Havamız necə
çirklənir?
Havanın çirklənməsində müxtəlif
səbəblər var. Böyük şəhərlərdə
nəqliyyat vasitələrinin çoxluğu havanın daha
çox çirklənməsinə səbəb olur. Həmçinin
bildirilir ki, şəhərlərdəki qurğuların yenilənməməsi
də hava çirklənməsinə gətirib
çıxarır. Havanın çirklənməsi insan
sağlamlığı üçün ən ciddi ekoloji təhdidlərdən
biridir. Qeyri-rəsmi statistikaya görə, havanın
çirklənməsi səbəbindən hər il dünyada
7 milyon insan ölür. Havanın çirklənməsini
azaltmaq üçün tədbirlər görməklə
ölkələr insult, ürək xəstəlikləri,
ağciyər xərçəngi, astma da daxil olmaqla xroniki və
ya kəskin respirator xəstəliklər kimi xəstəliklərin
yükünü azalda bilər. Bəs Azərbaycanda vəziyyət
necədir, burada havanın çirklənməsinə gətirib
çıxaran əsas səbəblər nələrdir?
Bu istiqamətdə sözügedən sahənin
mütəxəssisləri fikirlərini “Xalq Cəbhəsi” ilə
bölüşüb.
“İnsanın nəfəs alması belə atmosferi
çirkləndirir”
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə
İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli qeyd edib
ki, bu gün təbiətdə sudan sonra ikinci çirklənməyə
məruz qalan havadır: “İnsanın özünün nəfəs
alması belə atmosferi çirkləndirir. Təqribi
hesablamalara görə, 1 dəqiqə ərzində 0.6 qram, il
ərzində 315 qr karbon dioksid buraxır. Atmosferi çirkləndirən
əsas qazlar karbon dioksid, metan qazlarıdır. Havaya
qarışan çirkləndiricilər kükürd dioksid,
hidrogen sulfid, karbon monoksit, azot oksidləri və digər hissəciklərdir.
Hava çirkliliyi yaradan qazlar ozon təbəqəsinə də
böyük təhlükə yaradır. Atmosfer çirkləndirən
faktorlar arasında təbii amillər də var. Məsələn,
təbii fəlakətlər: vulkan püskürməsi,
meşə yanğınları zamanı atmosferə xeyli zərərli
qazlar buraxılır. Ancaq atmosfer çirkliliyini yaradan əsas
amil insan faktorudur. Plansız urbanizasiya, xaotik məskunlaşma,
nəqliyyatın hərəkəti, keyfiyyətsiz
yanacağın istifadəsi, fabrik və zavodların
sayının artması kimi müxtəlif səbəblərdən
30-dan çox kimyəvi maddə havanı çirkləndirir”.
“Havanı çirkləndirən əsas amillər sənaye
müəssisələri və daxili yanma mühərrikləri
ilə işləyən avtomobillərdir”
E.Cəfərli hazırda ölkəmizdə havanı
çirkləndirən əsas amillərin sənaye müəssisələri
və daxili yanma mühərrikləri ilə işləyən
avtomobillər olduğunu diqqətə çatdırıb:
“Sovet dövründə bu məsələdə sənaye
müəssisələrinin payı daha çox idi. Lakin
müstəqillik dövründə o müəssisələrin
çoxu fəaliyyətini dayandırdı. Məsələn,
Sumqayıt kimyaçılar şəhəri idi. Şəhərdə
atmosferə zərərli qazlar buraxan çoxlu sənaye
müəsissələri, kimya zavodları var idi. Hazırda
onların böyük əksəriyyəti fəalliyyətini
dayandırıb. 1987-ci ildə respublikanın hava hövzəsinə
2,05 mln.ton zərərli tullantılar atılıb. Bunun 0,25
mln. tonu bərk maddələr, 0,15 mln. tonu kükürd
qazı, 0,99 mln. tonu isə karbohidrogenli birləşmələr
olub. Rəsmi məlumata görə, 1991-ci ildə atmosfer
havasına atılan zərərli tullantıların ümumi
miqdarı artaraq 2,6 mln. tona çatıb. Bunların 0,11 mln.
tonu bərk toz hissəciklər, 0,09 mln. tonu kükürd
2-oksid, 0,64 mln. tonu karbon oksidi, 0,08 mln. tonu azot oksidi, 1,67 mln.
tonu karbon qazı, 0,04 mln. tonu buxarlanan kimyəvi maddələr
təşkil edirdi. Sovet dövründə Sumqayıtla
yanaşı Bakı, Gəncə, Mingəçevir,
Şirvan şəhərləri, habelə Samux, Xanlar, Şəmkir,
Goranboy rayonlarında da hava çirkliliyi müşahidə
edilirdi”.
“Hava çirkliliyi insan orqanizmində müxtəlif xəstəliklər
yaradır”
Onun sözlərinə görə, şəhərlərin
hava hövzəsinin çirkləndirilməsinin əsas səbəbi
avadanlıq və qurğuların yenilənməməsi, təbiəti
mühafizə tədbirlərinin həyata keçirilməməsi,
ətraf mühitin mühafizəsinə sərf edilən
maliyyə vəsaitinin az olması və bəzi hallarda bu vəsaiti
mənimsənilməsi idi: “Bundan başqa istilik elektrik
stansiyalarında və istilik qızdırıcı mərkəzlərində
təbii qaz əvəzinə mazutdan, xüsusilə bir
çox hallarda yüksək faizli kükürdlü mazutdan
istifadə edilməsi də atmosferin çirkləndirilməsini
daha da gücləndirib. Atmosferi çirkləndirən əsas
amillərdən biri də heç şübhəsiz ki, əhalinin
artması ilə əlaqədar iri şəhərlərdə
yaşıllıq zolaqlarının məhv edilməsidir.
Hazırda Azərbaycanda ən çox hava kirliliyi əhalinin
daha çox məskunlaşdığı Bakı, Sumqayıt,
Gəncə, Mingəçevir şəhərlərində
qeydə alınıb. Sənaye müəsissələrinin
genişlənməsi, ölkəyə gətirilən
avtomobillərin sayının durmadan artması, bu şəhərlərdə
ekoloji vəziyyəti ağırlaşdıran amillərdir. Məsələn,
hazırda avtomobillərdən Bakı şəhərinin
atmosferinə atılan zəhərli maddələrin orta illik
miqdarı 300 min tondan çoxdur. Məsələn, rəsmi məlumatda
bildirilir ki, 2023-cü ildə ölkədə stasionar mənbələrdən
və avtomobillərdən atmosfer havasına atılmış
çirkləndirici maddələrin həcmi 2022-ci illə
müqayisədə 34,5 min ton çoxalaraq ümumilikdə
965,1 min ton təşkil edib. Onun da 85,0 faizi və ya 820,8 min
tonu avtomobillərdən atılan tullantıların payına
düşüb. Hava çirkliliyi insan orqanizmində müxtəlif
xəstəliklərin yaranmasına səbəb olur. Atmosferdə
karbon qazının səviyyəsinin artması beyin
sağlamlığına mənfi təsir edir, insanlarda
nevroloji problemlər yaradır. Zərərli komponentlər
miqren xəstələrinə ciddi təsir edir”.
E.Cəfərli sonda havanın çirklənməsi səbəbindən
dünyada hər il milyonlarla insanın həyatını itdiyini,
atmosfer kirliliyinin ağciyər xəstəliklərinin
çoxalmasına yol açdığını
vurğulayıb.
“Çirklənmənin artması həm də iqlim dəyişmələrinin
yaranmasına səbəb olur”
Xəzər Universitetinin Coğrafiya və ətraf
mühit departamentinin müdiri, ətraf mühit məsələləri
üzrə ekspert Rövşən Abbasov bildirib ki, atmosfer
havasının kirlənməsi dünyamızın əsas
problemlərindən biridir: “Atmosfer havası əsasən iri
şəhərlərdə çirklənir və dünya əhalisinin
təxminən yarıya qədəri iri şəhərlərdə
yaşayır. Çirklənməni yaradan əsas mənbələr
avtomobil nəqliyyatı, sənaye və tullantılardır. Mən
burada məişət tullantılarını qeyd etmək istəyirəm.
Məhz bu cür amillərin nəticəsində müxtəlif
şəhərlərdə atmosferdə həm çirkləndiricilərin
miqdarı artır, həm də bununla bağlı insan
sağlamlığı problemləri ortaya çıxır. Əsas
çirkləndiricilər kükürd qazı, azot dioksitlərdir
və bir də tullantı qalıqlarından meydana
çıxan müxtəlif üzvi mənşəli
çirkləndiricilər, uçucu üzvi birləşmələrdir.
Bunlar insan sağlamlığı üçün çox zərərlidir.
Digər bir tərəfdən çirklənmənin
artması həm də iqlim dəyişmələrinin
yaranmasına səbəb olur. Bütün bu çirkləndiricilər
karbon qazı ilə yanaşı, həm də iqlim dəyişmələrini,
temperaturu istiləşdirən əsas faktorlar hesab
olunmaqdadır”.
“İnsanlar çalışmalıdır ki, evində
hava keyfiyyəti yüksək olsun”
R.Abbasov həmçinin qeyd edib ki, iri şəhərlərdə
hava kirliliyinin azaldılması üçün bəzi
yalançı ümidlər də var: “İndi Avropa ölkələrində
bezninin yandırılmasında yeni avro standartlara keçid
edilib. Elektrik avtomobillərinin çoxalması iri şəhərlərdə
çirklənmənin azalmasına ümidlər yaradır.
Tullantıların idarə olunmasında müasir
texnologiyaların istifadə olunması çox zəruridir və
tullantıların azaldılması üçün biz həyat
tərzimizi dəyişməliyik. Yəni bu cür həllər
vasitəsilə biz havanın çirklənməsinin
azalmasına nail ola bilərik. Vacib bir məsələ də
odur ki, PM2,5 və PM10 ölçülü tozlar da var. Onlar
da iri şəhərlərdə müşahidə olunan əsas
mənbələrdir. Bunların da əsas mənbəyi elə
avtomobillərdir və bu tozların həm də daha çox
ev şəraitində əmələ gəlməsinə
şərait yaranır. Müxtəlif xalçalar bu
tozları özündə saxlayır. Hər bir insan
çalışmalıdır ki, evində hava keyfiyyəti
yüksək olsun. İmkan varsa, buna nəzarət etsin.
Çox yaxşı olardı ki, evlərdə, xüsusilə
Bakının daha çirkli rayonlarında evlərdə hava təmizləyən
qurğular alınaraq məişət qurğusu kimi istifadə
olunsun”.
“Daxili yanma mühərrikində yanma prosesi normal
getmir”
Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin
müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru,
ekoloq Ənvər Əliyev bəzən havada həddindən
artıq çirkliliyin yarandığını deyərək
əlavə edib ki, bu çirklənmə əsasən
texnogen mənşəli, qeyri-stasioner mənbələrdə
olur: “Bura maşınların daxili yanma mühərrikindən
atılan müxtəlif növ tullantılar, bir də
maşınların təkərlərinin altından
çıxan hissəciklər daxildir. İri şəhərlərdə
isə maşınların sayından və ya
maşının içindəki mexanizmdən
asılıdır. Yəni maşının motoru normal
işləmirsə küllü miqdarda çirki havaya
ötürür. Daxili yanma mühərrikində yanma prosesi
normal getmir. Azərbaycanda təxminən 2 milyona yaxın avtonəqliyyat
vasitələri var. Nəticədə bu vasitələr şəhər
mühitində problem yaradır. Bütün bunlar insan
sağlamlığına mənfi təsir göstərir. Dərinin
üzərinə düşmüş hissəciklər
müxtəlif növ xəstəliklərin yaranmasına səbəb
olur. Maşınların təkərlərinin altından
çıxan xırda hissəciklər nəfəsimizə
hopur. Bunlar həm nəfəsimizlə, həm
ağzımız vasitəsilə daxilimizə gedir. Bunlar ən
çox yaşlı insanlara, hamilə qadınlara kəskin təsir
edir. Maşınların motorundan çıxan səs-küy
şəhərdə və şəhər kənarında
ciddi təsir yaradır. Bir müddət öncə
Ümümdünya Səhiyyə Təşkilatının
(ÜST) İngiltərədəki qeyri-hökumət təşkilatı
Bakıda görüş keçirdi. Həmin
görüşdə də Azərbaycanda, xüsusən
Bakı şəhərində havanın çirkliliyini
xüsusən qeyd etdilər”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 29 yanvar(¹4).- S.14.