Qüdrət Həsənquliyev-60
Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin
60 yaşı tamam olur. Qüdrət Həsənquliyev ölkənin
ən ağır günlərində, tələbəlik illərində
siyasi proseslərə qatılıb. O, hər zaman Azərbaycanın
siyasi səhnəsində öz dəst-xətti və şəxsiyyəti
ilə seçilən siyasi xadimdir.
Ölkənin tanınmış ictimai-siyasi xadimləri
onu 60 illik yubileyi münasibətilə təbrik ediblər.
Milli Məclis sədrinin müavini Musa Qasımlı:
- Qüdrət müəllim Həsənquliyevi hər
şeydən əvvəl 60 yaşı münasibətilə
ürəkdən təbrik edir, möhkəm can
sağlığı, şəxsi və ictimai-siyasi həyatında
uğurlar arzulayıram. Qüdrət müəllimi deputat
olmamışdan öncə tanıyıram, ona görə də
ilk növbədə insan kimi onun bəzi xüsusiyyətlərini
söyləmək istəyirəm. Qüdrət müəllim
səmimidir, bütün müzakirələrə
açıq insandır və ünsiyyətcil bir şəxsdir.
Onun xarakterində dürüstlük var. Dürüstlük
ilk növbədə ailədən gələn xüsusiyyətdir.
Bu xüsusiyyət və aldığı təhsil onun
bütün fəaliyyətinə təsir göstərir.
Qüdrət müəllim haqqında ikinci növbədə
mən bir deputat kimi bir neçə söz söyləmək
istəyirəm. 2010-cu ildə mən deputat seçiləndən
sonra Qüdrət müəllimlə Milli Məclisdə həmişə
yanaşı əyləşmişik. Müşahidə
etdiyim başlıca keyfiyyət nə olub? Qüdrət müəllim
heç bir zaman Milli Məclisdə populist
çıxışlar etməyib, məsələnin mahiyyəti
üzrə danışıb, həmişə qurucu, birləşdirici
olmağa çalışıb. Onun fikirləri daim millətimizin
və dövlətimizin daha güclü olmasına yönəlib.
Peşəsi hüquqşünas olduğundan bir çox
hüquqi məsələləri mən zamanında Qüdrət
müəllimdən soruşmuşam.
O, eyni zamanda, Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədridir. Partiya sədri kimi o, Azərbaycanda
siyasi partiya mədəniyyətinin formalaşmasında
özünəməxsus rol oynayıb və indi də
oynayır. Onun ümummilli və hər hansı digər bir məsələlərdə
mövqeyi hər zaman açıq olub.
Mən bir daha dəyərli Qüdrət müəllim
Həsənquliyevi ürəkdən təbrik edirəm, Ona
şəxsi və ictimai-siyasi həyatında uğurlar,
möhkəm cansağlığı arzulayıram. Neçə
gözəl illərə....
“Qabaqcıl proqramları ilə Azərbaycanın
uğurlu gələcəyinə xidmət edib”
Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri,
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Zahid Oruc:
- Qüdrət Həsənquliyev Azərbaycan siyasətində
xüsusi yeri olan, milli idealları prinsipiallıqla müdafiə
edən dəyərli dövlət adamıdır. Doğrudur,
o, hakimiyyətin qanunvericilik orqanında təmsil olunur, partiya
rəhbəridir, fərqli ideoloji dəyərləri
bölüşür. Lakin müstəqillikdən sonra
xalqımızın üzləşdiyi çətin sınaqlar,
dərin böhranlar və uğurlu salnamələr
dövründə göstərdiyi qətiyyətli mövqe,
ardıcıl xətt belə şəxsiyyətləri idarəetmə
məsuliyyəti daşıyan insanlarla bir kateqoriyada görməyə
imkan verir.
Gənc yaşlarından siyasi mübarizənin
önündə gedən aktiv tələbələrdən
biri kimi Qüdrət Həsənquliyevin cəsarəti,
qorxmazlığı onun gələcəyini müəyyənləşdirən
və taleyində əvəzsiz rol oynayan tarixi hadisələrin
iştirakçısına çevirib. Azərbaycanın
xilaskarı ulu öndər Heydər Əliyevlə
görüşü, milli liderimizin yüksək insani qayğıkeşliyi
milyonlarla azərbaycanlı kimi onun da həyatında,
dünyagörüşündə silinməz izlər
buraxıb, seçdiyi yola və əqidəyə əbədi
olaraq bağlayıb.
Ali Baş Komandan İlham Əliyevin Vətən
müharibəsində parlaq Qələbəyə gələn
yolu özünün strateji duyumu və analitik
bacarığı ilə görən insanlardan biri də
Qüdrət Həsənquliyevdir. O, müxalifətçiliyi
düşmənçiliyə çevirən qüvvələrə
qarşı mübarizədə tərəddüd göstərməyib,
açıq fkri və prinsipiallığı ilə fərqlənib,
siyasi barışa və milli həmrəyliyə hər zaman
xidmət edən kurs seçib.
Partiya rəhbəri kimi onun fəaliyyəti, ətrafına
toplanan çoxminli əqidədaşları ilə birlikdə
iştirak etdiyi mühüm siyasi kampaniyalar zamanı da
aydın baxışları, qabaqcıl proqramları ilə Azərbaycanın
inkişafına və uğurlu gələcəyinə xidmət
edib. Heç şübhə yoxdur ki, parlaq Qarabağ qələbəmizdən
sonra yeni milli ideya axtarışlarında olan cəmiyyətimizə
ədalətin Zəfər çalması yolunun təklif
edilməsi də gələcək birliyimizin güclənməsi,
dünyada hörmət və nüfuzu ilə seçilən
qalib xalq statusunun qorunub saxlanılmasına yönəlib.
Qüdrət Həsənquliyevi yubileyi münasibətilə
təbrik edərkən, onun salnaməyə çevrilən mənalı
ömrünün hələ uzun illər Azərbaycana
yorulmadan xidmət edəcəyinə dərin inamımı
ifadə edir, şəxsinə ən xoş arzularımı
bildirir, ailə xoşbəxtliyi və milli səadət
arzulayıram.
Siyasi uzunömürlülük xalq və dövlət
naminə fiziki ömrü də qorumağı tələb
edir.
Qalib yüz ilimizə doğru gedərkən,
sağlıqlı Bir Əsrlik Yaşın zirvəsində
şəxsini görmək diləyilə...
Dərin hörmətlə, Zahid Oruc
Müdriklik yaşı
Vətəndaş Həmrəyliyi Partiyasının
(VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlı:
- Bu gün yaşı 60-65-ə çatan nəslin
bir çox nümayəndəsi kimi Qüdrət Həsənquliyevi
də 1980-ci illərin sonundan, Xalq hərəkatından
tanıyıram. Lakin onun Azərbaycanın müstəqilliyi və
torpaq bütünlüyünün qorunması uğrunda
mübarizəsi, bir-sıra yaşıdları kimi, hələ
Bakı Dövlət Universitetinin hüquq fakultəsində
oxuduğu illərdən başlayıb. Köhnə SSRİ-də
elan edilən aşkarlıq prosesi Azərbaycanda tələbə
hərəkatını gücləndirmişdi, bir sıra
gizli və açıq dərnəklər, təşkilatlar
yaranmışdı. O vaxt mən də tez-tez universitetlərə
görüşlərə gedirdim və BDU-nun hüquq fakultəsinin
tələbələrinin bu işdə daha fəal
olduqlarını görürdüm. Sonralar Qüdrət bəy
universitetdə Xalq Cəbhəsinin əsas təşəbbüskarlarından,
özək təşkilatının
başçılarından biri olmuşdu. Universitetdə
böyük inam və cəsarətlə çalışan,
danışan, görüşlər təşkil edən, tələbələri
təşkilatlandıran gənclərdən ikisi bu gün
layiq olduqları yerdə-Milli məclisdə millət vəkilidirlər:
Qüdrət Həsənquliyev və Fazil Mustafa. Qüdrət
bəy sonralar Azərbaycan Xalq Cəbhəsinin gənclər təşkilatının
fəallarından biri oldu. Azərbaycan Respublikasının
Milli Məclisinə deputat seçildiyi illərdə onunla
tanışlığım və yaxınlığım daha
da möhkəmləndi. Vaxtikən hələ AXC bütov
olduğu illərdə də Qüdrət bəy öz səbri,
təmkini və təşkilatın gələcəyinə məsuliyyətli
münasibəti ilə seçilirdi. Milli Məclisin
deputatı olduğu illərdə də onu fərqləndirən
əsas cəhətlərdən biri hadisələrə milli
mövqelərimiz baxımından, real şəraiti nəzərə
alaraq yanaşması olub. Onu Məclisdəki başqa
müxalifətçi deputatlardan fərqləndirən əsas
cəhətlərdən biri, demək olar ki, bütün
çıxışlarında qanuna söykənməsi və
ölkədə konstitusiya hakimiyyətinin bütün sahələrdə
qorunması olub. Yəni fikirlərini hər zaman müstəqil
dövlətimizin konstitusiyanın müdafiəsinə və
onun tələblərini yerinə yetirməsinə uyğun
şəkildə ifadə edib. Bu cəhət onun
çıxışlarına və mövqeyinə hər
zaman etimad duyğusu yaradıb. Heç vaxt görüntü
üçün, əsassız danışmayıb. Buna
görə də mən onun Milli Məclisdəki mövqeyinə
həmişə hörmətlə yanaşmışam. Xalq Cəbhəsi
partiyasından ayrılandan sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi
partiyasını yaradıb, ona başçılıq edib.
2024-cü ilin mart ayından sonra isə rəhbərlik etdiyi
siyasi təşkilatı Ədalət, Hüquq, Demokratiya
(ƏHD) Partiyası olaraq adlandırıb. Qüdrət Həsənquliyevin
partiyasının mətbuat və informasiya işinə ciddi əhəmiyyət
verməsi də, mənə görə, çox əhəmiyyətlidir.
Bunun nəticəsində “Xalq Cəbhəsi” adlı qəzeti
təsis edib və onun obyektivliyi və qərəzsizliyi ilə
seçilən qəzetlərimizdən birinə çevrilməsinə
çalışıb. Partiyanın adında olan ədalət,
hüquq, demokratiya sözləri əslində Qüdrət bəyin
öz xarakterinə xas olan cəhətlərdir. Mən onu hər
zaman demokratiyanın tərəfdarı, hüququn aliliyi
uğrunda mübarizə aparan, ədalətli bir insan kimi
tanımışam. Müdriklik yaşı qutlu olsun...
Hörmətlə, Sabir Rüstəmxanlı
Qürurla hesabat verməyə imkanı çatan
şəxsiyyət
Böyük Quruluş Partiyasının (BQP) rəhbəri,
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin
sədri Fazil Mustafa:
- Qüdrət Həsənquliyev Azərbaycan siyasətində
öz dəst-xətti olan insanlardan biridir. O, uzun illər həm
partiya rəhbəri, həm də Parlament üzvü kimi ən
aktiv fəaliyyət göstərən, həmişə
öz üslubu, sözü, özünün məsələlərə
fərqli baxışı ilə seçilən siyasətçidir.
Qüdrət Həsənquliyev hər zaman Azərbaycan
dövlətinin maraqlarını və hüquqlarını
bütün platformalarda qorumağa yönələn fəaliyyəti
ilə seçilir. Xüsusilə NATO Parlament Assambleyasında
çıxışları hər zaman bu məkanda Azərbaycanın
xarici qurumlarla münasibətlərinin tənzimlənməsi,
beynəlxalq platformada Azərbaycanın mövqeyinin daha
dolğun şəkildə çatdırılması istiqamətində
onun böyük işlər gördüyünü göstərir.
Digər tərəfdən Qüdrət Həsənquliyev
həm də uzun illər siyasi təcrübənin
daşıyıcısı olaraq, ölkənin inkişaf
tendensiyasını dəqiq müəyyən edən bir
anlayışa sahibdir. O, hələ tələbəlik illərindən
xalq hərəkatına qoşulub, bu hərəkatda ən
aktiv rol alıb. Eləcə də o, universitetdə təhsil
aldığı illərdə həm fəal tələbə,
həm də savadlı və peşəkar
hüquqşünas kimi diqqəti cəlb edib. Onun həm
hüquqi təcrübəsi, hüquq-mühafizə
orqanlarında çalışması, həm siyasətçi
kimi parlament təcrübəsi onu bir çoxlarından fərqləndirir
və hər zaman öz mövqeyi ilə seçilməsinə
imkan yaradır.
Bu yubiley həqiqətən də bütün
dostları sevindirən bir hadisədir. Yubiley həm də bir
hesabat hadisəsidir. Hesab edirəm ki, Qüdrət Həsənquliyev
öz xalqı, dövləti, ailəsi, yaxınları
qarşısında hər zaman qürurla hesabat verməyə
imkanı çatan və bu hesabatın içini dərin məzmunla
doldura biləcək bir şəxsiyyətdir. Mən ona birinci
növbədə cansağlığı, ikinci növbədə
isə Azərbaycanın, xalqımızın, millətimizin
inkişafı naminə gördüyü faydalı işlərin
davamını arzulayıram. Qüdrət Həsənquliyev əvvəl
Milli Məclisdə Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədr müavini kimi ən aktiv millət
vəkili idi. İndi də Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədr
müavini kimi çox ciddi, geniş, çoxşaxəli fəaliyyət
göstərir. Ümid edirəm ki, onun bu fəaliyyəti Azərbaycan
cəmiyyətində həmişə olduğu kimi bundan sonra
da yüksək dəyərləndiriləcək.
O, bir neçə dəfə prezident seçkilərində
namizəd olaraq iştirak edib. O zaman da həmişə
obyektiv və cəmiyyət həyatının bütün tərəflərini
əks etdirən, bir çox hallarda da cəsarətli tənqidi
mövqeyi ilə seçilən çıxışlar ortaya
qoyub. Bu baxımdan razılaşan da, razılaşmayan da onun
prinsipial mövqeyini etiraf etməli olur və bu, özü də
insanın həm də öz platformasında nə qədər
prinsipial və davamlı bir siyasət anlayışına
sahib olduğunu göstərir.
“Fəaliyyətiniz modern idarəçiliyin
qurulmasına xidmət edib”
Azərbaycan Milli İstiqlal Partiyasının
(AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə:
Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədri, millət vəkili Qüdrət bəy
Həsənquliyevə!
- Hörmətli Qüdrət bəy!
Sizi 60 illik yubiley yaşınız münasibəti ilə
səmimi qəlbdən təbrik edir, Sizə möhkəm
cansağlığı, şəxsi həyatınızda və
siyasi fəaliyyətinizdə bundan sonra da davamlı uğurlar
arzulayıram!
Siz, hələ ötən əsrin səksəninci
illərinin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatının
ön cərgələrində olmusunuz. Azərbaycanın
müstəqilliyi yolunda göstərdiyiniz ictimai-siyasi fəaliyyətiniz
və daima sərgilədiyiniz fəal vətəndaş
mövqeyiniz olduqca təqdirəlayiq, həm də
qürurvericidir.
Dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində,
ölkəmizdə sivil dəyərlərin bərqərar
olmasında, milli maraqların müdafiəsində danılmaz
xidmətlərinizin olması ilə yanaşı, uzun illər
ərzində siyasi partiya rəhbəri və Milli Məclisin
üzvü olaraq göstərdiyiniz fəaliyyətiniz də
Azərbaycanın bütövləşməsi və
dünyanın qabaqcıl inkişaf etmiş dövlətinə
çevrilməsi, doğma vətənimizdə güclü
iqtisadi dayaqlara söykənən modern idarəçiliyin
qurulmasına xidmət edib.
Qürurvericidir ki, bu gün də dövlətimizə
və xalqımıza yorulmadan, şərəflə xidmət
göstərməkdəsiniz. İnanıram ki, bundan sonra da
böyük uğurlar və zəfərlər uğrunda
mübarizənizi davam etdirəcəksiniz.
Hörmətli Qüdrət bəy!
Sizi bir daha təbrik edir, saðlam uzun ömür yaþamanýzý diləyirəm!
Arzu edirəm ki, hər zaman gənc nəslə örnək
olacaq fəaliyyətiniz və uğurlarınız davamlı
olsun!
Hörmətlə, Arzuxan Əlizadə
Milli demokratik düşərgəsinin layiqli təmsilçisi
Böyük Azərbaycan Partiyasının (BAP) sədri,
millət vəkili Elşad Musayev:
- Qüdrət Həsənquliyev Milli Azadlıq Hərəkatında
iştirak etmiş bizim dəyərli dostumuzdur. Ondan sonrakı
müddətdə də ölkənin milli demokratik
düşərgəsinin layiqli təmsilçisi kimi hər
zaman Azərbaycanın, dövlətçiliyimizin, millətimizin
mənafeyini müdafiə etmiş siyasi xadim, partiya sədridir.
O, uzun müddətdir siyasi partiyaya rəhbərlik edir. Əvvəlki
dövrdə istər dövlət orqanlarında
çalışanda, istər siyasi fəaliyyətlə məşğul
olanda Qüdrət Həsənquliyev daim milli dövlətçilik
mövqeyindən çıxış edib. Xeyli müddətdir
ki, o həm də Azərbaycan Parlamentinin üzvüdür. O,
parlamentdə ləyaqətlə, savadla, qabiliyyətlə
bizim milli demokratik düşərgəni təmsil edir.
Qüdrət Həsənquliyevin həm də bir neçə
dəfə Azərbaycan Respublikası prezidentliyinə namizədliyi
olub. 60 yaş müdriklik yaşıdır və bu
yaşın tamam olması münasibətilə dostum Qüdrət
Həsənquliyevi ürəkdən təbrik edirəm. Ona
şəxsi həyatında, siyasi fəaliyyətində
uğurlar arzulayıram. Doğum gününüz mübarək,
əziz dost!
Qiymətli dövlət adamı
Bəhruz Məhərrəmov, millət vəkili:
- Qüdrət Həsənquliyev müasir Azərbaycan
tarixində özünəməxsus rolu, dəyişməz
dövlətçilik mövqeyi, əqidəli siyasi yolu olan
görkəmli ictimai-siyasi xadim, təcrübəsi və
savadı ilə hesablaşılan hüquqşünas və ən
əsası isə, ləyaqətli vətəndaşdır.
Bu qeyd etdiyimiz amillər Qüdrət müəllimə
karyerasının bütün dövrlərində, o cümlədən
partiya sədri və Azərbaycan Respublikası Milli Məclisinin
deputatı kimi fəaliyyətində insanlarda ona daim inam və
güvən aşılayıb. Qüdrət müəllimin
Ulu Öndər Heydər Əliyev ideyalarına, möhtərəm
Prezidentin siyasətinə düzgün prizmadan baxış
nümayiş etdirməsi, rəhbərlik etdiyi siyasi
partiyanın bütün həlledici məqamlarda, o cümlədən
Vətən müharibəsi və antiterror tədbirləri
başda olmaqla, bütün ümummilli məsələlərdə
həmrəyliyə əməli töhfəsi ilə nəticələnib.
O cümlədən ölkənin siyasi həyatında və
vətəndaşların siyasi iradəsinin sağlam formada,
ulu öndərin azərbaycançılıq ideyası və
milli dövlətçilik ənənələrinin
qorunması ilə ifadə olunmasında Qüdrət müəllimin
xidmətləri çox böyükdür.
Qüdrət Həsənquliyevlə fikirlərimizin,
siyasi baxışlarımızın
haçalandığı kifayət qədər məqamlar
var, lakin birmənalı şəkildə deyə bilərik
ki, onun mövqeyimizin üst-üstə düşməsindən
asılı olmayaraq istənilən fikri və tezisi ölkənin
güc və imkanlarının artırılması, dövlətin
və xalqın mənafelərinin ləyaqətlə və
dönməz şəkildə qorunması, vətəndaş
hüquq və azadlıqlarının daha səmərəli
müdafiəsi, rifahının yüksəldilməsinə
yönəlir.
Qeyd etdiyim kimi, qiymətli dövlət adamı olmaqla
yanaşı, Qüdrət müəllim həm də
çox dəyərli ziyalı və səmimi insan,
etibarlı dost və həmkardır. Əziz həmkarımın
yubileyini təbrik edir, ona cansağlığı, gözəl
günlər, milli səviyyədə faydalı xidmətlərini
özünün istədiyi qədər davam etdirməsini
arzulayıram!
“Bu keyfiyyət Qüdrət Həsənquliyevə
siyasi mühitdə hörmət və nüfuz gətirib”
Ana Vətən Partiyasının sədri Fəzail
Ağamalı:
- İlk növbədə Qüdrət bəyi yubileyi
münasibətilə ürəkdən təbrik edirəm. Ona
şəxsi həyatında və siyasi fəaliyyətində
uğurlar diləyirəm. Arzum budur ki, nəvələrinin, nəticələrinin
toyunu görsün, orada qol götürüb oynamaq kimi
sağlamlığı özündə daşısın.
Qüdrət bəy Azərbaycan siyasi mühitinə Azərbaycanın
azadlığı uğrunda gedən mübarizə
dövründən başlayıb, gənc yaşlarından
öz yolunun seçib. Bu yol Azərbaycanın müstəqilliyi
yolu idi. Bu yol Azərbaycanda milli dövlətçiliyin,
demokratik, hüquqi və dünyəvi dövlətin
yaranması yolu idi. Seçmiş olduğu bu yola hər zaman
sədaqət nümayiş etdirən Qüdrət Həsənquliyev
dövlət və millət üçün, onun bu
günü və gələcəyi üçün
bütün imkanlarını ortaya qoyan və
imkanlarını əsirgəməyən siyasətçilərimizdəndir.
Artıq Qüdrət bəyin 60 illik yubileyi onu tam kamil,
mükəmməl və yetkin bir siyasətçi kimi təcəssüm
etdirir. Qüdrət bəylə uzun illər boyu
çiyin-çiyinə çalışmışıq,
Milli Məclisdə eyni komitədə fəaliyyət göstərmişik.
Fərqli partiyaların sədrləri olsaq da, xüsusilə
Azərbaycanın taleyi, müstəqilliyi, dövlətçiliyi
ilə bağlı məsələlərdə həmfikir
olmuşuq. O, müxalifətdə olmasına baxmayaraq Azərbaycan
dövlətçiliyində Heydər Əliyevin müstəsna
yeri və rolunu düzgün qiymətləndirən siyasətçilərdəndir.
O, 2003-cü il və sonrakı illərdə Prezident
seçkilərində iştirak edib. Seçkidə rəqibinin-İlham
Əliyevin qalib gəlməsini qəbul edərək, yüksək
siyasi mədəniyyət nümayiş etdirib və dövlət
başçısını təbrik edib. Cənab Prezidentin fəaliyyətində
onun rəqibi, müxalifət partiyasının sədri kimi
kimi uğurlar arzulayıb. Bu, olduqca vacib bir keyfiyyətdir. Bu,
ümummilli mənafelərin, dövlət maraqlarının
şəxsi ambisiyalardan üstün tutulması keyfiyyətinin
ifadəsidir. Məhz bu keyfiyyət Qüdrət Həsənquliyevə
siyasi mühitdə hörmət və nüfuz gətirib. Bir
daha Qüdrət bəyi təbrik edirəm. Ona möhkəm
cansağlığı, ailə səadəti, xoşbəxtlik
və siyasi fəaliyyətində yeni-yeni uğurlar diləyirəm!
“Zaman həmişə onu haqlı çıxarıb”
Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd
Nuriyev:
- Bu günlərdə millət vəkili, Ədalət,
Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət
Həsənquliyevin 60 illik yubileyini qeyd edirik. Qüdrət Həsənquliyev
60 illik ömrünün yarıdan çoxunu, 37 ilini ölkəmizin
azadlığı, müstəqilliyi, suverenliyi uğrunda fəal
mübarizəyə həsr edib. 1990-cı illərin əvvəlindən
BDU-nun Hüquq fakültəsinin tələbəsi, 1992-ci ildə
fərqlənmə diplomu ilə məzun olduqdan sonra da Milli
Azadlıq Hərakatının avanqardı olan gənclər hərakatının
öncüllərindən biri kimi milli müstəqillik,
azadlıq idealları uğrunda savaşa bir an belə ara verməyib
və bu mücadilə bu gün də davam edir. Mübaliğəsiz
demək olar ki, Qüdrət Həsənquliyev 2004-cü ildən
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının
(BAXCP) lideri, hazırda isə ƏHD Partiyasının sədri
kimi ölkənin siyasi həyatında önəmli rol
oynayır. O, Azərbaycanın ən fəal, cəsarətli,
milli ideyaları hər zaman gündəlikdə saxlyan siyasi
liderlərindən biridir. Azərbaycan cəmiyyətinin ən
müxtəlif seqmentlərinin təmsilçiləri
münasibətindən asılı olmayaraq Qüdrət Həsənquliyevin
milli ideallardan, milli həmrəylik, dövlətçilik
üçün doğru bildiyi dəyərlərdən
heç vaxt geri durmadığı, hər zaman, hər an
dövlətçiliyin güclənməsi, ölkəmizin
milli maraqlarının təmin edilməsi istiqamətində
addım atdığı fikri ilə razılaşırlar.
Qüdrət Həsənquliyev öz fəaliyyəti ilə
ötən əsrin 90-cı illərinin parlaq, istedadlı,
milli düşüncəni, mücadilə əzmini
özündə daşıyan mübariz gənclik ruhunu bu
gün də yaşadır, nümayiş etdirir.
Qüdrət Həsənquliyev öz təcrübəsi,
fəaliyyətli ilə milli siyasi praktikanın, parlamentarizm ənənələrinin
təşəkkül tapmasında, inkişaf etməsində əhəmiyyətli
töhfə verir. Təsadüfi deyil ki, Qüdrət Həsənquliyev
səkkiz dəfə ard-arda jurnalistlər arasında
keçirilən sorğularda ilin ən fəal millət vəkilləri
sırasında yer alıb. BAXCP, hazırda isə ƏHD
Partiyası milli siyasi düşüncənin, praktikanın
formalaşmasında əsas müstəvilərdən biridir.
Onun yeganə, tək idealı güclü, müstəqil,
bütöv Azərbaycandır və dövlətçiliyin
qorunmasıdır.
Qüdrət Həsənquliyev eyni zamanda ictimai
maraqların müdafiəsi, sadə insanların güzəranının
yaxşılaşdırılması istiqamətində
yolulmadan çalışan siyasətçi və
parlementaridir. Bu istiqamətdə onun qədər
ardıcıl möqeyə malik olan az sayda siyasətçi və
millət vəkillərinin olmasını əminliklə qeyd
etmək olar. Qüdrət Həsənquliyev daim prinsipial məsələləri
gündəliyə gətirir və insanların problemlərinin
həllinə çalışır. Bəzən cəsarətli
çıxışları, mövqeyi birmənalı
qarşılanmasa da, zaman həmişə onu haqlı
çıxarıb.
Qüdrət bəy eyni zamanda peşəkar
hüquqşünas kimi Azərbaycanın hüquq və
dövlət quruculuğuna verdiyi töhfələrlə daim
seçilib. Onun hüquq sahəsindəki bilik və təcrübəsi
yalnız bir fərd olaraq deyil, bütövlükdə cəmiyyətin
hüquqi mədəniyyətinin inkişafında mühüm
rol oynayıb. O, qanunun aliliyinin və ədalətin
qorunması sahəsində qətiyyətli mövqeyi ilə hər
zaman nümunə olub.
İnsan ömrü nəinki yaşadığı
illərin sayı ilə, həm də onun yaratdığı
dəyərlərlə ölçülür. Qüdrət
Həsənquliyev bu gün həm də milli ideallar uğrunda
yorulmadan çalışan bir şəxsiyyət kimi
yaddaşlarda qalır. Həyatını güclü, müstəqil
və bütöv Azərbaycana həsr etməsi, onun
idealizminin və gələcək nəsillərə əmanət
etdiyi dəyərlərin əyani sübutudur. İnanıram
ki, Qüdrət bəyin bu xidmətləri zaman keçdikcə
daha yüksək dəyərləndiriləcək.
35 illik dəyərli və əziz dostum Qüdrət
bəyi təbrik edir, ona cansağlığı və
idealları uğrunda mücadilədə yeni nailiyyətlər
arzulayəram!
Hörmətlə, Əliməmməd Nuriyev
“Hər kəsin rifahı üçün göstərdiyiniz
qayğı sizə hörmət və dəyər
qazandırır”
Dilarə Əliyeva adına Azərbaycan Qadın
Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri
Novella Cəfəroğlu:
- Əzizim Qüdrət bəy!
Bu gün fürsətdən istifadə edərək,
sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik
etmək istəyirəm. Siz, yalnız etibarlı bir dost deyil,
həm də xalqınızın layiqli təmsilçisi və
görkəmli siyasətçisiniz.
Qəlbimin dərinliklərindən sizə möhkəm
cansağlığı, uzun illər fəal və səmərəli
iş, tükənməz enerji və öz gücünüzə
inam arzu edirəm. Qoy yaxınlarınızın, həmkarlarınızın
və həmfikirlərinizin dəstəyi həmişə
yanınızda olsun.
Sizə olan heyranlığımı və qürurumu
ifadə etmədən keçə bilmirəm. Siz sadəcə
olaraq siyasətdə yüksək mövqeyə
çatmamısınız, həm də ən
vacibini-xalqınıza olan səmimi sevginizi, ədalət
prinsiplərinə bağlılığınızı və
dövlət maraqlarına xidmət etmək istəyinizi
qoruyub saxlamısınız.
Sizin enerjiniz, peşəkarlığınız və
insanlara xidmətə olan bağlılığınız bir
çoxlarını ruhlandırır. Doğma Azərbaycanımızın
inkişafına, vətəndaşlarımızın həyatını
yaxşılaşdırmağa və ədaləti möhkəmləndirməyə
yönəlmiş əməyiniz böyük hörmətə
layiqdir.
Siz həmişə məsuliyyət daşımaqdan və
həqiqəti müdafiə etməkdən çəkinməyən
bir insan olmusunuz. Mənim üçün böyük sevincdir
ki, sizin cəmiyyətin rifahı üçün bilik və
bacarıqlarınızı necə səfərbər
etdiyinizi görürəm. Sizin insanpərvərliyiniz,
insanları dinləmək və dəstəkləmək
bacarığınız, dialoqa hazır olmağınız və
ən yaxşı həll yollarını tapmağa
çalışmanız, sizi təkcə siyasətçi
deyil, həm də etibar edilən və hörmət olunan həqiqi
liderə çevirir.
Siz insanları dinləməyi, perspektivləri görməyi
və başqalarının yalnız problem gördüyü
yerdə həll yolları tapmağı
bacarırsınız. Sizin zəhmətiniz, səmimiyyətiniz
və hər kəsin rifahı üçün göstərdiyiniz
qayğı sizə hörmət və dəyər
qazandırır.
Sizinlə 30 ildən artıq dostluq etməkdən
böyük qürur hissi keçirirəm. Siz mənim
üçün yalnız bir peşəkar kimi deyil, həm də
böyük ürəyi, möhkəm prinsipləri və
işıqlı məqsədləri olan bir insan kimi nümunəsiniz.
Bütün qəlbimlə sizə möhkəm
cansağlığı, tükənməz enerji və yeni
zirvələrə çatmaq üçün ilham arzu edirəm!
Qoy hər bir təşəbbüsünüz insanlara fayda gətirsin,
həmkarlarınızın dəstəyi və seçicilərinizin
təşəkkürü günlərinizi mənalı və
sevincli etsin!
Dərin hörmətlə, Novella
“Onun nə qədər doğru kurs
yürütdüyünü hər kəs müşahidə
edir”
"Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal:
- Qüdrət Həsənquliyev Azərbaycan siyasətində
öz mövqeyi, baxışı, yanaşması, vizyonu olan
siyasətçilərdən biridir. Siyasətçi hər
şeydən öncə vətəni, milləti və
xalqı düşünməli, heç bir halda şəxsi
və qrup maraqlarından çıxış etməməlidir.
Yəni hər şeydən öncə vətəndaş
olmağı bacarmalıdır.
Qüdrət Həsənquliyev sözün
bütün mənalarında vətəndaşdır,
ziyalıdır, aydındır: onu heç vaxt qrup
maraqlarından çıxış edən görməzsiniz,
heç vaxt Azərbaycanın maraqlarına uyğun olmayan
siyasət yürütməz.
O, Milli Hərəkat dövründə, siyasi səhvlər
üçün geniş “imtiyazlar” verən ən gənc
yaşlarında belə dövlət maraqlarından bir an da
olsun geri çəkilməyib. Təsadüfi deyil ki, hərəkatın
içindən çıxmış və siyasi
ambisiyalarını bütün dəyərlərin
önünə keçirən bir çox siyasətçi
Azərbaycan cəmiyyəti tərəfindən təbii şəkildə
tarixin arxivinə gömüldü, ancaq Qüdrət Həsənquliyevin
siyasi karyerası daha da yüksəldi. Bu, onun sərgilədiyi
dövlətçi duruşuna etimaddan irəli gəlir.
Qüdrət Həsənquliyev həm də parlamentdə
seçicilərinin səsi olan, dövlət və millət
maraqlarına uyğun qanunvericilik təşəbbüsləri
ilə çıxış edən aktiv deputatlardan biridir.
Eyni təşəbbüsləri-öz elektoratının səsi
olmaq, onların problemlərinin həllinə
çalışmaq, eyni zamanda, dövlət və milli
maraqlara xidmət etmək xəttini bütün platformalarda
davam etdirir. Bu, bir siyasətçidə vacib olan stabillik
keyfiyyətindən irəli gəlir. Yəni Qüdrət bəy
öz fəaliyyəti ilə sübut edib ki, onun
üçün əsas olan vəzifə və imtiyazlar yox,
dövlət və milli maraqlardır.
Dövlətin uğurlarına sevinməyi bacarmaq,
milli məsələlərdə dövlətin
yürütdüyü düzgün siyasəti can-başla
müdafiə edib, dəstək vermək Qüdrət Həsənquliyevin
əsas keyfiyyətidir və bu fakt da onun “Öncə Vətəndir”
düşüncəsinə nə qədər bağlı
olduğunu nümayiş etdirir. İstər İkinci
Qarabağ savaşı və onun nəticələri,
“Hanı Xankəndi, hanı Xocalı” deyə böyük qələbəmizə
xələl gətirməyə çalışan
qaragüruha verdiyi cavablar, istər xaricdə oturub, ölkəmizə
qarşı qarayaxma kampaniyasına qalxan, erməni diasporundan
maliyyələşən antimilli qüvvələrə
qarşı cəsarətli çıxışları onun vətəndaş
mövqeyinin sübutudur. Heç təsadüfi deyil ki,
Qüdrət Həsənquliyev o antimilli qüvvələrin
daim hədəfində olur. Amma Qüdrət Həsənquliyev
bu stabil, doğru, ziyalı və ədalətli siyasətçi
yanaşmasını heç nəyə baxmadan
qoruyur-baxmayaraq ki, bu mövqeyinə görə bəzi antimilli
qüvvələr tərəfindən bir çox halda təhqirlərə
və nüfuzdansalma kampaniyalarına məruz qalır.
Qüdrət Həsənquliyev “publikaya oynamaq
üçün” populist çıxışlar etmir, hər
şeydə “xal qazanmaq” kimi ambisioz düşüncəyə
qapılmır, yalnız və yalnız real mənzərəni
və baxışlarını ortaya qoyur.
Qüdrət Həsənquliyevi məhz bu milli,
vicdanlı, gələcəyə istiqamətlənən və
geosiyasəti incələyərək yürütdüyü
siyasət fərqləndirir və zaman-zaman onun nə qədər
doğru kurs yürütdüyünü də hər kəs
müşahidə edir.
60 yaş bir siyasətçi üçün əslində
parlaq yaş dönəmidir, çünki bu yaşda analiz
aparmaq və daha doğru nəticələr üçün
geniş təcrübə toplamış olursan. Ona görə
Qüdrət Həsənquliyevi səmimi qəlbdən təbrik
edir və siyasi yaşın ən parlaq dövründə ona
cansağlığı arzu edirəm.
“Dostluq münasibətlərinə xüsusi əhəmiyyət
verir”
"APA Media Group"un baş direktoru Vüsalə
Mahirqızı:
- Qüdrət bəylə dostluğumuzun 25
yaşı var. Bunu xüsusi qeyd etməliyəm ki, onun
tanıdığım dostlarının böyük əksəriyyəti
ilə dostluğunun 25-30, bəlkə daha çox yaşı
var. Uzunmüddətli dostluqlar adamın səmimi,
dürüst, ardıcıl, insani münasibətlərə dəyər
verə bilməsinin göstəricisidir. Qüdrət bəy
dostluq münasibətlərinə xüsusi əhəmiyyət
verir.
Qüdrət bəy, həmçinin, Azərbaycanın
siyasi həyatındakı əhəmiyyətli proseslərdə
iştirak etmiş siyasətçi, maraqlı
çıxışları, təklifləri ilə yadda qalan
millət vəkilidir.
Mən Qüdrət bəyi 60 illik yubileyi münasibətilə
təbrik edirəm. Ona cansağlığı, şəxsi və
siyasi həyatında uğurlar arzu edirəm.
“Çox məmnunuq ki, Qüdrət Həsənquliyev
kimi millət vəkilimiz var”
Parlament Jurnalistləri Birliyinin sədri Elşad
Eyvazlı:
- Hörmətli Qüdrət bəyi ürəkdən
təbrik edirik. O, jurnalistlərin dostudur. Parlament jurnalistlərinin
keçirdiyi bütün sorğularda Qüdrət Həsənquliyev
ən fəal deputat olaraq ilin fəal deputatı kimi həmişə
seçilən millət vəkillərindən olub. Qüdrət
Həsənquliyev hər zaman ictimai-siyasi proseslərdə
obyektiv mövqe nümayiş etdirməklə, dövlət və
dövlətçiliyə xidmətlə yadda qalır. Bir
daha qeyd edirəm ki, o, jurnalistlərin dostudur. Jurnalistlərin
qarşılaşdıqları problemlərdə Qüdrət
Həsənquliyev dəfələrlə onlara kömək
edib. Qüdrət Həsənquliyevi öz adımdan və
Parlament Jurnalistləri Birliyi adından ürəkdən təbrik
edirəm. Ona bütün fəaliyyətində uğurlar
arzulayıram. Biz çox məmnunuq ki, Qüdrət Həsənquliyev
kimi millət vəkilimiz var.
Xalq Cəbhəsi .- 2025.- 29 yanvar(¹4).- S.4-5-6.