Qüdrət Həsənquliyev şəxsiyyəti
Yanvarın 29-da Ədalət, Hüquq, Demokratiya
(ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət
Həsənquliyevin 60 yaşı tamam olur.
Çox az insan tapılar ki, onun xarakterində
dürüstlük, cəsarət, haqqın yanında olmaq, əxlaq,
yüksək mədəniyyət, humanizm və digər
müsbət keyfiyyətlərin vəhdəti əks olunsun.
Qüdrət bəy məhz yuxarıda qeyd olunan xarakterə
sahib insanlardandır. Onun xarakteri və pozitiv düşüncələri
Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında
mühüm rol oynayır.
O, daim ölkədə siyasi düşüncənin
sağlamlaşması, siyasi mədəniyyətin
formalaşmasının tərəfdarı olub və fəaliyyətinin
bütün dönəmlərində bunu praktiki olaraq
sübut edib.
Əlbəttə, ölkə həyatında siyasi mədəniyyət
vacib faktorlardandır və hər hansı kənar təhdidlər
zamanı milli maraqların önə keçməsinə zəmin
yaradır. Üzərinə düşən tarixi məsuliyyəti
dərindən dərk edən hər bir siyasi liderin kritik
anlarda dövlətçilik naminə birləşdirici faktora
çevrilməsi ümummilli maraqlar baxımından
mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan
Qüdrət Həsənquliyevin siyasi xətti Azərbaycan
xalqının və dövlətinin maraqlarının
prioritet olmasını şərtləndirir.
Qüdrət Həsənquliyev sözün həqiqi mənasında
dövlət adamıdır. Onun strateji baxışları,
analitik düşüncəsi və bunu tamamlayan idarəçilik
qabiliyyəti ona siyasi karyerasında uğur qazandıran
başlıca amillərdəndir.
Qüdrət bəy hələ tələbəlik illərində
Milli Azadlıq Hərəkatına qoşularaq,
ömrünün gənclik dönəmində olduqca gərgin
siyasi proseslərin içərisində yer alıb. Onun hərəkat
dönəmində fəal gənc kimi proseslərin içərisində
olması sonrakı dönəmlərdə siyasi
karyerasında önəmli rol oynayıb.
Qüdrət Həsənquliyev istər Milli Azadlıq
Hərəkatı dönəmində, istərsə də
ondan sonrakı dövrlərdə Azərbaycan siyasi səhnəsində
xüsusi fəaliyyəti ilə yadda qalıb.
O, 2004-cü il aprelin 3-də Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyasını (BAXCP) quraraq, ətrafında
təcrübəli siyasətçilərdən ibarət
komanda formalaşdırıb.
Partiya sədri kimi qısa zaman kəsiyində uğur
qazanması onun liderlik keyfiyyətlərinin təzahürüdür.
Partiyanın inkişafı, aparatının
formalaşması və bu gün Ədalət, Hüquq,
Demokratiya (ƏHD) Partiyasının Azərbaycan siyasi
partiyaları arasında özünəməxsus və ləyaqətli
yer tutması məhz Qüdrət bəyin liderlik keyfiyyətlərinin,
gərgin əməyinin, prinsipiallığının nəticəsidir.
Allah siyasi lider üçün zəruri olan
bütün keyfiyyətləri Qüdrət bəyə qismət
edib.
Cəsarət, intellekt, xarizma, qətiyyət, təmkin
və yüksək mədəniyyətin vəhdəti
Qüdrət Həsənquliyev şəxsiyyətini
formalaşdırır. Məhz bu keyfiyyətləri Qüdrət
Həsənquliyevin həmkarları ilə yanaşı sadə
insanlar arasında da rəğbət qazanmasına, sevilməsinə
səbəb olur.
Bu gün Qüdrət Həsənquliyevin Azərbaycan
dövlətçiliyi və xalqı qarşısında
kifayət qədər xidmətləri var və bu amil onun
ölkənin siyasi səhnəsində öz
sözünü demiş və özünü təsdiq
etmiş siyasətçi olaraq önə çıxarır.
Qüdrət Həsənquliyev millət vəkili kimi də
parlamentin işində aktiv fəaliyyət göstərir.
Ən fəal və təşəbbüskar parlamentarilərdən
olaraq, onun istər parlamentin müxtəlif istiqamətlərdə
fəaliyyəti, istərsə də qanunvericiliyin
inkişafındakı rolu hər kəsə bəllidir. Onun
peşəkar hüquqşünas olaraq qanunlarda dəyişikliklərin
edilməsi və ya boşluqların aradan
qaldırılması ilə əlaqədar verdiyi təkliflər
qanunvericiliyin inkişafında önəm daşıyır.
Milli məsələlərdə partiya
maraqlarını daim kənara qoymağı bacarması, Azərbaycan
dövlətinə kənar hücumların aradan
qaldırılması ilə bağlı fikirləri və
ortaya qoyduğu cəsarətli mövqe dövlətçilik
üçün mühüm əhəmiyyətə malikdir.
Bütün bunlarla yanaşı O, həm də sədaqətli
dost və nümunəvi ailə
başçısıdır.
ƏHD Partiyasının İdarə Heyətinin
üzvləri olaraq, liderimiz Qüdrət bəyi 60 illik
yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm
cansağlığı və siyasi karyerasında
uğurlarının davamlı olmasını
arzulayırıq!
ƏHD Partiyası İdarə Heyəti
Xalq Cəbhəsi .- 2025.- 29 yanvar(№4).- S.7.