Azərbaycan mediasından
Türk jurnalistlərinə
müraciət
Ölkənin kütləvi informasiya vasitələri
türkiyəli həmkarlarını AKP hökumətinin Ermənistan
siyasətinə etiraz etməyə çağırdılar
Türkiyə-Ermənistan
münasibətlərindəki yaxınlaşma Azərbaycan mətbuatını
da ciddi şəkildə narahat edir. Ötən gün ölkənin
kütləvi informasiya vasitələrinin nümayəndələri
türkiyəli həmkarlarına müraciət
ünvanladı. Müraciət Azərbaycan Mətbuat
Şurasında imzalandı. Ölkənin aparıcı
KİV rəhbərlərinin bir araya gəldiyi
toplantını giriş sözü ilə açan
Şuranın sədri Əflatun Amaşov bildirdi ki, son
günlər Türkiyə və Ermənistan arasında
münasibətlərin yaxşılaşdırılması
ilə bağlı atılan addımlar, bu məsələylə
əlaqədar Türkiyə KİV-də yer alan yazılar
ictimaiyyəti narahat edir. Türkiyə ilə Ermənistan
arasında sərhədlərin bağlanmasının tarixinə
toxunan MŞ sədri qeyd etdi ki, o zaman ermənilərin
Türkiyəyə qarşı ortaya qoyduqları iddialardan əl
çəkmələri ilə yanaşı Azərbaycanın
işğal altında olan torpaqlarının azad olunması
şərti də ortaya qoyulub.
"Dağlıq
Qarabağ torpaqları erməni işğalından azad
olunmayana qədər Türkiyənin Ermənistanla sərhədləri
açması yolverilməzdir. İndiki şəraitdə sərhədlərin
açılması və Türkiyə mətbuatında bu məsələylə
bağlı özünə yer alan narahatedici xəbərlər
heç cür başadüşülən deyil. MŞ tərəfindən
məsələ ilə bağlı Türkiyə KİV-inə
müraciət hazırlanıb.
Daha sonra "Xalq Cəbhəsi"
qəzetinin baş redaktoru Elçin Mirzəbəyli
ünvanlanan müraciətin mətnini tədbir
iştirakçılarının nəzərinə
çatdırdı: "Son vaxtlar Türkiyə ilə Ermənistan
arasında sərhədlərin açılacağı,
diplomatik və iqtisadi əlaqələrin qurulacağı
haqqında xəbərlər bütün Azərbaycan ictimaiyyəti
kimi, biz jurnalistləri də ciddi narahat etməkdədir. Türkiyənin
hakimiyyət nümayəndələrinin bu xəbərləri
təkzib etməməsi, eyni zamanda, qardaş ölkənin
ictimai-siyasi xadimlərinin çıxışlarında və
mediada Ermənistanla Türkiyə arasında əlaqələrin
qurulmasını təsdiq edən çoxsaylı faktların
açıqlanması bu müraciətin
ünvanlanmasını zərurətə çevirən əsas
səbəblərdir.
Sənəddə
bildirilir ki, Türkiyə ilə Ermənistan arasında
münasibətlərin qurulmasından əvvəl bu dövlətlər
arasındakı sərhədlərin bağlı olması səbəblərinə,
mövcud durumu zəruri edən amillərə, atılması
planlaşdırılan addımın haqq-ədalət prinsiplərinə
adekvatlığına, nəhayət, eyni soykökə malik,
dili, dini, mədəniyyəti, adət-ənənələri
bir olan millətin məskunlaşdığı iki ölkə
arasındakı münasibətlərə göstərəcəyi
təsirə nəzər salınmalıdır".
Bununla yanaşı,
müraciətdə bildirilib ki, Azərbaycan xalqı hər
zaman Türkiyənin yanında olduğunu nümayiş
etdirib. Azərbaycan ictimaiyyəti, dövlət və vətəndaş
cəmiyyəti institutlarının nümayəndələri,
xaricdəki diaspor təşkilatlarımız Ermənistanın
ölkəmizə qarşı işğalçılıq
siyasəti ilə yanaşı, Türkiyəyə
qarşı "soyqırımı" və ərazi
iddialarının ifşa olunması istiqamətində də
məqsədyönlü fəaliyyət göstəriblər:
"Ermənistan işğal olunmuş Azərbaycan
torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə
bağlı BMT-nin qətnamələrini yerinə yetirmir,
Avropa Şurası, İslam Konfransı Təşkilatı və
digər mötəbər beynəlxalq qurumların
çağırışlarına məhəl qoymur, ATƏT-in
Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
aparılan danışıqlar prosesində barışmaz
mövqe nümayiş etdirir. Belə bir vəziyyətdə
Türkiyənin Ermənistanla sərhədləri
açması və hərtərəfli əlaqələr
qurmasından yalnız Ermənistanın faydalanacağına
şübhə qalmır. Əminik ki, bu addım Azərbaycanla
Ermənistan arasındakı danışıqlar prosesinə mənfi
təsir göstərəcək, Ermənistanın
işğalçı siyasətinə bəraət
qazandıracaq və onu yeni işğallara həvəsləndirəcək.
Digər tərəfdən, Türkiyə Ermənistanla əlaqələr
qurduqdan sonra da ermənilərin Türkiyəyə
qarşı ərazi iddiası ilə çıxış edəcəyi,
erməni lobbisinin "soyqırımı"nı
tanıtmaq cəhdlərindən əl çəkməyəcəyi
şübhə doğurmur".
Keçirilən
yığıncaqda türkiyəli həmkarlarına üz
tutan Azərbaycan KİV-nin müraciətində
vurğulanıb ki, mediamız Türkiyə KİV-inin hər
iki ölkənin maraqlarına zidd addımlar atılmasına
imkan verməyəcəyinə ümidlidir: "Biz tarixin sərt
məqamlarında türkiyəli həmkarlarımızın ədalətin
müdafiəsinə qalxma cəsarətinə, yüksək
peşəkarlığına, dəyanətinə və
dönməzliyinə istinad edərək sizi "bir milllət,
iki dövlət" ideyasına zərbə vura biləcək
təhlükənin qarşısının alınmasında
yenə öncüllük göstərməyə səsləyirik.
İnanırıq ki, sizin həmrəyliyiniz, əməli fəaliyyətiniz
və qətiyyətiniz AKP iqtidarının Ermənistanla sərhədləri
açmaq niyyətinin qarşısına keçilməz sədd
çəkəcək".
Bundan sonra müraciətlə
bağlı fikirlərini bildirmək üçün söz
tədbirdə iştirak edən digər media rəhbərlərinə
verildi.
"Səs" qəzetinin
baş redaktoru Bəhruz Quliyev öz
çıxışında vurğuladı ki, Azərbaycan
KİV-i tərəfindən belə bir müraciətin
ünvanlanması çox vacibdir: "Çünki Azərbaycan
üçün böyük əhəmiyyət kəsb edən
bu hadisədə iqtidar-müxalifət məsələsi bir kənara
qoyulmalıdır. Hər bir KİV rəhbəri azərbaycanlı
mövqeyindən çıxış edərək müraciətə
mütləq imza atmalıdır".
"Şərq" qəzetinin
baş redaktoru Akif Aşırlı bildirdi ki, Türkiyədə
hakimiyyətdə olan qüvvələrin sərgilədiyi
siyasət Türkiyə ictimaiyyətinin mövqeyi kimi səciyyələndirə
bilməz: "Türkiyə regionda Azərbaycanın strateji
müttəfiqidir. Bu ölkədə iqtidarın
yürütdüyü siyasət Azərbaycanın
maraqlarına ziddir. Ona görə də hesab edirəm ki, Azərbaycan
KİV-inin mövqeyi tamamilə doğrudur. Hesab edirəm ki, cəmiyyətin
digər təbəqələri, siyasi partiyalar, qeyri-hökumət
təşkilatlara da bizim bu işimizə dəstək
olmalıdır. Çünki xeyli müddət idi ki, həm
Türkiyə mətbuatında, həm dünya mətbuatında
Türkiyə ilə Ermənistan arasında
danışıqların getdiyi, sərhədlərin
açılmasına hazırlıq görüldüyü
barədə yazılar yazılırdı. Amma
düşünürəm ki, yenə də gec deyil. Bizim bu həmrəyliyimiz
ümumi türk həmrəyliyindən doğan bir jestdir. Bizim
atdığımız addım türkiyəli həmkarlarımız
tərəfindən də dəstəklənəcək".
"Bakı Xəbər"
qəzetinin baş redaktoru Aydın Quliyev də bu müraciətin
Türkiyə KİV-ni hərəkətə gətirəcəyinə
inandığını söylədi: "Ermənistana
qarşı Türkiyə rəhbərliyi tərəfindən
tutulan mövqe sadə türk ictimaiyyətinin mövqeyi kimi
başa düşülməməlidir. Bu, Türkiyədə
hakimiyyətdə olan siyasi qüvvənin hansısa təmayüllərlə
yürütdüyü siyasətdir. İnanırıq ki,
yaxın gələcəkdə Türkiyədə Azərbaycanın,
ümumilikdə Türk dünyasının maraqlarına
hörmətlə yanaşan qüvvələr hakimyyətə
gələcək".
"Xalq Cəbhəsi"
qəzetinin baş redaktoru bu müraciətlə bağlı
xəbərin KİV-lərin baş yazısı
olmasını təklif etdi. Elçin Mirzəbəylinin təklifi
digər media qurumlarının rəhbərləri tərəfindən
də dəstəkləndi.
Qeyd edək ki, müraciət
dünən Türkiyənin Azərbaycandakı səfirliyinə
təqdim olunub və qardaş ölkənin bütün
kütləvi informasiya vasitələrinə göndərilib.
Ülviyyə Şamilqızı
Xalq Cəbhəsi .- 2009.- 8 aprel.- S.7.