"Molla
Nəsrəddin"çi
rəssamlar
Jurnal Azərbaycanda, İranda,
habelə Şərqdə karikaturanın inkişafına təkan
verib
"Molla Nəsrəddin"
jurnalının az vaxt ərzində məşhurlaşmasında
"Mollanəsrəddinçi" rəssamların xüsusi
rolu olub. Məlumdur ki, Azərbaycanda karikatura sənətinin
tarixi XX yüzilin əvvəllərinə təsadüf edir.
"Molla Nəsrəddin" jurnalı 1906-cı ildə nəşrə
başlayandan sonra Azərbaycanda karikatura sənəti
yaranmağa və inkişaf etməyə başladı. Təsadüfi
deyil ki, "Molla Nəsrəddin" jurnalı məhz Təbrizdə
çıxan dövrdə karikatura sənəti İranda
intişar tapmağa başladı. Həyatın eybəcərliklərinin
komik şəkildə təsviri, insanın daxili eybəcərliklərdən
islah edilməsi istəyi karikatura sənətinin
başlıca tələblərindəndir. Bu baxımdan Azərbaycanda
karikatura sənətinin özünəməxsus cəhətləri
çoxdur. Əzim Əzimzadədən başlanan bu məktəb
sonrakı dövrdə özünün xeyli istedadlı
ardıcılını yetirib. Azərbaycanda Əzim Əzimzadədən
üzü bəri karikatura sənəti tarixində bu vaxta qədər
imzası tanınmış onlarla karikaturaçı rəssam
var. Ötən onillərdə Azərbaycan karikaturasından
soraq verən kitablar çap olunub. Hazırda dünyada
karikatura sənəti çox güclü şəkildə
inkişaf edir. Kompüter əsrində internetdə karikatura sənətinə
dair onlarla saytlar var. Azərbaycan
karikaturaçılarının beynəlxalq sərgilərdə
iştirakı, əsərlərinin karikatura saytlarında yerləşdirilməsi
Azərbaycan karikatura sənəti haqqında bitkin bir təəssürat
yaradır.
"Molla Nəsrəddin"in
qurucusu və ideyavericisi olan böyük yazıçı Cəlil
Məmmədquluzadə jurnalın cəlbedici, özünəməxsus
çıxması üçün çox axtarışlar
aparırdı. Onun felyetonlarının mövzusuna, ümumən
jurnalın qayəsinə uyğun karikaturaçı-rəssamlar
axtarıb tapması bu baxımdan çox uğurlu
alınmışdı. İlk "Molla Nəsrəddin"çi
rəssamlardan biri olan alman rəssamı Oskar Şmerlinqin bu mənada
jurnalın populyarlaşmasında mühüm xidmətləri
var. Cəlil Məmmədquluzadənin həyat və
yaradıcılığının tanınmış
araşdırıcısı, "Molla Nəsrəddin" ədəbi
məktəbinə həsr olunmuş kitabların,
çoxsaylı elmi əsərlərin müəllifi, akademik
İsa Həbibbəylinin Oskar Şmerlinqin həyat və
yaradıcılığı ilə bağlı
araşdırmaları diqqətəlayiqdir. Yüzillik
karikatura sənəti sahəsində zəngin ənənələri
olan Azərbaycan rəssamlığının bu sahəsinin
daim öyrənilməsi günümüz üçün
olduqca aktualdır. Məlumdur ki, "Molla Nəsrəddin"in
yaradıcısı Cəlil Məmmədquluzadə tükənməz
bir ideyaverici olaraq özü mövzuları "Molla Nəsrəddin"çilərə
verirdi. Oskar Şmerlinqin "Molla Nəsrəddin" məcmuəsini
bəzəyən məşhur karikaturaları jurnalın xəttini,
məqsədini, məramını gözəl ifadə edirdi.
Oskar Şmerlinq 1863-cü ildə Tiflisdə hərbi
qulluqçu ailəsində anadan olub. 1884-cü ildə
peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq
Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən
öyrənmək imkanı qazanır. 1889-cu ildə
akademiyanı gümüş medalla bitirir. Lakin bununla da kifayətlənmir.
İki ildən sonra Almaniyadakı Münhen Rəssamlıq
Akademiyasında təhsilini davam etdirir. 1893-cü ildə Tiflisə
qayıdır. Bu müddətdə o, rəssamlıqla məşğul
olmağa başlayır. Şmerlinq Tiflis Rəssamlıq məktəbinə
1902-ci ildən 1916-cı ilə qədər rəhərlik
edib. Oskar Şmerlinq görkəmli karikatura ustası kimi
Qafqazda tanınmış, şöhrət
qazanmışdı. İ.Həbibbəyli belə bir fikirdədir
ki, ilk karikaturalarından etibarən Şmerlinq cəmiyyət
həyatının müxtəlif sahələrinə
özünün obyektiv tənqidi münasibətini ifadə
etməyə çalışıb: "Çox
maraqlıdır ki, Cəlil Məmmdquluzadə "Molla Nəsrəddin"
jurnalının nəşrinə başlayarkən Azərbaycanda
peşəkar satirik rəssam olmadığı
üçün jurnal üçün rəsm çəkmək
işinə ilk növbədə Tiflisdə yaşayıb
yaradan alman rəssamı Şmerlinqi dəvət edib.
Şmerlinq Cəlil Məmmədquluzadənin təklifini təmənnasız
surətdə qəbul edib. Oskar Şmerlinq 1906-1917-ci illərdə
"Molla Nəsrəddin" jurnalının əsas rəssamlıq
funksiyasını bacarıqla yerinə yetirib. "Molla Nəsrəddin"
jurnalının aparıcı ideyalarını əks
etdirdiyindən onun rəsm əsərləri əksər
hallarda jurnalın birinci səhifəsində, yəni üz
qabığında özünə layiqli yer tapıb. Milliyyətcə
alman olmasına baxmayaraq Oskar Şmerlinq Azərbaycan mühiti
və mənşəyini, azərbaycanlıların həyatını
və psixologiyasını dərindən öyrənib.
Şmerlinqin nadir fırçasının məhsulu olan
"Sizi deyib gəlmişəm", Qafqazda mədrəseyi-ruhaniyyə",
"Niyə məni döyürsünüz?", "Molla Nəsrəddin",
"İran sərhəddindən", "Xabi-qəflət",
"Müsəlman məclisində rus zabiti", "Məhəmmədəli
şahın Təbrizdən çıxması" və s.
kimi yüzlərlə satirik rəsmləri sözün
geniş mənasında karikatura sənətinin şah əsərləri
səviyyəsinə yüksəlib".
"Molla Nəsrəddin"
jurnalının ilk sayının üz
qabığındakı məşhur karikaturanın müəllifi
kimi Oskar Şmerlinq həm də "Molla Nəsrəddin"in
bədii obrazını yaratmaqla bu obrazın təkcə Azərbaycanda
deyil, bütün Şərq aləmində qəbul edilməsinə
nail olur. Bu cəhəti xüsusilə nəzərə
çarpdıran İ.Həbibbəyli yazır ki, "Molla Nəsrəddin"in
bədii obrazını ilk dəfə və çox mükəmməl
şəkildə Oskar Şmerlinq yaradıb: "Şmerlinqin
çəkdiyi Molla Nəsrəddin portreti uzun illər
müxtəlif süjetlərlə birlikdə ayrı-ayrı
vəziyyətlərdə "Molla Nəsrəddin"
jurnalında çap olunub. Şmerlinqin yozumunda Molla Nəsrəddinin
müdrikliyi və uzaqgörənliyi, yüksək vətəndaşlıq
keyfiyyətləri böyük məharətlə
canlandırılıb. Onun rəsmlərində Molla Nəsrəddinin
daxili aləmi ilə yanaşı zahiri əlamətləri də
milli kaloritə, Şərq adətlərinə uyğun şəkildə
təsvir edilib. Bir sözlə, Azərbaycan xalq
satirasının baş qəhrəmanı Molla Nəsrəddinin
portreti alman rəssamı Oskar Şmerlinqin kəşfidir".
Karikaturaçı-rəssam
Bayram Hacızadənin fikrincə, görkəmli
yazıçı Cəlil Məmmədquluzadənin "Molla
Nəsrəddin" jurnalı istedadlı şair və
yazıçılarla yanaşı karikaturaçı rəssamlara
da öz sözlərini demək üçün geniş
imkanlar açdı: "1906-1917-ci illərdə jurnalın
ilk baş rəssamı olmuş O.Şmerlinq Mirzə Cəlillə
dost və həmfikir idi. Bu istedadlı insanlar ölkədə
baş verən ictimai-siyasi hadisələrə öz tənqidi
münasibətləri ilə seçilən digər rəssam-ştrix
şəklin ustası kimi tanınan İ.Rotteri də əməkdaşlığa
cəlb etdilər. O zamanlar çap olunan "Kəlniyyat",
"Məzəli", "Zənbur", "Baraban" və
başqa satirik jurnallarda karikaturaçı-rəssam kimi fəaliyyət
göstərən gənc rəssam Əzim Əzimzadə
jurnalın ilk nömrəsindən "Molla Nəsrəddin"lə
əməkdaşlıq etməyə başlayır. Bununla da
Azərbaycanda karikatura məktəbinin təməl
daşı qoyulur. "Molla Nəsrəddin" bu istedadlı
rəssamların sayəsində çoxluq təşkil edən
savadsız əhalinin şəkillərinə baxa biləcəyi
bir rəngli toplu idi. Tiflis Rəssamlıq Məktəbinin
şagirdi Xəlil Musayev, Rəfael Telenqater, A.İbrahimzadə,
Yusif Vəzir Çəmənzəminli, jurnalı Təbrizdə
çap olunduğu müddətdə rəssam Səid Əli
Behzat və başqaları jurnalın sovet dövrünə qədərki
zamanında saysız-hesabsız əsərləri ilə
çıxış etmişdilər. 1917-ci ildə "Molla
Nəsrəddin" jurnalının baş rəssamı kimi
çalışan Ə.Əzimzadə ətrafına Qəzənfər
Xalıqov, İsmayıl Axundov, Əmir Hacıyev, Hüseyn Əliyev
kimi istedadlı rəssamları cəlb etmişdi". 1930-cu
illərdən heç bir satirik jurnalın çap
olunmadığını qeyd edən B.Hacızadə bildirir
ki, 1952-ci ildən "Kirpi" jurnalının nəşrə
başlaması dövrün, zamanın tələbi idi.
"Kirpi" jurnalının nəşrə başlaması
karikatura janrının inkişafında müstəsna rol
oynayıb. Bu sahədə yeni ənənələrin
yaranmasına təkan verib. Yarandığı zaman jurnalın
baş rəssamı istedadlı karikaturaçı Nəcəfqulu
İsmayılov olub. Azərbaycan incəsənətinin bir qolu
olan Əzimzadə ənənələrinə söykənən
karikatura janrının çağdaş dünya karikatura ailəsinə
inteqrasiyası artıb. Bütün bəşəri dəyərlərdən
qidalanan rəssamlarımız qiymətli və orijinal əsərləri
ilə dünya karikatura aləmini zənginləşdiriblər.
Əslən Güney Azərbaycandan
olan tanınmış folklorşünas-alim Məhəmmədəli
Fərzanənin zəngin folklor
yaradıcılığında topladığı "Molla Nəsrəddin
lətifələri", habelə Cəlil Məmmədquluzadənin
farscaya tərcümə etdiyi əsərləri tarixi
"Molla Nəsrəddin" toplusunun, oradakı
karikaturaların İranda yayılmasına, ardıcıl
olaraq təsir yaratmasına təkan verib.
Rəssamlıqda,
xüsusən də karikatura sənətində eybəcərliyə
gülüş ifrat həddə ifadəsini tapıb, indi də
belə nümunələr yaranır. Əsil gülüş
insanın istənilən vəziyyətlərdə nikbin
qalmasına yardımçı olur, onu naşı, hərcayi
gülüşlərdən qoruyur. Bu mənada Azərbaycanda
ciddi yaradıcı, incəsənətin müəyyən sahələrinə
təsir edən gülüşün yaranması və
inkişafında "Molla Nəsrəddin"in müstəsna
xidmətləri var.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 7 aprel.- S.14.