İranın anti-Azərbaycan
siyasəti iflasa uğrayıb
Maşallah Rəzmi: “Tehranın əsəbləşməsinin
kökündə Suriyadakı məğlubiyyət dayanır”
Kərim Əsğəri: “Amulinin məlum təhqirləri
onun fikri deyil, Tehranın proqramıdır”
İranın ölkəmizə qarşı sərt
ritorikası Azərbaycanın müstəqil dövlət kimi
həzm olunma prosesinin hələ də Tehranda başa
çatmaması ilə əlaqədardır. Bununla
bağlı İrandan dəfələrlə reflekslər
görmüşük.
Ötən il dekabrın 19-da İran rəhbəri
Əli Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi
və Ərdəbilin cümə imamı Seyid Həsən
Amuinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının
“Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə
Azərbaycana və dövlət başçısına
qarşı təhqiramiz ifadələrin səsləndirilməsi
də bunlardan biridir. Lakin elə o, İran tərəfindən
tənqidlərə məruz qalıb. Proses Azərbaycan
Prezidenti İlham Əliyevin Amulinin iştirakı ilə 29
dekabrda keçirilən mərasimdə Azərbaycan və
Türkiyəyə qarşı işlədilən təhqiramiz
ifadələrə görə İran hakimiyyətini tənqid
edən açıqlamasından sonra başlayıb.
Güney Azərbaycan İranın ali rəhbərinin
Ərdəbil vilayəti üzrə nümayəndəsi,
Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin və
əlaltılarının bəyanatlarına cavab verib.
"Azad İran" teleqram kanalına istinadən xəbər
verir ki, Təbrizdə Azərbaycan Prezidenti İlham Əliyev
və Türkiyənin dövlət başçısı Rəcəb
Tayyib Ərdoğanın şəkilləri şəhərin
müxtəlif yerlərində divarlara vurulub. Fotoların
üzərində "Yaşasın Qarabağ qəhrəmanı
Əliyev başqan!" və "Yaşasın Şam fatehi
Ərdoğan rəis!" yazılıb.Güney Azərbaycan
Milli Hərəkatının fəalları belə bir etiraz
aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının
Azərbaycan və Türkiyə liderlərinə qarşı
təhqiramiz ifadələrinə öz etirazlarını
bildiriblər. Eyni zamanda Türkiyə və Azərbaycana dəstəklərini
bəyan etməyə çalışıblar.
İanın “Cümhuri İslam” qəzeti Ərdəbildə
keçirilən mərasimə və orada səsləndirilən
ifadələrə qarşı çıxıb, bunun
qonşu ölkələrlə münasibətlərin gərginləşməsinə
xidmət etdiyini yazıb:
“Əldə edilən məlumatlar göstərir ki, məsələ
Bakı rəsmilərini təhqir etməkdən, siyasi təhqirdən
də artıq olub. Burada işlədilən ifadələr əxlaq
və ədəb qaydalarına, o cümlədən şəriət
qanunlarına da ziddir”.
“Cümhuri İslam” qəzeti Səfəvi-Osmanlı
arasında baş verən Çaldıran müharibəsinin
üstündən 5 əsr keçdiyini xatırladıb və
“Çaldıran şəhidləri” adı altında baş
tutan mərasimin lazımsız olduğunu bildirib, bunun
başqa məqsədlərə xidmət etdiyinə diqqət
çəkib.
Qəzet Həsən Amulinin əyalətin mədəni
hadisələri ilə bağlı baş verənlərə
cavabdeh olduğunu xatırladıb, onun belə bir tədbir təşkil
etməsinin, tədbirdə nalayiq ifadələrin işlədilməsinə
göz yummasının başadüşülən
olmadığını qeyd edib.
İranın bir sıra digər media qurumları da bu
mövqeyi nümayiş etdirib.
Bunun ardınca isə bəzi rəsmilər sosial
şəbəkələrdə Amuliyə dəstək
kampaniyasına start veriblər. Kampaniyaya SEPAH-a bağlı “Bəsic”
(könüllülər ordusu) üzvləri, bir qrup fars millətçisi
və bir neçə millət vəkili qoşulub. Təbrizdən
İran parlamentinə göndərilən və Azərbaycana
qarşı çıxışları ilə tanınan
Ruhullah Mütəfəkkir Azad da kampaniyanın önündə
gedənlərdəndir.
Ərdəbil əyalətinin İslami Təbliğat
Təşkilatı da Həsən Amuliyə dəstək
paylaşımı edib, ona və onu cümə imamı təyin
edənə uğurlar arzu edib.
Cümə imamına dəstək kampaniyası
Güney Azərbaycan şəhərlərində etirazlarla
qarşılanıb. Ərdəbilli sosial media istifadəçiləri
paylaşımlarında Həsən Amulinin Ərdəbil
adından danışmasına, Ərdəbilin onunla
tanınmasına görə utandıqlarını
yazıblar.
Qeyd edək ki, Həsən Amuliyə dəstək verən
millət vəkili Ruhullah Mütəfəkkir Azad İran
Prezidenti Məsud Pezeşkianın əleyhdarlarından hesab
edilir. O, prezident seçkiləri zamanı mühafizəkar
siyasi cərəyana mənsub şəxslərlə eyni cərgədə
dayanıb, Pezeşkianın rəqibi Səid Cəlilini dəstəkləyib.
Buna görə, təbrizlilər ona qarşı bəyanatlar
yayıb, onun Təbrizi təmsil etmədiyini, hakimiyyətin
mühafizəkar qanadının dəstəyi ilə parlamentə
təyin olunduğunu bildiriblər.
Fransada yaşayan Güney Azərbaycan milli hərəkatı
üzrə ekspert, "Ərk" İnsan Hüquqlarının
Müdafiəsi Təşkilatının həmtəsisçisi
Maşallah Rəzmi "Xalq Cəbhəsi"nə deyib ki,
İranın antiAzərbaycan təbliğatına
başlaması Tehranın Suriyadakı siyasətinin
iflasından doğub. O, qeyd edib ki, İran 13 il Suriyada
münaqişədə oldu, 6 min fars öldü, 50 milyard
dollar xərclənib. Nəhayət, çox
biabırçılıqdan oradan kənara atılıb. Orta
Şərqdə qüdrətli dövlətlər
arasındakı balans Türkiyənin xeyrinə, İranın
zərərinə dəyişdi. İranın əsəbləşməsi,
ona, buna daş atmasının kökündə bu dayanır:
“Özləri də deyirlər, yazırlar ki, Türkiyə
Suriyada İranın yerini tutub və orada dayanmayacaq, Qafqazda da
İranın təsirini əlindən alacaq. Eyni zamanda Zəngəzur
dəhlizinin açılması ilə Türkiyə İrana
böyük zərbə vuracaq. Deyirlər ki, Ərdoğan bu
fürsətdən istifadə edib Zəngəzur dəhlizini
açmaqla Azərbaycana yardım etsə İran geopolitik sahədə
mühasirəyə düşür. İran
çalışırdı ki, Azərbaycan və Mərkəzi
Asiya ölkələrində öz təsir güclərini
yaratsın, amma Zəngəzur dəhlizinin
açılacağı ilə türk dünyasının
birləşməsi Tehranın bu planını alt-üst edir.
Ərdəbildə Azərbaycan və Türkiyə Prezidentlərinin
təhqir edən Amili heç kimdir, hesaba qoyulan adam deyil. Amma
onun kənarında livanlı olduğunu, Livanın
"Hizbullah"a bağlılığını,
Pasdaranın Qüds şaxəsinin üzvülüyü təhlükəsi
var. Amulini Ərdəbilə molla təyin ediblər ki,
türk dilindən istifadə edib Şimali Azərbaycanda
yaşayanlar arasında fitnə yaratsın. Amulinin hədyanlar
Livanda, Suriyada."Hizbullah"ın məğlubiyyəti ilə
bağlıdır. İran Suriyada məğlubiyyətini həzm
edə bilmir, İranda bu məğlubiyyəti Çaldıran
döyüşü ilə müqayisə edirlər. Deyirlər
ki, 1514-cü ildə Osmanlı imperiyasının Səfəvi
imperiyası üzərində necə qələbə
qazanıblarsa, Suriyada da Ərdoğan Xamenei üzərində
elə qələbə qazanıb.
Mən Pezeşkianı 46 ildir tanıyıram., onun fəaliyyəti
ilə bağlı çox yazı yazmışam, həm Azərbaycan,
həm İran mətbuatında dərc olunub. Pezeşkian
İranı böhrandan çıxarmaq üçün gəlib,
lakin onun bu sahədə heç bir proqramı yoxdur. Türk
ölkələri ilə münasibət qurmaq, müstəqil
siyasət aparmağa səlahiyyəti və gücü
yoxdur”.
Türkiyədə yaşayan güneyli siyasi şərhçi
Kərim Əsğəri isə deyib ki, İranın Azərbaycana
qarşı düşmənçiliyi fərqli tribunalardan səsləndirilir.
Bunun da əsasında Cənubi Azərbaycan məsələsi
dayanır: “Bu gün İran müstəqil Azərbaycanın
güclənməsindən, bütövləşəcəyindən
ehtiyat edir, axı Azərbaycanın torpağının
çox hissəsi İrandadır. İran bundan qorxur. Sovetlər
birliyi dağılandan sonra İran Şimali Azərbaycanı
hər zaman özünə təhdid olaraq görüb.
Amulinin çıxışlarının arxasında həmin
bu qorxu var. Amuli İranın birinci şəxsi Xamenei tərəfindən
ora təyin edilib. İranın vilayətlərində fəaliyyət
göstərən ayətullahlar, dini liderlərin namaz cümlələrində
danışdıqları söhbətlər bir həftə
öncə Tehranda hazırlanır. Amulinin məlum təhqirləri
onun fikri deyil, Tehranın proqramıdır. Amulinin yerinə gələn
başqaları da eyni siyasəti həyata keçirəcəklər.
Azərbaycan nə qədər desə də mənim İran ərazisində
gözüm yoxdur, Tehran bunu qəbul etmək istəmir.
İranda azərbaycanlıların sayı digər millətlər
kimi az olsaydı, o zaman bu düşmənçilik olmazdı.
Nə qədər ki, Cənubi Azərbaycan faktoru vat,
İranın Azərbaycana qarşı düşmənçilik
siyasəti davam edəcək. Azərbaycana qarşı
düşmənçilik siyasəti Amulinin ağzı ilə
deyil, əməldə də göstərilib. İran həmişə
işğalçı Ermənistanı dəstəkləyib,
şükürlər olsun Qarabağ tam azad olunsa da Tehran hərdən
Azərbaycana diş qıcayır”.
Siyasi şərhçi Əkrəm Bəydəmirlinin
fikrincə, İranda prezident seçkilərində
islahatçı Məsud Pezeşkianın qalıb gəlməsi
geniş ictimaiyyətdə, beynəlxalq aləmdə müsbət
əhval-ruhiyyə yaratmışdı. Təbii ki, cəmiyyət
hər zaman yeniliyə, həyat şəraitinin
yaxşılaşmasına can atır. Ona görə,
İranda islahatçı qanadın qalib gəlməsi,
xüsusilə yeni prezidentin türk olması müsbət
tendensiyanı gücləndirmişdi. Amma son dövrlər
adıçəkilən ölkənin mühafizəkar qanadının
Anti-Azərbaycan, antitürk çıxışları
Prezident Məsud Pezeşkiana olan ümidləri kölgədə
qoyur.
O, qeyd edib ki, bir zamanlar bizdə ümid
yaranmışdı ki, prezident Məsud Pezeşkian türk
olaraq güclənən Türk dünyası ilə səmimi
əməkdaşlığa, Azərbaycan Respublikası ilə
qarşılıqlı əlaqələrin möhkəmlənməsinə
öz töhfəsini verəcək. İranda yaşayan 40
milyona yaxın azərbaycanlının öz dillərində
təhsil hüquqlarının təmin edilməsinə nail
olacaq. Çünki böyük bir əhalinin öz ana dilində
təhsil alması tarixi nailiyyət olar. Digər tərəfdən
prezident Məsud Pezeşkian Azərbaycan və Türkiyə
vasitəsilə nəhəng tranzit layihələrə
qoşulmaq şansını dəyərləndirməklə
İranı çox ağır iqtisadi böhrandan xilas
etmiş ola bilərdi:
"Reallıq başqa mənzərəni
ortalığa çıxarır. Bu da ondan ibarətdir ki,
prezident Məsud Pezeşkianın islahatçı
ideyalarını gerçəyə çevirmək
mühafizəkar rejimin marağında deyil. Bütün bunlar
onu göstərir ki, İran siyasətində
işıqlı nöqtələri söndürməyə
çalışırlar. Mühafizəkar qanadın
davranışı onu göstərir ki, bu ölkənin hədəflərində
inkişaf, islahat, Azərbaycanla normal qonşuluq yaratmaq istəyi
deyil.
Təəssüf ki, həmin qüvvələr nəinki
Azərbaycanın inkişafını, hətta
mövcudluğunu qəbul edə bilmirlər. İranın Ermənistandakı
ermənibaş səfirinin, əyalət mollasının və
digərlərinin Anti-Azərbaycan
çıxışları bitmir.
Onu da qeyd etmək lazımdır ki, dünyada geosiyasi
proseslər sürətlə dəyişir. ABŞ-ın yeni
prezidenti Donald Trampın taxta çıxması bu
tendensiyanı daha da gücləndirəcək. Regionda baş
verə biləcək təhlükəli proseslərdən İranın
qurtulub və yaxud qurtulmayacağını isə demək
çətindir".
Cavid
Xalq Cəbhəsi .- 2025.- 16 yanvar(¹2).- S.8.