“QARA YANVAR” - ın
şahidi Reza Deqati
1990-cı il 20 yanvar tarixində Sovet hökuməti tərəfindən
planlı şəkildə Bakıda mülki əhaliyə
qarşı törədilən qətliamdan məşhur
fotojurnalist Reza Deqati və türk əsilli Fransa vətəndaşı
videoqraf dostunun çəkdiyi fotolar və videolar sayəsində
“Qara Yanvar” bir sirr deyil və dünya mülki əhaliyə
qarşı törədilmiş qırğından
Fransanın müstəmləkəçilik siyasəti xəbərdardır.
Azərbaycanda əhalinin
silahsızlaşdırıldığı, insanların əsas
xəbər mənbəyi olan televiziya yayımının
dayandırıldığı, Bakıya xarici jurnalistlərin
girişinin qadağan olunduğu bir vaxtda, Reza Deqati 20 yanvarda
bu qətliamdan xəbər tutan kimi Parisdən keşməkeşli
yollar ilə Bakıya üz tutur. Parisdən birbaşa
Bakıya səyahət mümkünsüz olduğu
üçün o, Moskvada baş tutacaq baleti çəkmək
adı altında həmkarları ilə birlikdə Sovet
vizası alaraq Moskvaya gedirlər. Moskvada “Rossiya Otel”də
onunla birlikdə bir sıra xarici media nümayəndələri
də var idi və onlar da Bakıdakı hadisəni eşidib nə
baş verdiyi ilə bağlı xəbər hazırlamaq istəyirdilər.
“Həmin vaxt Moskvada bir nəfər dövlət
nümayəndəsi jurnalistlərə onları sabah
Bakıya aparacağını bildirdi. Lakin Sovet hökumətinin
qırğın törətdiyi zaman jurnalistləri Bakıya
aparması inandırıcı deyildi. Bunu Moskvadakı Azərbaycan
nümayəndəliyinə bildirdim və onlar da mənimlə
eyni fikirdə idi.
Daha sonra Sovet hökumətinin söz verdiyi jurnalistlərin
xəbəri yayıldı ki, həmin təyyarə Bakıya
eniş edə bilmir bəhanəsi ilə İrəvan Hava
Limanına aparılıb. Bu vaxt bir neçə erməni
qadın “Biz Bakıdan gəlmişik, Azərbaycanlılar bizi
qırır” kimi ifadələrlə fəryad ediblər. Hava
limanındakı jurnalistlər də buna inanaraq 20 Yanvarı
azərbaycanlıların deyil, ermənilərin faciəsi kimi
işıqlandırıblar.”
- Reza Deqati.
Jurnalistlərin girişi qadağan olunduğu
üçün Reza Deqati, Şirin Məlikova və videoqraf
dostu azərbaycanlı tanışlarının köməyi
sayəsində Bakıya yola düşürlər. Qatarda gizlənərək,
təhlükəni nəzərə alaraq insanlarla
lazımsız ünsiyyətlərdən qaçınaraq 48
saatlıq yol gəlirlər. Qatarda ilk işi isə “Ya po ruski
ne znayu” (Mən rusca bilmirəm) və “Ya Azerbaycanets” (Mən
azərbaycanlıyam) kimi bəzi rusca cümlələr
öyrənmək idi. Çünki rus dili bilməyən azərbaycanlıları
çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini
yoxlasaydı, bu artıq son demək idi. Ona görə də
yoxlanışa gələn nəzarətçilərə
vodka hədiyyə verirdilər ki, yoxlanış keçirməsinlər.
Bu uzun səyahətdən sonra Bakıya
çatdığı zaman Reza Deqati burada gördüyü mənzərəni
İkinci Dünya müharibəsi filmindən bir səhnəyə
bənzədirdi.
“48 saatlıq yoldan sonra qatar Bakı stansiyasına daxil
olduğu zaman, axşam vaxtı, komendant saatından yarım
saat əvvəl, biz platforma üzərində
düzülmüş silahlı, papaqlı, uzun paltolu Sovet əsgərlərini
gördük. Soyuq idi, özümü 2-ci Dünya müharibəsi
haqqında filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib.”
- Reza Deqati.
Qatar Bakıya çatdığı vaxtda artıq
Bakıda komendant saatına az qalmışdı və
vağzalda çox sayda Sovet əsgərləri hər kəsi
yoxlayırdı. Özlərini Reza Deqatinin və onun dostunun
nişanlısı kimi təqdim edən, əllərində
güllər ilə onları qarşılayan iki
xanımın köməyi ilə yoxlanış olmadan
vağzaldan çıxırlar. Xanımlardan biri daha sonra Azərbaycan
Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli
səfiri, həmçinin, Azərbaycanın YUNESKO yanında
daimi nümayəndəsi olmuş Eleonora Hüseynova idi.
Yanvarın 24-də onu aralarında YUNESKO-da fəaliyyət
göstərən azərbaycanlı diplomat Ramiz Abutalıbovun
da olduğu dostları Bakıda qarşılayır və
Sovet əsgərlərinin dinc nümayişçiləri
güllələməkləri, Sovet tanklarının
maşınların və mülki vətəndaşların
üstündən keçməyi, uşaq, qadın,
yaşlı demədən, silahsız insanları necə qətlə
yetirdikləri barədə məlumat verirlər.
Küçədə gəzməyin belə təhlükəli
olduğu bir vaxtda, Sovet tank və əsgər patrulları ilə
əhatələnmiş Bakı şəhərində saxta
Azərbaycan pasportu ilə Reza Deqati öz həyatını təhlükəyə
ataraq fotoaparatı ilə gizli şəkildə, xəstəxanalara,
morqlara gedərək, fərqli aspektlərdən,
maşının içindən, binaların pəncərələrindən
gördüyü mənzərələrin fotoşəkillərini
çəkib.
“Bakı tanklar və əsgər patrulları ilə
mühasirəyə alınmışdı. Açıq
şəkildə, gördüklərimizin şəkillərini
çəkmək çox riskli idi. Ehtiyyatlı davranmalı,
maşınların və binaların pəncərələrindən
fotolar çəkəndə kameranı gizlətməyin
yollarını tapmalı idik.”
- Reza Deqati.
“Qara Yanvar” şəhidlərinin
basdırıldığı, məzarlığa
çevrilmiş, qəbrlərin üzəri
qırmızı qərənfillər və qara paltarlar ilə
örtülmüş şəhər parkına gələn
Reza şübhələri üzərinə çəkməmək
üçün hərkəs kimi geyinmiş və
insanların da köməyi ilə çəkiliş
avadanlıqlarını gizlətmişdi.
“Hər şeydən əvvəl
xatırladığım yalnız qırmızı və
qara idi”
- Reza Deqati.
Ordu helikopteri izdihamı dağıtmaq
üçün qəbiristanlığın üzərində
uçuşlar həyata keçirdiyi zaman isə, artıq
Reza bu “qırmızı və qara”-dan ibarət kadrları
çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri
səbəbi ilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya
qayıdan Reza, sonradan dostlarının köməyi ilə
onları əldə edir və ordan da Parisə gedir.
Parisə çatdığı günün
axşamı 18-dən çox televiziya kanalı Rezanın
çəkdiyi fotoşəkilləri və dostunun lentə
aldığı videoları yayımlayaraq Bakıdakı hadisələr
barədə danışdı, onlarla radio stansiyaları 20
Yanvar faciəsi barədə məlumat yaydı. Bundan əlavə,
Reza Deqatinin o zaman fəaliyyət göstərdiyi Sipa Press foto
agentliyi, onun çəkdiyi bu fotoları 20 mindən çox
media qurumuna göndərdi. Fotojurnalist Reza Deqati və
komandasının çəkdiyi fotoşəkillər,
videolar sayəsində qan yaddaşımız “Qara Yanvar” nəinki
unudulmur, bütün dünya mülki vətəndaşlara
qarşı olan bu vəhşilikdən xəbər tutur.
Bundan əlavə, Reza Deqatinin 20-ci əsrin 80-ci illərinin
əvvəllərindən başlayaraq xalqımıza qarşı
törədilmiş qırğınlardan bəhs edən,
2014-cü ildə ingilis və fransız dillərində nəşr
olunan “Günahsızların qətliamı” (“Massacre of the
Innocents”) kitabı "Qara Yanvar" haqqında dünya
miqyasında çap olunmuş mühüm və dərin əhatəli
yeganə nəşrdir.
Kitabda 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il 26
Fevralda Xocalıda törədilən soyqırım zamanı
fotomüxbirin çəkdiyi fotolar, həmçinin,
dünyanın müxtəlif ölkələrində
qanlı tariximizin tanıdılması ilə bağlı
keçirilən tədbirlər, qaçqın və məcburi
köçkün ailələrinin həyatını əks
etdirən fotoşəkillər də yer alıb.
Xalq Cəbhəsi .- 2025.- 16 yanvar(¹2).- S.10.