Azərbaycanın mesajı

 

"Prezident İlham Əliyevin İstanbuldakı tədbirə qatılmaması Türkiyə ictimai rəyi üçün ciddi mesajdır"

 

  "Azərbaycanın öz kəskin mövqeyi AKP-nin Ermənistanla bağlı siyasi xəttində müəyyən dəyişikliklər yaratdı"

 

AKP hökumətinin Ermənistanla diplomatik münasibətlər qurmaq, sərhədləri açmaq yönündə apardığı danışıqların intensivləşməsi, ABŞ və Avropa Birliyinin də bu yöndə səylərini artırdıqları bir dönəmdə Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda keçirilən Mədəniyyətlərarası İttifaq Forumuna qatılmaması şok effekt yaradıb. Türkiyənin "Hürriyyət" qəzeti yazıb ki, Azərbaycan dövlət başçısının Forumda iştirak etməyəcəyi məlum olduqdan sonra bu qərarından döndərmək üçün ona Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, o cümlədən ABŞ dövlət katibi Hillari Klinton telefon açıb.

Hillari Klinton da xahişini çatdırıb və Azərbaycan prezidentinin İstanbulda ABŞ prezidenti Barak Obama ilə görüşməsindən məmnun olacaqlarını söyləyib. Ancaq xahiş xarakterli israrlar nəticə verməyib və dövlət başçımız İstanbula getməməklə bağlı qərarını qüvvədə saxlayıb. Nəticədə Azərbaycan prezidenti tədbirə özü qatılmadığı kimi yerinə də heç kimi göndərməyib. Bununla da o, rəsmi Bakının Türkiyənin Ermənistanla yaxınlaşmasından nə dərəcədə narazı olduğunu açıq formada ortaya qoyub.

Türk mətbuatı ABŞ prezidenti Barak Obamanın Türkiyənin paytaxtında Ermənistanla sərhədlərin açılmasının gərəkliyi yönündə bəyanatlar səsləndirdiyi bir vaxtda, aprelin 6-da Azərbaycan prezidentinin Təhlükəsizlik Şurasının iclasını çağırmasına, faktiki diplomatik dillə ABŞ və Türkiyəyə yönəlik mesajlar verməsinə də diqqət çəkir. "Ayqazete.com" saytı yazır ki, Təhlükəsizlik Şurasının iclasında İlham Əliyev Türkiyə-Ermənistan sərhədlərinin açılacağına dair xəbərlərə üstü qapalı təpki göstərib. Qəzet dövlət başçısının bu sözlərinə yer verib: "Heç bir dövlətin daxili işlərinə qarışmırıq. Regionda mümkün olan geosiyasi dəyişikliklər bizim tərəfimizdən izlənilir və lazımi tədbirlər görülür. Bu istiqamətdə Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt əl çəkməyəcək. Bizim ölkəmiz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb, qarışmır və gələcəkdə də bizim belə niyyətimiz yoxdur. Eyni zamanda Azərbaycan başqa ölkələr arasındakı ikitərəfli münasibətlərə heç vaxt müdaxilə etməyib və etməyəcək. Ancaq bununla bərabər, regionda yaranan, yaxud da yarana biləcək vəziyyətə uyğun şəkildə öz siyasətimizi aparmaq bizim təbii hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə edəcəyik. Azərbaycan dövləti öz siyasətini möhkəm əsaslar üzərində qurmaqla bərabər, onu bölgədə gedən dəyişikliklərə uyğunlaşdırır və belə də olmalıdır".

"Ayqazete.com" prezident İlham Əliyevin "nə siyasi, nə hərbi, nə iqtisadi böhran müstəqil Azərbaycan dövlətinə təsir etmir və biz çalışmalıyıq ki, mümkün olan təsiri maksimum dərəcədə azaldaq, regionda iştirak etdiyimiz transmilli layihələrdən geri addım atmayacağıq", "Ermənistan da Dağlıq Qarabağa heç bir vaxt müstəqillik verməyəcəyimizi anlamalıdır" sözlərini də qabardıb.

Yeri gəlmişkən, aprelin 6-da Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar Birliyi ölkə ziyalıları adından Türkiyə ziyalılarına müraciət ünvanlayıb. Müraciətdə yazılıb ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altına alıb, həmin ərazilərdə etnik təmizləmə aparıb, tarixi və mədəni abidələri məhv etməklə regionun mədəni simasını dəyişib, Qarabağda qeyri-qanuni məskunlaşdırma prosesini həyata keçirib, ərazinin təbii sərvətlərini istismar edib və beynəlxalq nəzarətdən kənarda qalan regionda transmilli cinayətkarlıqlar üçün şərait yaradıb. Ermənistanın hakimiyyəti Türkiyə rəhbərliyinə zahirdə xoş məram ifadə edən vədlər versə də, mahiyyət etibarilə bütün Türk dünyasına qarşı özünün şər-böhtan kampaniyasını davam etdirir. Müraciətdə qeyd olunur ki, neçə illərdir Türkiyə məhz bu səbəblərdən Ermənistanla diplomatik əlaqələr yaratmayıb və sərhədlərin açılmasına hər hansı şəkildə razılıq verməyib. Azərbaycan dövləti və cəmiyyəti isə qardaş Türkiyə ilə əl-ələ verərək, Qafqazda tarixi ədalətin bərpa olunacağına ciddi surətdə inandığı üçün onun bu etibarı ilə indiyədək fəxr edib. Bütün bunlarla yanaşı, son vaxtlar Türkiyə hökumətinin Ermənistanla sərhədləri açacağı ilə bağlı kütləvi informasiya vasitələrində aramsız olaraq məlumatların yayılması Azərbaycan ziyalılarında haqlı narahatlıq doğurur. Belə bir ehtimalın gerçəkləşə bilməsi türk xalqının milli maraqlarına və ümumən Türk dünyasının mənafeyinə büsbütün zidd bir hal kimi dəyərləndirilir: "Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının yolverilməz olduğunu bildiririk. Yarandığı dövrdən bəri davamlı şəkildə qonşu dövlətlərin ərazilərinə qarşı iddialar irəli sürən, uzun müddətdir Azərbaycanın torpaqlarını işğal altında saxlayan və oranı tərk etmək fikrindən də uzaq olan, siyasi möhtəkirliyə əl ataraq, hətta türk xalqına qarşı qondarma "soyqırım" iddiaları irəli sürən, PKK terror təşkilatına canlı qüvvə və silahla hər cür yardım göstərərək, Türkiyə Cümhuriyyətini daxildən parçalamaq kimi məkrli niyyət güdən Ermənistanla Türkiyə arasında əlaqələrin qurulması, ən nəhayət, on minlərcə türkün qanını axıtması ilə öyünən erməni rejiminə münasibətdə birtərəfli qaydada güzəştli davranış türk millətinin tarixi ənənələrinə və mənəvi dəyərlərinə hörmətsizlik olardı. Qətiyyətlə söyləmək olar ki, bu güzəşt Ermənistanın Türkiyəyə qarşı iddialardan geri çəkilməsinə heç bir təsir göstərməyəcək. Eyni zamanda Türkiyədə hakimiyyətdə olan AKP-nin bu cür addım atması "bir millət - iki dövlət" prinsipi ilə ifadə edilən doğma münasibətlərə mənfi təsir göstərə bilər. Bu gün də Azərbaycanla eyni mövqedə dayanan Türkiyəni Ermənistanın işğalçılıq siyasətinə münasibətdə indiyə qədər nümayiş etdirdiyi obyektivliyi və prinsipiallığı bundan sonra da qoruyub saxlamağa çağırırıq!"

Bu arada Türkiyənin özündə də sərt təpkilər müşahidə olunur. CHP-dən seçilmiş millət vəkili Canan Arıtman baş nazir Rəcəb Teyyub Ərdoğana rəsmi sorğu ilə müraciət edib. O, Türkiyəyə qarşı ərazi və qondarma soyqırım iddiaları irəli sürən, Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistanla sərhədləri açmaq istəyinin olub-olmadığını soruşub.

Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Qabil Hüseynli deyir ki, xüsusən Azərbaycan prezidentinin İstanbulda keçirilən Mədəniyyətlərarası İttifaq Forumuna qatılmaması böyük mənada proseslərin gedişinə ciddi təsir göstərib. Çünki prezident İlham Əlieyin həmin tədbirə qatılmaması Türkiyə ictimai rəyi üçün ciddi mesaj idi. Bunu türk qəzetləri də geniş şərh ediblər. Üstəlik, Türkiyənin siyasi rəhbərliyi, siyasi partiyalar ciddi nəticələr çıxarıblar. Politoloq bildirdi ki, bu, Türkiyə prezidenti Abdulla Gülün davranışlarında, açıqlamalarında da özünü göstərib. Belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycanın öz kəskin mövqeyini nümayiş etdirməsi Türkiyənin Ermənistanla bağlı siyasi xəttində müəyyən təbəddülatlar, dəyişikliklər yaratdı: "Düzdür, bu o demək deyil ki, sərhədlər açılmayacaq, Türkiyə-Ermənistan münasibətləri normallaşdırılmayacaq. Seçki kampaniyası dönəmində "soyqırım"ı tanıyacağını söyləyən Barak Obamanın dünənki çıxışında da görünürdü ki, onun ermənilərə verdiyi vədi Türkiyə Ermənistanla münasibətləri düzəltməklə kompensasiya edə bilər. Amma bu məsələdə Türkiyə müəyyən sərbəstlik əldə edir. Tutaq ki, apreldə Ermənistanla sərhədlərin açılacağı deyilirdisə, indi sərhədlərin açılması uzana bilər. Bu prosesdə Dağlıq Qarabağ probleminin həlliylə bağlı həm Türkiyənin təşəbbüskarlığı arta, həm ABŞ tənzimləmə prosesinə daha fəal müdaxilə edər. Onsuz da bu, ABŞ-ın vasitəçilik səyləri yönündə önə çıxdığı son iki ayda aydın nəzərə çarpır. Bundan sonra proseslərdə ABŞ daha fəal rol oynaya bilər". Qabil Hüseynli vurğuladı ki, hazırda ABŞ Türkiyəylə daha dərin birliyinə hazırlaşır. Amma Ankara Dağlıq Qarabağ məsələsini nəzərdən qaçırmır: "ABŞ-dan da təvəqqesi budur ki, Türkiyənin Azərbaycanla münasibətlərində gərginlik yaranmasına yol vermək istəmir. Çünki bu, ölkənin daxilindəki əhval-ruhiyyəyə ciddi təsir göstərə bilər. Hətta son nəticədə Türkiyədə iqtidarın çökməsinə belə gətirib çıxarar. Qısası, proseslərin mühüm əhəmiyyəti budur ki, ABŞ-la Türkiyənin strateji birliyi daha da genişlənir, Ankaranın regiondakı rolu əhəmiyyəti artır. Paralel olaraq Türkiyənin proseslərə təsir etmək imkanı da artır. Azərbaycanın ortaya qoyduğu mövqe nəticəsində Dağlıq Qarabağ probleminin həllinə obyektiv yanaşma daha da aktuallaşır".

 

 

Ramiz Mikayıloğlu

 

Xalq Cəbhəsi.- 2009.- 8 aprel.- S.9.