Zəngəzur dəhlizi
mütləq açılacaq
İkinci Qarabağ müharibəsinin əsas diqqətçəkən
nəticələrindən biri - Zənzəgur dəhlizinin
açılmasıdır. Bu Azərbaycan üçün
prioritet məsələdir ki, onun həyata keçirilməsi
təkcə rəsmi Bakı üçün yox, region
üçün böyük əhəmiyyət kəsb edəcək.
Azərbaycanın bir parçası olan
Naxçıvanla nəqliyyat əlaqəsinin bərpa edilməsi
mütləqdir. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin
imzaladığı 2020-ci il 10 noyabr birgə Bəyanatına əsasən,
qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat
və kommunikasiya xətlərinin açılmasına xidmət
edən Zəngəzur dəhlizinin tikintisi ilə işə
başlanıldı.
İkinci Qarabağ müharibəsinin sonucu olaraq
imzalanan Qarabağ atəşkəs bəyanatının 9-cu
maddəsində Azərbaycanın qərb bölgələri
ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat
əlaqəsini təmin edəcək dəhlizin qurulması
qeyd olunur: "Bölgədəki bütün iqtisadi və nəqliyyat
əlaqələri blokdan çıxarılır. Ermənistan
Azərbaycanın qərb bölgələri ilə
Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə
zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya
Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd
Xidmətinin orqanları tərəfindən həyata
keçirilir".
Bunu Ermənistan da təsdiqləyir. Ermənistan
Silahlı Qüvvələrinin Baş Qərargahının
keçmiş rəisi, general-polkovnik Movses Akopyan Azərbaycan
Prezidenti İlham Əliyevin dəhlizlə bağlı son
açıqlaması ilə əlaqədar jurnalistin sualına
general belə cavab verib: “Dəfələrlə söyləmişəm:
10 noyabr sənədini diqqətlə oxuyun, orada təsadüfən
bir söz, hərf yazılmayıb, orada hər şey qeyd
olunub”.
Məsələ ilə bağlı erməni politoloq
Sergey Melkonyan qeyd edib:“Əliyev dəhliz ətrafında beynəlxalq
konsensus yarada bilib. Gördük ki, Azərbaycan Rusiyanı bu
gündəmə necə cəlb elədi, bu, dəhlizin onlar
üçün faydalı olduğunu göstərir. Həmçinin
ABŞ-dən belə bir bəyanat eşitdik ki, Türkiyə,
Ermənistan, Azərbaycan, Xəzər dənizi və Mərkəzi
Asiya arasında əlaqə Vaşinqton üçün
çox vacibdir. Əlbəttə, söhbət Zəngəzur
dəhlizindən gedir. Buna beynəlxalq konsensus deyirlər. Azərbaycan
bu gündəmin ətrafında birlik yarada bilib. Dəhliz Azərbaycan
və Türkiyənin nəzarətində olacaq”.
Tərəflərin razılığı əsasında
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb
rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşası təmin ediləcək.
Əslində, bu layihə təkcə
Naxçıvanla Azərbaycanın digər bölgələri
arasında nəqliyyat körpüsü deyil, həm də
Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə
vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə
bağlayır.
Hələ 2021-ci il 26 oktyabrda Azərbaycan Prezidenti
İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanla birgə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun təməlini atıblar. Azərbaycan-Ermənistan
sərhədinədək uzanan avtomobil yolunun “Zəngəzur dəhlizi”
kimi adlandırılan ölkələrarası yeni nəqliyyat
bağlantısının şərq hissəsini təşkil
etməsi, yaxın gələcəkdə isə siyasi məsələlər
həll edildikdən sonra Ermənistan ərazisindən
keçəcək hissəsi ilə birləşdirilməsi
planlaşdırılıb.
Ermənistan üçün bu, iqtisadi inkişaf və
regional təşəbbüslərə inteqrasiya imkanı
yaradan bir layihədir.
Zəngəzur dəhlizi regionun tranzit və logistika
potensialını artıracaq. Bu potensialın
reallaşması regionda yeni nəqliyyat
marşrutlarının yaradılmasına və əməkdaşlığın
möhkəmlənməsinə gətirib çıxaracaq.
Zəngəzur dəhlizi region iqtisadiyyatının
inkişafı üçün böyük imkan yaradacaq. Dəhliz
Azərbaycanı Türkiyə və Avropa ölkələri,
eləcə də Mərkəzi Asiya ölkələri ilə
birləşdirəcək. Bundan əlavə, Rusiya və
İrana nəqliyyat marşrutları aktivləşdirilir.
Zəngəzur dəhlizinin fəaliyyəti bir
neçə nəqliyyat dəhlizinin, xüsusilə Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizlərinin
inkişafına gətirib çıxaracaq.
Bu səbəbdən dünya miqyasında Zəngəzur
dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin,
Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi
Asiya dövlətləri və digərləri bu dəhlizin
açılmasında maraqlı tərəf kimi
çıxış edirlər.
Ermənistan və İran hər vəchlə bu layihənin
reallaşmasına qarşı çıxıblar. Rəsmi
Tehran “Zəngəzur dəhlizi”ni özünün
“qırmızı xətti” olduğunu deyib.
İran dəhlizi mühüm geosiyasi rıçaq
kimi görür və Türkiyənin regionda artan təsirindən
ehtiyatlanır.
Hələ 2021-ci ildə bu dəhlizin əhəmiyyətini
dəyərləndirərkən İlham Əliyev qeyd
etmişdi ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində
yerləşir və buradan keçən Zəngəzur dəhlizi
bütün türk dünyasını birləşdirəcək:
"Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin
gerçəkləşməsi üçün əməli
addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə
öz bəhrəsini verəcəkdir. Bu gün Əziz
qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil
yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin
bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi
nəticəsində biz istədiyimizə nail
olacağıq".
İranın bu məsələdə təşvişə
düşməsi aydındır - yeni türk birliyinin
formalaşması qorxusu.
Hələ bir neçə il öncə 50-dən
artıq dövlətin beyin mərkəzlərinin,
tanınmış ictimai-siyasi xadimlərinin iştirakı ilə
Bakıda keçirilən "Qlobal dünya nizamına təhdidlər"
mövzusunda Qlobal Bakı Forumunda prinsipial və qəti
mövqeyini ifadə edən İlham Əliyev bir daha bəyan
etmişdi ki, Zəngəzur dəhlizinin açılması məsələsi
ən qısa zamanda həlli gələcək regional
sülhün fundamental elementlərindəndir. Əgər Azərbaycana
Naxçıvanla qərb rayonları arasında əlaqə
yolu təqdim edilməyəcəksə, sülh haqqında
danışmaq çətin olacaq və birgə
yaşayış, normal qonşuluq münasibətlərinin
qurulmasına yönəlmiş bütün səyləri
uğursuz olacaq.
Ermənistan və onu idarə edən Avropa da bu dəhlizin
açılacağından indidən təşvişə
düşüblər.
Bu bənddə hər şey açıq-aydın
göstərilir və İlham Əliyevin fikirləri bir daha təsdiqini
tapır. Yəni Ermənistanın indiyədək əsassız
fikirlər səsləndirməsinin heç bir mənası
yoxdur. Bu cür açıqlamaların səbəbi bəllidir-
məğlub ölkə, sadəcə olaraq, dəhlizin
açılması istiqamətində üzərinə
götürdüyü öhdəliyi yerinə yetirməkdən
boyun qaçırır.
Hadisələrin bu istiqamətdə cərəyan etməsi
onu deməyə əsas verir ki, İran, Ermənistan və
işğalçı ölkəni dəstəkləyən
Fransa başda olmaqla digər ermənipərəst ölkələrin
istəkləri baş tutmayacaq. Azərbaycanın iqtisadi,
siyasi gücü, qüdrəti, İlham Əliyevin qətiyyətli
mövqeyi ilə bu layihə də reallaşacaq. Müzəffər
Ali Baş Komandan kimi Qarabağ münaqişəsini həm hərbi,
həm də diplomatik məharəti ilə həll edən
İlham Əliyev Zəngəzur dəhlizinin
açılmasını da reallığa çevirəcək.
Buna heç kimin şübhəsi qalmasın. Bizim vədlərimiz,
sözümüz imzamız qədər dəyərlidir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Əlisahib Hüseynov deyib ki, Prezident İlham Əliyevin
ötən həftə yerli televiziyalara verdiyi müsahibəsində
bir neçə məsələ ilə yanaşı Zəngəzur
dəhlizinin açılacağını, eləcə də
Ermənistanın silahsızlaşdırılmasının
vacibliyini bəyan etməsini, Qərbi Azərbaycana
qayıdış məsələsinin diqqət mərkəzində
saxlanıldığını və Ermənistan rəhbərliyini
Qərbi azərbaycanlıların təmsilçiləri ilə
görüşməyə çağırmasını erməni
siyasi şərhçilərinin və mediasının Ermənistana
növbəti ultimatum kimi təqdim etməsi absurddur. Bunlar
növbəti ultimatum deyil. Azərbaycan son illərdə
davamlı olaraq Ermənistan rəhbərliyini bu
addımları atmağa çağırış edib. Lakin
Paşinyan iqtidarı da öz faşist-irqçi sələflərinin
(Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan) ənənələrinə
sadiq qalaraq Azərbaycanın haqlı tələblərini
yerinə yetirməkdən cürbəcür manevr və bəhanələrlə
yayınıb və sülh danışıqlarını
süni şəkildə ləngidib: "Ona görə də
Ermənistan ictimaiyyəti və mediası bu gün Azərbaycan
Prezidentinin çağırışlarını, tələblərini
növbəti ultimatum və müharibə anonsu kimi dəyərləndirib
təşviş keçirməkdənsə, öz hökumətlərinin
ikili siyasətlərini sorğulamalı və günahı da
ilk növbədə baş nazir Nikol Paşinyanda görməli,
onun qətiyyətsiz və dəyişkən mövqeyini
qınaq hədəfinə çevirməlidir. Azərbaycanın
haqlı tələbləri Ermənistan cəmiyyətini
qorxutmamalıdır. Çünki bizim Ermənistanla növbəti
müharibəyə başlamaq niyyətimiz yoxdur. Bizim tələblərimiz
müharibəyə yox, dayanıqlı sülhə xidmət
edir. Azərbaycan Prezidenti də sözügedən müsahibəsində
bir daha qeyd etdi ki, biz müharibə yox, sülh istəyirik.
Lakin əfsuslar olsun ki, Ermənistanın Fransanın,
Avropa İttifaqının dəstəyi ilə silahlanmanı
davam etdirməsi və sülh sazişi ilə bağlı Azərbaycanın
irəli sürdüyü şərtləri yerinə yetirməkdən
boyun qaçırması sülh prosesinə zərbə
vurur, regionda yeni eskalasiyaya yol açır.
Real sülhün yolu isə ilk növbədə
kommunikasiyaların (o cümlədən Zəngəzur dəhlizinin)
açılmasından, Azərbaycan və Türkiyəyə
qarşı ərazi iddialarının yer aldığı Ermənistan
konstitusiyasının dəyişdirilməsindən, Qərbi
azərbaycanlıların qayıdış hüququnun təmin
edilməsindən, Azərbaycanla sərhəddə Avropa
İttifaqının (Aİ) "mülki" müşahidə
missiyası adı altında kənar ölkələrin hərbçilərinin,
polislərinin yerləşdirilməsinə son qoyulmasından,
faşist-nasist ideologiyasından imtina edilməsindən
keçir. Həm Paşinyan, həm də bütün ermənilər
İlham Əliyevin müsahibəsini diqqətlə
oxumalı, izləməlidirlər. Dövlətimizin
başçısı məlum müsahibəsində bölgədə
nəqliyyat dəhlizlərinin açılması ilə
bağlı açıqlama verərək, bu kontekstdə qəti
mövqeyini Ermənistanın diqqətinə
çatdırıb.
“Zəngəzur dəhlizi açılmalıdır və
açılacaqdır. Onlar bunu nə qədər tez başa
düşsələr, o qədər də
yaxşıdır”, - deyə Azərbaycan Prezidenti
qarşı tərəfə açıq şəkildə
mesaj ünvanlayıb. Bu mesajda, bu tələbdə
anlaşılmayacaq və qeyri-qanuni heç bir şey yoxdur.
Çünki Ermənistan tərəfi 10 noyabr bəyanatı
üzrə Azərbaycanın əsas hissəsi ilə
Naxçıvan arasında maneəsiz və sərbəst
keçidlə bağlı üzərinə öhdəlik
götürüb. Azərbaycan Prezidenti də məhz bu
öhdəlikdən çıxış edir və riyakar Ermənistan
rəhbərliyinə öhdəliyini xatırladır. Ona
görə də Ermənistan mediasının və siyasi dairələrinin
bu məsələ ətrafında süni ajiotaj yaratması
tamamilə yersizdir.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 23 yanvar(¹3).- S.9.