“Tamaşaçılar Azərbaycan tarixinin
şanlı səhifələrindən biri ilə yaxından
tanış olacaq”
Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrında yazıçı-dramaturq
İlqar Fəhminin “Şahnamə” pyesi əsasında
eyniadlı tamaşa hazırlanır. Səhnə əsərinin
məşqləri artıq başlayıb.
Tamaşa haqqında quruluşçu rejissor, Əməkdar
artist Nicat Kazımov “Xalq Cəbhəsi”nə məlumat verib.
“Tamaşa Səfəvilər dövləti, Şah
Abbas haqqındadır”
”Şahnamə” tamaşasının məqşləri
artıq başlayıb. Hələlik oxunuş mərhələsindəyik.
Səhnə əsəri yazıçı-dramaturq İlqar Fəhminin
“Şahnamə” əsəri əsasında hazırlanır.
Tamaşa Azərbaycan tarixinin ən şanlı səhifələrindən
biri olan Səfəvilər dövləti, Şah Abbas
haqqındadır. Səhnə əsəri 4 hissədən
ibarətdir. Birinci hissə Şah Abbasın 16 yaşında
taxta çıxdığı zaman haqqındadır. Bu hissənin
adı “Şətrənc”dir, yəni şahmat. İkinci hissə
“Qan qoxusu”dur. Bu artıq Şah Abbasın 25 yaşı
olduğu zaman ona qarşı hazırlanan çevriliş
planını darmadağın etməsi barədədir.
Üçüncü hissə “Zindan” adlanır. Bu hissədə
Şah Abbasın yaşı 40-ı keçdikdən sonra
kamillik dövrü təsvir olunur. Dördüncü hissə
isə onun ölümqabağı özünə vəliəhd
seçməsi haqqındadır”.
Əməkdar artist qeyd edib ki, tamaşada 4 Şah Abbas
var: “Birinci bölümdə Şah Abbas rolunda mənim
oğlum Sənan Kazımovdur, ikincidə Niyaz Qasımov və
Bəhram Əliheydər, üçüncü bölümdə
dublyor olaraq Şah Abbas mən və Elnur Kərimov, sonuncu
bölümdə isə Şah Abbas Xalq artisti Qurban
İsmayılovdur. Bundan başqa tamaşada Milli Gənc
Tamaşaçılar Teatrının sevilən, istedadlı,
bacarıqlı aktyorları da rol alıb. Aktyor heyətinin
sayı 30-dan çoxdur. Onların içində əməkdar
artistlər Rasim Cəfər, Elnur Hüseynov, Nofəl Vəliyev,
aktyorlardan Kərəm Hadızadə, Ramil Məmmədov, Anar
Seyfullayev, Elşən Hacıbabayev, Elşən Şıxəliyev,
Anar Səfiyev və bir çoxları iştirak edir. Kiminsə
adını demədimsə məndən inciməsinlər. Gənc
aktyorlarımız da iştirak edir. Düşünürəm
ki, inşallah mart ayının sonuna
tamaşaçıları maraqlı bir tamaşa gözləyir.
Tamaşanın rəssamı Mustafa Mustafayevdir. Tamaşada
dövrə uyğun musiqilərdən istifadə edəcəyik.
Musiqi tərtibatı olacaq”.
N.Kazımov vurğulayıb ki, bu səhnə əsəri
ilə tamaşaçılar Azərbaycan tarixinin şanlı
səhifələrindən biri ilə yaxından tanış
ola biləcək: “Düşünürəm ki,
teatrımızın repertuarında heç olmasa 2 ildən
bir Azərbaycan dövlətçiliyinin tarixini əks etdirən
tamaşa olmalıdır. Biz də bu yolda Milli Gənc
Tamaşaçılar Teatrı adını doğrultmaqdan
ötrü əlimizdən gələni əsirgəməyəcəyik”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 23 yanvar(№3).- S.15.