Mədəni irsimizə sahib çıxmadıqca...
Azərbaycan xalqı hər zaman milli dəyərlərə
sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə
yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə
ölkəmizdə milli dəyərlərimizin qorunması və
onun gələcək nəsillərə
çatdırılması aktual olub. Elə
günümüzdə də bu müsbət tendensiya
özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin
Azərbaycan xalqının formalaşmasına təsiri
böyük olduğu kimi, milli dövlətçiliyimizin
möhkəmləndirilməsində də xüsusi rolu var. Dəyərlərin
olması hələ səninki demək deyil. Dəyərlər
onda səninki olar ki, ona sahib çıxasan, qayğı
göstərəsən. Təbliq edib yaymadığın,
tanıtmadığın dəyərin elə sahibsiz kimidir.
Sahibsiz olan nəsnə isə elə hamının deməkdir.
Zaman-zaman sahib durmadıqların səndən uzaqlaşır,
yadlaşır, son olaraq isə başqasının hesabına
keçir.
Azərbaycan mədəniyyəti dünyada ən qədim
köklərə malikdir. Çünki Azərbaycan
dünyanın ilk insanın formalaşdığı
azsaylı ərazilərdən biridir. Belə ki, Füzuli
rayonu ərazisində yerləşən Azıx
tapıntısı yaşının qədimliyinə görə
Dünyada dördüncü tapıntıdır. Məlum olub
ki, azıxantroplar bu ərazidə hələ 350-400 min il
bundan əvvəl yaşayıblar. Sonrakı əsrlərdə
də ekspansiyalara (ərəb, sasani, rus və s.) baxmayaraq mədəniyyətimiz
inkişaf etib, yetkinləşib. Üç yüz il Sasani
(Fars), üç yüz il Ərəb, iki yüz ilə
yaxın Rus imperiyalarının əsarəti altında qalsa
da mədəniyyətimiz ölmədi. Hər üç
imperiya etnik dayaq yaratmaq, eləcə də türkdilli
etnosları bu ərazidən sıxışdırıb
çıxarmaq istəsələr də son olaraq özləri
qaynayıb-qarışıb, türkləşiblər.
Yazıda heç də məqsədim mədəniyyətimizi
mədh etmək deyil. Çünki bu kulturoloqların
işidir. Əlbəttə haşiyə çıxım, mədəniyyəti
araşdırmaq, nəzəri əsasları haqqında fikir
yürütmək onların, amma qorumaq, yaymaq, sahib
çıxmaq isə biz ümumun işidir. Yeri gəlmişkən,
zaman-zaman formalaşan mədəni irsimizə sahib
çıxmadıqca, yiyə durmadıqca, mədəni
irsimizə arxa çevirdikcə ona özgələri sahib
çıxır, yiyə durur, özünküləşdirirlər.
Məclislər yaraşığı kamançamızı
özəlləşdirdilər, abırımıza qısıldıq.
Xoxol dostlarımdan biri profilində lavaş (fətir)
haqqında məlumat verir, özüdə bilirsiniz hansı
başlıqda, “armyanskaya kuxnya”. Başa salıram, deyir bilmədim,
erməni dostu elə deyibmiş. Üzr istəyir. Allah Akif
İslamzadəni qorusun, "Sarı gəlin"i elə ifa
edib ki, hətta ingilis də bilir ki, mahnı bizimdir. Onu da
özlərinə çıxmağa çalışdı
ermənilər. Beynəlmiləlçiliyimizə
qısıldıq. Bu gün isə qara zurnamıza sahib
çıxıblar. Daha qaradan başqa rəng olmaz deyir
atalar. Görəsən daha nələr var növbədə?
Xalqın mədəni irsi birdən-birə
formalaşmır. Bunun üçün əsrlərin,
zamanın sərt sınağı lazımdır.
Ulularımıza rəhmət, bu hala gəlməyimizdən
ötrü kim bilir nələrdən keçiblər.
Şair Sabir Rüstəmxanlı yazır ki;
Sağ olsun ulularım,
Alovu ərşə çatan
Sönməz ocaq çatıblar.
Vətən, Vətən deməyib.
Vətəni ucaldıblar.
Günümüzdə, Azərbaycan müasirləşən,
Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu
tutan bir ölkədir. Düzdür, müstəqillik
qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə
qloballaşma tendensiyası müşahidə etmək
olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə
təsiri cəmiyyətə daha çox yad dəyərləri
qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç
şübhəsiz ki, müasir dünyada sürətlə
davam edən qloballaşma prosesləri bizim də ölkədən
yan keçməyib. Müsbət hal isə ondan ibarətdir
ki, artıq cəmiyyətin özündə ona qarşı əks
reaksiya başlayıb. Bütün halda millət, xalq olaraq
qloballaşma adı altında öz milli dəyərlərimizi
unutmamalı və bu dəyərlərə sadiq
olmalıyıq. Hər bir ölkə və xalq
üçün onun milli dəyərləri hər şeydən
üstün tutulmalı və digər xalqların dəyərləri
ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan
biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı,
xoş münasibətləri, səmimi dostluğu nəzərdə
tuturuq. Biz hər zaman qloballaşma adı altında digər
xalqların adət-ənənələrinə zidd olan, milli
mentalitetə xas olmayan dəyərlərə qarşı
mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə
milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.
Deməli, milli mənəvi dəyərlərimiz
yaşadıqca milli kimliyimiz də mövcud olacaq. Bu dəyərlər
dəyişdikdə isə artıq qarşımızda fərqli
milli kimliyi görəcəyik. Ona görə də gənclər
arasında milli-mənəvi dəyərlərin qorunması
istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik
və vətəndaşlıq hissləri gücləndirilməlidir.
Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini
artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr
işləyib hazırlanmalı, normativ-hüquqi bazanın
yaradılmasına nail olunmalıdır. Müsbət dəyərləndirilməli
məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində
milli kimliyin əsasını təşkil edən milli və
mənəvi dəyərləri qorunması və
yaşadılması istiqamətində daha məqsədyönlü
fəaliyyəti görə bilirik.
İtirə-itirə gedirik. Haçanacan? Sahib duraq mədəni
irsimizə, dəyərlərimizə. Zaman-zaman formalaşan, əlimizdə-özümüzdə
olan mədəni dəyərlərlə güclü, qüvvətliyik
əzizlərim!
Malik Balaşov, publisist
Xalq Cəbhəsi .- 2025.- 29 yanvar(№4).- S.15.