Sağlamlıq Günündə sağlam olmaq problemləri

 

          Tibb elminin qarşısında aciz qaldığı xəstəliklər, dərdlər hələ yetərincədir

 

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür. Tibbin ilk insanla birlikdə yarandığı bildirilsə də, antik yunan mifologiyasında bu sənət Asklepiylə bağlanır. Asklepi Apolonun oğlu, təbib allahıdır. Homerin "İlliada" əsərində Asklepi allah deyil, fessaliyalı bir insan, döyüşçü həkimlər Maxaon ilə Podalirinin atasıdır. Öncə baş allah Zevsin qəzəbiylə ildırımın vurmasıyla ölən Asklepi sonradan baş allah tanrı elan edir, onu ölümsüzləşdirir. Beynəlxalq tibb aləmində "vazaya zəhər tökən ilan emblemi" də sağlamlıq tanrısı Asklepinn şərəfinə tibbin rəmzi kimi qəbul edilib. Bu rəmzə eradan əvvəl III minillikdən rast gəlinməyə başlanılıb. Yunan mifologiyasında Asklepinin şəfa gücünü ilandan aldığı bildirilir. Hətta Asklepi sözünün mənşəyinin yunanca ilan demək olan "Askalabos" sözündən gəldiyi də söylənilir. İstənilən halda, ilanlı əsası ilə Asklepi tibbin rəmzi sayılır. Xidmətləri ilə Hippokrat da tibbin atası sayılır. E.ə.460-450 illərdə yaşayan Hippokratın tibb elminin inkişafındakı fəlsəfəsindən dünya tibbində bu gün də istifadə olunur. Bu səbəblə də bir çox ölkədə həkimlər məzun olarkən "Hippokrat andı" altında məslək andı içirlər.

 

Tibb elminin çatdığı mərhələ

 

Tibb elmi insan üçün son yüzilliyə qədər əlacı olmayan bir çox xəstəliklərin, fiziki və əqli qüsurların müalicəsinin, çözümünün yolunu tapıb. Orqan köçürmələri də tibb elminin ciddi uğurlarından biridir. Son vaxtlar heyvanların klonlaşdırılması yönündə əməliyyatlar barədə də tez-tez eşidirik. Ancaq buna baxmayaraq, hələ də tibb alimləri bu sahənin yetərincə inkişaf etmədiyi qənaətindədirlər. Söhbət heç də bu günkü tibbi nəaliyyətlərin bir canlı hüceyrə yaratmağa belə yetmədiyindən getmir. Bəlkə də yaradanın bu qüdrəti insan elmi üçün həmişə əlçatmaz qalacaq. Məsələ ondadır ki, bu gün tibb elminin qarşısında aciz qaldığı xəstəliklər, dərdlər də yetərincədir.

Digər tərəfdən, insan övladının təbiətə antropogen təsiri artdıqca, Yer kürəsinin təbii mənzərəsi son yüzillikdə sürətlə dəyişməyə başladıqca sağlamlıqla bağlı problemlərin də sırası sürətlə artır. Məsələn, XXI əsrdə bəşər övladı orta əsrlərdə Avropanı titrədən vəba kimi bu gün quş qripi epidemiyasından qorxur, gələcəkdə bu xəstəliyin mutasiya edərək insanlar arasında bir yolxucu xəstəlik kimi yayıla bilməsi ehtimalını qorxulu yuxu kimi təsəvvür edir. Hələ ki, quşlar arasında yolxucu xəstəlik kimi özünü göstərən və quşdan insana keçə bilən quş qripi səbəbindən 2003-cü ildən bəri Afrika, Asiya və Avropada 15 ölkədə 245 nəfər ölüb. Elm adamları daha güclü bir dalğada bu sayın artıb, 1 milyona çata biləcəyi barədə xəbərdarlıq edib.

 

AİDS təhdid edir

 

Tibb elminin qarşısında duran problemlər sırasında 1981-ci ildən sürətlə yayılaraq, kişi, qadın, uşaq, qara, ağ, latın, asiyalı, zəngin, kasıb demədən bir çox insanın ölümünə səbəb olan HİV/AİDS-in də adını çəkməmək olmaz. Günümüzə qədər Amerikada AİDS-dən 225 min insanın öldüyü qeydə alınıb. Hər il bu rəqəmlər daha da artır. Dünyada AİDS araşdırmaları üçün hər il 1 milyard dollar xərclənir. Ancaq hələ də 25 milyondan çox insanın ölümünə səbəb olan AİDS-ə qarşı bir çıxış yolu tapılmayıb.

Dünya Səhiyyə Təşiklatının (ÜST) məlumatına görə, hər gün 11 min insana yoluxan HİV ildə 4,3 milyonun xəstələnməsinə səbəb olur. AİDS-ə yoluxuanların 40 faizi 15-24 yaşındakı gənclər, 17,7 milyonu qadınlardır. ÜST-ün hesabatına görə, AİDS-dən qaynaqlanan ölümlər 2012-ci ildə maksumum həddə - 2,4 milyona qalxacaq. Daha sonra azalaraq 2030-cu ildə 1,2 milyona düşəcəyi gözlənilir. Azərbaycana gəlincə, HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil olsaq da, son illər bizdə də bu virusa yoluxmuş insanların sayının artması müşahidə olunur.

Səhiyyə Nazirliyinin tabeçiliyində olan Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə, ölkədə 1987-ci ildən 2008-ci ilin oktyabr ayına kimi 1708 nəfər qeydiyyata alınıb. Onlardan 1639-u azərbaycanlı, 69 nəfəri isə əcnəbidir. 2008-ci ilin 9 ayı ərzində Azərbaycanda 329 yeni HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 321-i (97.6 faiz) Azərbaycan vətəndaşı, 8 nəfəri (2.4 faiz) isə əcnəbidir. Qeydiyyata alınmış 321 Azərbaycan vətəndaşından 256-sı kişi, 65-i qadındır. Bu dövr ərzində 56 nəfər dünyasını dəyişib.

 

Xərçəng bəlaya çevrilib

 

Bədxassəli şiş (xərçəng) xəstəliyi də bəşəriyyət üçün ciddi bəlalardan biridir. Dünyada bu xəstəlikdən hər il 7 milyondan artıq insan həyatını itirir. Hazırda bu diaqnozla 20 milyon insan yaşayır. ÜST-nin yaydığı məlumata görə, 2030-cu ildə onkoloji xəstələrin sayı 2 dəfə artacaq. İlbəil bu xəstəliyə düçar olanların sayı daha çoxalır. Hələ də həkimlər xərçəngin səbələrini araşdırırlar. Hazırda Azarbaycanda hər 100 min nəfərdən 100-ü xərçəng xəstəliyinin daşıyıcısıdır. Onların 40 nəfərinin məhz süd vəzilərində bədxassəli şiş aşkarlanıb. Uşaqlar arasında da yaş artdıqca xərçəngə yoluxma riski çoxalır. Azərbaycan Gender İnformasiya Mərkəzinin məlumatına görə, ölkəmizdə 2006-cı ildə 6,8 min nəfərdə bədxassəli şiş aşkar edilib. Bu da əhalinin hər 100 min nəfərinə 81 nəfər təşkil edir. 2007-ci ilin əvvəlində tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 290 ənfər olub. Bu xəstələrin arasında isə süd vəzilərinin, ağciyərin, mədə və qida borusunun xərçənginə daha çox rast gəlinir.

 

Vərəm və Hepatit B də bir dərddir

 

XXI əsrdə yoxsulluq, səfalət, səhiyyə xidmətlərinin aşağı səviyyədə olması, ağır iş şəraiti kimi məsələlər müalicəsi tapılmış ağır xəstəliklərin belə insan üçün qorxulu, ölüm gətirən bəlaya çevrilməsinə yol açıb. Bu sırada vərəmi xüsusi qeyd etmək lazımdır. Dünyada 23 milyondan çox vərəmə yoluxan xəstə var. Hər il 3 milyon insan bu xəstəliyə qurban gedir. Bu, aşağı-yuxarı hər 10 saniyədə 1 nəfərin həmin xəstəliyə yoluxması deməkdir. ÜST məlumatlarına görə, 45 ölkədə vərəm müalicə olunamayacaq hala gəlib. Xəstəliyə yoluxma halları daha çox əhalinin sıx məskunlaşdığı Hindistan, Çin və Cənubi Afrikada baş verir. Xəstəliyin qarşısını almaq hələ də çətindir.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda 10 minə yaxın vərəm xəstəsi var. Vərəm Dispanserində 1350 vərəmli xəstə qeydiyyatdadır, 18 xəstə isə stasionar müalicə alır.

Həbsxanalarda xəstəliyin geniş yayılmasının əsas səbəbi darısqallıq və kameralardakı sıxlıq, sanitar vəziyyətin ağırlığı və məhbusların əksəriyyətinin sağlıq durumunun pis olması ilə izah edilir. Hazırda Azərbaycanda vərəmli məhbusların sayı 970 nəfərdir. Onların arasında müxtəlif yaş qrupundan olan insanlar var. Qeyd edək ki, hələ 2003-cü ildə "Həbsxanaların Müşahidəsi - Azərbaycan Assosiasiyası" Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXC) istinadən Azərbaycan həbsxanalarında 800 vərəmli xəstənin olduğu barədə məlumat yaymışdı. Deməli, 4 il ərzində onların sayı 170 nəfər də artıb. Bu isə məhbusların sayının artması, kifayət qədər havanın təmizlənməməsi, pis gigiyenik şərait, zəif qida və ümumi sağlamlıq vəziyyəti ilə bağlıdır.

Hepatit B də qorxulu xəstəliklər sırasında yer alıb və bu gün dünyada 400 milyon insan bu virusun daşıyıcısıdır. Bu virus qaraciyərin düşmənidir, çoxalaraq qaraciyəri sıradan çıxarır. Dünyada hər il 50 milyon, Avropada 1 milyon insan Hepatit B virusuna yoluxur. Hər il 500 min insan bu xəstəlik səbəbindən həyatını itirir. 400 min insan bu virusun xronik daşıyıcısıdır.    

 

 

Nuranə Tofiqli

 

Xalq Cəbhəsi.- 2009.- 7 aprel.- S.14.