Şirvanşahlar sarayında
güllə izləri
91 il
əvvəl yüzlərlə
soydaşımız sarayın
divarları önündə
qanına qəltan edilib
Xalqımızın qədim
dövlətçilik ənənəsi tarixində
Şirvanşahlar dövləti xüsusi yer tutur. Minillik bir
tarixi olan Şirvanşahlar dövlətindən
xalqımıza miras kimi canlı abidə olaraq qalmış
Şirvanşahlar saray kompleksi qədim dövlətçiliyimizdən
soraqdır. Təəssüf ki, bu gün İçərişəhərin
qədimliyindən soraq verən nişanələrin sayı
getdikcə azalmaqdadır: nə qədər acı səslənsə
də, bu, gerçəkdir. İçərişəhəri
mümkün qədər olduğu kimi qoruyub saxlamaq,
sabahkı nəsillərə çatdırmaq borcumuzdur. Lakin
bu qədim qala şəhərdə tikilən müasir binalar
istər-istəməz İçərişəhərin qədimlik
təəssüratını azaldır. Hər halda bu soraqlar
xalqımızın qədimliyini, böyüklüyünü,
dövlətçilik ənənəsini sabaha
çatdırmağımızda, bizi qədim, köklü,
soylu bir millət olaraq qəbul etmək belə istəməyənlərə
faktiki canlı sübutdur.
Saray kompleksi gəzdikcə 500 il qabaqkı dövrlə sanki
canlı bir təmas yaranır. Qədim daşlar o
dövrün qanlı-qadalı illərinə şahidlik edir,
bizi olanlardan, keçənlərdən ibrət dərsi
götürməyə çağırır. Təbii ki,
tarix tarixdir, ancaq yaşanmış tarixi geri döndərmək
mümkün deyil. Şirvanşahlar saray kompleksinin əməkdaşı
Tünzalə Əhmədova sarayın quruluşu, yaşam tərzi,
o dövrdə baş verən hadisələrin saray həyatında
yaşantıları ilə bağlı məlumat verir:
"Şirvanşahlar dövlətinin paytaxtı 15-ci
yüzilə kimi qədim Şamaxı şəhəri olub. Şamaxı
Bakıdan 130 km aralıda yerləşir. Şamaxıda tez-tez
dağıdıcı zəlzələlər olduğuna
görə 15-ci yüzildə Şirvanşah Xəlilüllah
paytaxtı indiki İçərişəhərə
köçürür, buranın ən hündür,
görümlü-baxımlı yerində şah
sarayını tikdirir. Şahın sarayını İçərişəhərdə
tikməsinin səbəbləri vardı. Əvvəla,
İçərişəhər 15-ci yüzildə ikiqat
qalın qala divarları arasında yerləşirdi. Digər tərəfdən
də bura dənizə çox yaxın idi. Buradan daha asan
ticarət əlaqələri yaratmaq mümkün idi. Sarayın
İçərişəhərin ən hündür yerində
olması rəmzi məna daşımaqla yanaşı həm
də hündür ərazidən digər yerləri, ətrafı
müşahidə etmək imkanı verirdi".
Şirvanşahlar saray
kompleksi üç hissədən ibarətdir. Birinci həyətdə
şahın yaşadığı bina-divanxana və saray
binası yerləşir. Şahın yaşamış
olduğu bina ikimərtəbəlidir, 52 otağı var.
Birinci mərtəbədə 27, ikinci mərtəbədə
isə 25 otaq var. Şah yuxarı mərtəbədə ailəsi,
qohum-əqrəbası ilə birgə yaşayarmış.
Aşağı mərtəbədə isə şahın
qulluqçuları, kənizləri yaşayırdı. Həmçinin
bu mərtəbədəki otaqlardan anbar kimi istifadə edirdilər.
1828-ci ildə Çar Rusiyası Azərbaycanı
işğal edərkən Şirvanşahlar saray kompleksindən
bütövlükdə hərbi sursat saxlamaq üçün
istifadə edilib. Ruslar yuxarı mərtəbədəki
otaqların arakəsmələrini açıb, bununla da
binanın qədim harmoniyasını vəhşicəsinə
pozublar. Hər halda memarlarımız sarayın bərpası
prosesində onun qədim formasının qalması
üçün əllərindən gələni ediblər. Birinci
həyətdə divarlarda çoxlu güllə izləri
aydınca sezilir. Son təmirdən sonra da divarlardakı
güllə izləri saxlanılıb. Bu divarlar düz 91 il
qabaqkı qanlı hadisələrə şahidlik edir. Onillər
ərzində vaxtilə güllənin daşlarda
açmış olduğu xırda oyuqlar qarın,
yağışın, küləyin təsirindən genişlənib.
Hazırda dəfələrlə böyük oyuqlar
formasında diqqəti xüsusi şəkildə cəlb edir.
Hər halda bərpaçıların çoxlu sayda güllə
izlərini olduğu kimi saxlaması düzgün
addımdır. 1918-ci ildə ermənilər Azərbaycanın
çox yerlərində, xüsusən də Bakıda misli
görünməmiş soyqırım törətdilər. Təkcə
Bakıda 12 min soydaşımızı qanına qəltan
etdilər. Şirvanşahlar sarayının bu həyətində
onlar çoxlu sayda qocanı, uşağı, qadını,
kişini divara söykəyərək güllələyiblər.
Bunların hamısı murdar ermənilərin törətdikləri
qanlı əməllərin izləridir...
Şah sarayının
yaşayış binasının ikinci mərtəbəsindən
dəhlizə daxil oluruq. Giriş səkkizguşəli
formadadır, üstü gümbəz formasında
örtülüb. Bura tikildiyi dövrdə necə idisə, o
cür də qorunaraq saxlanılıb, heç bir dəyişiklik
edilməyib. Gümbəzin yarıqlarından içəriyə
təbii işıq düşür. Böyük zalda
şahın taxtı yerləşirmiş. Şah burada
şikayətçiləri qəbul edirmiş. 18-ci yüzilin
əvvəllərində Pyotrun qoşunları Bakını
top atəşinə tutanda topun mərmilərindən biri
saraya düşür və buranı qismən
dağıdır. Taxt-tac salonundakı gözəl ornamentli
naxışlar insanı heyran edir. Bunu Azərbaycan
memarlarının əsil sənətkarlıq əməllərindən
biri hesab etmək olar. Şirvanşahlar saray kompleksinin qədimliyini
qoruyub saxlaması yönündə çoxlu əziyyətlər
çəkmiş mərhum memar, professor Niyazi Rzayevi buradaca
yad etmək yerinə düşər. Qocaman memar
ömrünün son çağlarında belə İçərişəhərin
qədimliyinin qorunması yönündə
çalışır, heç bir qədim detalın itməsinə
imkan vermirdi.
Şah sarayının ətrafındakı qüllələrdən
göz işlədikcə uzanan kənar əraziləri demək
olar ki, dəqiq müşahidə altında saxlamaq
mümkün idi. Bu ərazi doğrudan da gözəl
seçilmişdi.
Şahın
divanxanasının quruluşu çox maraqlıdır. Bura
özünün spesifik quruluşu ilə diqqəti xüsusilə
cəlb edir. Şahın divanxanası birinci həyətdə
yerləşir. Divanxana bir neçə tağlarla əhatə
olunub, həyətində isə üstü qəfəslərlə
örtülmüş bir neçə quyu diqqəti cəlb
edir. Quyulardan birinin dərinliyi hətta 15 metrdir. O dövrdə
ərzaq saxlamaq üçün təbiidir ki, soyuducular
olmadığından quyulardan istifadə edirdilər. Məhz
arxeoloji qazıntılar nəticəsində bu quyuların su
quyuları olmadığı məlum olub. Divanxananın
giriş qapısı son dərəcə gözəl
naxışlarla bəzədilib. Xalça
naxışlarının xatırladan ornamentlər bizə qədim
soydaşlarımızın həyata, dünyaya
baxışından soraq verir. Abşeronun bitki aləmindən
rəmzi soraqlar da burada ifadəsini tapıb. Kənar tərəflərdə
iki altı guşəli medalyon həkk edilib. Divanxanın məhkəmə
salonu və digər dövlət işlərinə baxılan
yer olduğunu sübut edən çoxlu görüntülər
var. Divanxanada mirzələr oturarmış, savadsız
adamların şikayətlərini yazarmışlar. Ümumiyyətlə,
Şirvanşahlar saray kompleksi o dövr Azərbaycan dövlətçiliyi
haqqında müəyyən bitkin təəsürat
yaradır. Saraydan hər tərəfi ətraflı seyr etmək,
müşahidələr aparmaq imkanının olması bu
yerin müdafiə, istehkam, qala funksiyasını çox
gözəl daşıdığını göstərir.
İkinci həyətə
aparan pillələr çox hündürdür. Alimlərin qənaətincə,
bu pillələrin belə hündürlüyü
Şirvanşah Xəlilüllahın boyunun
hündürlüyünə dəlalət edir. Belə ki,
onun boyunun hündürlüyü 2 metrdən çox olub.
Ümumiyyətlə, tədiqiqatçıların fikrincə,
əcdadlarımızın boyu o dövrlər indikindən
çox hündür imiş. Hər halda müəyyən səbəblərdən
nəsillərin cırlaşması fəlakəti baş
verib. O vaxt Bakının havası indikindən təsəvvürəgəlməz
dərəcədə təmiz, həmçinin Xəzərin
suyu dupduru göz yaşı kimi idi. Ümumiyyətlə, o
dövrdə "süni qida" deyilən anlam belə yox
idi. O dövrdə Şərqdə tikilən əksər
binalarda pilləkənlər hündür olurdu.
İkinci həyətdə
şahın astronomu, o dövrün tanınmış alimi
Seyid Yəhya Bakuvinin türbəsi yerləşir. Bakuvi
Şamaxıda anadan olub. O, bir sufi idi. Məlumdur ki, tarixən
sufi dünyasında təcriddə qalmağa, özünü
daxilən təmizləməyə xüsusi bir əməl
kimi yanaşılıb. Haradasa o dövrdə sufilər Allahla
adamlar arasında mənəvi körpü yaradan şəxslər
rolunu oynayırdılar. Seyid Yəhya Bakuvi də belə
xüsusiyyətlərə malik dövrünün
tanınmış şəxsiyyətlərindən olub. Bakuvinin
türbəsi olan həyətdə çoxlu daş kitabələrə
rast gəlinir. Kitabələrin üzərində ərəb
əlifbası ilə yazılmış çoxlu
yarımçıq, adda-budda qırılmış fikirlər
ifadə edən mətn formaları diqqəti cəlb edir. Bu
daşlar Xəzər dənizinin sahilindən
çıxarılaraq gətirilib. İndiki Bibiheybət məscidinin
yerində təxminən 100 il qabaq əsil Bibiheybət məscidi
yerləşirdi. Bayıldakı həmin məsciddən 300
metr dənizə doğru bir ada vardı. Orada tikilmiş qəsrə
"Bayıl qəsri" deyilirdi. Qəsrin divarlarını
hazırda türbənin həyətində
düzülmüş daşlar bəzəyirdi. 1306-cı ildə
Xəzər dənizində güclü zəlzələ
olur, nəticədə dəhşətli su qabarması
baş verir. Hər şey dağılıb suyun altında
qalır.
1960-cı illərdə
alimlər görürlər ki, dənizdə qabarma müəyyən
dövrlərdə çəkildikcə qədim adanın
qalıqları üzə çıxır. Orada arxeoloji
qazıntılar aparılır. Nəticədə yuxarıda
haqqında danışılan yazılı daş
parçaları aşkar edilir. Ehtimal edilir ki, üzə
çıxarılan daşlar vaxtilə həmin qəsrin ətrafına
düzülmüş tarixi daşların hamısı deyil. Daşların
müəyyən qismi dənizin dibindədir. Onları
çıxarmaq indi də mümkün deyil. Çıxarılan
daşların üzərində müəyyən dini ifadələr,
adlar və başqa soraqlar diqqəti cəlb edir. Ümumən
məlum olur ki, bu qəsr 13-cü yüzilin əvvəllərində
tikilib.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 8 aprel.- S.14.