"Mücahid ömrü, Məhəmmədsadıq
Aran"
Elməddin Behbudun tərtibçi-müəllifi
olduğu "Mücahid ömrü, Məhəmmədsadıq
Aran" kitabının Sosial Tədqiqatlar Mərkəzində
təqdimat mərasimi keçirilib.
Xatırladaq ki, bu, Azərbaycan Cümhuriyyəti
dönəmində parlamentdə Zəngəzur qəzasını
təmsil etmiş millət vəkili, yazar, jurnalist, mühacir
Məhəmmədsadıq Aran (Türkiyədə Mehmet
Sadık Aran imzası ilə tanınıb) haqqında Azərbaycanda
nəşr olunmuş ilk kitabdır. Nəşrdə Məhəmmədsadıq
Aranın zəngin və keşməkeşli həyat yoluna
işıq tutulub, müxtəlif ölkələrdəki
çoxşaxəli fəaliyyəti haqqında məlumatlar əksini
tapıb.
Tədbiri giriş sözü ilə açan STM-in
media və kommunikasiya departamentinin müdiri Əziz Əlibəyli
bildirib ki, ötən yüzillikdə baş verən hadisələrin
mahiyyətinə və xronologiyasına nəzər
saldıqda diqqətimizin mərkəzində əlbəttə
ki, ən taleyüklü və mühüm tarixi hadisə kimi
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dayanır.
İyirmi üç aylıq hakimiyyət bütün xarici və
daxili məhrumiyyətlərə baxmayaraq bir daha dünyaya azərbaycanlıların
dövlət qurmaq bacarığını və
hökmünü göstərir. Ə. Əlibəyli Azərbaycan
Cümhuriyyəti fəaliyyəti dövründə və
1920-ci ilin aprelindən sonra dünyanın müxtəlif
ölkələrinə səpələnərək yenidən
müstəqillik uğrunda aparılan mübarizə aparan ən
fəal aydınlarımızdan olan Məhəmmədsadıq
Aran haqqında kitabın nəşrini mühüm hadisə
adlandırıb.
Təqdimat mərasimində məruzə ilə
çıxış edən nəşrin elmi məsləhətçisi,
professor Ədalət Tahirzadə bu kitabın Məhəmmədsadıq
Arana ucaldılmış möhtəşəm abidə
olduğunu söyləyib. Ə.Tahirzadə indiyədək
M.Aran barədə kiçik həcmli də olsa müxtəlif
araşdırmaların işıq üzü gördüyünü,
ancaq onun həyat və fəaliyyətinin ən kamil şəkildə
əksini tapdığı əsərin məhz bu kitab
olduğunu vurğulayıb. Ə. Tahirzadə
gördüyü bu işə yüksək tələblərlə
və fanatcasına yanaşan Elməddin Behbuddan
qarşıdakı illərdə Məhəmmədsadıq
Aran haqqında ayrıca monoqrafiya nəşr etdirməyi
gözlədiyini deyib.
Tədqiqatçı Əli Şamil Azərbaycan
Cümhuriyyətinin ən görkəmli şəxslərindən
birinə həsr olunan bu kitabın nəşrinin əslində
35 il öncə - dövlətimizin müstəqilliyini bərpa
edən kimi həyata keçirilməli olduğunu bildirib.
Əli Şamil M.Aranın son dərəcə mərd və cəsur
insan olduğunu, işğalçılara qarşı
barışmaz mövqeyini sonadək qoruyub
saxladığını deyib. Ə. Şamil Elməddin
Behbudun timsalında yeni tədqiqatçı nəslinin
tariximizin qaranlıq səhifələrinə işıq
salmasının böyük fərəh doğurduğunu ifadə
edib.
Kitabın elmi redaktoru Dilqəm Əhməd M.Aranın
Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti və
mühacir həyatı yaşadığı dövrdəki fəaliyyətinin
əsas istiqamətləri, onun tükənməz mübarizə
əzminin heyranediciliyi və türk millətçiliyi əqidəsinə
bağlılığı barədə danışıb.
D.Əhməd mühacirlər barədə elmi tədqiqat
aparılmasının məşəqqətli olduğunu,
ancaq tərtibçi-müəllifin M.Aran irsinin öyrənilməsi
istiqamətində sərf etdiyi əməyin hədər getmədiyini
və bu kitabın qiymətli mənbəyə çevriləcəyini
bildirib.
Toplantıda çıxış edən Milli Məclisin
deputatı, Qərbi Azərbaycan İcmasının sədr
müavini Hikmət Babaoğlu dövlətimizin hazırki
mübarizəsinin milli məqsədlərə
çatması baxımından bu kitabın çox dəyərli
olduğunu söyləyib. Azərbaycan milli, etnik coğrafiyasının
siyasi-inzibati sərhədlərimizdən böyük
olduğunu deyən millət vəkili Qərbi Azərbaycanla
bağlı yeni elmi əsərlərin çapının
sevindirici olduğunu bildirib. H. Babaoğlu prezident İlham
Əliyevin yerli televiziya kanllarına verdiyi son müsahibədə
irəli sürdüyü fikirlərin Qərbi Azərbaycana
qayıdış uğrunda mübarizəmizin yeni tezislərinə
çevrildiyini qeyd edib.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan
İcmasının Qadınlar Şurasının sədri Məlahət
İbrahimqızı bu kitabın soydaşlarımızın
Qərbi Azərbaycana qayıdışının tarixi, siyasi
cəhətdən əsaslandırılması
baxımından qiymətli nəşr olduğunu bildirib. M.
İbrahimqızı dövlət başçısı
İlham Əliyevin “Şərqi Zəngəzur varsa, deməli,
Qərbi Zəngəzur da var” fikrinə istinad edərək bu
kitabın Zəngəzurun hər iki hissəsini birləşdirən
fundamental əsər olduğunu deyib.
Milli Məclisin deputatı Vüqar İsgəndərov
Azərbaycan Cümhuriyyətinin dövlətçilik
tariximizdəki yerindən və onun qoyduğu dövlətçilik
irsindən bəhs edib. V. İsgəndərov Zəngəzurun
Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu
deyib və M.Aran kimi az tədqiq olunan tarixi şəxsiyyətlərin
belə dəyərli əsərlər vasitəsi ilə
ictimaiyyətə tanıdılmasının vacibliyini
vurğulayıb.
Professor Asif Rüstəmli M.Aran haqqında arxivlərdə
aşkarladığı faktları səsləndirib və
"Mücahid ömrü, Məhəmmədsadıq Aran"
kitabının çap edilməsinin böyük hadisə
olduğunu deyib. A. Rüstəmli bu kitabın mühüm elmi
əhəmiyyət daşıdığını və əslində
bir institutun öhdəsindən gəlməsi qədər
çətin olan işi reallaşdırdığına
görə müəllifə təşəkkürünü
bildirib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat
müşaviri Alptekin Cihangir İşbilir M.Aran kimi tarixi
şəxsiyyətlərin türk dünyası, o cümlədən
Azərbaycandakı gənc nəsilə
tanıdılmasının zəruri olduğunu bildirib və
“Mücahid ömrü” kitabının nəşrini çox
dəyərli hadisə adlandırıb. C. İşbilir
Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib
Ərdoğan və Azərbaycan Respublikasının prezidenti
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən ittifaqın, yeni türk renesansının
inkişafına hər iki dövlətin vətəndaşlarının
bütün sahələrdə töhfə verməli
olduğunu deyib. C.İşbilir bu kitabın nəşrinin
türk dünyasının dəyərli şəxsiyyətləri
ilə bağlı yeni elmi axtarışları təşviq
edəcəyinə əminliyini ifadə edib.
Təqdimat mərasimində çıxış edən
AMEA-nın müxbir üzvü Elşad Qurbanov, tarixçi
alim Nazir Əhmədli, Qərbi Azərbaycan
İcmasının İctimaiyyətlə əlaqələr və
Qərbi Azərbaycan televiziyası şöbəsinin
müdiri Ülviyyə Zülfüqar, Bakı Qeyri-Hökumət
Təşkilatlarının Resurs və Təlim Mərkəzi
İctimai Birliyinin sədri Rauf Zeyni, “Füyuzat” dərgisinin
baş redaktoru Mübariz Yunuszadə, STM-in sektor müdiri
Əfqan Vəliyev, Məhəmmədsadıq Aranın
qohumları Sevindik Mehdiyev və dosent Aybəniz Məmmədova,
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin Müşahidə Şurasının üzvü
Zaur İbrahimli, “Aktor” İctimai və Sosial Tədqiqatlar
İctimai Birliyinin rəhbəri Telman İsa, professor Şəlalə
Həsənova, Rahilə Abdullayeva və digər şəxslər
M.Aranın istər 1920-ci ildən öncə, istərsə də
Cümhuriyyətin süqutundan sonra ardıcıl fəaliyyəti
ilə tariximizin parlaq şəxsiyyətlərindən biri
olduğunu, onun haqqında gərgin zəhmət hesabına
hazırlanan kitabın nəşrini yüksək qiymətləndirdiklərini
deyib və bu münasibətlə elmi ictimaiyyəti təbrik
ediblər. Çıxışçılar kitabın nəşrinin
müsəlman Şərqində ilk respublikanı quran
böyük şəxsiyyətlərimizin ictimaiyyətə
tanıdılması işinə mühüm töhfə
verdiyini vurğulayıblar.
Nəşrin tərtibçi-müəllifi Elməddin
Behbud kitabın çapı və təqdimat mərasiminin təşkilinə
verdikləri dəstəyə görə başda millət vəkili
Zahid Oruc olmaqla Sosial Tədqiqatlar Mərkəzinin kollektivinə
təşəkkürünü bildirib. Elməddin Behbud deyib
ki, bu nəşrdə M.Aranın mühacirət dönəmindəki
çoxsaylı yaradıcılıq nümunələrinin
bir qismi - iki kitabı və onlarla məqaləsi ilk dəfə
olaraq Azərbaycan dilinə uyğunlaşdırılıb və
oxucuların ixtiyarına verilib. Kitabda onun azadlıq və
müstəqillik uğrunda mübarizəsinin müxtəlif səhifələri
işıqlandırılıb, eyni zamanda, Azərbaycan
parlamentində - “Məclisi-Məbusan”dakı
çıxışları və mühacirətdən
öncəki dönəmdə “Azərbaycan” qəzetində
yayımlanan məqalələrinə də yer verilib.
M.Aranın Türkiyədə yaşamış yeganə ailə
üzvü - əmisi oğlu Məhəmmədtağı
Aran barədə də kitabda məlumatlar əksini tapıb:
“Oxucular bu kitabda həmçinin, ilk dəfə olaraq
M.Aranın xarici ölkələrdə yaşayan
doğmalarının maraqlı xatirələri ilə və
yeni foto şəkillərlə də tanış ola biləcəklər.
Nəşrdə əksini tapan çoxsaylı faktlar,
bir-birindən maraqlı məlumatlar indiyədək M.Aranla
bağlı qaranlıq qalan bir çox məsələyə
aydınlıq gətirib. Bu kitab vasitəsi ilə M.Aranın
istər Azərbaycanda, istərsə də məcburi olaraq vətəndən
uzaqda yaşadığı dövrlərdəki fəaliyyətini
öyrəndikcə göz önünə ömrünü
milli mübarizəyə həsr edən, əqidəsinə
vurğun, amallarına sadiq, tükənməz enerjiyə malik
idealist və fenomenal türk aydını obrazı gəlir”.
Xalq Cəbhəsi .- 2025.- 23 yanvar(№3).- S.14.