Dövlətinə və millətinə bağlı
siyasət adamı
Yanvarın 29-da millət vəkili, Milli Məclisin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin sədr müavini, Ədalət,
Hüquq, Demokratiya (ƏHD) Partiyasının (keçmiş
adı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası)
qurucusu və sədri Qüdrət Həsənquliyevin
doğum günü, 60 illik yubileyidir.
Milli Azadlıq Hərəkatının fəallarından
olmuş, tələbə hərəkatının
üzvü kimi milli oyanışımızda, müstəqillik
və suverenlik uğrunda mübarizədə daim ön
sıralarda olmuş Qüdrət Həsənquliyevlə şəxsən
tanışlığımızın tarixi
üçüncü onilliyə çatmaq üzrədir. Bu
müddətdə siyasətçi-jurnalist münasibətləri
dostluğa çevrilib. Parlament fəaliyyətini
işıqlandıran media mənsublarının əksəriyyəti
mənim fikirlərimlə razılaşar. Təsadüfi deyil
ki, Parlament Jurnalistləri Birliyi (PJB) tərəfindən
keçirilən sorğularda Qüdrət Həsənquliyev
böyük etimad göstərilən millət vəkillərindən
olub. 2004-cü ildə təqdim olunan “İlin ən fəal
millət vəkili” nominasiyası üzrə “Mütərəqqi
ideyalar müəllifi” mükafatı ilə təltif edilib. Həmçinin
2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014,2015,2016, 2017-ci
illərdə Parlament Jurnalistləri Birliyi tərəfindən
müxtəlif mətbuat orqanlarının nümayəndələri
arasında keçirilən sorğuda o, ilin ən fəal
beş millət vəkillərindən biri olaraq seçilib.
Qüdrət bəy Milli Məclisin komitə və plenar
iclaslarında fəallığı, aktual mövzularla
bağlı etdiyi çıxışları, dövlət və
ümumxalq əhəmiyyətli məsələlərə,
seçiciləri narahat edən mövzulara diqqət çəkməsi
ilə fərqlənən millət vəkillərindəndir.
2003, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən
parlament seçkilərində parlamentə üzv seçilən
Qüdrət Həsənquliyev ali qanunverici orqanda müzakirəyə
çıxarılan qanun layihələri ilə bağlı
təcrübəli və peşəkar hüquqşünas
olaraq mövqeyini ifadə edib, qanunlarımızın daha da təkmiləşdirilməsində,
hüquqi dövlət quruculuğunda faydalı mövqeləri
ilə seçilib. Onun qanun layihələrinin müzakirələrində
və cari məsələlər zamanı aktivliyi parlament rəhbərliyi
tərəfindən də təqdir olunur, çünki
qanunvericiliyin təkmilləşdirilməsi sahəsində
inkişaf həm də peşəkarların iştirakı ilə
aparılan müzakirələrin gedişində əldə
olunur.
2003-cü ildən bəri ölkəmizdə
keçirilən prezident seçkilərində ümumxalq və
dövlət əhəmiyyətli təşəbbüsləri,
təklifləri, çıxışları ilə də rəğbət
qazanıb. Azərbaycanın adının “Şimali Azərbaycan”
adlandırılması, ölkəmizin inzibati
bölgüsünün 15 region üzrə həyata
keçirilməsi, bir sıra iri şirkətlərin özəlləşdirilməsi
ilə bağlı addımların atılmasını,
peşəkar orduya keçidi və digər mühüm məsələlərlə
bağlı təşəbbüsləri zaman-zaman dilə gətirən
Qüdrət bəy vaxtaşırı əfv və amnistiya zərurəti
ilə bağlı da təkliflər irəli sürüb.
Ölkə Prezidenti bir neçə dəfə bildirib ki, fəaliyyəti
dövründə prezident seçkilərində namizəd
olmuş iddialıların təklifləri də nəzərə
alınacaq. Qüdrət Həsənquliyev müxalifət
partiyasının rəhbəri olsa da, ölkəmizin milli
maraqlarının tələb etdiyi zaman birlik nümunəsini
tərəddüd etmədən ortaya qoyan əsl vətəndaşdır.
Bu kimi faktların özü onun dövlətə, millətə
bağlı bir siyasət adamı olduğuna, ölkəmizin
maraqlarını hər şeydən uca tutduğuna qəti
şübhə yeri qoymur. Təsadüfi deyil ki, Azərbaycanda
onun iştirakı ilə keçirilən prezident seçkilərindən
sonra rəqibini-dövlətimizin başçısını
təbrik etməkdən çəkinməyib, onun və digər
iddialıların da bu siyasi mədəniyyət nümunəsi
ölkə Prezidenti tərəfindən şəxsən
yüksək qiymətləndirilib.
Sonuncu parlament seçkilərində mən bir vətəndaş
kimi, yaşadığım dairədə heç bir tərəddüd
etmədən seçicisi olduğum Qüdrət bəyə
səs vermişəm. Tanıdığım, səriştəsinə
bələd olduğum, dövlətə, öz xalqına
bağlı, peşəkar siyasət adamının
seçicilərinə sayğılı olduğuna da zərrə
qədər şübhəm yoxdur. Əslində Qüdrət
bəy o deputatlardandır ki, onun üçün seçki
dairəsi anlayışı yoxdur, müraciət edən istənilən
vətəndaşın yanında olmağı bacaran şəxsdir.
Qüdrət bəy mətbuata açıq siyasətçilərindən
biri olduğu üçün onunla danışmaq, önəmli
məsələlərlə bağlı açıqlamalar
almaq çətin deyil.
"Yeni Müsavat" Media Qrupunun parlament müxbiri
olaraq onunla dəfələrlə ölkəmizdəki
hüquqi islahatlar, ərazi bütövlüyümüz və
suverenliyimizin təmin olunması, həmçinin digər
önəmli mövzularla bağlı geniş müsahibələrimiz
olub. Yeri gəlmişkən, ixtisasca hüquqşünas olan və
Konstitusiyanın, həmçinin qanunvericilik bazasının
bilicilərindən olan Qüdrət bəyin 60 illik yubileyi həm
əlamətdar bir dövrə təsadüf edir. Cənab
Prezidentin Sərəncamı ilə 2025-ci il Azərbaycan
Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.
Çox güman ki, bu il hüquqi islahatlarla bağlı elə
Qüdrət bəyin də arzuladığı kimi, digər
önəmli addımlar atılacaq.
Dəyərli millət vəkili, peşəkar
hüquqşünas və siyasətçi, nümunəvi ailə
başçısı və səmimi dostumuz olan Qüdrət
bəyi ömrünün 60 illiyi münasibətilə təbrik
edir, sağlam, uzun ömür, şəxsi həyatında və
ictimai-siyasi fəaliyyətində daha böyük uğurlar
arzulayıram.
Hörmətlə: Elşad Paşasoy, jurnalist
Xalq Cəbhəsi .- 2025.- 29 yanvar(¹4).- S.8.