AKP-nin erməni
siyasəti düşmənləri
sevindirir
Türk xalqı isə Ermənistanla sərhədlərin
açılmasının əleyhinədir
"İlımlı
islam" adı ilə hakimiyyətə gələn AKP-nin Ermənistanla
sərhədləri açmaq siyasəti Türkiyədə,
Azərbaycan Respublikasında, Güney Azərbaycanda, diaspor
qurumlarımızda ruh düşkünlüyü yaradıb. Milyonlarla
türkün heysiyyatının üstüdən keçib
üç milyon erməniyə görə sərhədləri
açmaq yalançı dinçilərin nəyinə
lazımdır? Son bələdiyyə seçkiləri
göstərdi ki, "iılımlı" adı ilə
qardaş Türkiyəni çıxılmaza sürükləyən,
ölkənin dünyəvi quruluşunu dəyişməyə
çalışan AKP-nin hakimiyyətinin sonu
yaxınlaşır. Ən azı növbəti seçkilərdə
AKP siyasi gündəmdə qalsa da təkbaşına,
ağlına gələn qərarı vermək iqtidarında
olmayacaq.
Elə bələdiyyə
seçkiləri göstərdi ki, türk seçicisi AKP-nin
özbaşınalığının
qarşısını almaqdadır. Məncə, AKP-nin Barak
Obamanın qarşısında əldən-ayaqdan getməsinin
mühüm bir səbəbi də var. Məhz bu məqamı
da nəzərə alaraq Ermənistanla sərhədlərinin
açılması ehtimalının daha çox olduğunu
söyləmək mümkündür. Artıq AKP-nin
"ılımlı islamçı" adıyla
şişirdilib hakimiyyətə gəlməsində,
Böyük Orta Şərq Planının müəllifi olan
Corc Buş hakimiyyətdən gedib. Onu xüsusi vurğulamaq
lazımdır ki, məhz Buşun vaxtında onun dövlət
katibi Kolin Pauel ilk dəfə açıq şəkildə Türkiyə
haqqında "ılımlı islam" terminini işlədib.
Bununla da faktiki olaraq, demokratik, laik (dünyəvi) Türkiyə
haqqında yanlış beynəlxalq ictimai rəy
yaradılmağa başladılıb. Birbaşa olaraq
dinçi AKP-nin hakimiyyətdə olmasına haqq
qazandırılıb, sanki türk seçicisinin seçməyə
başqa bir partiyası yoxmuş. Corc Buşun hakimiyyətdən
getməsilə dar siyasi görüşlü, tarixi bilməyən
AKP rəhbərlərinin siyasi çöküşü
başlayıb. İmam Xətib mədrəsələrindən
gələn AKP kadrlarından başqa bir şey gözləmək
də mümkün deyil. Siyasətə Hikmətyarın
ayağının altında otura-otura gələn AKP rəhbərlərindən
nə gözləyəsən? Bəzən Türkiyədə
də bir sıra siyasətçilərin cəmiyyətə
baxışı onların təriqət
dünyagörüşündən kənara
çıxmır, nəticədə də Ermənistanla sərhədlərin
açılması kimi yanlış siyasi xətt ortaya
çıxıb. Çox təəssüf ki, AKP hakimiyyətə
gələndən bəri Ermənistanla gizli diplomatik
danışıqları da Azərbaycanın yaxşı
tanıdığı, Azərbaycanın yaxşı
tanıdığı diplamatlar həyata keçirib. Gör,
siyasi irədə nə qədər güclü imiş ki,
ermənilərin qondarma iddialarından, Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsində kifayət qədər
məlumatlı olan diplomatlar belə 1993-cü ildən bəri
yürüdülən dövlət siyasətinin
yanlış istiqamətə yönləndirilməsinin
qarşısını ala bilməyiblər.
Barak Obama Mustafa Kamal Atatürkün
Anıt Qəbrini ziyarət etməsi zamanı Türkiyənin
laik, dünyəvi dövlət olmasını xüsusi
vurğuladı. Türk müşahidəçiləri Birləşmiş
Ştatların yeni prezidenti Barak Obama Corc Buşun
"ılımlı islam" planından
danışmadı. Belə olduğu təqdirdə isə
AKP-nin "ılımlı islam" bazarı ölür. Bu
hakim partiyanın rəhbərliyi isə Birləşmiş
Ştatların yeni rəhbərliyinin rəğbətini
qazanmaq üçün Ermənistanla sərhədlərin
açılması məsələsində güzəştli
mövqe tutur. Sanki Türkiyənin, eləcə də Azərbaycanın
həyati əhəmiyyətli məsələsində geri
çəkilmək AKP-nin hakimiyyətdə qalmasına şərait
yaradacaq. Onu da xüsusi vurğulamaq lazımdır ki, məhz
"ılımlı" AKP hakimiyyətə gəldikdən
sonra Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesi
tıxanıb.
Danimarkanın baş
naziri Rosmussenin NATO baş katibi seçilməsi prosesi isə
AKP hakimiyyətinin mahiyyətini ortaya çıxardı. NATO
baş katibi seçkisindən iki gün əvvəl
Rosmussenin namizədliyilə bağlı şou yapan Rəcəb
Tayyib Ərdoğan guya Barak Obamanın vədiylə
iddiasından geri çəkildi. Belə çıxır ki,
Obama vəd versə, AKP Ermənistanla sərhədləri
açacaq. Uca peyğəmbərimizin təhqir
olunmasını ifadə azadlığı sayan, terrorçu
PKK-ya məxsus "Roj" televiziyası ilə bağlı
nala-mıxa vuran Rosmussenin NATO baş katibi seçilməsinə
mane ola bilməyən AKP rəhbərliyinin
dindarlığı harada qaldı? Bəs, AKP başbilənləri
6 ay əvvəldən NATO-ya yeni baş katib seçiləcəyini
bilmirdilər? Onun seçilməsinin qarşısını
almaq üçün əvvəlcədən diplomatik iş
görmək mümkün deyildi? Gərək seçkiyə
iki gün qalıanda şou yapıb sonra iddialarndan geri çəkilərdin?
Baş verənlər belə nəticəyə imkan verir ki, Ərdoğanın
Davos forumunda İsrailin prezidenti Şimon Pereslə mübahisəsi
də öz siyasi fiqurunu xilas etməyə, bələdiyyə
seçkilərində səs qazanmağa yönəlmişdi.
Amma zaman keçdikdə AKP iqtidarının şübhəli
mahiyyəti üzə çıxır. Çox təəssüf
ki, "ılımlı islam"çıların
atdıqların addımlar, terrorçu "Həmas"la əlaqələri,
Ermənistan siyasəti dünyada, eləcə də Azərbaycandaki
türk, Türkiyə düşmənlərinin baş
qaldırmağa, Türkiyə, türkçülük əleyhinə
kampaniya aparmağa həvəsləndirir.
Ümumiyyətlə,
Ermənistanla sərhədlərin açılması məsələsinə
münasibətlə Azərbaycanda bir sıra istiqamətlər
ortaya çıxıb. Rəsmi strukturlarla yanaşı, bir
çox partiyalar, QHT-lər, ictimaiyyətin əksəriyyəti
bu siyasətdə məhz AKP hökumətini
günahlandırır, Ermənistanla sərhədlərin
açılmasının Türkiyənin, Azərbaycanın
dövlət və milli maraqlarına uyğun
olmadığını vurğulayırlar. Bu mövqeni
Türkiyənin müxalifət partiyaları, ictimaiyyət
nümayəndələri, tanınmış
ziyalıları, KİV-ləri dəstəkləyirlər. Türk
xalqı qardaş Azərbaycanın maraqlarının əleyhinə
işğalçı Ermənistanla sərhədlərin
açılmasının yolverilməz olduğunu bildirir, bunu
AKP hakimiyyətinin ən ciddi və bağışlanmaz səhvi
olduğunu qeyd edirlər. Eyni zamanda o da vurğulanır ki, AKP
hökumətinin milli və dövlət maraqlarını kənara
qoyaraq, ABŞ-ın təzyiqi ilə işğalçı
Ermənistanla sərhədləri açması yalnız bu
partiyanın hakimiyyət ömrünün uzadılmasına
xidmət göstərir.
İkinci bir qrup isə
guya özlərini Türkiyəyə yaxın göstərirlər,
AKP-nin tənqidini "Türkiyənin tənqidi" kimi qələmə
verməyə çalışırlar. Bu həmin qüvvələrdir
ki, prezident seçkilərindən sonra Türkiyənin üzərinə
səlib hücumuna keçmişdilər.
Üçüncü
qrup isə, AKP hökumətinin Ermənistan siyasətini
sevinclə qarşılayanlardır. Mahiyyətcə türk
düşmənləri olan bu azsaylı qrup guya sərhədlərin
açılmasına etiraz olaraq türk mahnılarının
efirdə verilməsini dayandırırlar, hətta "TRT
Avaz"ın alternativi olaraq rus kanallarının Azərbaycanda
yayımlanmasını "təklif" edirlər. Bu
qüvvələrin Türkiyə əleyhinə düşmənçilikləri
AKP-nin erməni siyasətindən fərqlənmir. Azərbaycan
müstəqilliyini bərpa edəndən sonra Türkiyə,
eləcə də digər türk dövltləriylə
müxtəlif sahələrdə əməkdaşlığın
genişlənməsi, ortaq türk mədəniyyəti, ortaq
türk dilinin, bütövlükdə Türk Birliyinin
yaradılması istiqşamətində addımlar ruspərəst,
farspərəst avromərkəzçilərin ciddi
narahatçılığına səbəb olur. Latın
qrafikalı əlifbaya keçidi, həmin vaxt
rusbaşlıların, farsbaşlıların
qaldırdıqları hay-küyü xatırlayın. Həmin
qüvvələr indi də yalançı dinçi AKP-nin
bu səhvindən yararlanmağa çalışırlar. Əslində
üzünü ərəblərə çevirən AKP rəhbərliyi
Ermənistan siyasəti nəticəsində Türk
Dünyasının parçalanması, ziddiyyətlərin
artmasından narahat deyil. Bəlkə də bunda
maraqlıdırlar. Çünki Türk Dünyasının
önə çıxması istər-istəməz Türkiyədə
də öz təsiri göstərir, demokratik, dünyəvi
quruluş tərəfdarlarının, milliyyətçi
qüvvələrin möhkəmlənməsinə yardım
göstərir.
Çox təəssüf
ki,Azərbaycanda hələ də rusbaşlılar (rusdillilər
yox) gündəmdən itməyiblər. Həmin qüvvələr
zaman-zaman özlərini göstərirlər. Türk
mahnılarını efirə verməyənlərə sual
vermək lazımdır. Azərbaycan torpaqlarını Ermənistanın
adıyla Rusiyanın işğal etməsi təkzib olunmaz
faktdır. 20 Yanvar faciəsi, Xocalı
soyqırımını rusların törətməsi,
Şuşanını, Laçının və başqa rayonlarımızın
işğalında Rusiyanın əli olması gün kimi
aydındır. Onda niyə rus dilində mahnıları,
kinoları efirə verirsiniz? Əgər dövlət dilinə
hörmət edirdinizsə, elə türk dilindəki seriallar
efirə titrlərlə verilərdi də. Türk
seriallarının yayımını həddən artıq qərəzli
şəkildə dayandırmaq, ictimaiyyəti qəzəbləndirmək
türk düşmənçiliyi deyil, bəs nədir? Türk
mahnılarının, türk seriallarının
yayımını dayandıranlar kimdən acıq
çıxırlar? AKP bu gün var, sabah yoxdur. Amma Türkiyə
və Azərbaycan qardaşlığı, birgəliyi
daimidir. Bunun qarşısını türkün düşməni
olan ən qəddar imperiyalar belə ala bilməyiblər. Yəqin
ki bu ağrılı günlər də arxada qalacaq. Amma bu
gün Qərbdə, Şərqdə olan türk düşmənlərinin
səyi nəticəsində təxribatlar törədilir. Bu təxribatların
nə qədər davam edəcəyi, hansı formalarda üzə
çıxacağını bilmək çətindir. Həddən
artıq ehtiyatlı olmaz lazımdır.
... Çox təəssüf
ki, AKP-nin yanlışlarla dolu siyasəti nəticəsində
Qərb ölkələrinin Türkiyəyə təzyiq etmək
imkanları artıb. Nə yazıq ki, məhz bu siyasət nəticəsində
türk düşmənləri dirilib, qardaşlar arasında
zidiyyət toxumu salmağa çalışırlar. Nə
yazıq, nə yazıq, nə yazıq...
Göytürk
Xalq Cəbhəsi.- 2009.- 10 aprel.- S.6.