Ölkəmizin təhlükəsizlik
tarixində şanlı
səhifələr
Azərbaycan Demokratik Cümhuriyyəti
dövründə Bakıda
Denikin ordusunun casusları ilə erməni daşnakları birgə fəaliyyət göstəriblər
Bu və ya digər
xalqın həyatında dövlətçilik ənənələri
mühüm, həlledici faktordur. Xalqımızın qədim,
özünəməxsus dövlətçilik ənənəsi
olub. Həmin ənənələrdən daim bəhrələnmək
milli özünəməxsusluğumuzun qorunmasına xidmət
edə bilər. Bu, gələcək üçün ən
vacib işdir, əməldir. Dövlətin yaşamasında
onun təhlükəsizlik xidmətinin nə səviyyədə
olması xüsusi əhəmiyyət kəsb edir. Məlumdur
ki, bütün dövrlərdə hər bir dövlət
çoxlu təhlükələrlə, fəlakətli məqamlarla
üzləşib, indi də belə reallıqlar var.
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan
Demokratik Cümhuriyyəti dövründə ilk dəfə
olaraq təhlükəsizlik orqanının yaradılması
onun müstəqilliyinin qorunmasında mühüm rol
oynamışdı. Artıq həmin dövrdən 90 il ötdü.
Həmin dövrlə
bağlı arxiv sənədləri əsasında ciddi
araşdırmalar aparmış Respublika Milli Arxivinin rəisi,
tanınmış tədqiqatçı Ataxan Paşayev
bildirir ki, o zaman da mühüm geopolitik regionda yerləşən,
Şərqlə Qərb arasında körpü rolunu oynayan və
təbiətən çox zəngin ölkə olan Azərbaycana
dünya dövlətlərinin marağı böyük idi. Azərbaycana
qarşı ən böyük təhlükə "vahid və
bölünməz Rusiya" uğrunda mübarizə aparan
Denikin orduları, "proletar beynəlmiləlçiliyini"
əlində bayraq edən bolşevik Rusiyası və
"böyük Ermənistan" yaratmaq xülyası ilə
azərbaycanlılara qarşı hər cür vəhşiliklər
törədən Daşnak Ermənistanı idi. Bu qüvvələr
ölkədə, xüsusən də Bakıda geniş təxribat
işləri aparır, hər vasitələrdən istifadə
edərək cümhuriyyətin möhkəmlənməsinə
mane olamağa çalışırdılar. Bakı Denikin və
erməni casusları ilə dolu idi. Bolşevik
Rusiyasının nümayəndələri isə daxildə təxribat
işləri görür, tətillər təşkil edir,
Sovet Rusiyası ilə birləşmək təbliğatı
aparırdılar: "Denikin könüllüləri
Şimali Qafqazı tutduqdan sonra Azərbaycan üçün
daha böyük təhlükə yarandı. 1919-cu il
fevralın 18-də Denikin ordularının hücum təhlükəsi
ilə bağlı parlamentin iclasında çıxış
edən Fətəli Xan Xoyski bəyanatında Azərbaycanda,
xüsusilə də Bakıda general Prjevalskinin rəhbərliyi
ilə Denikinə yardım göstərən qüvvələrin
gizli şəkildə silahlı hərbi dəstələr təşkil
etməsi, ağqvardiyaçılar üçün əsgər
yazılışı aparıldığını qeyd edir. O,
narahatlıqla bildirirdi ki, 1918-ci il mart hadisələri
zamanı azərbaycanlılara qarşı qəddarlıqlar
törətmiş Hamazasp da ingilislərin qəyyumluğundan
istifadə edərək Bakıda oturub Ermənistan
üçün əsgər toplayır. "Azərbaycan"
qəzeti 1919-cu il 21 fevral tarixli sayında yazırdı ki, Azərbaycan
hökuməti bununla əlaqədar ingilis komandanı, general
Tomsona rəsmi məktubla müraciət edərək bu
işlərə son qoyulmasını, yuxarıda göstərilən
şəxslərin Azərbaycandan qovulmasını tələb
edir və buna nail olur.
1919-cu il mayın
axırlarında Denikin könüllülərinin Dərbəndi
tutması Azərbaycanı, həmçinin bütün
Qafqazı təhlükə altında qoyur. İyunun 5-də
parlamentin növbəti iclasında çıxış edən
Nəsib bəy Yusifbəyli Azərbaycanda yenidən Denikin təhlükəsi
yaranması haqqında məlumat verir".
Parlamentin bu məsələ ilə bağlı qəbul etdiyi
qərarda göstərilirdi ki, dövlətin təhlükəsizliyini
təmin etmək üçün hazırkı hökumət
üzvlərinin bir qrupundan ibarət xüsusi orqan
yaradılaraq dövlətin mühafizəsi məsələlərində
ona səlahiyyətlər verilsin. Parlament Azərbaycanın
bütün vətəndaşlarına müraciət edərək
onları hökumət ətrafında sıx birləşməyə
çağırır: "Cümhuriyyətin müdafiəsinin
təşkili haqqında 1919-cu il iyunun 11-də Dövlət
Müdafiə Komitəsi məcburi qərar qəbul edir. Həmin
qərarla Azərbaycan Cümhuriyyətinin bütün ərazisində
hərbi vəziyyət elan olundu.
Azərbaycan dövlətinə
qarşı qiyam, dövləti xəyanət, Azərbaycan
parlamenti və hökumətinin sədrlərinin, hökumət
üzvlərinin həyatına qəsd, hakimiyyət
orqanlarına silahlı müqavimət və s. hallarla
bağlı günahkar sayılan şəxslərin
müharibə dövrünün qanunlarına uyğun olaraq cəzalandırılması
nəzərdə tutulurdu. Xüsusi icazəsi olmadan siyasi
xarakterli kütləvi mitinq və yürüşlər təşkil
etmək, odlu silah, patron, hərbi sursat saxlamaq, satmaq, gəzdirmək
qadağan edilirdi. Yalan şayiələr yaymaq, millətlərarası
ədavəti qızışdırmaq, ərzaq və digər
ilk tələbat mallarının artıq qiymətə
satılması, gizlədilməsi kimi sabotaj xarakterli hərəkət
edən şəxslər isə inzibati qaydada məsuliyyətə
cəlb olunmalı idilər".
A.Paşayev qeyd edir ki,
belə bir mürəkkəb zamanda Azərbaycanda bu cür təxribatlara
qarşı xüsusi mübarizə təşkilatının
yaradılması günün vacib tələblərindən
biri idi: "Əksinqilabla mübarizə təşkilatı
da məhz bu məqsədlə yaradıldı. Azərbaycanda əks
kəşfiyyat işi ilə hələ 1919-cu ilin
yanvarından hərbi kəşfiyyat məşğul olurdu. Həmin
il yanvarın 28-də Cümhuriyyətin Hərbi Nazirliyi
Baş Qərargahının General-Kvartirmeyster İdarəsi Kəşfiyyat
bölməsinin rəisi idarəyə göndərdiyi məktubda
15 nəfərdən ibarət agentlər şəbəkəsi
yaratmağı təklif edir. Artıq həmin il martın
26-da hərbi nazir Səmədağa Mehmandarovun əmri ilə
Baş Qərargahın Baş İdarəsi yaradılır. Həmin
şöbəyə daxil olan 4 bölmədən biri də kəşfiyyat
və əks-kəşfiyyat bölməsi idi. S.Mehmandarovun məruzəsində
kəşfiyyat bölməsinin vəzifələri belə
izah olunurdu: "Düşmən haqqında mümkün olan
məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq,
ölkənin daxilində isə casusluğa qarşı
mübarizə aparmaq..."
Əvvəllər hərbi
kəşfiyyata ölkənin daxilində casusluğa qarşı
mübarizə funksiyası da
tapşırılmışdı. Lakin xarici kəşfiyyatın,
xüsusilə Denikin ordularının və erməni
casuslarının Bakıda, ümumən Azərbaycanda təxribatçılıq
fəaliyyətləri hökumətdən bu sahədə daha
təsirli işlər görməyi tələb edirdi."
1919-cu il iyunun birinci
yarısında Azərbaycanda xüsusi əks kəşfiyyat
qurumu olan Əksinqilabla Mübarizə Təşkilatı
yaradılır: "Amma təəssüf ki, bu qurumun
yaradılması haqqında parlament, hökumət və ya
Dövlət Müdafiə Komitəsinin qərarı arxivdə
qalmayıb. Avqustun 16-da M.B.Şıxzamanov Bakı şəhərinin
rəisi Q.Qdiyevə məktubunda yazırdı: "İyun
ayının əvvəllərində xarici təhlükənin
artması ilə əlaqədar olaraq Dövlət Müdafiə
Komitəsi və Əksinqilabla Mübarizə Təşkilatı
yaradılarkən mən bu işi icra etmək
üçün dəvət edildim." Təşkilatın
formalaşdırılması "Müsavat"
fraksiyasının üzvü Məmmədbağır bəy
Şıxzamanova həvalə edilir. Onun müavini isə
sonralar naməlum şəxslər tərəfindən qətlə
yetirilmiş sosialist Mirfəttah Musəvi təyin olunur. Şıxzamanov
təşkilata avqustun 20-nə qədər
başçılıq edir. O, bu vəzifədən istefa
verir, yerinə qardaşı Nağı bəy
Şıxzamanov təyin olunur. Bu vəzifədə təşkilat
ləğv olunana qədər qalır. Noyabrın 19-da isə
Mahmud bəy Səfikürdski təşkilat rəhbərinin
müavini təyin olunur".
A.Paşayev təşkilatın
arxivində saxlanılan çoxlu sənədlər,
ayrı-ayrı şəxslərə göndərilmiş məktublar
və onlara çıxarışlardan bu qənaətə gəlir
ki, Bakıda Denikin ordusunun casusları ilə erməni
daşnaklarının casusları sıx əlaqədər
işləmiş və geniş casusluq şəbəkəsi
qura bilmişdilər: "Həbs edilənlərin
siyahısına nəzər salmaq kifayətdir ki, orada ermənilərin
üstünlük təşkil etdiyinin şahidi olaq: Qriqori
Babayants, Andrey Balayants, Danil Musaelyants, Sergey Arzumanyants, Soqomon
Balayants, Ağacan Avakyants və b."
Əksinqilabla Mübarizə
Təşkilatında ermənilərin məkrli əməllərini
təsdiq edən çoxlu faktiki sənədlərin qorunub
saxlanıldığını bildirən A.Paşayev deyir:
"Bu sənədlər sübut edir ki, Denikin ordularında
xidmət edən ermənilər və erməni
casuslarının başlıca məqsədi "Vahid
Rusiya"nın qorunub saxlanılmasına deyil,
"böyük Ermənistan"ın yaradılması xeyrinə
iş görmək idi".
Arxivdə həmçinin
denikinçilərin və daşnakların bu zaman Bakıda və
Azərbaycanın digər bölgələrində törətdikləri
təxribatlarla bağlı yüzlərlə əlavə
faktları özündə əks etdirən sənədlər
var: "1919-cu il oktyabrın 27-də Azərbaycana təhlükəli
ünsürlər olduqları üçün S.Markaryan,
Ş.Amirxanyan, L.Kandelayki və başqalarının 3 gün
müddətində Azərbaycan Respublikasından
çıxarılmaları haqqında M.Şıxzamanov qərar
qəbul edir. Sovet Rusiyası və bolşeviklər də Azərbaycana
sahib olmaq niyyətlərini həyata keçirmək
üçün gizli təbliğatlarını daim davam
etdirirdilər. 1920-ci ilin əvvəllərində bu təbliğat
daha da güclənir."
Arxivdə həmçinin
Əksinqilabla Mübarizə Təşkilatının silah
alverçilərinə, gizli silah saxlanılmasına, möhtəkirliyə
qarşı apardığı mübarizəni özündə
əks etdirən çoxlu sənədlər də qorunub
saxlanılır. A.Paşayev bildirir ki, qısa bir müddətdə
fəaliyyət göstərməsinə baxmayaraq, Əksinqilabla
Mübarizə Təşkilatı Azərbaycan Cümhuriyyətinin
xarici və daxili düşmənlərinə qarşı
barışmaz mübarizə aparıb, xalqımızın təhlükəsizlik
tarixinə şanlı səhifələr yazıb.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 2 aprel.- S.13.