Gürcüstan-Azərbaycan-Türkiyə arasında "Enerji Körpüsü"

 

       Belə körpülərin sayının artması ölkələri bir-birinə yaxınlaşdırır

 

Aprelin 8-də Tiflisdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan "Enerji Körpüsü" (Power Bridge) layihəsinin imzalanma mərasimi keçiriləcək. "APA-Economics"in bildirdiyinə görə, bu barədə Gürcüstan Energetika Nazirliyi məlumat yayıb. Sənədi "Gürcüstan Dövlət Elektrik Sistemi", "Azərenerji" ASC və Türkiyə Elektrik Enerjisinin Ötürülməsi Korporasiyasının rəsmiləri imzalayacaq. Azərbaycan tərəfdən tədbirdə "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərov iştirak edəcək. Layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksək gərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaq. Bununla bərabər, yaradılacaq İşçi Qrupu hər bir ölkədə şəbəkələrin cari vəziyyətini təhlil edib və modelin reallaşdırılması perspektivləri baxımından tələb olunan investisiyanı dəqiqləşdirəcək. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən dəstəklənir.

Əslində bu üç ölkənin belə ortaq enerji şəbəkəsi yaratması çox müsbət haldır. Rusiyadan kənar duran Gürcüstan Azərbaycan və Türkiyə ilə yaxınlaşır, iqtisadi birliklər yaradır. Bu, Gürcüstanın özü üçün nə qədər vacibdirsə, iki türk respublikası üçün də bir o qədər əhəmiyyətlidir. Azərbaycan və Türkiyə Gürcüstan vasitəsilə daha da yaxınlaşırlar.

Qars-Axalkələki-Tiflis-Bakı (QATB) dəmir yolunun tikintisi layihəsi də bu baxımdan mühümdür. O da iqtisadi layihə olmaqla yanaşı həm də tarixi və siyasi bir məsələdir, Türkiyəylə Azərbaycanı Gürcüstan vasitəsilə birləşdirəcək arteriyal qan damarı olacaq. Hətta uzaq Çin də QATB-yə dəstək verir. ABŞ Konqresinin Nümayəndələr Palatası da Qars-Axalkələki-Tiflis-Bakı dəymiryolunun tikintisinə "EximBank"ın kredit ayırmasını qadağan etsə də, çox qısa zaman kəsiyində Türkiyəylə Azərbaycan birləşərək özləri maliyyə məsələsini həll etdilər. Həm də QATB çox ucuz və keyfiyyətli layihədir. Təsəvvür edin ki, maksimum 600 milyon dollar vəsait tələb olunur. Hansı ki, Azərbaycan hökuməti bir il ərzində bu qədər pulu yol və körpü tikintisinə xərcləyir. Çin və Qazaxstanın bu layihəyə qoşulması isə QATB-ni Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas nəqliyyat dəhlizinə çevirəcək. Bu isə tranzit ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə üçün iri həcmdə gəlirlər, yeni infrastruktur, xidmət müəssisələrinin açılması, rahat gediş-gəliş, təhlükəsiz və daha sürətli, ucuz yük daşımaları və yeni iş yerləri deməkdir. Digər tərəfdən bu, Azərbaycan və Türkiyə Bakı-Tiflis-Ceyhan kəmərindən sonra türk dövlətləri arasında birbaşa əlaqə yaradacaq ikinci bir böyük layihədir. Azərbaycan və Türkiyə hökumətləri bunun əhəmiyyətini başa düşdüklərindən tezliklə QATB-nin rellaşmasında maraqlıdılar. Hətta bunun üçün nə qədər vəsait lazımdırsa ortaya qoyulub. Mütəxəssislərin hesablamalarına görə, layihənin həyata keçiriləcəyi təqdirdə QTB marşrutu ilə yük daşınması ildə 20 milyon tonu keçəcəyi gözlənilir. Bu yolla Azərbaycana gətiriləcək türk mallarının qiymətində 30% ucuzlaşma baş verəcək ki, bu da Qafqazda türk mallarının rəqabət qabiliyyətini artıracaq. QATB-nin işə düşməsi yeni regional və transmilli layihələri, turizmin inkişafını stimullaşdıra bilər. Habelə Azərbaycan bazarına daxil olan sənaye və geyim mallarının qiymətləri xeyli ucuzlaşacaq. Təsəvvür edin ki, hazırda Türkiyədən və Çindən Azərbaycana gətirilən mallar hava yolu ilə, təyyarəylə daşındığından və xərclər yüksək olduğundan çox baha başa gəlir. Amma QATB reallaşandan sonra türk malları dəmir yolu ilə daha ucuz tariflərlə daşınacaq, nəticədə qiymətlər düşəcək. Çin də bu layihəyə qoşula bilsə, eyni hal bu ölkənin mallarında müşahidə olunacaq. Bu isə Azərbaycan bazarında İran və Rusiya mallarının xeyli sıxışdırılması deməkdir. Azərbaycanın Türkiyəylə ticarət dövriyyəsi nəzərə çarpan artacaq. Habelə Azərbaycan müəssisələrinin öz məhsullarını dəmir yolu ilə Türkiyə və Avropaya çıxarmaq imkanları genişlənəcək. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır. Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək. Qars-Axalkələki-Tiflis-Bakı dəymiryolunun tikintisi layihəsində Gürcüstanın öz payını maliyyələşdirməsi üçün Azərbaycan ona yardım edib, çox böyük güzəştli - illik 1 faiz olmaqla 200 milyon dollar kredit ayırıb. Hansı ki, Qərb bankları bu məsələdə Tiflisi pis vəziyyətdə qoymuşdular.

Gürcüstan öz dəmir yolunu özəlləşdirməyə çıxaranda bu prosesə Azərbaycan qatıla bilərdi. Müvafiq tenderdə ABŞ və Qərb şirkətləri iştirak edib. Əgər qonşu ölkənin yerləşdiyi ərazinin regional əhəmiyyətini, dəmir yolunun strateji önəmini və çox gəlirli sahə olduğunu, Ermənistana yüklərin məhz Gürcüstan dəmir yolu vasitəsilə daşındığını nəzərə alsaq, Azərbaycan adı çəkilən özəlləşdirmədə mütləq maraqlı tərəf kimi çıxış etməliydi. Həm də ona görə ki, ölkəmizin buna ən azı mənəvi haqqı çatırdı. Çünki Qars-Axalkələki-Tiflis-Bakı dəymiryolunun tikintisi layihəsində Gürcüstanın öz payını maliyyələşdirməsi üçün Azərbaycan ona yardım edib. Hansı ki, Qərb bankları bu məsələdə Tiflisi pis vəziyyətdə qoymuşdular. Üstəlik Azərbaycanın bunu reallaşdırmaq üçün kifayət qədər maliyyə imkanları da vardı. Ölkənin Neft Fondunun pullarını 2-3%-lik illik gəlir qarşılığında xarici banklara yerləşdirmək əvəzinə dəmir yolu kimi gəlirli sahəyə sərmayə kimi yatırmaq daha əlverişliydi. Amma qonşu ölkənin iqtisadiyyatına nüfuz və təsir imkanlarını artırmaq baxımından adı çəkilən layihə önəmliydi. Bununla belə, həmin fürsət əldən buraxılsa da, Gürcüstan, Azərbaycan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan "Enerji Körpüsü" layihəsinin imzalanması irəliyə doğru daha bir mühüm addım sayıla bilər.

 

 

Tərlan

 

Xalq Cəbhəsi.- 2009.- 8 aprel.- S.12.