“Vikipediya”nın
yaranmasının 24 ili tamam olur
Son illər ölkədə sərbəst ensiklopediya
olan “Vikipediya”ya maraq artıb
Bu gün dünyanın ən zəngin elektron
ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 24 ili
tamam olur. Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya
Günü kimi qeyd olunur.
“Vikipediya” internetdə azad şəkildə
yayımlanan, dünyanın 318 dilində mövcud olan, viki
texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər
tərəfindən inkişaf etdirilən ensiklopediyadır.
Azad dedikdə, “Vikipediya”dakı məlumatların
oxunmasının və istifadəsinin azadlığı ilə
yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə
tutulur.
İnternetdə uğurla reallaşdırılan və
milli maraqlar baxımından mühüm əhəmiyyət kəsb
edən Vikipediya onlayn ensiklopediyası 2001-ci il yanvarın 15-dən
fəaliyyətə başlayıb və qısa müddət
ərzində internetin ən populyar layihələrindən
birinə çevrilib. Vikipediya bu gün dünyanın ən
nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən
biridir.
ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru
Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən
təsis olunmuş Vikipediya bu gün internet məkanında fəaliyyət
göstərən yüz milyonlarla sayt sırasında istifadəçi
və müraciətlərin sayına, informasiyanın həcminə
görə ən yüksək reytinqə malikdir. Vikipediyaya
müraciət edənlər buradan yalnız ensiklopedik məlumatlar
deyil, eyni zamanda səhifələrə daxil edilmiş
media-fayllar, animasiyalı sxemlər,
üçölçülü obyektlər, interaktiv
panoramlar da əldə edirlər.
Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları
İnstitutunda 2007-ci ildən Vikipediya ilə bağlı elmi tədqiqatlara
və praktiki fəaliyyətə başlanılıb.
15 yanvar 2014-cü il tarixində AMEA Rəyasət Heyəti
“Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin,
milli-mənəvi dəyərlərin təsbit olunması,
qorunması və inkişafında alimlərin vəzifələri
haqqında” Qərar qəbul edib. Həmin Qərara uyğun
olaraq, 2014-cü ildə AMEA-nın bütün elmi müəssisə
və təşkilatlarında viki-qruplar, İnformasiya
Texnologiyaları İnstitutunda isə Viki Mərkəz
yaradılıb. Viki Mərkəz tərəfindən viki-qrup
üzvlərinə nəzəri və praktiki biliklər tədris
edilib.
Viki-Mərkəzin qarşısına AMEA-nın elmi
müəssisə və təşkilatlarında fəaliyyət
göstərən viki-qruplara cəlb edilmiş əməkdaşlara
virtual ensiklopediyanın müxtəlif layihələri üzrə
fəaliyyət göstərmələri üçün bir
sıra vəzifələr qoyulub: zəruri biliklərin tədrisi
və praktiki bacarıqların aşılanmasını nəzərdə
tutan treninq kurslarının təşkili, vikimetrik
araşdırmaların genişləndirilməsi,
viki-mühitdə Azərbaycanla bağlı kontentlərin
monitorinqi, dezinformasiya və informasiya qarşıdurmaları
kimi faktların aşkarlanması. Viki-Mərkəz həm də
Azərbaycan Respublikasının milli maraqlarının
qorunması, ölkəmizə qarşı real və potensial
təhlükə mənbələrinin vaxtında aşkar edilməsi,
Azərbaycanın tarixi həqiqətlərini, müasir
reallıqlarını, mədəni və mənəvi dəyərlərini
əks etdirən kontentlərin viki-mühitdə yerləşdirilməsinin
təşkilində iştirak edir.
Hazırda Viki Mərkəz aşağıdakı
geniş istiqamətlər üzrə çox məhsuldar
şəkildə fəaliyyət göstərir:
- Tədris fəaliyyəti. 2008-2019-cu illərdə
minlərlə doktorant və dissertanta, 2014-2019-cu illər ərzində
150-ə yaxın viki-qrup üzvünə, dövlət və
media qurumlarının əməkdaşlarına “Vikipediya
ensiklopediyasının nəzəri və praktiki əsasları”
kursu tədris edilmişdir. Hazırda institutda təhsil alan
magistrantlara müvafiq kurs tədris edilir. Müraciətlər
əsasında müxtəlif müəssisə və təşkilatların
əməkdaşları üçün bu cür kurslar təşkil
edilə bilər.
- Beynəlxalq təcrübənin öyrənilməsi.
Vikipediyanın Azərbaycan seqmentində mövcud problemləri
həll etmək və inkişafa nail olmaq üçün bu
sahədə aktiv fəaliyyət göstərən, qısa
müddər ərzində müəyyən nəticələr
əldə edən ölkələrin təcrübəsi
öyrənilir, müvafiq analizlər aparılır, təkliflər
işlənilir.
- Monitorinq fəaliyyəti. Vikipediyanın Azərbaycan,
ingilis, rus, türk dili seqmentlərində milli
maraqlarımıza zidd olan kontentlərin müntəzəm
monitorinqi və analizi aparılır, müvafiq hesabatlar
hazırlanır.
- Məsləhət xidməti. Müxtəlif təşkilatların
və şəxslərın müraciətləri əsasında
onlara Vikipediyada işləmək qaydaları,
qarşılaşdıqları problemlərlə bağlı
lazımi elmi məsləhətlər verilir. Azərbaycanın
görkəmli şəxslərinin səhifələrinin
yaradılmasına, kitablarının yerləşdirilməsinə
dəstək göstərilir.
- İnformasiya təminatı fəaliyyəti.
Viki-texnologiyalardan istifadə etməklə Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması
üçün viki-mühitin zəruri kontent təminatı
həyata keçirilir. Bu istiqamətdə işlər “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində
yerinə yetirilir.
- Təbliğat fəaliyyəti. Vikipediya
ensiklopediyasının Azərbaycan cəmiyyətində
tanınması üçün müxtəlif konfranslarda,
forumlarda, televiziya və radio kanallarında, çap və elektron
media resurslarında təbliğat-təşviqat işləri
aparılır. Bu istiqamətdə işlər “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində
yerinə yetirilir.
- Elmi-tədqiqat fəaliyyəti. Vikipediya
resurslarında toplanmış qeydiyyat məlumatlarının
analizi (vikimetriya) aparılır, gizli sosial şəbəkələr
aşkarlanaraq təhlil olunur və s. Tədqiqatların nəticələri
kimi müxtəlif nüfuzlu elmi jurnallarda 13 məqalə nəşr
olunub, 10 tezis hazırlanıb və müxtəlif beynəlxalq
və respublika səviyyəli elmi konfranslarda təqdim edilib.
Bunlardan başqa, 3 kitab nəşr olunub. Eyni zamanda, Viki Mərkəzin
əməkdaşları tərəfindən 2016-cı ildə
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fonduna təqdim edilən “Vikipediya virtual
ensiklopediyasının monitorinqi və analizi üçün
metod və alqoritmlərin işlənilməsi” adlı qrant
layihəsi qalib elan olunub. 2018-ci ildə AMEA-nın
İnformasiya Texnologiyaları İnstitutunun baş elmi
işçisi İradə Ələkbərova “Viki-mühitdə
informasiya müharibəsi texnologiyalarının analizi
üçün metod və alqoritmlərin işlənməsi”
mövzusunda dissertasiya işini müdafiə edib.
Vikipediya hazırda Azərbaycan dilində olan ən
böyük məlumat toplularından biridir. Bu işi təmənnasız
görənlər öz hobbiləri ilə online resurslarda məlumatın
çoxalmasına töhfə verirlər və sözün həqiqi
mənasında böyük, əziyyətli və xeyirxah bir
iş görürlər.
Bu gün istənilən mövzunu öyrənmək
üçün hamı Vikipediyanı daha rahat mənbə
hesab edir. Eyni zamanda əksər ölkələr,
tanınmış şəxslər, elm adamları, sənət
adamları, baş verən tarixi hadisələr və digərləri
haqqında məlumatları vikipediyada tapmaq
mümkündür. Qısacası, biz Vikipediyanı həyatımızın
bir parçası adalandıra bilərik.
“Vikipediya” üzrə mütəxəssis Elnur
Eltürkün fikrincə, son illər ölkədə sərbəst
ensiklopediya olan “Vikipediya”ya maraq artıb. Azərbaycan dili
bölməsi 2004-cü ildən fəaliyyətə
başlayıb. İlk məqalə həmin ildən
yaranıb. Hazırda “Vikipediya”nın Azərbaycan dili bölməsində
191 mindən çox məqalə mövcuddur. Demək olar ki,
dil bölməsində humanitar, texniki və digər
mövzuları əhatə edən məqalələr var.
Getdikcə də artır. Çünki ölkədə
“Vikipediya” hərəkatı mövcuddur. Yüzlərlə
könüllü prosesdə fəal iştirak edərək,
öz töhfəsini verir. Könüllülər maraq sahələrinə
uyğun məqalələr yaradırlar. Onlar “viki” hərəkatın
fəal iştirakçılarıdırlar. Düzdür,
problemlər var. Zamanla bunlar aradan qaldırılacaq.
O, qeyd edib ki, "Vikipediya”da məqalə yaratmaq
asandır. Sadəcə qeydiyyatdan keçmək
lazımdır. Ana səhifədə “hesab yarat”a daxil olmaqla
qeydiyyatdan keçmək olar. 2017-ci ildə Mərkəzi Elmi
Kitabxananın əməkdaşı Güney Məmmədova tərəfindən
hazırlanan ““Vikipediya”da qeydiyyatdan keçmək və məqalə
yaratmaq” başlığı altında youtube kanalında
videolar var. Hansısa çətinliklər olarsa, təlimçilərə,
fəal üzvlərə müraciət etmək olar. Mən
deyərdim ki, ölkədə peşəkar təlimçilər
formalaşıb. Azərbaycan Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanasının,
“Qorqud” Vikipediya Metodik Klubunun, "Azərbaycan Vikimedia
Könüllüləri" İctimai Birliyinin təlimçiləri
“Vikipediya”da məqalələrin yaradılması ilə
intensiv təlimlər keçirlər. Dərslər həm əyani,
həm də onlayn baş tutur.
E.Eltürk onu da vurğulayıb ki, Türk
dünyası ilə bağlı məqalələrin
yaradılması və zənginləşdirilməsi
“Viki”könüllülərinin daima maraq dairəsindədir.
Türk dünyasında tarixi, elmi, akademik hadisələr
“Vikipediya”-nın Azərbaycan dili bölməsində öz əksini
tapır. Türk dünyasının tarixi,
çoğrafiyası, ədəbiyyatı, mədəniyyəti
və görkəmli şəxsiyyətləri haqqında məqalələr
çoxluq təşkil edir. “Vikipediya”nın digər türk
dilləri bölmələrində eyni proses davam edir.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 16 yanvar(¹2).- S.9.