"Vətən təəssübkeşliyi
elə ən böyük namusdur"
Aktyor Vahid Əliyev: "İstər-istəməz
Vətən adamı çəkir"
O, özü demişkən,
sadəcə, aktyor Vahid Əliyevdir. Ad-sanla bağlı
heç vaxt nəyisə özünə dərd eləməyib.
Deyir, həmişə xalqa mənəvi borcunu ödəməyi
hər şeydən üstün bilib, heç nə gözləməyib.
Artıq 35 ildir ki, sənətdədir. Vaxtilə Rusiyada
qalmamasının səbəbini fitrətən Azərbaycandan,
doğmalarından ayrı yaşaya bilməməsində
görür: "Hələ 1978-ci ildə məni Moskva Bədaye
Teatrında saxlayırdılar. Sadəcə, anamın bircə
kəlmə "Qayıt gəl"inə görə Moskvada
qalmadım. Halbuki orada Azərbaycan üçün çox
iş görə və şübhəsiz, şöhrətli
ola bilərdim. İçimdə elə bir od-alov var idi ki,
inanırdım, Azərbaycana gələn kimi hər şey
daha yaxşı olacaq. Heç vaxt elədiyimin
qarşısında nəsə ummamışam, həmişə
bacardığım səviyyədə xalqıma xidmət etməyə
çalışmışam. 1996-cı ildə Türkiyəyə
dəvət aldım. Vəd verirdilər ki, orada dərs deməyin
və teatrda işləməyimin
qarşılığında bütün qayğılarım
həll olunacaq. Hətta maşın problemim də həll
olunurdu. Sadəcə olaraq Vətən mənim içimdən
çıxmadı, gedə bilmədim. Bəxtiyar Vahabzadə
deyir ki, it itdir ki, yala zingildəyir, namusa zingildəmir. Mənim
aləmimdə Vətən təəssübkeşliyi elə ən
böyük namusdur".
Adətən bizim bəzi
tanınmışlar deyirlər ki, əsərlərimi ona görə
başqa dildə yazdım ki, Vətənimi tanıdım. Amma
onun bu "fədakarlığı" ana dilinin
varlığına mahiyyətcə xeyir vermir. Aktyor deyir:
"Qıraqda Vətənimin darda olduğu vaxtda şöhrət,
varidat əldə edə bilərdimsə də, bunu nuş edə
bilməyəcəkdim. Bir yaradıcı insan kimi içim
daim boş olacaqdı. Cəmiyyətə, dünyaya hər kəsin
öz baxışı var. Mən o rakursdan hər şeyə
baxıram. Dədələrin ruhu qarşısında
özümü borclu bildiyimə görə yuxarıda
danışdığım şeyləri bacarmıram. Hələ
1974-cü ildə Odessada əsgərlik çəkərkən
o bir il mənə bəlkə də yüz ildən çox
görsəndi. Belədə şairlərin qürbət
şeirlərini çox gözəl anlamaq olur. İstər-istəməz
Vətən adamı çəkir.
Vətən başqa
şeydir. Ona olan sevgini sözlə ifadə etmək,
çözələmək olmur. Ağlım kəsəndən
Vətənimin başına gələcək fəlakətləri
sanki qabaqcadan duymuşam. 1988-ci il meydan hadisələri
zamanı ora gələn yüz minlərlə adamı
müşahidə edərək müəyyən qənaətlərə
gəlməyə çalışırdım. O
ağrının halını, soydaşlarımın
narahatlığını bütünlüklə
anlayırdım. İçimdə belə bir etiraz baş
qaldırırdı: İlahi, axı mənim xalqımın
heç bir günahı yoxdur, o, niyə bu bəlalara tuş
gəlməli idi?"
Bu gün dünyada
qloballaşma adlı həşir meydan sulayır. Deyirlər
ki, gec-tez bütün millətlər bir olacaq, dünyada bir
dil olacaq. Bu isə bəşəriyyətin eyniləşməsi
deməkdir. Eyniləşmə ölümdür. V.Əliyev
bu gedişlə qloballaşmanın qələbəsinə
inanmadığını deyir: "Necə ki, bizi sovet
dövründə yalançı birliyə aparırdılar,
amma alınmadı. Elə olsaydı, dünyada hər şey
yaranan gündən biri-birinə oxşayardı. O zaman
adamların hamısı eyni cür düşünər, eyni
cür danışardılar. Mən heç vaxt yaradana fanat
kimi baxmamışam. Mən fanatizmin düşməniyəm. Zəka
olan yerdə mənasız fanatizm ola bilməz. Hər şeyə
məntiqin gözüylə baxıram. Yaradana inanıram, amma
eyni zamanda özümü yaddan çıxarmıram. Əgər
mən haradasa itirəmsə, onda nəyə lazım olaram ki?
Mən varam, bunu anlayıram. Gərək insan halalı harama
çevirməsin. Bu gün çox təəssüf ki, milli
mentalitetimizə yad olan ünsürlərin televiziyada
yayımlanması daha da artır. Telekanalların rəhbərləri
bu təhlükənin artmaması üçün əllərindən
gələni etməlidirlər. Mən yaradıcı adamam, ən
zəif filmlərə belə baxmalıyam, izləməliyəm
görüm ki, nə var. Bütün hallarda isə o göstərilənlərin
hamısı psixikamıza təsir edir. Bu cür filmlər
daha çox azyaşlı uşaqların psixikasına təsir
edir. Belə filmlər uşaqların yaddaşında təəssüf
ki, kök sala bilir".
Daim milli duyğularla
yaşayan V.Əliyev tarix boyunca soyumuzun övladlarının
biri-birini sevməməsini problem səviyyəsində qəbul
edir: "Azərbaycan tarix boyu nəyə nail olubsa, yalnız
fərdlərinə görə bu, baş verib. Amma belə
şəxslər həmişə başqalarından daha
çox zərbə alıblar. Azərbaycanlıların
biri-birlərini sevməmələri həmişə məni
çox düşündürüb. Allah insanları yaradarkən
ən gözəl hissləri onlara verdi. Amma onu yoxlamaq
üçün həm də nəfsi ona verdi. Bilmirəm, nədəndir,
bizdə olan nəfs çox güclüdür".
Aktyorun qələmi də
var, özü demişkən, sənətindən ala bilmədiyini,
özünü ifadə edə bilmədiyi cəhətləri
burada ifadə etmək istəyib. Deyir ki, duyğuları
özü gəlir. Deyimlərindən bir neçəsini sinədən
deyir: "Darıya möhtac olmayan buğdanın qədrini
bilməz", "İtin sülənəni, adamın dilənəni"...
Bir yanıltmac da deyir: "Gələn gəldi, gördü
getdi. Gedən gələnin görəcəklərini gəldi,
gördü getdi. Görən gələn gedənin görəcəklərini
gəlib görəcəkmi?"
O, inanır ki,
insanın potensialı hədsizdir. Əslində insan
imkanlarının çoxunu özüylə məzara
aparır: ""Mahmud və Məryəm"
tamaşasında bir rolum vardı, orada cəmi ikicə kəlmə
söz deyirdim: "Çörəyimi ver". Tamaşadan
sonra hamısı deyirdi ki, bilirsən, necə oynadın?
Çox gözəl alınmışdı. Mən o
tamaşaçıların ürəyindən xəbər
verdiyimə görə hamısı mənim ifamı bəyənmişdi.
Elə aktyor sənəti odur ki, insanların
duyğularının ifadəçisi olsun. Sənət
yaradıcı adamın həyatdakı müşahidələrini
öz sandığına yığıb, lazım gələndə
ondan istədiyi şəkildə istifadə etməkdir. Ruhumun
köklənməsində bu gün minnətdarlıq hissləri
ilə xatırladığım insanlar var. Mən həmin
insanların həyat tərzini öyrənib özümü
daim bir insan kimi tanımaq istəmişəm".
Sənətin insani
missiyası var: sənət insanı müəyyən həddə
kimi təmizləyə bilir, amma özünü sözün əsl
mənasında yaratmaq insandan asılıdır: "İncəsənət
özü təbabətin bir qoludur. Təbabətdə daxili
təmizlənmə deyilən bir anlam var. Hərdən deyirlər
ki, təzədən doğulsaydın, bir də aktyor
olardın? Çoxlarının əksinə olaraq deyirəm
ki, bir də olardım, bir də. Mənim insan kimi
formalaşmağımda incəsənətin çox
böyük rolu olub. Hərbin görə bilmədiyini mədəniyyət
görür. Ona görə də bu sahəyə daim
qayğı gərəkdir".
Müxtəlif
psixologiyalı rolları oynamaq görəsən, aktyorun
ömründə nə dərəcədə təzad yarada
bilir? Aktyor təbii hisslərinin sənətinə təsirindən
danışır: "Mən gülmək istəyəndə
gülürəm. Həmçinin də qıyya çəkib
ağlamaq istəyəndə ağlayıram. Bəzən
hisslərimi boğa bilirəm. Amma hərdən olmur. Aktyor həmişə
özünü nəzarətdə saxlamağı
bacarmalıdır. Aktyorun hər bir obrazı bir doktorluq
dissertasiyasına bərabər olmalıdır. Mənim
üçün sənətdə ampula yoxdur: facəiəni
də, komediyanı da, dramatik rolu da oynaya bilirəm. Bir vaxtlar
rejissorlar mənə cavanlığımda dramatik baş rollar
verirdilər. Rejissorlara dedim ki, mənə başqa ampulada
rollar verin. "İnsan kimdir?" mövzusunda daim
düşünürəm. Məşhurların həyatını
oxumağı həmişə sevmişəm.
6 yaşımdan qət
etdim ki, aktyor olacağam, oldum da. Bu gün aktyor olmağıma
görə böyük müəllimim Rza Təhmasibə daim
borcluyam. Yusif Vəliyev, həmçinin də fransız
aktyorları kumirlərim olub. Çalışdım ki, sənətdə
öz dəst-xəttim olsun. Rza müəllim ilk dəfə
bizə dərs deyəndə birinci kəlməsi bu oldu ki, mən
aktyor oldum, amma bu sənətin nə olduğunu hələ də
bilmirəm. Bu fikir məni həmişə
düşündürüb, indi də
düşündürür".
Çağdaş Azərbaycan
teatrının durumu ilə bağlı qənaətlərini
bölüşən aktyor deyir: "Fikrimcə,
çağdaş teatr sənətimizin səviyyəsini
çox da yüksək saymaq olmaz. Düzdür, yeni teatr binaları
tikilir, təmir olunur, incəsənət işçilərinə
qiymət verilir, amma incəsənətimizin böyük
uğurlar qazanması üçün illər gərəkdir.
Teatrımız artıq iki ildir təmirdədir, bu
yaxınlarda təmirdən çıxacaq. Bu müddətdə
bir filmdə baş rola çəkilmişəm".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2009.- 3 aprel.- S.14.