Qarabağ və Şərqi Zəngəzurun iqtisadi
potensialı
Azərbaycanın Qarabağ ərazisi işğaldan
azad olunandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa,
yenidənqurma işləri başladı və bu proses
hazırda da davam etməkdədir. Hazırda Azərbaycan
Qarabağ və Şərqi Zəngəzurda regenerasiya və
reinteqrasiya dövrünü yaşayır. Prezident İlham Əliyevin
rəhbərliyi ilə postkonflikt quruculuğunun əsas istiqamətləri
müəyyənləşdirilib. İşğaldan azad edilən
ərazilərdə nəhəng bərpa-quruculuq işləri
görülür. Qarabağ və Şərqi Zəngəzur
sıfırdan qurulur. İşğalçı Ermənistanın
yerlə-yeksan etdiyi, xarabalığa çevirdiyi, yer
üzündən sildiyi şəhərlər, kəndlər,
qəsəbələr yenidən tikilir.
Həmin bölgənin Azərbaycan iqtisadiyyatına təsiri,
iqtisadi potensialı nələrdən ibarətdir? Bölgədə
aparılan yenidənqirma işləri ölkənin iqtisadi
inkişafında necə rol oynaya bilər sualları ətrafında
millət vəkilləri və iqtisadçılar fikirlərini
“Xalq Cəbhəsi” ilə bölüşüb.
“Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf
drayverlərindən birinə çevriləcək”
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim
Vüqar Bayramov Qarabağ və Şərqi Zəngəzurun
iqtisadi baxımdan böyük potensiala malik olan bölgələrimizdən
olduğunu vurğulayıb: “Qarabağın, eləcə də
Şərqi Zəngəzurun praktik olaraq iqtisadiyyatın əksər
sahələrində böyük potensialı var. Əvvəla,
aqrar sektorda Qarabağ və Şərqi Zəngəzur
böyük potensiala malik olan bölgəmizdir. Bu da nəticə
etibarı ilə həmin ərazilərimizdə kənd təəsərrüfatının
inkişafı üçün yeni imkanlar yaradır. Eyni
zamanda, bu, sənaye potensialına malik olan bölgələrimizdəndir.
Çünki kifayət qədər təbii ehtiyatları var.
O təbii ehtiyatlar imkan verir ki, həmin ərazilərimizdə
sənayeni inkişaf etdirmək mümkün olsun. Bu ərazilərin
turizmin əksər sahələri üzrə böyük
potensialı var. Həm daxili turizm, həm tarixi, həm mədəni,
sağlamlıq turizmi, dini turizm bütün bunlar ondan xəbər
verir ki, bu bölgələrimizin turizm potensialı kifayət
qədər böyükdür. Bu da təbii ki, yeni imkanlar deməkdir.
Nəqliyyat və logistika sahəsində də imkanlar birmənalı
şəkildə yüksəkdir. Çünki şimal-cənub,
qərb-şərq nəqliyyat dəhlizləri məhz həmin
ərazilərimizdən keçir. İnfrastrukturun inkişaf
etməsi də bu konteksdən yeni imkanlar yaradır”.
V.Bayramovun sözlərinə görə, ilkin qiymətlərdirmələrə
görə, işğaldan azad olunmuş ərazilərimiz Azərbaycan
iqtisadiyyatının 10 faizindən çoxunu
formalaşdırmaq və yeni dəyər yaratmaq
potensialına malikdir: “Bu da o deməkdir ki, yaxın zamanlarda
işğaldan azad olunmuş ərazilərimiz Azərbaycan
iqtisadiyyatında təxminən 10 milyard manatdan artıq yeni dəyərin
yaranmasına şərait yaradacaq. Təbii ki, bu da həmin ərazilərimizdə
iqtisadiyyatın formalaşması və eyni zamanda
reinteqrasiyası baxımdan çox vacibdir. Bu, bir daha təsdiq
edir ki, artıq növbəti mərhələdə
Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən
birinə çevriləcək”.
“Qarabağ öz gözəlliyi ilə görənləri
heyran edir”
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov
qarşıdakı illərdə Qarabağda tam yekunlaşacaq
olan quruculuq işlərinin ölkəmizin həyatına
çoxsaylı yeniliklər gətirəcəyini deyib: “Azərbaycanın
qələbəsi nəticəsində regionda yaranan yeni şərait
ölkəmiz və bölgə üçün yaxşı
perspektivlər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyev
deyib ki, biz tezliklə doğma Qarabağımızı cənnətə
çevirəcəyik və artıq Qarabağ öz gözəlliyi
ilə görənləri heyran edir. İşğaldan azad
edilmiş ərazilərdə görülən işlərin,
həyata keçirilən tədbirlərin sürətlə
aparılması bunu deməyə əsas verir.
İşğal altındakı ərazilərimizin azad
olunmasıyla Qarabağ bölgəsinin Azərbaycan
iqtisadiyyatının genişlənməsinə və
diversifikasiyasına töhfəsi olacağı şübhəsizdir.
Reallıq budur ki, həm qələbəmizin siyasi cəhətdən
möhkəmləndirilməsi, həm işğaldan azad
edilmiş ərazilərdə bərpa işlərinin
aparılması istiqamətində sistemli fəaliyyət
müvəffəqiyyətlə davam etdirilir”.
“Qarabağın böyük xammal bazasına malikdir”
Deputat Qarabağın böyük xammal bazasına
malik olduğunu diqqətə çatdırıb: “Qarabağ
füsunkar təbiəti ilə yanaşı, yeraltı və
yerüstü sərvətlərə, zəngin iqtisadi
potensiala, geniş turizm imkanlarına malikdir. Bu
rayonlarımız aqrar üstünlüyü, xammal bazası
və emaledici sənaye istehsalı baxımından əlverişlidir.
Həmin ərazilərin iqtisadi potensialının əsas
parametrlərinə diqqət yetirsək görərik ki, Ermənistanın
talançılığı, istismarı nəticəsində
regionun infrastrukturu yox səviyyəsinə gətirilmişdi,
işğal nəticəsində minlərlə hektar əkinəyararlı
ərazi hərbi tullantılarla çirkləndirilmiş, Azərbaycan
iqtisadiyyatına və dünyanın genofonduna milyardlarla manat
həcmində ziyan vurulmuşdu. İşğaldan azad
edilmiş torpaqların iqtisadi potensialı çoxspektrli olub,
kənd təsərrüfatının, sənayenin və
turizmin müxtəlif sahələrini əhatə edir. Bu
torpaqlar üzümçülük, tütünçülük,
pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz,
bostançılıq və heyvandarlığın
inkişafı üçün böyük potensiala sahibdir. Həmçinin
Azərbaycanın mineral su ehtiyatlarının 40 faizinə qədəri
işğal altındakı torpaqlarda idi”.
M.Cəfərov həmçinin qeyd edib ki, Qarabağda
təhlükəsizlik təmin edildikdən, infrastruktur yeniləndikdən
və demoqrafik məsələlər həll olunduqdan sonra
turizmin təşkili üçün kompleks layihələrin
həyata keçirilməsi də reallaşacaq:
“Qarabağın ümumrespublika iqtisadiyyatına
reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika
dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın
inkişafına böyük təkan verəcək. Bu çərçivədə
regionda təhlükəsizliyin, sabitliyin, rifahın və
qarşılıqlı faydalı əməkdaşlığın
formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin
inkişaf etməsi həm dövlətimizin, həm də
region iqtisadiyyatının ümumi artımında əvəzsiz
rol oynayacaq”.
“Bu, mövcud infrastrukturun inkişaf etdirilməsinə
xidmət edir”
İqtisadçı Eldəniz Əmirov bildirib ki,
işğaldan azad olunmuş ərazilər Azərbaycanın
kifayət qədər ciddi iqtisadi potensiala sahib əraziləridir:
“Bu ərazilərdə ölkənin kənd təsərrüfatına
qatqı qatması üçün son dərəcə
münbit kənd təsərrüfatı təyinatlı,
yararlı torpaqların olması, turizm sektoruna töhfə verə
biləcək infrastrukturun yaradılması və təbii
relyefin turizm sektoru üçün əlverişli olması,
ölkənin su ehtiyatlarının 25 faizinə qədərinin
burada yerləşməsi, eyni zamanda, coğrafi olaraq daha
çox ölkələrlə sərhədin məhz burada
mövcud olması iqtisadiyyatın bir çox istiqamətləri
üzrə inkişaf üçün ciddi zəmin
yaradır. Bu da təbii ki, Rrspublikamızın
iqtisadiyyatına, ələxsus da makroiqtisadi göstəricilərin
artmasına öz töhfəsini verəcək”.
İqtisadçının sözlərinə görə,
biz bura ayrı-ayrılıqda sahələr üzrə baxsaq,
məşğulluğun təmin olunmasına bu ərazilərin
faydasını görə biləcəyik: “Hazırda tikinti,
yenidənqurma və bərpa işlərinin burada sürətlə
aparılması məhz ölkədə məşğulluğa
ciddi şəkildə öz töhfəsini verir. Gələcəkdə
isə təbii ki, ayrı-ayrı təsərrüfat subyektlərinin
yaranmasına, sahibkarlığın burada inkişaf etdirilməsinə
fürsətlər yaranacaq. Ölkə olaraq hər il ortalama
4 milyard manatlıq bir vəsait məhz bu ərazilərin yenidənqurma
və bərpasına xərclənir. Bu da mövcud
infrastrukturun inkişaf etdirilməsinə xidmət edir.
Çünki istənilən reinteqrasiya prosesi mütləq
şəkildə ciddi infrastruktur layihələrin
icrasını zəruri edir”.
“Bu ərazilərdə turizmin müxtəlif növlərinin
inkişaf etdirilməsi mümkündür”
İqtisadi ekspert Xalid Kərimli Qarabağın və
Şərqi Zəngəzurun həm də kənd təsərrüfatı
sahəsində inkişafının diqqəti cəlb etdiyini
qeyd edib: “Bu ərazilərdə həm heyvandarlıq, həm
bağçılıq, həm əkinçilik potensialı
mövcuddur. Ənənəvi olaraq bu ərazi hətta Sovet
dönəmində də kənd təsərrüfatı təyinatlı
idi. O vaxt bu ərazilər ölkədə ümumi kənd təsərrüfatı
istehsalının 35 faizini verirdi. Yəni ilk olaraq kənd təsərrüfatıdır.
İkinci növbədə, buranın potensialında turizmin
müxtəlif növləri həm coğrafi, həm
müalicəvi, həm qastronomik iaşə turizmi və s.
üçün şərait var. Yəni bu ərazilərdə
turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi
mümkündür”.
Onun sözlərinə görə,
üçüncü istiqamət bu ərazilərdə
mineral yataqlarının, xüsusən də qızıl, mis
yaraqlarının olmasıdır: “Bu potensial Kəlbəcər,
Zəngilan, Ağdərədə mövcuddur. Bunu istismar etmək
mümkündür. Yəqin ki, bu istiqamətdə intensiv
şəkildən işlər görülür.
Dördüncü istiqamət bu ərazinin bərpa olunan
enerji potensialının olmasıdır. İndiki halda öz tələbatını
ödəmək üçün yerli əhəmiyyətli su
elektrik stansiyaları qurulur. Ümumiyyətlə, ölkənin
ən böyük problemi su
çatışmazlığıdır. Bu ərazilərində
suyun nisbətən Aran zonalarına görə daha
yaxşı təminatı var. Mən ənənəvi sahələri
dedim. Amma Zəngəzur dəhlizi açılarsa, bu ərazilərin
daha böyük potensiallarını realizə etmək
mümkün olacaq”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 29 yanvar(¹4).- S.13.