Davos İqtisadi Forumu:
dividentlər və yeni fürsətlər
Davos İqtisadi Forumunun növbəti illik
toplantısı yanvarın 20-də İsveçrənin Davos
şəhərində işinə başlayıb və
yanvarın 24-dək davam edəcək. “Ağıllı əsr
üçün əməkdaşlıq” mövzusunda
keçirilən bu Forum sayca 55-cidir. Sözügedən Forumda
hər il dövlət və hökumət
başçıları, beynəlxalq təşkilatlar və
s. iştirak edir. Prezident İlham Əliyev hər il dolduğu
kimi, bu il də Foruma qatılıb. Bir sıra dövlət və
hökumət başçıları, eyni zamanda dünyaca
nüfuzlu şirkətlərin rəhbərləri dövlət
başçısı ilə görüşüb,
müzakirələr aparırlar.
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd
edib ki, Forumda iqtisadi artımın yenidən başlaması,
yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və
iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda
sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi
müzakirə olunur: “Bu baxımdan Davos İqtisadi Forumu
ölkələrin öz iqtisadi imkanlarını təqdim etmək
üçün çox mühüm platformadır. Ölkəmizin
bu platformada iştirakı çox əhəmiyyətlidir.
Ümumiyyətlə, Qlobal İqtisadi Forum iqtisadi olduğu qədər
siyasi əhəmiyyət də daşıyır.
Çünki Foruma dövlət və hökumət
başçıları, hökumət nümayəndələri,
biznes strukturlarının rəhbərləri olmaqla, 130
ölkədən 3 minə yaxın lider toplaşacaq. Forum
çərçivəsində iqtisadi mövzularla
yanaşı, siyasi məsələlər də müzakirə
olunur. Dövlət başçımızın da bu forumda
iştirakı çox əhəmiyyətlidir. Davosa etdiyi səfərin
ilk günündə dövlət başçımız
Çinin CGTN kanalına verdiyi müsahibədə qlobal əhəmiyyət
daşıyan bir çox məsələlərə
münasibət bildirib”.
Forumun yaratdığı fürsətlər
Deputatın sözlərinə görə, Forum
çərçivəsində dövlət
başçısının digər ölkələrin və
qlobal şirkətlərin rəhbərləri ilə
görüşməsi ənənəvi xarakter alıb:
“Forumda bir sıra dövlət başçıları və
dünyaca nüfuzlu şirkət rəhbərləri Prezident
İlham Əliyevlə görüşüb müzakirələr
aparmağa çalışırlar. Bu baxımdan Prezident
İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group”
şirkətinin Baş icraçı direktoru Nik Studer ilə
görüşü şirkətin ölkəmizlə əməkdaşlıq
imkanlarının müzakirəsi baxımından çox əhəmiyyətli
olub. Azərbaycanın investisiya və biznes mühiti daxili və
xarici investorlar üçün əl çatandır. Hesab
edirəm ki, Davos İqtisadi Forumu Azərbaycanı beynəlxalq
arenada tanıtmaq baxımından bir fürsətdir”.
A.Badamov bildirib ki, Davos İqtisadi Forumunun hesabatları
Azərbaycanın iqtisadi biznes mühitini müsbət dəyərləndirir:
“Təbii ki, bu, ölkəmizdə yaranmış azad və rəqabətqabiliyyətli
iqtisadi mühit ilə bağlıdır. Bu baxımdan Forumda
iştirakımızın ölkəmizin
iqtisadiyyatının qlobal çağırışlara
uyğunlaşdırılması və investisiyaların cəlb
edilməsi baxımından çox əhəmiyyətli
olacağını hesab edirəm. Həm də Forum çərçivəsində
dövlət başçıları siyasi mövzularda da
müzakirələr aparır. Bu da bir çox qlobal xarakterli
siyasi məsələlərin həll olunmasına, regional məsələlərin
müzakirə olunaraq əməkdaşlığın
formalaşmasına və sözümüzün
gücünün artmasına töhfə verir”.
“İqtisadi çətinliklər qloballaşaraq
regionların hüdudlarını aşır”
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov
vurğulayıb ki, Davos İqtisadi Forumuna maraq hər zaman
böyük olub: “Dünyanın nüfuzlu iqtisadi Forumu olan
Davos tədbirində hər il olduğu kimi, bu il də
dövlət və hökumət başçıları,
nazirlər, dünyanın aparıcı şirkətlərinin
rəhbərləri və qeyri-hökumət təşkilatlarının
təmsilçiləri iştirak edirlər. Azərbaycanın
aktiv iştirak etdiyi beynəlxalq tədbirlər
sırasında Davos İqtisad Forumunun xüsusi rolu var. Bu il
55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər
ətrafında ciddi müzakirələr aparılır. Hər
kəsə məlumdur ki, artıq dövlətlərin problemləri
tək bir dövləti və ya bir regionu narahat etmir, yaranan
iqtisadi çətinliklər qloballaşaraq regionların
hüdudlarını aşır”.
“Bu, ölkəmizin qlobal arenada əhəmiyyətini
göstərən əsas faktorlardan biri idi”
M.Cəfərov Azərbaycanın 2007-ci ildən
başlayaraq mütəmadi olaraq bu tədbirdə aktiv şəkildə
iştirak etdiyini diqqətə çatdırıb: “Lakin
dövlətimizin Davos Forumunda ilk dəfə təmsil
olunması 1995-ci ilə təsadüf edir. Həmin il Ulu
Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda
dövlətimizi təmsil edərərək ölkəmizə
xarici investorlar cəlb etmişdi. Hətta 2013-cü ildə
Dünya İqtisadi Forumunun tədbiri Bakıda təşkil
olundu. Azərbaycan hər zaman olduğu kimi yenə də beynəlxalq
tədbirə möhtəşəm və qüsursuz
hazırlaşmışdı. Bakıda təşkil olunan
dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran
tanınmış iqtisadçılar, ekspertlər, dövlət
və hökumət nümayəndələri bir araya gələrək
bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri
müzakirə etmişdilər. Bununla ilk dəfə idi ki, Davos
Forumu Qafqaz və Mərkəzi Asiyada keçirilirdi. Belə
beynəlxalq əhəmiyyətli tədbir üçün məhz
Azərbaycanın seçilməsi isə ölkəmizin
qlobal arenada əhəmiyyətini göstərən əsas
faktorlardan biri idi”.
Deputat qeyd edib ki, 2007-ci ildən bu günə kimi cənab
Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda
davamlı olaraq iştirakı Azərbaycanın qlobal biznes
ölkəsi kimi tanınması üçün də
mühüm amil oldu: “Həmişəki kimi Davos Forumunda
Prezident İlham Əliyevə tədbir
iştirakçılarının xüsusi diqqət və
marağı var. Çünki Azərbaycan davamlı olaraq
uğurlar qazanır və beynəlxalq layihələrdə
aktiv iştirak edir. Deyə bilərəm ki, Davos Forumunda ən
çox görüşlər keçirən, müzakirələr
aparan və müxtəlif əməkdaşlıq təklifləri
alan dövlətlər arasında Azərbaycan ilk
sıralardadır. Təbii ki, buradakı əsas amil cənab
Prezidentin yaratdığı imic və uzaqgörən xarici
siyasi xəttin roludur”.
“Azərbaycan Davosda yüksək etimad qazanmış
ölkədir”
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycanın
bu Forumda iştirakını və fəallığını
ilbəil artırmasını Prezident İlham Əliyevin rəhbərliyi
sayəsində ölkəmizin davamlı uğurları ilə
bağlı olduğunu deyib: “Dövlət
başçısı hər il keçirilən iclaslar
çərçivəsində çıxışlar edir,
panellərə qatılır, çoxsaylı suallara cavab
verir. Azərbaycan Davosda yüksək etimad qazanmış
ölkədir. Ölkəmiz bu hörmətin əlaməti
olaraq 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun
iştirakçılarını Bakıda qəbul edib.
Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran
tanınmış iqtisadçılar, ekspertlər, dövlət
və hökumət nümayəndələri Bakıda bir
araya gələrək bəşəriyyəti narahat edən
mühüm iqtisadi məsələləri müzakirə
edib. Bakıda Davos Forumunun keçirilməsini ekspertlər Azərbaycanın
iqtisadi və siyasi qələbəsi və son illər bu sahədə
qazandığı nailiyyətlərin nəticəsi kimi qiymətləndirirlər.
Çünki ilk dəfə idi ki, Davos Forumu Qafqaz və Mərkəzi
Asiyada keçirilirdi. Region ölkələri arasından Azərbaycanın
seçilməsi isə məhz ölkəmizin bölgədə
əhəmiyyətini göstərən əsas faktorlardan biri
idi. Ekspertlərin rəyinə görə, 2013-cü ildə
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın
qlobal biznes ölkəsi kimi tanınması üçün də
mühüm hadisə oldu. Dünya İqtisadi Forumu
iqtisadiyyatın rəqabətə davamlılığı
baxımından Azərbaycanı 2013-cü ildə 46-cı
yerdə qərarlaşdırmışdı və bu sahədə
ölkəmiz ardıcıl olaraq dörd il MDB məkanında
birinci yerdə qərarlaşıb”.
Deputatın sözlərinə görə, hazırda
davam edən 55-ci Forum şərçivəsində
dünyanın aparıcı şirkətlərinin rəhbərlərinin
təşəbbüsü ilə Cənab Prezidentlə
keçirilən səmərəli görüşlər,
hökumət üzvləri ilə aparılan siyasi dialoqlar Azərbaycanın
qüdrətli dövlət kimi dünyada etibarlı tərəfdaş
olduğunu təsdiqləyir.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 23 yanvar(¹3).- S.6.