Adı şirin,
özü acı
Şəkər böyrək,
göz, ürək və ayaqların da qənimidir
Dünyada 240 milyon insan
bu xəstəlikdən əziyyət çəkir. Söhbət dünya əhalisinin 4-5 faizindən gedir. Qadınların
5,75, kişilərin
3,42 faizində bu xəstəliyə rast gəlinir. 2025-ci ilə
qədər isə bu rəqəmin 380 milyona çatacağı
gözlənilir. Söhbət şəkər
(diabet) xəstəliyindən
gedir. Hər il vəfat edən insanların 5%-i məhz diabet nəticəsində öz
dünyasını dəyişir
və təcili tədbirlər görülmədiyi
halda bu rəqəmin növbəti
10 ildə 50%-ə qədər artacağı
ehtimal olunur.
Azərbaycanda
qlükometrlər paylanmamışdan əvvəl ölkədə
diabet xəstələrinin rəsmi sayı 60 min olub. Hazırda
onların sayı 100 mini keçib. Səhiyyə Nazirliyində
etiraf edirlər ki, bu xəstələrin sayı bəlkə
də 150-200 minə yaxındır. Çünki ölkədə
şəkərli diabet xəstələri bunu çox vaxt
gizlədirlər.
Ölümə aparan yol
Diabet-xroniki, potensial zəifləmə
və tez bir zamanda ölümlə nəticələnən xəstəlikdir.
Bu xəstəlik orqanizmdə insulin istehsalı və təchizatı
ilə əlaqədar yaranan problemlər nəticəsində
meydana çıxır. Bu xəstəliyin yaranma səbəbi
iki cür olur: 1) Ya orqanizm kifayət etməyən qədər
insulin istehsal edir və ya heç etmir; 2) Ya da effektiv formada
istehsal olunan insulini orqanizm istifadə edə bilmir.
Bu gün diabet
uşaqlar arasında ən geniş yayılmış xroniki xəstəliklərdən
biridir. Bu xəstəliyə istənilən yaş qrupuna aid
uşaqlar, məktəb yaşına çatmamış və
yenicə yeriməyə başlayan körpələr də
daxil olmaqla yoluxa bilər. Birinci tip diabet xəstəliyi mədəaltı
vəzin lazımı qədər insulin "hazırlaya"
bilmədiyi vaxt yaranır. Birinci tip diabet bədənə
insulin vurulmaqla müalicə olunur. İkinci tip şəkərli
diabet isə yaşlı və kök adamların xəstəliyi
"sayılır". Bu xəstəlik insulinin bədəndə
lazımi qədər olduğu, amma hüceyrə
reseptorlarına daxil ola bilmədiyi vaxtda yaranır. İkinci
tip diabet xəstəliyi bədəndə şəkəri
azaldan həblərlə müalicə olunur. Birinci növ
diabet uşaqlar və yeniyetmələr arasında ildə 3% və
məktəb yaşına çatmamış uşaqlar
arasında isə təhlükəli şəkildə ildə
5% artmaqdadır. Hər il 15 yaşına çatmamış
70 000 uşaqda birinci növ diabet xəstəliyi
yayılır (təxminən gündə 200 uşaq). İkinci
növ diabet isə əvvəllər yetkinlik yaşına
çatmış insanlar arasında müşahidə
edilirdi. Hazırda diabetin bu növü uşaqlar və yeniyetmələr
arasında təhlükəli dərəcədə artmaqdadır.
Gizli həyat tərzinə çevrilən xəstəlik
Diabet xəstəliyi elə
bir xəstəlikdir ki, o, insan bədənində özünə
yer edəndən sonra meydana çıxır. Bəzən də
uşaqlara səhv diaqnoz, məsələn qrip qoyulur. Buna
görə də hamı diabetin xəbərdaredici əlamətlərini
bilməlidir: tezləşmiş sidik ifrazı, azalmayan susuzluq
hissiyatı, artan aclıq hissiyatı, bədən çəkisinin
itirilməsi, yorğunluq, marağın və diqqətin zəifləməsi,
görmənin tutqunlaşması, ürəkbulanma və mədə
ağrısı. Qeyd edək ki, 2-ci tip diabeti olan uşaqlarda
bu simptomlar ya çox zəif müşahidə olunur və
yaxud da heç rast gəlinmir.
Əslində diabet, xəstəlikdən
daha çox bir həyat tərzidir. Bu həyat tərzinin
bütün şərtlərinə əməl edənlər,
pəhriz saxlayanlar, lazımi vaxt lazımi dərmanlardan və
preparatlardan istifadə edən şəxslərdə
güclü fəsadlar olmur və onlar uzun ömür
sürürlər. Belə ki, diabet xəstəliyi eyni zamanda
böyrək, göz, ayaq və ürək xəstəliyidir.
Xüsusən böyrəkləri qeyd etmək lazımdır.
Çünki böyrək zərərli maddələrin bədəndən
atıldığı orqandır. Şəkər xəstəliyi
tez aşkarlanarsa, müalicəyə başlanarsa, böyrəklərin
sıradan çıxmasının qarşısını
almaq mümkündür. Böyrək pozuntuları artan zaman
qan təzyiqi yüksəlir, ayaqda şişlər yaranır,
zərərli maddələrin bədəndən xaric
olunması prosesi zəifləyir. Böyrəyini itirmək təhlükəsiylə
üzləşən xəstələr "süni böyrək"
deyilən dializlə həyatlarına davam edə bilərlər.
Ancaq bu aparatların dəyəri 4 min manatdan yuxarıdır.
Aylıq xərclər 160 manatı keçir. Yəni
imkanı olan "süni böyrək"lə yaşaya bilər.
Ən yaxşısı böyrəkləri öncədən
qorumağa başlamaqdır.
Buna görə də
insanlar arasında maariflənmə işlərinin
aparılması lazımdır. Ümumiyyətlə, bu xəstəliyə
tutulmamaq üçün sağlam həyat tərzi
keçirmək, idmanla məşğul olmaq və sağlam
qida qəbul etmək lazımdır. Çünki bu xəstəlik,
genetik olmaqla yanaşı, stressdən, qorxudan və
qeyri-sağlam həyat tərzindən də yaranır. Bundan
başqa hər ikisi şəkərli diabet xəstəsi olan
şəxslərə evlənmək məsləhət deyil. Onların
doğulacaq uşaqlarının şəkərli diabet xəstəsi
olacağı ailə planlaşdırması zamanı nəzərə
alınmalıdır. Bəs konkretləşdirilsə, nədən
bədəndə insulin problemi yaşanır ki, bu da şəkər
xəstəliyinə yol açır?
Səbəbləri
Türk professoru Necat
Yılmazın apardığı tədqiqatlar göstərib
ki, insanın bir dəfəyə qəbul etdiyi 100 qram şəkərin
mənfi təsiri yarım saatdan sonra özünü göstərməyə
başlayır. Bu mənfi təsir 5 saat davam edir. Həmin
müddətdə qandakı lekykositlərin bədənə
daxil olan yad hissəcikləri - virus və bakteriyaları
parçalamaq, məhv etmək qabiliyyəti 50 faiz azalır. Şəkərdən
qida kimi çox istifadə etmək bədəni S vitaminindən
istifadə edə bilməyəcəyi bir duruma salır. Bütün
bunların da sonucunda mədəaltı vəzinin işi,
insulinin hüceyrələrə şəkər
çatdırmaqla bağlı funksiyası pozulur.
Başqa sözlə, bədənimizi
xəstəliklərə qarşı qoruyan müdafiə
sistemi bu halda normal hüceyrələri tanımır və
virus və bakteriyalar kimi onlara da hücum çəkir. Qohumlarında
I tip şəkər xəstəliyinə rast gəlinənlərdə
bu hal daha tez-tez ortaya çıxır. Yəni şəkər
həm də bir irsi xəstəlik xüsusiyyəti
daşıyır. Həkimlər bildirirlər ki, 40
yaşından sonra əgər kimdəsə şəkər
xəstəliyi üzə çıxırsa, buna səbəb
irsiyyət, bəzi hallarda şişmanlıqdır. Ona
görə də məsləhətdir ki, insan şəkərdən,
şəkərdən istifadə edilməklə
hazırlanmış məhsullardan uzaq dursun, qısa müddətli
oruc tutsun. Bu halda qanda şəkərin miqdarı
normallaşır.
Yuxarıda da dediyimiz
kimi, şişmanlıq, yəni köklük də şəkər
xəstəliyinə tutulmaq riskini artırır. Ona görə
də məsləhətdir ki, uşaqları şəkərdən
də istifadə edilməklə hazırlanan yeməklərlə
qidalandırmaqdan çəkinmək tövsiyyə olunur. Çünki
şəkərlə qidalanma özü də
şişmanlığa aparır.
Princeton Universitetinin
araşdırmalarında üzə çıxıb ki, beyində
kokain və heroin kimi şəkərə bağlılıq
yaranır. Buna görə də xüsusən səhərlər
şəkərdən istifadə olunmaqla hazırlanmış
yemək yeməmək lazımdır. Səhərlər belə
yemək yeməyə vərdiş edənlərin xəstəliyə
tutulan zaman müalicəsi də çətin olur.
Limon şəkərin düşmənidir
Şəkər və
şəkərdən hazırlanmış qidalar həm də
bədxassəli şiş xəstəliklərinə zəmin
yaradır və şiş hüceylərini bəsləyir. Xüsusən
döş xərçənginə tutulmaq riski artır.
Aparılan tədqiqatlar göstərir ki, yaşıl
çay bu riski azaldır, çünki tərkibində
polifenollar var. Limon da insanları döş xərçəngindən
qoruyur. Bu, amerikalı alimlərin bəzi heyvan növləri
üzərində apardığı tədqiqatlar zamanı təsdiqini
tapıb.
Sonda onu da deyək ki, Azərbaycana
şəkərə qarşı mübarizə məqsədiylə
bir sıra proqramlar həyata keçirilir. "Şəkərli
diabet üzrə Dövlət Proqramı"nın
icrasına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən
17-19 dekabr 2008-ci il tarixdə Mingəçevir şəhərində
və Yevlax, Göyçay rayonlarında dispanser
qeydiyyatında olan şəkərli diabet xəstələrinə
fərdi özünənəzarət vasitələri
(qlükometr aparatları və test lövhələri) verilib.
Səhiyyə nazirinin müavini Sənan Kərimov az əvvəl
mətbuata açıqlamasında deyib ki, hazırda Azərbaycanda
olan diabet xəstələrinə dövlət tərəfindən
pulsuz olaraq dərmanlar və özünü yoxlama
preparatları verilir. Qeydiyyatda olan xəstələrə 60
minə yaxın qlükometrlər paylanıb. Ancaq bu miqdar
kifayət etmədiyindən, gələn il yenidən
qlükometrlər paylanacaq. Hazırda ölkənin
bütün rayonlarında poliklinikalarda diabet xəstələri
üçün məktəblər açılıb. Bu məktəblərdə
xəstələrin özlərinə necə nəzarət
etmələri, qidalanmaları və pəhrizlə
bağlı məlumat verilir, təlimlər keçirilir. Rafiq Məmmədhəsənov
isə bu məktəblər üçün
dərs vəsaiti hazırlayıb.
Heydər Əliyev
Fondunun səhiyyə üzrə proqramlarının koordinatoru
Xəyalə Mikayılova isə bildirib ki, Fond Bakı şəhərində
qeydiyyatda olan 200-dən artıq şəkərli diabet xəstəsini
insulin aparatı ilə təmin edəcək.
Nuranə Tofiqli
Xalq Cəbhəsi.- 2009.- 3 aprel.- S.13.