"Güney Azərbaycan ağrılı dərdimdir"
Oqtay Rza:
"Bizim bir olmaq qismətimiz var"
Bədii
yaradıcılığa ömrün heç bir vədəsində
hüdud yoxdur. Əksinə, yaşlaşanda insanın
yazıb-yaratmağa daha çox əsası və imkanı
olur. Çünki ağıl işıqlanır, ürək
böyüyür. Şair Oqtay Rza
yaradıcılığında daim Azərbaycanın milli dəyərlərinə
bağlılığını ifadə etdiyini bildirir. Həm
də deyir bütün nikbinliyinə və
çalışqanlığına baxmayaraq hiss edir ki,
yaş öz işini görür: "Gənclik
dövrümü xatırlayıram ki, kaş onda olaydı
indiki ağlım. O zaman hər halda çox səhv etməzdim.
Bədxaha "dost" demişəm. Hər halda həmişə
şeirlərimdə oxucu ilə daha səmimi olmağa
çalışmışam. Xüsusilə cavanlara
arzulayıram ki, vaxtdan çox səmərəli iistifadə
etməyin yolunu öyrənsinlər, bu mənada bizim
buraxdığımız səhvləri onlar təkrar etməsinlər.
Bir mütəfəkkir deyib ki, ən böyük cinayət
vaxtı öldürməkdir. Bəzən vaxtımı
lazımsız şeylərə də həsr eləmişəm.
Təəssüflənirəm ki, kaş itən
vaxtımın yerinə
çox kitab oxuyaydım".
Son illər O.Rza rübai janrına keçib. Deyir indiki kompüter
texnologiyalarının təsəvvürəgəlməz
dərəcədə inkişaf
etdiyi bir dövrdə insanların uzun həcmli əsərləri oxumağa
vaxtı çox azdır. İndi fikri mümkün
qədər daha yığcam ifadə etməyə ehtiyac böyükdür və gərəklidir. Bu mənada rübai janrının imkanları
daha çoxdur. Aqibətində şairliklə
alimliyi birləşdirən
O.Rzanın hiss olunur ki, ədəbiyyatdan aldığı fərəh
daha çoxdur. Orta məktəbdə oxuyarkən
şeir yazırmış.
Amma birdən-birə yönünü
dəyişib Neft Akademiyasına gəlib, geoloji kəşfiyyat fakültəsini bitirib.
Bir müddət "Bibiheybət"də işləyib:
"Respublika miqyaslı
tədbirlərdə həm
neftçi, həm də gənc şair kimi iştirak edirdim. Yazıçılar İttifaqının nəzdində gənc şairlərin dərnəyi
vardı, onun yığıncaqlarında böyük
həvəslə iştirak
edərdik. Həmişə çalışmışam ki,
şeirlərimdə elmilik
güclü olsun.
Füzuli şeirin elmiliyi
haqqında təsadüfən
deməyib. Həmişə çalışmışam ki,
şeirlərimlə oxuculara
həm zəngin duyğu bağışlayım,
həm də dəqiq elmi məlumat verim. Amma bu məlumat poeziya dilində olsun, soyuq elmi
dillə oxucunu yormaq olmaz. Geologiya sahəcində çalışmağım
şeirlərimə əlvanlıq
gətirib. Məsələn, bir rübaimdə almaz və qrafitin
fərqini elmi şəkildə açmışam.
Bu mövzuda şeir
yazmaq mənim üçün problem deyil,
çünki dərs
keçirəm, tələbələrə
kristalları, mineralları
öyrədirəm. Qrafitin də,
almazın da tərkibi bir elementdir - karbondur. Almaz Yer üzünün ən bərk və ən qiymətli mineralıdır,
brilyant onun bir növüdür; qrafit isə ən yumşaq mineraldır, onunla yazmaq olur. Ona görə qrafitdən karandaş, almazdan brilyant düzəldirlər.
İkisi
də "karbonun balalarıdır".
Dünyanın bir
parçası bizim üçün müqəddəsdir: Azərbaycan
adlanan məkan Vətənimizdir. Onun şeirlərində Vətən
sevgisi başlıca mövzudur: "Vətən Azərbaycanın
hər hansı nöqtəsindən başlayır. İtirilən
yurd yerlərimizlə bağlı ağlım söz kəsəndən,
qələmə sarılandan haray çəkmişəm. Güney
Azərbaycan dərdi mənim üçün daha
böyükdür, ağrılıdır. 7-ci sinifdə
oxuyarkən Səməd Vurğunun "Yandırılan
kitablar", Süleyman Rüstəmin Güney Azərbaycanla
bağlı silsilə şeirlərini, o cümlədən
"Təbrizim"ini oxudum, odlandım. Məhz o zaman Azərbaycanın
fəlakətlərini dərindən duymağa
başladım. Azərbaycanın tarixən itirdikləri hər
birimizin şəxsi taleyimizdə bu və ya digər dərəcədə
ağrılı-acılı izlər buraxıb. Bizim bir olmaq
qismətimiz var. Bütün bunlar əbədiyyətin
yanında qısa bir andır".
Adətən klassik ədəbiyyatda
rübai janrında daha çox bədii, uyarlı sözlərdən
geniş istifadə edilib. O.Rza deyir: "Mən rübailərdə
xəlqi məramımızı açıq-aydın,
şübhəsiz ki, bədii boyalarla ifadə etməyə
çalışıram. Bu tipli şeirlərdə həm
ruhumuzun harayı eşidilir, həm də qafiyəsiz
postmodernist şeirlərdən fərqli olaraq ciddi bir nizam hiss
olunur. Xəlqi etirazı elə anlaşıqlı dildə
demək lazımdır ki, hamı başa düşsün. Əgər
Azərbaycan atom silahına, kosmik gəmiyə malik bir ölkə
olsaydı, o zaman erməni ölkəmizin daxilində qondarma
dövlət yaratmağa cürət belə etməzdi. Yadımdadır,
sovet dövründə Moskvada kitabım çıxmalı
idi. O zaman redaktor qəfil məndən soruşdu ki, sizin
şairiniz Xəlil Rzanın şeirlərində tez-tez Təbriz
adına rast gəlmək olur. Bu, nə ilə
bağlıdır? Mən də ona başa saldım ki, bu,
Güney Azərbaycanda ən böyük şəhərimizin
adıdır, Təbriz bizim üçün Milli Azadlıq
mübarizəsinin məskəni kimi simvoldur. Redaktorun sən
demə, təsəvvürü yoxmuş ki, İranın tərkibində
Cənubi Azərbaycan var. Dedi ki, daha Xəlil Rzanın
kitabı burada çap olunmayacaq. Mən nə biləydim ki,
belə bir vəziyyət alınacaq?"
Uşaq dünyası hədsiz
sirli, sehrli, heyrətamizdir. Bəşəriyyətin
böyük idrak sahibləri həmişə öz
uşaqlıq dövrlərini çox böyük
sayğı və heyrətlə xatırlayıblar. Bu, bir həqiqətdir
ki, insanın dünyaya, həyata, özünə münasibətinin
təməli məhz uşaqlıq dövründə qoyulur. Uşaqlıq
hikməti insanı həyatı, dünyanı,
özünü qavramaqda stimul rolunu oynayır. Məhz belə
bir dövrdə insanın oxuduğu nağıllar, hekayətlər,
şeirlər onun kövrək mənəvi
dünyasının daha da gözəl formalaşmasında,
yaranmasında, insanlara, xalqa, bəşərə gərəkli
olmasında əhəmiyyətli rol oynayır. Uşaq ədəbiyyatı
məhz bu cür məsələlərlə məşğul
olur. Əvvəla, ondan danışaq ki, uzun müddətdir
"uşaq ədəbiyyatı" məfhumu,
anlayışı barədə müxtəlif fikirlər səslənir.
Əksəriyyət bu ifadənin lehinə olsa da, hər halda
uşaq ədəbiyyatı məfhumuna qarşı olanlar da
var. Amma bu mövzuda yazılanlar şübhəsiz,
uşaqların dünyabaxışının yaranmasında
mühüm rol oynayır. Yazıçı Nahid Hacızadə
Oqtay Rzanın uşaqlar üçün yazdığı
şeirlər haqqında qənaətləri maraqlıdır:
"Oqtay Rza uşaqlara həsr olunmuş yüzlərlə
şeirin müəllifidir. Bu şeirlərdən də
görünür ki, o, uşaq psixologiyasını gözəl
bilir".
O.Rzanın uşaqlara həsr
etdiyi hələlik sonuncu "Baldan şirin balalar"
kitabında xeyli şeirlər toplanıb. Bu şeirlərdə
Azərbaycan torpağı, onun gözəllikləri,
füsunkar təbiəti, xalqın azadlıq, istiqlaliyyət
mübarizəsi anlaşıqlı bir şeir dilində
uşaqlara çatdırılır.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 10 aprel.- S.14.