Qüdrət Həsənquliyevin 60 illik yubileyinə
sözardı
…Siyasi münasibətlər sistemi, xüsusilə də
fərqli formasiyaların içərisindən keçən,
mental və toplumsal mədəni dəyərlər olaraq tam
oturuşmamış cəmiyyətlərdə o qədər
mürəkkəb və ziddiyyətlidir ki, nəinki bir il, bəzən
bir an sonra yanaşmaların, dəyərləndirmələrin
necə olacağını proqnozlaşdırmaq mümkün
olmur. Elə mən də, nəinki bir il, hətta bir an sonra
da baş verə biləcəyini istisna etmədiyim dəyişik
münasibətlər sisteminin mahiyyətini, bu münasibətlər
sisteminin ən mürəkkəb nəqliyyat dəhlizlərini
belə kölgədə qoya biləcək keçidlərində
sağdan sola, soldan sağa var-gəl edən, şər-böhtan,
qarayaxma yükünü durmadan artıraraq hərəkətdə
olan, havası, suyu, çörəyi bəsit əyalət
hiyləgərliyindən “çıxan”ların yaratmaq istədikləri
və yaxud, artıq yaratdıqları kommunikasiya
tıxacının real və ya vizual
görüntüsünü nəzərə almadan, bu
anın duyğu və fikir selinin
formalaşdırdığı qəribə, təzadlı
bir ovqatın təsiri altında yazıram.
…Bir qayda olaraq, yubiley təbrikinə belə
başlamırlar, bilirəm. Amma həyatın, fərdi və
ya toplumsal münasibətlərin resepti olmur. Mənə
görə, bətnində həqiqət yükü
daşıyan istənilən dürüst, səmimi
yanaşma bər-bəzəkli, metaforik tərifə
bürünmüş saxtakarlıqdan daha gözəldir.
Bir də… bu yazı üzərində az qala bir aydan
çoxdur ki, düşünürəm. Elə ilk sətirin
sözlərini cümləyə düzdüyüm,
bütün kənar təsirlərin sürüşkən
ayaq izlərini düşüncələrimin
çığırından sildiyim andan… özüm
üçün də təəccüblü olan bir sürətlə
yazıram. Ələkdən keçirmədən…
Hazırda hər kəsin millət vəkili, Ədalət,
Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri Qüdrət
Həsənquliyevi uzun illərdir ki, tanıyıram. Bəzən
onunla ilk dəfə qarşılaşdığım
zamanı belə xatırlaya bilmirəm. Xatirələr və
təəssüratlar illərin dolanbacında alt-üst olub.
Qüdrət bəy çox fərqli adamdır. Həm
siyasətçi, həm də, sadəcə bir insan kimi. Tərifi
sevmədiyini bilirəm və ən azı son 23 il ərzində
onunla münasibətlərimdə reallıqdan kənar,
metaforik hansısa fikir səsləndirdiyimi, yaxud onun belə
bir yanaşma sərgilədiyini xatırlamıram. Qüdrət
Həsənquliyev düşündüyü kimi
danışır, doğru bildiyini deyir və edir. Bu, şəxsi
münasibətlərdə də belədir, siyasi
yanaşmalarda da…
Qüdrət bəy çox yaxşı adamdır.
Tanıdığı və ona münasibətdə dürüst
olan hər kəsə bacardığı qədər, bəzən
bacardığından daha çox xeyirxahlıq etməyə
çalışır. Qarşılığını
gözləmir, şübhəsiz. Amma zəngin siyasi təcrübəsinə,
həyatın hər üzünü görməsinə, ən
acı reallıqları ilə qarşılaşmasına
baxmayaraq, hər dəfə etdiyi xeyirxahlığın
qarşılığında, yumşaq ifadə etsəm,
arzuolunmayan bir davranış, yanaşma, əməl görəndə
təəccüblənir və bəzən hətta
sarsılır da… Əslində onun bu keyfiyyətini daha
çox bəyənirəm. Bu o deməkdir ki, Qüdrət Həsənquliyev
bütöv bir xarakter, obraz və mahiyyət olaraq, dəyişmir,
bütün vəziyyətlərdə özü olaraq
qalır.
Qüdrət bəy hüquqi bilgiləri və məntiqi
ilə heyrət doğura biləcək bir
hüquqşünasdır. Bu illər ərzində ondan
çox şey öyrənmişəm və hələ də
öyrənməyə davam edirəm.
Qüdrət bəy mükəmməl, öyrənməyə,
öyrətməyə daim hazır olan, bu istiqamətdə də,
yalnız doğruları aşılayan,
qarşısındakının kimliyindən, ona olan
münasibətindən asılı olmayaraq, onu doğru yola
yönəldən bir müəllimdir.
Qüdrət bəyi, sadəcə siyasətçi
kimi dəyərləndirmək insafsızlıq olardı.
İçindəki böyük Vətən sevgisi,
düşüncəsinə hakim kəsilmiş dövlət əxlaqı
onun ümumi siyasi konyekturanın dar çərçivəsinə
sığmasına imkan vermir. Qüdrət Həsənquliyev
günün reallıqlarını düzgün dəyərləndirən,
praqmatik yanşamalardan çıxış edən və
bununla yanaşı möhkəm ideoloji fikir yapısına
sahib olan bir inşandı.
Qüdrət bəy təpədən-dırnağa
milli adamdır. Zamanın dəyişik ritmi onun xarakterinə
zərrə qədər də olsun, təsir göstərə
bilməyib.
Qüdrət Həsənquliyevin çox səmimi, fədakar
bir dost olduğunu deyirlər. Onunla uzun illərdən bəri
dostluq edən və mənim də dost saydığım,
etibar etdiyim insanların dediklərindən belə qənaətə
gəlmişəm. Təəssüf ki, sədr-müavin
münasibətlərimiz onunla dostluq münasibətlərimizin
tam formalaşmasına imkan verməyib. Amma indi də gec deyil…
Qüdrət bəy Azərbaycanı bütün
çalarlarıyla, daşıyla, torpağıyla,
havasıyla, suyuyla, insanıyla sinəsinə çəkərək
bütöv və dərindən sevən qibtə olunacaq bir vətəndaşdır.
Qüdrət Həsənquliyev zamanın sürətlə
dəyişən ritminin içərisində Azərbaycan
sevgisinə köklənərək öz ritmi ilə
yaşayan əsl azərbaycanlıdır.
Qüdrət bəy əsl insandır – obrazı
artıq boya və mübaliğə götürməyən,
sadə, səmimi bir insan!
60 yaşınız mübarək, Qüdrət bəy.
Allahdan Sizə uzun və sağlam ömür diləyirəm.
Ulu Tanrı Sizə doğma Vətənimizlə, Türk
Dünyası ilə bağlı arzuladığınız
bütün hadisələrin şahidi və
iştirakçısı olmağı nəsib etsin!
Elçin Mirzəbəyli
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Xalq Cəbhəsi .- 2025.- 29 yanvar(¹4).- S.7.