şəraitində yaşamağa
razı olduqlarını bildirmişdilər.
Məhz AXC hökumətinin apardığı
doğru-dürüst xarici siyasət nəticəsində,
birinci dünya müharibəsində qalib gəlmiş
dövlətlərin səlahiyətli nümyəndələri
də (Müttəfiqlərin Cənubi Qafqaz üzrə
nümayəndəsi General Tomson, o cümlədən müttəfiq
qoşunlarının komandanı D.Şatelvorq) Qarabağ
torpağının Azərbaycan məxsus olduğunu təsdiqləmişdilər.
Onlar erməni silahlı dəstələrinin Qarabağdan
çıxarılmasını tələb etmiş və
buna qismən də olsa nail olmuşdular. İkincisi, AXC
Qarabağda general-qubernatorluq idarəetmə üsulu
yaratmış və Xosrov bəy Sultanovu oraya qubernator təyin
etmişdir. Azərbaycan hokumətinin oz tarixi ərazisində
general qubernatorluq yaratması və X.Sultanovun oraya başcı
təyin edilməsindən sonra Ermənistan hökuməti
öz etirazını bildirmişdi (ARDA, f.970 (AXC Xarici
İşlər Nazirliyinə aid), s.l, iş 152, v.1-2; ãàç.
Àçåðáàéäæàí, 28, 31 ÿíâàðÿ 1919).
Bütün bunlara baxmayaraq, AXC tərəfindən
general-qubernatorluğun yaradılması ilə Qarabağda əmin-amanlıq
yaranmış, azərbaycanlıların soyqırıma məruz
qalmasının, onlara məxsus əmlakların qarət
olunmasının, evlərin yandırılmasının, o
cümlədən mədəni-tarixi abidələrin məhv
edilməsinin qarşısı almışdır.
Məlumdur ki, AXC-nin hakimiyyəti dövründə
Xankəndində, Əsgəranda, Şuşada və
Qarabağın başqa ərazilərində Azərbaycan
ordusuna məxsus hərbi qarnizonlar var idi. Azərbaycan ordusu
müstəqil Respublikamızın sərhədlərini
qorumaqla yanaşı, Qarabağda sülh və əmin-amanlığı
təmin etmişdir. Bununla bağlı, o dövrdə rəsmi
dövlət qəzeti olan “Azərbaycan” qəzetinin səhifələrində
diqqəti cəlb edən məlumatlara rast gəlmək
mümkündür. Həmin məlumatları oxuyandan sonra bir
daha yəqin edirsən ki, ermənilərin bütün təxribatlarına,
hərbi təcavüzlərinə baxmayaraq, Azərbaycan ordusu
düşmənə layiqli cavab vermiş, öz ərazi
bütövlüyünü qoruyub saxlamış və
Qarabağın azlıqda olan erməni əhalisi Azərbaycan
hökumətini tanıdığını bəyan
etmişdir.
Məsələn, “Azərbaycan” qəzetinin (rus dilində)
1919-ci il 3 avqust tarixli sayında həmin günlərin hadisələrini
özündə əks etdirən “Baş nazir və hərbi
nazir Qarabağda” başlığı altında çap olunmuş
yazıda maraqlı məlumatlar yer almışdır (həmin
məlumatlar “Azərbaycan” qəzetinin xüsusi müxbirinin qəzetə
ünvanladığı teleqramda öz əksini
tapmışdır). Məlumatda AXC-nin baş naziri Nəsib bəy
Usubbəyov, hərbi nazir Səmədbəy Mehmandarov və Gəncə
qubernatoru Xudadat bəy Rəfibəyli ilə birgə iyul
ayının 29-da Qarabağa gəlmələri, Xankəndində
Azərbaycan əsgər və zabitlərinin hərbi
paradına, eyni zamanda hərbi hissənin zabitlərin də
iştirak etdiyi idman yarışına tamaşa etmələri
qeyd olunmuşdur. Hərbi nazir Səmədbəy Mehmandarov bu tədbirdən
çox razı qalmış və hərbi hissənin rəisinə
və zabitlərinə öz təşəkkürünü
bildirmişdir. Tədbirdə çıxış edənlər
Vətənin çiçəklənməsinə yönəlik
və Cümhuriyyət rəhbərliyinin ünvanına
xoş sözlər demiş və bu sözlərdən sonra
hər dəfə yüksəkdən “ura” səsləri
eşidilmişdir. Həmin yazıda qeyd olunurdu ki, Xankəndindəki
tədbirdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin
nümayəndə heyəti iyul ayının 30-da, səhər
saat 10-da Şuşa şəhərinə gələrək
orada yerli əhali ilə görüşlər
keçirmişdilər. Həmin günü Şəhərin
qala divarları yaxınlığındakı evlər,
bazarlar zəfər tağları ilə, əsas küçələr
isə xalçalar, çiçəklər və bayraqlarla
bəzədilmişdir. Şəhərin girişində din
xadimləri (erməni keşişləri də
qarşılayanlar arasında aktiv görünürdülər)
və əhali onları duz-çörəklə
qarşılamışdılar. Bu görüşdən sonra
Şuşanın “Azadlıq” adlana meydanında Azərbaycan
ordusunun təntənəli hərbi marşı olmuşdur.
AXC-nin hökümət kabinetinin və parlament
iclaslarında Qarabağ məsələsi daimə diqqət mərkəzində
saxlanılmışdır.
Məsələn, 1919-cu il dekabrın 22-də
parlamentdə çıxış edən yeni hökumətin
baş naziri N.B.Yusifbəyov parlament üzvləri
qarşısında öz hökumətinin fəaliyyət
proqramını açıqlayarkən əsas məsələ
kimi Qarabağ məsələsindən də bəhs
etmişdir. O, öz çıxışında
bildirmişdir ki, Qarabağın 2/3 hissəsi bizim əlimizdə,
Zəngəzur qəzasının yarısı isə erməni
üsyançılarının əlindədir. Biz bu məsələni
dinc yolla həll etməyin tərəfdarıyıq və
böyük dövlətlərin nümayəndələri
bunu dəstəkləyir. Biz sülhün əleyhinə
deyilik. Biz bütün məsələlərin həlli vasitəsini
sülhdə görürük. Buna görə də biz bu məsələləri
dinc yolla həll etməyə hazırıq (ARDA. F. 894 (AXC
Daxili İşlər Nazirliyinə aid), siy. 10, iş 37, v.3-5).
AXC ərazi məsələlərinə münasibətdə
reallıqlardan çıxış etmək tərəfdarı
idi. Cümhuriyyətin xarici işlər nazirliyinin məlumatına
görə 1919-cu ilin axırlarında Azərbaycan
Cümhuriyyətinin ərazisi 113.9 min kv.kilometr idi ki, ondan 16,6
min kv.kilometri mübahisəli ərazilər hesab olunurdu.
Ərazi və sərhəd məsələləri ilə
əlaqədar Azərbaycanla Gürcüstan arasında gedən
danışıqlar nəticəsində ümumi
razılığa gəlmək mümkün olunsa da, Ermənistanla
heç cür razılığa gəlmək mümkün
olmamışdır (Azərbaycan Xalq Cümhuriyyəti
(1918-1920), Parlament (Stenoqrafik hesabatlar). I cild.-Bakı, “Azərbaycan”
nəşriyyatı, 1998, 976 s. S. 10).
Yuxarıda qeyd olunduğu kimi AXC-nin hakimiyyəti
dövründə (1918-1920-ci illər) Ararat (Ermənistan)
Respublikasının silahlı qüvvələri Qarabağ
torpağını ələ keçirmək
üçün dəfələrlə hərbi təcavüz
etmiş, lakin müzəffər Azərbaycan ordusu düşmən
hücumunun qarşısını almış və
onları torpaqlarımızdan qovmuşdur. Bu qələbədən
sonra Ermənistanın hərbi təcavüzündə
iştirak etməyən erməni əhalisi AXC hakimiyyətini,
üçrəngli bayrağımızı
tanıdığını və dövlətimizin himayəsi
altında Qarabağda sülh və təhlükəsizlik
şəraitində yaşamağa razı olduqlarını
bildirmişdilər.
Ümumiyyətlə, Cümhuriyyət dövründə
Gəncə (Yelizavetpol) quberniyasına daxil olan Zəngəzur,
Cavanşir Cəbrayıl və Şuşa qəzaları Azərbaycanın
ayrılmaz hissəsi olaraq qalırdı.
Lakin 1920-ci il aprelin 28-də rus ordusu Azərbaycanı
işğal etdikdən sonra RSFSR hökuməti Zəngəzurun
bir hissəsini ermənilərə verdi. Eyni zamanda
Qarabağı iki hissəyə paçalayaraq (dağlıq və
aran Qarabağ), gələcəkdə ermənilərə
vermək üçün, onun dağlıq hissəsində
erməni əhalisinin sayı süni olaraq
artırıldı. Bu da sonralar, yəni 1923-cü ildə
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına və
1988-1994-cü illərdə isə rus ordusunun köməyi həmin
ərazilərin ermənilər tərəfindən tamamilə
işğal olunmasına gətirib çıxartmış və
minlərlə dinc azərbaycanlı soyqırıma məruz
qalmasına səbəb olmuşdur.
Lakin Müstəqil Azərbaycan hökumətinin həyata
keçirmiş olduğu doğru-dürüst daxili və
xarici siyasət nəticəsində, 2020-ci ilin sentyabr-noyabr
aylarında, eləcə də 2023-cü ilin sentyabr ayında
antiterror əməliyyatı zamanı Azərbaycan ordusu erməni
işğalçılarını torpaqlarımızdan
qovaraq Qarabağ üzərində Azərbaycanın suveren
hüquqlarını tamamilə bərpa etmiş oldu.
Vaqif Şirinoğlu
Tarix elmləri doktoru
Xalq Cəbhəsi .- 2025.- 16 yanvar(¹2).- S.14.